ABŞ Ermənistanla bağlı düşünür?

 

Politoloqlar optimist qənaətdədirlər

 

Ötən həftə Münhendə təhlükəsizlik üzrə 47-ci beynəlxalq konfrans çərçivəsində Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, eləcə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdü. Dağlıq Qarabağ danışıqlarında təşəbbü ələ alan Rusiyanın cəhdləri fonunda Münhen görüşü birmənalı qarşılanmadı. Sözügedən görüşlə bağlı siyasi dairələrdə geniş müzakirələr açılır, müxtəlif təhlillər aparılır. Əksər siyasi müşahidəçilərin qənaəti belədir ki, bu görüş Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı təşəbbüsü ələ almasına yönəlib. Belə ki, neçə müddətdir ki, Evin münaqişənin həlli prosesindən bir növ uzaqlaşması hiss olunur, estafeti Rusiyaya verməsi ilə bağlı fikirlər səsləndirilirdi. Şübhəsiz, bütün bu təhlillərdən rəsmi Vaşinqtonda da xəbərdar olanlar az deyildi görünür, ABŞ həm Brayzanın təyinatını sürətləndirməklə, həm Münhendə görüş keçirməklə regionda fəallaşmağa, balansı öz xeyrinə dəyişməyə can atır.

Münhendə keçirilən görüşü şərh edən politoloqlar da hesab edirlər ki, ABŞ-ın Cənubi Qafqaz regionunda rolunu çox ciddi şəkildə bərpa etmək cəhdi hiss olunur. Hər şeydən öncə Amerikanın bu regionda öz maraqları mövcuddur və Ağ Evin indiki halda aktivlik nümayişi də ilk növbədə bununla bağlıdır. Bununla yanaşı, regiona münasibətdə bir sıra pozitiv anların olduğunu da siyasi təhlilçilər diqqətdən kənarda qoymur. Bu sırada konkret olaraq ABŞ səfirinin Azərbaycana təyin olunmasından sonra iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin yeni ildə ilk görüşünün baş tutmasını göstərmək olar. Təkcə bu faktorlar onu deməyə əsas verir ki, ABŞ regionda öz rolunu çox ciddi şəkildə bərpa etməyə can atır. Belə olan halda ümid etmək olar ki, Amerikanın aktivliyi bu regional problemə növbəti marağın nümayişi deyil, Qarabağ münaqişəsinin həllinə səbəb olacaq.

Həmçinin politoloqlar hesab edirlər ki, ABŞ Ermənistanın destruktiv roluna diqqət də ayıracaq. Artıq Vaşinqton beynəlxalq hüququn elementar normaları, Minsk qrupunda təmsil olunan həmsədr dövlətlərin irəli sürdükləri təklifləri qulaqardına vuran Ermənistana diqqət yetirməyin vaxtının çatdığının fərqindədir. Çünki ABŞ Ermənistanın mövqeyinin dəyişdirməsi ilə bağlı tədbirlər görməsə, onda danışıqlar prosesində hansısa bir irəliləyişdən danışmağa lüzum qalmayacaq.

Münhen görüşünü şərh edən digər bir politoloq bunun mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayırlar. Bu qənaətdə olan analitiklərə görə ABŞ dövlət katibi Hillani Klintonun gərgin olan proqramı çərçivəsində imkan tapıb Qarabağ məsələsini Elmar Məmmədyarov və Serj Sarkisyanla müzakirə etməsi əhəmiyyətli məsələdir. Aydındır ki, adətən belə beynəlxalq tədbirlərdə iştirakçı olan dünyanın bir çox ölkəsinin liderləri və siyasətçiləri Ağ Ev rəsmisi ilə görüşmək istəyərdilər. Ələlxüsus da Amerikanın xarici siyasətinə rəhbərlik edən birisi ilə. Hillari Klintonun Qarabağ məsələsinə diqqət ayırmasını politoloqlar Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin yenidən başlanma ehtimalından ciddi narahatlıq keçirməsi ilə əlaqələndirirlər. Digər bir tərəfdən də bildirilir ki, həmin görüş Azərbaycan-ABŞ münasibətlərinin inkişafı üçün müsbət andır.

Siyasi müşahidəçilərin qənaətincə, digər bir pozitiv məsələ də ABŞ səfiri Metyu Brayzanın Bakıya gəlməsi və fəaliyyətə başlamasıdır. Səfir təyinatının təsdiqlənməsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz rolunu aktivləşdirməyə çalışması ilə əlaqələndirilir. Hesab olunur ki, Rusiyanın təşkil etdiyi müxtəlif səviyyəli görüşlər və təşəbbüslərin uğur gətirmədiyini Ağ Ev də nümayiş etdirir. Ona görə də ola bilsin ki, ABŞ bu fonda danışıqlar prosesində təşəbbüsü ələ almağa çalışır. Qeyd edək ki, siyasi müşahidəçilər ABŞ-ın Azərbaycanda səfirinin olmaması ilə iki ölkənin münasibətlərində bəzi məhdudiyyətlərin yarandığını vurğulayırlar. Yeni səfirin savadlı olması ilə yanaşı həm də Azərbaycanla yaxşı əlaqələrinin olduğunu nəzərə alan siyasi təhlilçilərə görə əvvəla, Metyu Brayza Azərbaycanın iki problemi ilə yaxından tanışdır. Metyu Brayzaya tanış olan bir məsələ Dağlıq Qarabağ problemidirsə, ikincisi Xəzər dənizinin enerji məsələləri ilə yaxından məşğul olmasıdır. Bu mənada onun Azərbaycana gəlməsinin ikitərəfli münasibətlərə müsbət töhfə verəcəyi düşünülür.

Xatırladaq ki, Ermənistan KİV-də də Klintonla keçirilən görüş geniş müzakirələrə yol açıb. Ən əsası isə daha çox diqqət Məmmədyarovla Klintonun görüşünə və Brayzanın Bakıya gəlməsinə ayrılır. Erməni mətbuatında dərc olunan məlumatlarda Klinton-Sarkisyan görüşünün münaqişənin həllinə diqqəti artıracağı göstərilib. Lakin bu fikirdə olmayanlar da var. "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin sürətlənəcəyinə ümid etmək üçün heç bir əsas yoxdur". "Panarmenian" agentliyinin yaydığı məlumata görə, bunu politoloq Aleksandr İskəndəryan Ermənistan prezidenti Serj Sarkisyanla ABŞ-ın dövlət katibi Hillari Klinton arasında Münhendə keçirilmiş görüşü şərh edərkən bildirib. "Situasiya olduğu kimi qalacaq" - deyə o qeyd edib: "Böyük dövlətlərin diqqətində münaqişə məsələsində heç bir yenilik yoxdur. Bu diqqət ən azı 1992-ci ildən hiss olunur". Bununla yanaşı, erməni politoloq hesab edir ki, son illər ABŞ və Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinə diqqəti nəinki artmayıb, əksinə azalıb: "Bunun səbəbi siyasətçilərin münaqişənin həllinin mümkünsüzlüyünü anlamasıdır. Dünya ictimaiyyətinin məqsədi münaqişəni hazırkı halında saxlamaqdır".

Brayzanın Bakıya gəlişini hələ də həzm edə bilməyən erməni siyasətçilərinin hələ də bu məsələ diqqət mərkəzlərində qalmaqdadır. "ABŞ prezidenti Barak Obama Konqresin işindəki fasilədən yararlanaraq, Metyu Brayzanı Azərbaycana səfir təyin etdi. Baxmayaraq ki, bir sıra konqresmenlər mümkün təyinatla bağlı narahatlıqlarını ifadə etmişdilər". Bunu isə news.am saytına müsahibəsində Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər komissiyasının sədri, "Daşnaksütyun" partiyasından olan deputat Qrayr Karapetyan deyib. "Heç kimə sirr deyil ki, Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri kimi ardıcıllığı ilə fərqlənməyib" - deyən daşnak deputatın sözlərinə görə, Metyu Brayza ziddiyyətli bəyanatları, sonradan onları təkzib etməsi, eksentrist davranışı ilə tanınır və bu səbəbdən də erməni lobbisi onu Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə uyğun namizəd hesab etmir. Qrayr Karapetyanın fikrincə, Metyu Brayzanın ailə vəziyyəti də diqqətdən yayınmamalıdır: "O, türk qızı ilə evlidir". Qrayr Karapetyan hesab edir ki, məsələ hələ tam yekunlaşmayıb: "Barak Obamanın qərarı ədalətsizdir".

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 16 fevral.- S. 4.