Ordumuz öz sözünü deməyə hazırdır

 

Qarabağdakı təcavüzkar ordunu da Avropadan qovulan ermənilərin taleyi gözləyir

 

Azərbaycan iqtisadiyyatının hər il artan sürətlə inkişafı bütün sahələrdə müsbət nəticələrini verir. Dövlətin respublika əhalisinə göstərdiyi diqqət və qayğı ölkənin milli maraqları ilə bağlı problemlərin həllində, heç şübhəsiz, həlledici rol oynayır. Təkcə onu demək kifayətdir ki, 2009-2010-cu illərdə dünyada böhranın hökm sürdüyü bir vaxtda Azərbaycanda iqtisadi artım 15%-dən çox olmuşdur. Ölkənin iqtisadi tərəqqisi Silahlı Qüvvələr quruculuğunda da yeni keyfiyyət göstəricilərinin meydana çıxması ilə müşayiət olunur. Müvafiq sahənin dövlət rəhbərliyi tərəfindən prioritet elan olunması və bu istiqamətdə dövlət büdcəsindən ayrılan xərclərin ilbəil artırılması ordumuzun maddi-texniki təminatında müqayisəyə gəlməyəcək irəliləyişlərə zəmin yaratmış, şəxsi heyətin döyüş hazırlığını ikiqat artırmışdır. Bu günlərdə Goranboy rayonuna səfəri çərçivəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibəti ilə keçirilən mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu mühüm və strateji əhəmiyyətli məsələyə toxunaraq qeyd etmişdir ki, Azərbaycan həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər.

Bu gün Azərbaycan Silahlı Qüvvələri nəinki Cənubi Qafqazda, o cümlədən beynəlxalq aləmdə də yüksək döyüş qabiliyyətinə malik mobil bir hərbi qurum kimi tanınır. Təkcə onu demək kifayətdir ki, 1997-ci ildə yarandığı vaxtdan Azərbaycan Sülhməramlıları həmişə dövlətin və xalqın etimadını doğrultmuş və ölkəmizə başucalığı gətirmişdir. Bunu NATO və digər nüfuzlu beynəlxalq hərbi qurumların rəhbərliyi tərəfindən dəfələrlə Müdafiə nazirliyinin ünvanına göndərilmiş minnətdarlıq məktubları təsdiq edir. Son illər hərbi hissə və birləşmələrdə müxtəlif texnikalarda aparılan modernləşdirmə işləri, ən müasir hərbi cihaz və qurğuların tətbiqi nəticəsində ordumuz kifayət qədər yüksək manevr imkanlarına yiyələnib. Bütün bunlar ölkənin milli maraqlarından doğan və Azərbaycan üçün həyati əhəmiyyət daşıyan tədbirlərin nəticəsidir. Çünki Ermənistanın uzun müddətdir qeyri-konstruktiv mövqe sərgiləməsi dövlətimizi adekvat addımlar atmağa vadar edir. Fevralın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edən Müdafiə naziri general-polkovnik Səfər Əbiyev bildirmişdir ki, Azərbaycan Minsk qrupunun missiyasına ümidlərini hələlik itirməyib. Sülh variantının yalnız Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi kontekstində baş tuta biləcəyini birmənalı şəkildə qonaqların diqqətinə çatdıran Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü xüsusi vurğulayıb. Bildirib ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət etmiş olardılar və bu məsələdə heç kim Azərbaycanı günahlandıra bilməz.

Azərbaycandan fərqli olaraq Ermənistanda son illər ərzində 15 faiz iqtisadi geriləmə qeydə alınmışdır. Orduda özbaşınalıq, fərarilik, hərc-mərclik hökm sürür. Ermənistandan Qarabağa göndərilən gənclərlə yerli ermənilər arasında ayrı-seçkilik hökm sürür. Çağırışçılar Qarabağda xidmət etməkdən kütləvi şəkildə boyun qaçırırlar. Ermənistan ordusunda hökm sürən psixoz vəziyyət ayrı-ayrı hərbi hissələrdə qeydə alınan ölüm və özünəqəsd hallarının ildən-ilə artması ilə nəticələnmişdir. Bu gün Ermənistanın dövlət rəhbərliyi də dünyada mafioz qruplaşma kimi tanınır.

Ermənistanın "Yamanak" qəzetinin verdiyi məlumata görə, bu günlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları erməni əsilli ABŞ vətəndaşını saxlayıb. Ondan 42 min ədəd ekstazi tableti və 0,5 kiloqram heroin götürülüb. Araşdırma nəticəsində məlum olub ki, bu həcmdə narkotik maddənin ölkədən ixracının arxasında Ermənistanın güc strukturlarında çalışan yüksək rütbəli məmurlar dayanır. Xatırladaq ki, bu günlərdə Ermənistanın Syunik vilayətinin qubernatoru Suren Xaçaturyanın da adı narkotik və silah alverində hallandırılmağa başlayıb. Məlumata görə, bununla bağlı Rusiyada qaldırılmış cinayət işində məhz qubernatorun adı çəkilir.

Qeyd edək ki, son zamanlar Ermənistanda sosial sferada da ciddi partlayışlar gözlənilir. Ölkə bazarında demək olar ki, bütün ilkin tələbat mallarının qiyməti bahalaşıb. Ermənistan Milli Statistika Xidmətinin məlumata görə, 2010-cu ildə ölkədə istehlak qiymətləri 10,6% artıb. Ən ciddi bahalaşma isə qida məhsullarında qeydə alınıb. Ötən ilin dekabrı ilə müqayisədə 2011-ci ilin yanvarında Ermənistanda yumurta, meyvə-tərəvəz, xüsusilə kələm kartofun qiymətlərində bahalaşma var. Sakinlər "Azadlıq" radiosunun yerli burosuna açıqlamalarında bahalaşmadan ciddi narahatlıq keçirdiklərini bildirərək qeyd ediblər ki, bütün bunlar "ermənilərin ölkəni tərk etməsinə yönəlmiş xüsusi siyasətdir".

Yeri gəlmişkən, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər törətdikləri cinayətlərlə həmin ölkələri bezdiriblər. Bu ölkələrdən biri də Belçikadır. Belə ki, Belçikanın "La Libre Belgtgue" qəzeti bildirir ki, ölkənin immiqrasiya və hüquq-mühafizə orqanları yüzlərlə erməninin deportasiyasına hazırlaşır. Qəzetin yazdığına görə, Ermənistandan mühacirət artıq çox böyük miqyasa çatıb.

Erməni saytlarında yerləşdirilən məlumatda o da xüsusi bildirilir ki, yaranmış vəziyyətdə hakimiyyətin yüksək vəzifəli şəxsləri kapitallarını ölkədən çıxarırlar. Qalust Qriqoryan adlı müəllif yazır ki, hakimiyyətin yuxarı eşelonunda təmsil olunan şəxslərin belə addım atmasının səbəbi Tunis və Misirdə baş verən son olaylardır. "Serj Sarkisyan çox həyəcanlıdır ki, Ben Alinin başına gələnləri o da yaşaya bilər. Ona görə də Sarkisyan ölkədə inqilab baş verəcəyi halda siyasi sığınacaq ala biləcəyi ölkə rəhbərləri ilə indidən danışıqlar aparır. Buna paralel olaraq "xüsusi səlahiyyətli səfirlər" tərəfindən prezidentin ailəsinə məxsus bank hesablarından pullar çıxarılır. Çıxarılan pullar əsasən Rusiya və Gürcüstana köçürülür. Üçüncü şəxslərin əliylə prezident ailəsinin hesabına sakit ölkələrdə fəal şəkildə daşınmaz əmlak alınır. Sarkisyan tərəfindən Ermənistandan qazanılan pulun məbləği artıq 200 milyon dolları keçib və bu axın davam etməkdədir.

Göründüyü kimi, işğalçı ölkədə həm siyasi, həm də iqtisadi vəziyyət dözülməz həddədir. Belə bir şəraitdə Dağlıq Qarabağ kartı ilə uzun müddət spekulyasiya etmək Ermənistan hakimiyyətinə nəsib olmayacaq. İndi hamı inanır ki, Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan imici və öz müdafiə qüdrətini yüksəldən Silahlı Qüvvələri istənilən an işğalçı ordunu geri oturda bilər.

  

 

İsa İSMAYILOV

 

Ədalət.- 2011.- 17 fevral.- S. 4.