"ÇƏTİN" MƏSƏLƏ

 

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin açılması haqqında danışan əksər ekspertlər nədənsə məsələnin mahiyyətini anlamağa varmır, bu münasibətlərin nədən korlanması haqqında danışmır, həmin səbəblərin aradan qaldırılması üçün obyektiv təkliflər irəli sürmür. Heç beynəlxalq statuslu diplomatlar da məsələyə bilərəkdən əsaslı yanaşmaq istəmirlər. Türkiyənin, ümumiyyətlə türk dünyasının maraqlarını müdafiə edən analitiklərin bu barədə gətirdiyi arqumentlər, faktlar qulaqardına vurulur, belə istənilir ki, Ankara cırtdan, amma cırtdan olduğu qədər aqressiv olan Ermənistanın yalan iddialarını qəbul etsin, heç bir şərt irəli sürmədən aralarındakı sərhədi açsın, beləliklə iqtisadi xaos səviyyəsinə çatan ermənilərə vəziyyətdən çıxmaq üçün kömək göstərsin. Absurd məsələdi, deyilmi?..

Bəzi dönəmləri istisna etsək deyə bilərik ki, Türkiyədə hakimiyyətə gələn iqtidarların əksəriyyəti "sırf xristian" klubu olan Avropa Birliyinə üzv olmaq üçün çalışıblar. Hər biri Qərbin cürbəcür tələblərini yerinə yetirməklə gözləyiblər ki, onlar nə vaxtsa "rəhm edib" Türkiyəni də öz sıralarına qatacaqlar. Və tarix göstərir ki, Ankara zaman-zaman aldadılıb. Çünki 40 ilə yaxındır ki, eyni ssenari mütəmadi təkrar olunur. Nəticəsi isə yoxdur. Bütün bunlar məlumdur və olanları təkrarlamaqla Qərbin "xristian oyunu"nundan bir də geniş bəhs etmək istəmirəm. Sadəcə diqqət çəkən bir məqama aydınlıq gətirməyə çalışıram.

Beynəlxalq statuslu diplomatların, dövlətlərin, hətta politoloqların Türkiyəyə, Azərbaycana qarşı yürütdüyü siyasəti, çıxışları, səsləndirdikləri girdirmə arqumentləri, haqsızlıqları... haradasa anlamaq, sinirmək mümkündür. Ən azı bilirsən ki, onlar müsəlmanların, türklərin inkişaf etməsini, güclənməsini istəmirlər və bu səbəbdən də öz xristian qardaşlarını müdafiə edirlər. Hərçənd bu, nə insanlığa, nə mənəviyyata, nə ədalətə, hətta özlərinin yazıb altından imza qoyduqları qanunlara zidd olsa belə... Hətta 40 il Avropa Birliyinin qapısında ümidlə gözləməyə də bir səbəb tapmaq olar. Deyərsən ki, güclü, beynəlxalq birlik üzvlüyünə Ankaranın ehtiyacı var (?!). Bəs yaman gündə olan, cırtdan Ermənistana yarınmaq nə üçündür? Yaxud Türkiyə vətəndaşlarının, türklərin, Türkiyənin göbəyində oturub, türkün çörəyini yeyənlərin də eynən onlar kimi iddialarla çıxış etməsini anlamaq qeyri-mümkündür.

Bəzi üzdəniraq türklərin ölkələrinə qarşı ərazi iddialarında bulunan, ulu babalarının türklər tərəfindən "soyqırım"a məruz qalması yalanını az qala dünyanın yarısına tanıtdıran, uşaqlarını belə türkə düşmən kimi yetişdirən ermənilərə bu böyük sevgisini, qayğısını, lap elə yaltaqlığının mahiyyətini anlamaq şəxsən mənim üçün çox çətindir. Heç cür sinirmək olmur ki, bir insanın babasına haqsız yerə qatil desinlər, amma həmin insan dönüb o qondarma damğanı onun alnına yazmaq istəyənlərə ağ-qara demədən yaltaqlansın. Və çox qəribədir ki, bu məsələdə hər dəfə yeni isimlər eşitməkdəyik.

İstanbul "Boğaziçi" Universitetin xarici siyasət üzrə müəllimi Behlul Özkan bu günlərdə Ermənistanda olarkən açıqlamalarla çıxış edib. Daha sonra erməni internet saytlarına, "armenpress"ə müsahibə verib. O bəyan edib ki, Türkiyə Ermənistana olan münasibətlərində çoxlu səhvlərə yol verir. O deyib: "İmzalanmış protokollar bir sıra vacib məsələləri həll etməliydi. Hər şeydən öncə, ən ilk sırada duran səhvlərdən biri sərhədlərin bağlı qalması, diplomatik münasibətlərin olmamasıdır. Əslində belə olmalıydı ki, münasibətlərin normallaşması üçün Türkiyə sərhədlərini açmalı, münasibətləri bərpa etməli, yalnız bunlardan sonra hər iki dövlət birlikdə digər problemlərin həllinə keçməli idilər". Sözlərinə davam edən Behlul Özkan sonra səbəbini açıqlamadan - rus-gürcü müharibəsi sübut etdi ki, Türkiyənin regiondakı maraqları çox böyük təhlükə altındadır - fikrini bəyan edib.

Bu xarici siyasət "mütəxəssis"i heç çəkinmədən nəhəng, beynəlxalq güc səviyyəsinə qalxan Türkiyənin işğalçı siyasət yürüdən, acından köpük qusan Ermənistanın qarşısında günahkar obrazını yaradır, bunu etiraf edir, sonra isə iqtisadi xaos içərisində çabalayan Ermənistanın maraqlarının deyil, Türkiyənin regiondakı maraqlarının təhlükə altında olduğunu açıqlayır. Axı, bu necə ola bilir ki, mövcud situasiya qonşu dövlətlər olan Türkiyənin regiondakı maraqlarına təhlükə yarada bilir, amma Ermənistana yox.

Erməni qardaşlarına təsəlli verməyi də, "təhlükənin" haradan gələcəyi haqda xəbərdarlıq etməyi də yaddan çıxarmayan Behlul Özkan deyib: "Mən belə hesab edirəm ki, növbəti seçkilərdən sonra erməni-türk münasibətləri yaxşılaşacaq. Türkiyədə hazırda hakimiyyətə iddialı olan iki əsas partiya fəaliyyət göstərir. Bunlardan biri AKP, digəri isə Cümhuriyyət Xalq Partiyasıdır. Əslində bu iki partiyanın xarici siyasət xəttində elə bir ciddi ayrılıq yoxdur. Bütün proqnozlar ondan xəbər verir ki, CHP ya 2011-ci il seçkilərində təkbaşına hökuməti formalaşdıracaq, ya da buna yaxın olacaq. Lakin kiçik bir ehtimal da mövcuddur ki, Milliyyətçi Hərəkat Partiyası da kifayət qədər səs toplayaraq hakimiyyətdə koalision formada təmsil olunsun. Məncə, Ermənistanla münasibətlərin normallaşmasında böyük təhlükə məhz budur. Hazırda MHP-ni "böhran partiyası" adlandırmaq da olar".

Behlul Özkan və onun kimilər heç narahat olmasın, MHP hakimiyyətdə təmsil olunsa da, olunmasa da türk xalqı həmişə Azərbaycandakı qardaşlarının yanında, Azərbaycan xalqı isə Türkiyənin yanında olub və bundan sonra da olacaq. Bu "mütəxəssis" hər şeyi öz arşını ilə ölçməsin, Türkiyədə türklüyü qoruyan, türk dəyərlərini müdafiə edən, babalarının ermənilərin yalandan iddia etdiyi "soyqırımı törədən" yox, qəhrəman bilən türklər kifayət qədərdi. Və onlar kimin dost, kimin düşmən olduğunu çox gözəl bilirlər. Sadəcə, narahatçılıq yaradan budur ki, İstanbulun "Boğaziçi" Universitetində bu qafalı müəllimin olması, türk tələbələrinə belə düşüncələrlə dərs verməsidir. Amma inanmıram ki, türk gəncliyi bu cür düşüncə sahiblərinə layiq olduğu qiyməti verməsinlər. Türkü ermənilər qarşısında günahkar hesab edən "müəllimlər", elə Behlul Özkan da Türkiyə universitetlərində deyil, Yerevan Universitetlərinin birində anti-türk mühazirələri oxusalar, müəllim kimi erməni tələbələri tərəfindən daha çox sevilərlər. İstanbulda buna ümid yox...

Belə görünür ki, bütün bunların mahiyyətini anlamaq, Anadolu türkləri demiş, heç də kolay deyil.

 

 

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2011.- 17 fevral.- S. 2.