"KİMDƏNSƏ ÖYRƏNMƏK
OLAR, AMMA KİMİSƏ YAMSILAMAQ OLMAZ"
Gənc gitaraçı Mahmud İsmayıloğlu belə
deyir
Bir dəfə gitarada gözəl
bir musiqi eşitdim. Musiqi o qədər ürəyə
yatımlı və yaddaqalan idi ki, uzun müddət onun təsirindən
ayrıla bilmədim. Çünki gitaraçı "Təbrizim"
mahnısını elə səsləndirirdi ki, sanki gitara
çalınmırdı, o bu mahnını qeyri-adi bir formada
oxuyurdu. Adətən, gitarada kimisə təəccübləndirmək,
ürəyini tərpətmək o qədər də asan
deyildi. Çünki Rəmiş kimi böyük sənətkardan
sonra hər əlinə gitara götürən onu o qədər
də gözəl səsləndirə bilmir. Amma "Təbrizim"i
çalan gitaraçı istər-istəməz mənim
ürəyimin "sarı sim"inə toxunmuşdu. Onu
arayıb-axtardım və günlərin birində söhbətləşə
bildim. Bu gənc gitaraçı Mahmud İsmayıloğludu.
- Mahmud, sənin "Təbrizim" mahnısını
gitarada səsləndirməyin çoxları kimi məni də
tərpətdi. Yəni gitaranı çalmaq o qədər də
asan deyil. Amma sən o çalğı ilə
çoxlarının ürəyinə yol tapa bilmisən...
- Hər bir müsiqiçi
sevdiyi musiqi alətini başqasına da sevdirməyi
bacarmalıdır. Əlbəttə, Rəmiş kimi
böyük sənətkardan sonra gitaranı əlinə
götürmək və onu başqasına sevdirmək elə
də asan deyil...
- Amma siz gitaranı əlinizə
götürdünüz və qeyri-adi
çalğınızla çoxlarını təəccübləndirdiniz...
- Məncə
çalğımda elə də qeyri-adilik yoxdur. Sadəcə
olaraq, çalışmışam ki, sənətdə
öz yolum olsun. Məncə, gitarada hər hansı bir musiqini
səsləndirəndə o dəqiqə tanıyanlar bilir ki,
bu musiqini çalan Mahmud İsmayıloğludu.
- Yaxşı, siz gitaranı çalmağı və eləcə
də orijinal ifanı necə öyrənə bilmisiniz. Yəni
sizin keçdiyiniz bir məktəb, bir müəllim olubmu?
- Sözün
açığı Füzulidə olanda Rasim Şamxalovun
yanına getmişəm. Nə öyrənmişəmsə əvvəl
tarda öyrənmişəm. Amma onun yanına gedəndə əlimdə
gitara getmişdim. Sonra da böyük sənətkarların
televiziyadakı çıxışlarına baxıb müəyyən
şeyləri "oğurladım". Bir də gördüm
ki, çoxları məni axtarır. Onsuz da respublikada
yaxşı gitara çalan kifayət qədərdir. Rəmiş
kimi, Rəhman kimi, Elbrus kimi, Elman kimi gitaraçılara həmişə
böyük maraqla baxmışam. Öyrəndiklərimi
öyrənmişəm, ancaq çalışmışam ki,
öz yolum olsun.
- Deyirlər ki, ilk dəfə gitaraya məhəbbət
sizdə 2-ci sinifdə baş qaldırıb...
- Kim deyirsə düz deyir.
Onda Füzulinin Horadiz kəndində yaşayırdıq. Kəndimizdən
də Qozlu çayı keçirdi. Bir gün eşitdik ki,
sel gəlib və çay daşıb. Biz uşaqlar da
hamımız gedib o selə baxırdıq. Bir də
gördüm ki, selin gətirdiyi suda oyuncaq bir gitara var. Qorxub
eləmədən yavaş-yavaş çayın
qırağına yaxınlaşdım və əlimi atıb
o oyuncaq gitaranı götürdüm. Uşaqlar dedi ki, sel səni
aparar. Amma heç kimin sözünə baxmadım. Risq edib
gitaranı götürə bildim. Sonra da həmin gitaraya 2-3
sim bağladım və həmin alətdə ilk dəfə
"Aman aman, ay aman..." mahnısını səsləndirdim.
Atamgil də, uşaqlar da məəttəl qaldı.
- Görünür, gitaraya həvəs sizdə ötəri
olmayıb. Yəni ola bilərdi ki, oyuncaq gitaranı bir
müddət özünüzlə gəzdirərdiniz və
sonra da hər şey unudulub gedərdi...
- Gedə bilməzdi. Ona
görə ki, hər şey mənim ürəyimdən gəlirdi.
Artıq çoxları da bilirdi ki, mənim gitaraya həvəsim
heç də elə-belə deyil. Günlərin birində
Füzulinin yaxşı sənətkarları, oxuyanları
eşitdilər ki, gitara çalıram. Onlar məni
axtarıb tapdı və toylara aparmağa başladılar.
- Kimlər ilə ilk vaxtlar sözünüz tutdu, daha
doğrusu, onu gitarada müşayiət eləyə bildin?
- Rayonda olanda ilk vaxtlar gitara
ustası Rəhman Məmmədlinin qardaşı Rəfail ilə
toylara getdik. Sonra başqaları da eşidib bildi ki, mən pis
çalmıram. Nizami Abdullayev məni axtardı,
çalğıma qulaq asdı və xoşu gəldi. Dedi ki,
mənimlə işləyərsənmi? Razılıq əlaməti
olaraq, başımı tərpətdim. Ondan sonra da
Füzulinin tanınmış xanəndələri və
müğənniləri ilə işləməyə
başladım. Demək olar ki, çox yerdə bizimlə
maraqlanırdılar. Sola çalanda isə gitaraya maraq
tamaşaçılar arasında daha da artırdı.
- Eşitdiyimizə görə, Manaf Ağayev, Səyyad Əlizadə,
Vidadi Bərdəli və eləcə də digər
tanınmış sənətkarlarla bir yerdə çox
olmusunuz. Onları müşayiət etmək hər hansı
gitaraçı üçün o qədər də asan
olmayıb. Bəs siz bir gitaraçı kimi onları razı
sala bilmisinizmi?
- Gərək bu sualı həmin
sənətkarların özlərinə verəydiniz. Bir onu
bilirəm ki, Nizami Abdullayevlə cəbhə bölgələrində
hərbi hissələrdəki əsgərlər
qarşısında çıxış edərkən o
"Ay vətən oğlu"nu ifa edərkən mənə
daha çox gitarada çalmağa şərait
yaradırdı. Təbii ki, bu çalğı və səs əsgərlərimizin
ruhunu daha da yüksəldir və onların döyüşkənlik
duyğularını qaldırırdı. Hər hansı bir
musiqi insanı tərpətməlidir. Əgər tərpətmirsə,
günah tamaşaçıda yox,
çalğıçının və ifaçının
özündədir.
- Gəlin səmimi etiraf edək ki, heç də hər
çalğı adamın ürəyinin "sarı
simini" tərpətmir...
- Mən də sizinlə
razıyam. Mən durub desəm ki, gitaranı belə
çalıram, elə çalıram, əlbəttə, bu
sözdə də səmimiyyət olmaz. Sadəcə olaraq, mən
gitaranı əlimə alanda fikirləşirəm ki, məni
dinləyən var və mən də elə çalmalıyam
ki, həmin dinləyici çalğıya qulaq assın. Qulaq
asırsa, deməli nəsə bir şey eləyə bilirik.
Qulaq asmırsa, deməli çalğımız yaxşı
deyil...
- Sizin əvvəllər bir neçə albomunuz
işıq üzü görüb. Deyə bilərsinizmi, bu
çalğılarda hansı musiqiləri səsləndirmisiniz?
- Əvvəllər
"Xatirələr" və "Ötən günlərim"
adlı albomum işıq üzü görüb. Həmin
albomda İbrahim Tatlısəsin, Elza İbrahimovanın və
Ələkbər Tağıyevin mahnıları toplanıb və
həmin mahnıları mən gitarada səsləndirmişəm.
Bircə ona çalışmışam ki, hər şey
yaxşı alınsın. Tay bilmirəm, necə
alınıb. Yaxşı alınıb, pis alınıb.
- Onu da öyrəndik ki, yeni bir albomunuzun üzərində
işləyirsiniz. Bəs orada hansı mahnıları səsləndirəcəksiniz?
- Sözün
açığını deyim ki, bir az tənbələm. Nəsə
albom və disk buraxmaqda ərincəklik eləyirəm. Amma
üçüncü albomu da yaxın aylarda sağlıq
olsa, hazırlayıb dinləyicilərin ixtiyarına verəcəm.
Orada xalq və bəstəkar mahnılarından ibarət
çalğılarım olacaq.
- "Toylar kralı"nda siz Manaf Ağayevi və digər
Füzulidən iştirak edən müğənniləri
müşayət eləmisiniz. Bu cür müğənniləri
müşayət eləmək bir qədər çətin
deyilmi? Çünki canlı verilişdə hər hansı səhfi
düzəltmək həmin an çox çətin olur...
- Hər şey
müsiqiçinin özündən asılıdır. Gərək
əvvəldən elə işləyəsən ki, canlı
efirdə heç vaxt pis vəziyyətə düşməyəsən.
Pis vəziyyətə düşəndə isə oradan
çıxa biləsən. "Toylar kralı"nda
M.Ağayevin "Ay canı yanmış"
mahnısının ifasında həmişə mənim
imprivizasiyam diqqəti çəkib. Manaf Ağayev də bu
mahnını çox yerlərdə oxuyub. Düzdür, bəziləri
deyir ki, bu mahnı o qədər də yaxşı deyil. Əgər
o qədər də yaxşı deyilsə, bəs niyə ən
prestijli toylarda belə Manaf Ağayevdən həmin
mahnını oxumağı xahiş eləyirlər? Deməli,
hər mahnının və musiqinin öz dinləyicisi var. Əgər
bir musiqi ki, adamın sümüyünü tərpədir, onu
sirkələyir onda musiqiçi onluğa vurur.
- Mahmud İsmayıloğlu toya getməyi
xoşlayır, yoxsa sənəti?
- Toya bir çoxları
yaxşı baxmır və deyirlər ki, filankəs toy
müğənnisidir, ondan yaxşı ifaçı
çıxmaz. Amma sizi inandırım ki, toy böyük bir məktəbdir.
Ən çətin mahnıları və ən çətin
musiqiləri elə toyda tələb eləyirlər. Bəzən
mənə elə sifariş veriblər ki, efirdə onu
dünyasında çalmaram. Amma toyda çalmışam və
çalğıdan sonra da həmin adam sakitləşib oturub
yerində. Özü də onun istədiyini
çalmamışam ha, gözəl bir xalq mahnısı səsləndirmişəm.
Musiqiçi gərək dinləyicinin ürəyinə yol
tapa bilə. O yolu tapa bildin, sənə qulaq asacaqlar, tapa bilmədin
sənin çalğına fikir verən olmayacaq.
- Sizə elə gəlmirmi ki, hansı sənətin
sahibi olursansa ol, gərək kimisə yamsılamayasan. Kimsə
belə bir fikir işlədib: "Yaxşı "kopya"
olana qədər pis orijinal olsan yaxşıdı". Yəni
kimisə yamsılamaqdan özünün əyri-üyrü
yolun daha uğurlu olur...
- Hər şey bayaq
dediyim kimi musiqiçidən asılıdır. Kimdənsə
öyrənmək olar, amma kimisə yamsılayan kimi o dəqiqə
tamaşaçı hiss eləyir və deyir ki, bu filankəs
kimi çalır. Amma mən də heç vaxt kimisə
yamsılamamışam və filankəs kimi
çalmamışam. Həmişə elə
çalmışam ki, o dəqiqə biliblər ki, bu
gitaraçı Mahmud İsmayıloğludur.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 16 fevral.- S. 8.