Yazıçılar Birliyində İnam Ataya həsr olunmuş tədbir keçirilib 

 

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalının verdiyi məlumata görə, Köçəri ayının 14-ü 32-ci ildə (14.2.2011) Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mütləqə İnam Təliminin yaradıcısı İnam Atanın (Asif Atanın) 75 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə Mütləqə İnam Ocağının övladlarıyla yanaşı, Ocaq dostları, Azərbaycan aydınları iştirak ediblər.

Toplantını Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açaraq 50 ildir Azərbaycan ictimai mühitində İnam Ata obrazının ədəbi, fəlsəfi, milli, mənəvi, insani, ruhani yöndə iş gördüyünü bildirib. O, vurğulayıb ki, yurddaşlarımızı Asif Atanın cazibəsinə salan Onun insana sevgisi və inanmasıdır: "O, insanın kamilləşməsinə inanırdı. Ocağın məqsədi kamil insanlar yetişdirməkdir.

Mütləqə inam Ocağı 32 ildir ki, Atanın dediyi kimi yaşayır. Ata insan, yurd, ulus, bəşər uğrunda döyüşürdü."

İnam Atanın 36 illik əqidədaşı, Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh İnam Atanın yaradıcılığına diqqət çəkib: "İnam Atanın 45 Müqəddəs Kitabı var. Bunlar onun yaratmış olduğu "Mütləqə İnam" adlı Dünyabaxışı özündə daşıyır. Atanın çoxlu başqa əsərləri də var - həcmcə bəlkə bunlardan az deyil. Hələ bir araya gətirilməyib, kitablaşdırılmayıb. Onun xüsusi kəskinliklə car çəkdiyi məsələlər var. Ata bunları ədəbi-bədii, etik, estetik elmi, fəlsəfi mətn, mətləb kimi deyib, yazıb. Üstündən keçməyib, üzərində israrla dayanıb."

Filologiya elmləri doktoru, professor Nizami Tağısoy: "İnsanı haqq, ruhaniyyat, mənəviyyat yoluna qovuşdurmaq gərəkdir. Asif Ata bu işi öz üzərinə götürdü və indi onu Ocaqçılar böyük məsuliyyətlə davam etdirirlər."

S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur Ata irsinin başçılıq etdiyi arxivdə qorunduğunu, elmi şəkildə təsnif edildiyini bildirdi.

Şair Abbas Abdulla Asif Atalı xatirələrindən söz açdı. O, Mütləqə İnam Ocağının övladlarının Ata irsini, ideyalarını böyük sevgi ilə yaşatdıqlarını söylədi.

Ədəbiyyatşünas Gülxani Pənah Ata ilə bağlı xatirələrini dilə gətirdi.

Şair Fikrət Sadıq İnam Ata ömrünün, yaradıcılığının bənzərsizliyi haqqında danışıb, onun ideyalarına sayqılarını bildirib.

Diktor Eldost Bayram İnam Atanın "Bədiyyat" əsərindən rübailərini oxuyub.

Şair Qəşəm İlqar Ruhdaş Ocaq ruhlu şeirlərindən birini söyləyib.

Yazıçı-publisisit Əlisahib Əroğul İnam Ata ruhaniyyatının əsas məqamlarına diqqət çəkib: "Ata ideyalarını xalqa çatdırmaq biz aydınların borcudur".

Tənqidçi Əsəd Cahangir İnam Atanın özünün müəyyən etdiyi "aşiqlik, filosofluq, cəngavərlik" ölçüsünə uyğun yaşadığını bildirib, onun yaradıcılığının tənqidçilik, filosofluq və peyğəmbərlik mərhələlərindən söz açıb.

Sənətşünas Ziyadxan Əliyev İnam Atanın əsərlərindən mənəvi güc aldığını, yazılarında ondan yararlandığını söyləyib.

Fəlsəfə elmləri doktoru Adil Əsədov İnam Atanın şəxsiyyətinə ciddi sayğısını ifadə edib.

Alim-publisist Baba Əhmədli İnam Atanın böyüklüyü qarşısında baş əydiyini dilə gətirib.

Sonda iştirakçılara İnam Atanın bu il nəşr olunan kitabları və "İnama Doğru" dərgisinın sayları bağışlanılıb.

Qeyd edək ki, İnam Ata 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Moskvadakı M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda oxuyub. Bakıda bir sıra ali məktəblərdə dərs deyib.

1975-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetində "Etik və Estetik Tərbiyə Klubu"nu yaradıb. 1978-ci ilin noyabrından klub Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif Ata adlanır. Ocaq tarixi 1979-cu il mart ayının 1-dən hesablanır.

1982-ci ildə İnam Atanın Mütləqə İnam Ocağı dəhşətli basqılara uğrayır və qapadılır. Ata işdən və məcburən üzv olduğu Kommunist Partiyasından çıxarılır, ailəsi dağıdılır, yörəsindəkilərin çoxu pərən salınır. Həmin ildən başlayaraq Ocaq bir neçə il gizli fəaliyyət göstərir.

İnam Atanın yalnız dünyabaxışını əhatə edən əsərləri 45 kitabdan ibarətdir ki, Mütləqə İnam Ocağı indi onu 10 Kutsal Bitiqdə bir araya gətirib.

İnam Atanın yaratdığı Mütləqə İnam Ocağı artıq 32 ildir ki, Yurdumuzda alovlanmaqdadır. Ocağın Ruhani Başçısı onun qurulmasında İnam Atanın ilk gündən dönməz silahdaşı olmuş Safruh Atalıdır.

İnam Ata 1997-ci ildə aramızdan gedib. Sonevi Ağstafadadır.

 

 

Ədalət.- 2011.- 16 fevral.- S. 6.