MİL DÜZÜNÜN PARLAYAN ULDUZU

 

Məşhur inqilabçının adını kölgədə qoyan "ağ qızıl" şahzadəsi

 

Hər necə olur-olsun inkişafın, tərəqqinin özünəməxsus nəticələri yaranır. Bunu bugünki Beyləqan şəhərinin timsalında, bütövlükdə elə rayonun özünə də şamil etmək mümkündür. Bütün məsələlər bir yana, indilərdə tək bir fakt bu mənada ortaya ciddi arqument qoyur. 10 il bundan əvvəllərdə Beyləqanın mərkəzində və mərkəzə yaxın yerlərində evini 4-5 minə satıb başqa yerlərə gedənlər, indi həmin evlərini və ya onun yaxınlığındakı başqa bir mənzili 40-45 min manatdan aşağı qiymətə ala bilmirlər. Lap paytaxtdakı kimi.

Bir vaxtlar Jdanov adlanan bu Aran rayonunun az qala bütün ittifaqda məşhurlaşması zaqatalalı bir qızcığazın - mexanizator Sevil Qazıyevanın əmək qəhrəmanlıqları və faciəli ölümü ilə daha çox qabardılırdı. Jdanov pambıqçılıq rayonu idi və maşınla pambıq yığımının əsas məktəbi sayılırdı. Buralarda Sevil Qazıyeva adı rayonun "sahibi" qırmızı inqilabçı Jdanovu kölgədə qoyurdu. Burada ""Ağ qızıl" qızdırması" fanatik bir səviyyəyə çatmışdı. Və burada pambıqla planlar da dolurdu, şöhrətlər də qazanılırdı, pambıqla "baş da kəsilirdi".

 

Çox uzaqlara gedirəm deyəsən...

 

Bilirsiniz ki, Beyləqan rayonu Mil düzünün cənub-qərb düzənliyində yerləşir. Cənub-şərqdə İranla həmsərhəddir. Ərazisinin müəyyən hissəsi okean səviyyəsindən aşağıdır. Şimal-şərq sərhədindən Kür çayı, cənub-şərqindən isə Araz çayının axması, ən azından - tarixi-coğrafi qürur faktıdır. Həm də ki, buralarda yay çox isti keçir, bir səhra qızmarı yaşanır. İndi bu çayların təmiz havası, son illər əkilən on minlərlə ağacların sərinliyi nisbi mülayimlik gətirməkdə, yaşayış yerlərini yaşıl vadiyə döndərməkdədir. Yeri gəlmişkən, rayonun meşə sahələri son 20 ildə çoxalıb ki, azalmayıb. Özüm hesablayıb çıxarmışam - artım 2000 hektarı keçib.

 

Zəngin təcrübə, yaradıcı ideya

 

Bilirsiniz, əslində mən bəzi məsələləri qələmə alarkən ümumrespublika oxucusunu nəzərdə tuturam. Beyləqanlılara keçmişdən - bu gündən təzə bir şey danışmaq üçün çox axtarışlara, dərinliklərə baş vurmalısan. Bütün bunların da ki, çoxu yazılıb. Beyləqan haqqında ən sanballı əsəri isə rayonun hazırki icra başçısı, uzun illərin təcrübəli dövlət məmuru, keçmiş kənd təsərrüfatı naziri, vətənpərvər ziyalı İrşad Əliyev yazıb.

İrşad Əliyevi mən rayonlarda birinci katib vəzifələrində işləyən vaxtlarından tanıyıram. Bütün istiqamətlərdə təcrübəli və enerjili adamdır. Həmsöhbətini iki-üç dəqiqəlik söhbət əsnasında tanımağı bacarır. Xüsusilə peşəkar olmayan mətbuat işçiləri, təsadüfi "bərk gedənlər" onun 2-3 dəqiqəlik "jurnalistika dərsi"ndən qeyri-kafi qiymət alacaqlarına qətiyyən şübhə etməsinlər. Yüksək səviyyəli peşəkarlara da məsləhətim var. Layiq olduğunuz qayğı və diqqətin əhatəsinə düşmədikdə, rayona qonaq gəlməyiniz hansısa təsadüfi bir səbəbdən unudulduqda reallıq hissini itirməyin. Ən azından burada görülən gözəl işlərlə, inkişafla bütün bunları kompensasiya etməyi bacarın, vəssalam.

Beyləqan dairəsində qurulmuş Azərbaycanlıların Soyqırım Abidəsi kompleksi memarlığımızın müasirlik səviyyəsini əks etdirən bitkin bir əsərdir. Eləcə Tarix-Diyarşünaslıq muzeyi və onun ətrafındakı açıq səma altında qurulan "Örənqala", Azərbaycan ərazisindəki tarixi-coğrafi keçidləri əks etdirən eksponatlar ən məlumatlı insanları belə orijinallığı ilə özünə cəlb edir.

Bütün bunlar və şəhər həyatındakı digər yeniliklər İrşad müəllimin ideyalarıdır.

Buradaca qeyd etmək istəyirəm ki, Beyləqan rayon tarix-diyarşünaslıq muzeyi haqqında ayrıca bir yazı hazırlamağı planlaşdırdığım üçün o mövzuda söhbəti saxlamaq məcburiyyətindəyəm. Bu muzeyin, məhz bu cür kompozisiyanın söhbəti bu yazıya sığmaz. 5000 illik dövlətçilik tariximizlə bağlı "eksponatlar paradı"na heç ayrıca bir yazı da bəs etməz bəlkə də.

Beyləqan rayonunun ərazisi 1131 kv.km.-dir. Rayonda 87 min nəfərdən çox əhali yaşayır. Şəhər sənayesi ilə yanaşı, rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əkinçilik və maldarlıq aparıcı sahələrdir. 2010-cu ildə rayon iqtisadiyyatında məhsul istehsalının ümumi həcmi faktiki qiymətlərlə 93,2 milyon manat təşkil etmişdir. Məhsul buraxılışının adambaşına düşən həcmi 1050 manat təşkil edərək əvvəlki ilin müvafiq dövründəkinə nisbətən 1,0 faiz artmışdır. Ümumi həcmin 50 milyon manatı (73,8 faiz) iqtisadiyyatın istehsal, 17,8 milyon manatı (26,2 faiz) xidmət sahələrinin payına düşür. Bu sahələrdə əlavə dəyər müvafiq olaraq 0,7 və 4,0 faiz artmışdır.

2010-cu ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələri hesabına qoyulan vəsaitin məbləği 8,3 milyon manat təşkil etmişdir. Onun 6,1 milyon manatı və ya 73,3 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

 

"Dövlət Proqramı" aqrar sahəni dirçəldir

 

İqlim şəraitinin qeyri-sabit keçməsi aqrar bölmənin bəzi sahələrinə mənfi təsir göstərmişdir. Kənd təsərrüfatının ümumi məhsulu 2009-cu ildəkinə nisbətən 9,5 faiz azalaraq 58,1 milyon manat olmuşdur.

2010-cu ilin məhsulu üçün rayonda bütün təsərrüfat dərəcələri üzrə 52648 hektar sahədə əkin aparılmışdır. Əkin sahələri 3 faiz, buğda əkini sahələri 10 faiz azalmış, pambıq sahələri 30 faiz, çoxillik yem bitkiləri 2 faiz artmışdır.

Heyvandarlıq rayonun kənd təsərrüfatının əsas sahəsidir. Son illər rayona xarici dövlətlərdən gətirilən xeyli cins mal-qara alınmış, süni mayalanma məntəqələri, süd qəbulu və emalı müəssisələri yaradılmışdır. Keçən il iri çəkidə 6729 ton ət, 34768 ton süd, 1.353.4 min ədəd yumurta, 478 ton yun istehsal edilmişdir. Rayonda 55069 baş iribuynuzlu mal-qara, 289919 baş qoyun-keçi, 441016 baş quş bəslənilir.

Azərbaycan Respublikası Regionlarının Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının rayonda uğurla icra edilməsi təhsil, mədəniyyət və səhiyyə sahələrinin də inkişafına təkan verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün fərman və sərəncamları, göstərişləri Beyləqan rayonunun həyatında özünün səmərəli həllini tapmaqdadır. Sosial-iqtisadi və mədəni-quruculuq işləri yüksək templə aparılır.

2010-2011-ci tədris ilinin əvvəlinə Beyləqan rayonunda 54 orta ümumtəhsil məktəb fəaliyyətdə olmuşdur. Məktəblərdə təhsil alan şagirdlərin sayı 12925 nəfərdir. Mövcud pedaqoji işçilərin sayı 1910 nəfərdən çoxdur. Məktəblərdə 1038 sinif otağı, 65 laboratoriya, 5 akt zalı, 20 idman zalı, 12 yeməkxana, 51 kitabxana var. Rayonda 30 məktəbdənkənar uşaq müəssisəsi fəaliyyət göstərir. Rayon əhalisinə 1 mədəniyyət və istirahət parkı, 55 idman qurğusu, 47 kitabxana, 4757 yeri olan 17 kənd mədəniyyət evi, 1470 yeri olan 18 klub, 700 yerlik rayon mədəniyyət sarayı xidmət göstərir. Rayonda tarix-diyarşünaslıq və Heydər Əliyev muzeyləri var.

Rayon əhalisinə 565 çarpayısı olan 11 xəstəxana, 28 ambulator-poliklinika müəssisəsi, 113 həkim, 327 nəfər orta tibb işçisi xidmət göstərir.

Bu statistik məlumatları qeyd edərkən həm də onu nəzərdə tuturuq ki, Dövlət Proqramının icrasına uyğun olaraq növbəti illərdəki tədbirləri müqayisə edərkən ölkəmizin ildən-ilə necə böyük sürətlə inkişafının qürurunu ayrı bir ovqatla yaşayaq.

  

  

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 16 fevral.- S. 7.