TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI

 

Fevralın 15-i Təhsil Nazirliyində "Şəffaflığın artırılması korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)"nın icrası mövzusunda kollegiya iclası keçirilib. Nazirliyin rəsmi saytında yerləşdirilən xəbərə görə, nazir Misir Mərdanov təhsil orqanları müəssisələrində neqativ halların, qanun pozuntularının, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol vermiş məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm aparıldığını nəzərə çatdırıb.

Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə, 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.

İclasda nazir müavinləri, nazirliyin müvafiq struktur bölmələri və şöbələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, bir sıra texniki peşə və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.

Misir Mərdanov 2010-cu ildə Təhsil Nazirliyinə vətəndaşlardan və dövlət qurumlarından 51552 məktub, müraciət, ərizə və şikayətin daxil olduğu, 7251 nəfərin qəbul edildiyi haqda məlumat verib, ayrı-ayrı rayonlar üzrə vətəndaşların ərizə və müraciətlərinin sayı, mövzusu barədə statistik göstəriciləri nəzərə çatdırıb, yerlərdə vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin monitorinqinin aparılmasının zəruriliyini söyləyib.

  

  

Anar

 

Ədalət.- 2011.- 16 fevral.- S. 2.