1905-1906-cı illərin
erməni-azərbaycanlı münaqişəsi "Difai"
partiyasının yaranmasının
əsas səbəbi kimi
(Əvvəli
ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
Lakin Yelizavetpol
quberniyasında, o cümlədən Şuşa qəzasında
qanlı hadisələr bununla bitmədi. Erməni-azərbaycanlı
münaqişələri dövründə burada
general-qubernatorlar dəfələrlə dəyişdirilmişdi.
Təsvir edilən hadisələr dövründə sonuncu
general-qubernator general Qoloşşapov olmuşdur. Ordubadi
yazır: "Qoloşşapov yalnız zahirən sadə və
təvazökar adam imiş. Əslində isə o, tamahkar və
məkrli müftəxor, başqalarının hesabına
varlanmış bir adam idi. O, ermənilərin xahiş və
şikayətlərinə həmişə diqqətlə
yanaşır, azərbaycanlıları cərimələyir,
onları cəzalandırırdı, halbuki hər şeyi, hətta
qətlləri də ermənilər törədirdi. Onlar
Qoloşşapovun şəxsində özlərinə hami
tapmışdılar. Ermənilər hər vasitə ilə
Qoloşşapovu azərbaycanlıların üstünə
salmağa çalışırdılar. 1906-cı il iyulun
12-də ermənilər bir neçə gün əvvəl
ölmüş öz həmvətənlərini generala
göstərərək bildirmişdilər ki, bu adam azərbaycanlılar
tərəfindən generalın dəftərxanasının
yaxınlığında öldürülmüşdür. General
çox fikirləşmədən Köçərli məhəlləsinə
artilleriya atəşi açılması barədə əmr
verdi. Elə həmin gün kazak dəstələri, rus piyada
qoşunu və 10 min erməni, o cümlədən bu
döyüşlər ərəfəsində şəhərdə
toplanmış erməni əsgərlər və bandit dəstələri
də onlara qoşularaq azərbaycanlılar üzərinə
hücuma keçdilər. Beş gün davam etmiş
döyüşlərdə şəhərin azərbaycanlılar
və ermənilər yaşayan məhəllələrinin sərhəddində
olan bütün evlər artilleriya atəşi ilə
dağıdıldı. Kənardan köməyə ümidi
olmayan azərbaycanlılar düşmənə ləyaqətlə
müqavimət göstərirdi. Ermənilər böyük
itkiyə məruz qaldılar. Vəziyyəti belə görən
general Qoloşşapov şəhərdə olan bütün
rus qüvvələrini döyüşə daxil etmək barədə
əmr verdi. Döyüşlərin beşinci günündə
azərbaycanlılar üzərinə qəti hücum
başlandı. Onda 70 yaşında qocalardan
başlamış 7 yaşlı oğlan uşaqlarına qədər
bütün azərbaycanlılar əllərinə silah
alıb hücuma keçdi. Ermənilər və kazaklar bu
hücuma, başlarına yağış kimi yağan güllələrə
dözməyərək qaçmağa başladılar. Azərbaycanlılar
erməniləri öz evlərində, kazakları öz
kazarmalarında gizlənməyə məcbur etdilər,
başqa yerlərdən gəlmiş erməni
könüllülərini şəhərdən qovdular. Döyüş
meydanında yalnız qətlə yetirilmiş azərbaycanlılar,
bir də küncdə-bucaqda gizlənmiş düşmənləri
axtarıb tapan və onları məhv edən
könüllülər qalmışdı. Ermənilər əvvəlcə
özlərinin öldürülmüş
soydaşlarını döyüş meydanından aparmağa
çalışdı, sonra isə onların cəsədlərini
xəzan yarpaqları kimi azərbaycanlıların ayaqları
altına atdılar".
Azərbaycanlıların
və ermənilərin məruz qaldığı itkilər
barədə M.S.Ordubadinin və M.M.Nəvvabın göstərdiyi
rəqəmlər fərqlidir. Lakin bu məlumatlarda ümumi cəhətlər
ondan ibarətdir ki, ermənilərin itkisi azərbaycanlıların
itkisindən xeyli çox olmuşdu. 1906-cı il iyulun 18-də
Qoloşşapov Şuşaya gəlmiş və sülh
bağlanmasını bəyan edən erməni-tatar nümayəndə
heyətini qəbul etmişdi. İyul ayının
sonlarında başda şeyxulislam olmaqla azərbaycanlılardan
ibarət nümayəndə heyəti Qoloşşapovun
Şuşadan geri çağırılması barədə
canişin qarşısında vəsatətlə
çıxış etmək üçün Tiflisə gəlmişdi.
Canişinin dəftərxana müdiri bu xahişin cavabında
həyasızcasına bildirmişdi ki, Qoloşşapov geri
çağırılmayacaq, repressiyalar isə "çəkişmələr
tam dayanana qədər" davam etdirilcəkdir. 1905-ci ildə
Cavanşir qəzasının Sırxavənd, Dəmirli,
Çıraqlı-Ümidli, Şahavənd kəndlərində
ermənilərlə azərbaycanlılar arasında ciddi
toqquşmalar baş vermişdi. Ordubadi qeyd edir ki, ümumiyyətlə
azərbaycanlılar silahsız olduqlarından daha çox zərər
çəkmişdilər. Bunun da təqsiri satqın bəylər
idi.
Bu arada Yelizavetpol qəzasında
millətlərarası münaqişələr davam edirdi. 1905-ci
il noyabrın 18-də ermənilər Topxana kəndinin bir
neçə sakinini öldürdülər. Ermənilərin
hücumları getdikcə tez-tez baş verirdi və nəticədə
noyabrın 19, 20 və 21-də Yelizavetpolda kütləvi
atışma baş verdi. İ.Alibeqovun verdiyi məlumata
görə, bu qırğını qızışdıran
general-qubernator Takayşvili hadisələrin
başlanmasından iki gün əvvəl şəhərə
gəlmişdilər. M.Ordubadi yazır ki, qırğına səbəb
azərbaycanlıların ermənilər tərəfindən
öldürülməsi olmuşdu. O, cinayətkarların
adlarını da göstərir: Avetis Avetisov, Qriqor Tiyunov və
onların dostları. M.Ordubadi daha sonra bildirir ki, azərbaycanlıların
xahişinə cavab olaraq Takayşvili onları müdafiə
etmək üçün kazakları göndərəndə
kazaklar atəşə tutulmuşdu. Az sonra Takayşvilini
Fleyşer əvəz etdi. Noyabrın 4-də
barışıq bağlandı: tərəflər əsirləri
və yaralıları dəyişmək barədə
razılığa gəldilər. Lakin ermənilər dərhal
Azərbaycan nümayəndə heyətini atəşə
tutub onlardan üç nəfərini öldürdülər.
Onda azərbaycanlılar da ermənilərə hücum etdilər.
Hər tərəfdən 8 nəfər
öldürüldü, ermənilərdən iki bomba
götürüldü. Yalnız general Malamın səyi nəticəsində
asayış müvəqqəti bərpa edildi və təkrar
barışıq bağlandı.
1905-ci ilin yayında millətlərarası
münaqişələr Zəngilanda da özünü
göstərdi. Burada Qatar kəndi ermənilər
üçün alınmaz qalaya çevrilmişdi. Bu kəndin
müdafiəçiləri 9 gün bütün dünyadan təcrid
olunmuş vəziyyətdə müdafiə olunurdu. Nəticədə,
şiddətli döyüşlərə baxmayaraq, ermənilər
Qatar kəndini tuta bilmədilər.
Daşnaklar Zəngəzurda
vəhşi cinayətlər törətmişlər. Buradakı
kənd yerlərində millətlərarası münaqişələr
1906-cı ilin avqust ayına qədər davam etmişdi. Həmin
münaqişələrdə 200-ə yaxın azərbaycanlı
həlak olmuş, Xələc, Karxana, Tatar, İncəvar,
Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman,
Oxçu, Şəbadək, Atqız, Pirdavud, Zurul, Günan,
İlli, Sanalı, Minanavur, Fərəcli, Qalaboynu, Əcəbli,
Buğucuq kəndləri dağıdılmışdı.
1905-ci ilin fevralından
1906-cı ilin payızına qədər erməni-azərbaycanlı
münaqişələri nəticəsində 10.000 nəfər
öldürülmüş, 7 şəhərin və 252 kəndin
əhalisinə ziyan vurulmuşdu.
Yüz il bundan əvvəl
baş vermiş erməni-azərbaycanlı münaqişələrinin
işıqlandırılması və onların müasir
dövrdə ermənilərin Dağlıq Qarabağa
iddiaları ilə əlaqədar münaqişənin
başlanğıc mərhələsi ilə müqayisə
edərkən müəyyən analogiyalar görünməkdədir.
Qərb və rus mətbuatı istər Dağlıq
Qarabağda münaqişənin başlanğıcında,
istərsə də 1905-1906-cı illər hadisələrindən
sonra onları ortaq dini tellərlə bağlayan ermənilərə
rəğbət bildirirdi. Rus və dünya ictimaiyyətinin
1905-1906-cı illərdə Zaqafqaziyada baş vermiş hadisələrə
münasibətinin leytmotivi ermənilərə şəksiz rəğbət
hissi idi. Onlar erməniləri mütləqiyyətin
provokasiyasının, eləcə də onların dövrəsindəki
tayfaların avamlığının və
nadanlığının qurbanı olmuş "mədəni
xalq" hesab edirdilər. Bu halda hətta ermənilərin qəddarlıqları
də həmin şəraitdə təbii və az qala zəruri
hal kimi qəbul edilir və prinsipial mövqeləri dəyişə
bilmirdi. Müşahidəçinin siyasi baxışlarından
asılı olaraq provokasiya məqamı ya xüsusi
vurğulanır, ya da əksinə yumşaldılır (hətta
inkar edilir) və ya əksinə "irqi və dini nifrət"
kimi qələmə verilirdi. Məsələn, Parisdə
çıxan "Maten" qəzeti yazırdı:
"Tatarlar idealları hökumət üçün
böyük təhlükə olan azadlıqsevər erməniləri
cəzalandırmağa başlamışlar". Parisdə
çıxan "Tan" qəzeti isə belə hesab edilirdi
ki, ermənilər Qafqazda ən savadlı və əməksevər
millətdir, tatarlar isə mühafizəkar və
"çar mütləqiyyətinə hörmət bəsləməyi
diktə edən" ənənələrə sadiqdirlər.
T.Sventoxovski dünya mətbuatının
bu cür aşkar antiazərbaycan mövqeyini qiymətləndirərək
yazır ki, dünya mətbuatı ümumiyyətlə ermənilərə
rəğbət bəsləyirdi və buna görə də
ermənilərin qətlə yetirilməsi hallarını
tatarlarla müqayisədə daha geniş işıqlandırırdı.
Erməni publisisti
İ.Alibeqovun fikrincə, erməni-tatar münaqişələrinin
bütün dəhşətlərinin əsas səbəbi
"ümumi polis-bürokratik rejimi" idi. Alibeqovun fikrincə,
"panislamistlər, provokatorlar, "özgə
malına" göz dikənlər, müflisləşməkdə
olan müsəlman feodalları, mütləqiyyət hakimiyyətinin
qaniçən agentləri və cəmiyyətin digər
tör-töküntüləri" mütləqiyyət
hakimiyyətinə sığınmışdır. O, həmin
qırğını da təhrikçi təşviqatla izah
edir.
Britaniyalı diplomatlar
belə hesab edirdilər ki, 1905-1906-cı illərin qanlı
hadisələrinin səbəbi rus hakim dairələrinin millətlərarası
sabitliyi qoruyub saxlamağı bacarması və bunu istəməməsi,
o cümlədən ermənipərəst hakimiyyəti əvəz
etmiş antierməni əhval-ruhiyyəli hakim dairələridir.
Onların fikrincə, "rus hakim dairələri qərəzsiz
inzibatçılıq yolu ilə iki irq arasında münasibətləri
yaxşılaşdırmaq əvəzinə "parçala
və hökm et" prinsipi ilə hərəkət etmişlər.
Kiçik vəzifələrin hamısı ermənilərə
verilmiş, nəticədə onlar tatarlar qarşısında
üstünlük əldə etmiş, korrupsiya və tənbehləri
ilə onları qıcıqlandırmışlar. Sonralar rus
hakim dairələri siyasəti dəyişdilər, onlar belə
hesab edirdi ki, erməni inqilabi cəmiyyətlərinin fəaliyyəti
get-gedə genişləndiyinə görə ermənilər
dominant qüvvəyə çevrilirlər.
Rusiyanın Osmanlı
İmperiyasındakı konsulu, XIX əsrin axırlarında
Osmanlı Türkiyəsində qanlı toqquşmalar
dövründə erməni gizli təşkilatlarının
taktikası ilə çox yaxından tanış olan
V.Mayevski 1905-1906-cı illərin qanlı hadisələrinin səbəblərinə
öz münasibətini bu şəkildə ifadə etmişdir:
"Kimin yadındadırsa, bu dövrdə (1904-1906-cı illərdə)
rus hakimiyyətinin zəifləməsi, bəzi hallarda isə
onun əsla olmaması hər yerdə müşahidə
olunurdu. Bu belə bir dövr idi ki, müxtəlif gizli təşkilatların
anarxist fəaliyyəti üçün geniş meydan yaranmışdır.
Bizim Şərqi Zaqafqaziyanın başına gəlmiş bəlalar
həm "hakimiyyətin cinayətkar fəaliyyətsizliyi"
nəticəsində, həm də çaxnaşmaların əsas
xadimləri olan "Daşnaksutyun"un cinayətkar fəaliyyəti
nəticəsində baş verə bilərdi. Bəs bu iki səbəbdən
hansı əsas idi? Əlbəttə, ikincisi".
Rusiyanın Qafqazdakı
canişini qraf İ.İ.Vorontsov-Daşkov həmin hadisələrə
"neytral" qiymət verərək belə hesab edirdi ki, bu
qırğının təqsirini tərəflərdən hər
hansı birinin (ermənilərin və ya tatarların) üzərinə
qoymaq mümkün deyil: "Bəzi hallarda (Bakı,
Yelizavetpol) əvvəlcə tatarlar, başqa hallarda
(Şuşa, Tiflis) ermənilər atəş
açmışdı". Lakin bu halda məsuliyyət
qondarma mərkəzi arbitrin üzərinə
qoyulmalıdır. O, bir sıra səbəblər
üzündən qarşıdurma üçün
özünün nəzarət etdiyi müəyyən şəraiti
qəsdən yatarmaqda maraqlı idi. Başlanğıcda həqiqətən
belə idi.
Əhməd bəy
Ağayev "Kaspi" qəzetinin səhifələrində
haqlı olaraq yazırdı ki, rus qəzetləri əsasən
ermənilərin öldürülməsi barədə və
nadir hallarda tatarların öldürülməsi barədə
xəbər verirdi: "Artıq üç aydır ki,
başqa sözlə desək, oktyabrın 17-dən sonra
Peterburq qəzetlərinin heç birində fevral
qırğınından sonra müsəlmanlara
ünvanlanmış uydurma və böhtanlara rast gəlmirik.
Məşhur "üç gündən" sonra Bakıda
düşmən tərəflər arasında sülh bərqərar
olduqdan dərhal sonra bütün paytaxt qəzetlərinin
müxbirləri həyəcan təbili vuraraq öz əsərlərini
bizdə baş verən hadisələr haqqında yalan və
qərəzli məlumatlarla doldurmağa başladılar".
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 16 fevral.- S. 6.