"ZƏRİF İMZALAR"

 

Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar olaraq ölkədə bir-birindən rəngarəng və çoxsaylı tədbirlər keçirildi. Düşünmək olardı ki, bu tədbirlər mətbuatın yubileyi qeyd edildikdən sonra yəqin ki, dayandırılar və yaxud da unudular. Amma görülən işlər, davam etdirilən silsilə tədbirlər bizim yanıldığımızı sübut etdi. Doğrudur, hər yanlışda bir naxış var - deyiblər.

Bu mənada indi vərəqlədiyim "Zərif imzalar" kitabı da deyildiklərimə bir sübutdur. Kitab Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası və "Azercell Telekom" MMC-nin birgə layihəsi əsasında hazılanmışdır. Kitabın tərtibçisi Sevil Yusifova, baş redaktoru Şəhla Bayat, ingilis dilinə tərcüməçisi isə həmin tərcümə qrupunun rəhbəri Cavanşir Yusiflidir.

Kitabda Azərbaycan mətbuatında ekran və efir məkanında özünü yetərincə təsdiq etmiş, tanıdıb sevdirmiş zərif cinsin nümayəndələrinin fotoları və tərcümeyi halları təqdim edilmişdir. Nəfis şəkildə hazırlanmış və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabı vərəqlədikcə burada təkcə bu gün bizimlə üzbəüz olan, bizə öz yazıları ilə düşünməyi, sevilməyi aşılayan yazar qadınlarımızın həyatı, onların icmal xarakterli tərcümeyi halı bizlərlə zərif imzaları bir az da yaxınlaşdırır, doğmalaşdırır.

Zənnimcə "Elm və Təhsil" nəşriyyatında çap olunmuş bu kitab bizləri öz sevimli müəlliflərimizlə tanışlıqda, onların həyat yolunu öyrənməkdə əlimizdən tutub yardımçı ola biləcək. Elə dünən keçirilən bu kitabın təqdimat mərasimində də hər kəs bu isti münasibətlərdən və bir də bu təqdimatda iştirak edə bilməyən dünyasını dəyişmiş xanım yazarlarımızın ruhuna etiramdan söhbət açdılar.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 16 fevral.- S. 6.