1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişəsi "Difai" partiyasının yaranmasının əsas səbəbi kimi

 

(Əvvəli ötən saylarımızda)

  

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı müsəlman dövlətləri olan Türkiyə İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini aktuallığını şərtləndirir.

Qafqazda müxtəlif millətlərarası münaqişələr şəklində təzahür edən mürəkkəb etnik-siyasi vəziyyət hakim dairələri ciddi narahat edirdi. III Dumanın mühafizəkar hissəsinin təşəbbüsü ilə aparılmış dinləməl göstərdi ki, hakimiyyətin və onun cəmiyyətdəki tərəfdarlarının nəzərində münaqişənin predmeti regiondakı milli kütlələrin və onların təşkilatlarının dövlətə qarşı yönəlmiş separatizmidir.

Qafqaz sorğusu adı almış sorğunun müzakirəsi Dumada 1908-ci il dekabrın 3-də və 10-da, 1909-cu il yanvarın 21-də və 28-də, fevralın 4-də və 5-də aparılmışdır. Müzakirədə həm sorğu təşəbbüsü ilə çıxış edənlərin tərəfdarları, həm də Dumanın demokratik hissəsinin nümayəndələri çox fəal iştirak etmişdir.

Sağçılar belə hesab edirdilər ki, Qafqazda millətlərarası münaqişələrin təşəbbüsçüləri ermənilər və gürcülərdir, müsəlmanlar (ilk növbədə azərbaycanlılar) isə "ehtiyatdadırlar", onlar zərərçəkmiş tərəf, daha mühafizəkar və rus hakimiyyətinə loyal mövqe tuturlar. Deputat Bobrinski Qafqazda çaxnaşmaların səbəblərini obyektiv (bu diyarın coğrafi mövqeyi, əhalinin çoxmillətli tərkibi, dini etiqad məsələsinin mürəkkəbliyi, qan qisasçılığı ənənələri) və subyektiv amillərlə izah edilirdi. Onun fikrincə, səbəb ondan ibarət idi ki, bizdə - Qafqazda sistematik, ardıcıl, namuslu və qanunauyğun siyasət olmamışdır, mülkiyyət prinsipi pozulmuşdur ("Qafqazda demək olar ki, heç kəs özünün nəyə malik olduğunu bilmir"), köçərilərin rahatlığının olmaması, yerli rus məktəblərinin pis vəziyyətdə olması və s.

III Dumanın deputatı kadet Stepanov Qafqazda millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərini təhlil edərək göstərirdi ki, "ruslaşdırma" siyasəti əhali ilə hakimiyyət arasında dərin uçurum yaratmış, onları iki düşmən düşərgəyə çevirmiş və eyni zamanda diyar xalqlarının milli mənlik şüurunun intensiv artmasına gətirib çıxarmışdır. Bu halda yadellilər üçün hakimiyyət obyektiv olaraq başqa etnosa, başqa dinə mənsub olan, buna görə də daha artıq dərəcədə düşmən qüvvə kimi çıxış edirdi.

Dumanın demokratik hissəsi və Qafqazdan olan deputatlar isə regionun xalqları ilə dövlət arasında münaqişənin predmetləri və səbəbləri barədə başqa fikirdə idi. P.N.Milyukov ucqarlarda siyasət məsələsinin bütövlükdə çox böyük əhəmiyyətə malik olmasını qeyd edirdi. O belə hesab edirdi ki, hakimiyyət öz hərəkətləri ilə ölkə xalqları ilə münaqişə yaradır, onların tarixini, dilini, ənənələrini, məişətini və əxlaqını bilmir və bunu inkar edirdi. Milyukov deyirdi: "Qafqazın əhalisini nə deputat Markovun bizə məsləhət gördüyü kimi yer üzündən silmək, nə də onları köhnə sistemlə idarə etmək olar. Alman və ingilis birliyinə aparan yol yalnız Qafqazda və başqa regionlarda məskunlaşmış xalqların mənafeləri ilə hesablaşan idarəetmə sistemindən keçir".

III Dumanın Cənubi Qafqazdan olan yeganə azərbaycanlı deputat X.Xasməmmədovun fikrincə, millətlərarası gərginliyin səbəbləri hakimiyyətin yerlərdə müvafiq sosial-siyasi tədbirləri ilə təmin edilməmiş miqrasiya proseslərinin nəticələrindən ibarət idi. O demişdi: "Son üç ildə Zaqafqaziyanın rus əhalisinin sayı 10 min nəfər artmışdır. Bu, müstəmləkələşməyə rəsmən icazə verildiyi 1898-ci ildən sonra buraya gəlmiş köçkünlərin 36%-i deməkdir. Diyar əhalisinin xristianlara və qeyri-xristianlara bölünməsi nəticəsində yerli əhalinin ruslara nifrəti artmışdır, xüsusən müsəlmanların təhsil sahəsində, yerli idarəetmədə, şəxsi praktikada, vəkillik mənəviyyat sahələrində iştirakının vəziyyəti pisləşmişdir. Hakim dairələr 1905-ci ildən sonra getdikcə tez-tez baş verən millətlərarası münaqişələrə heç bir münasibət bildirməmiş və bu münaqişələr genişlənərək erməni-azərbaycanlı qırğınına çevrilmişdir. Problemi yalnız xalqların qanuniləşdirilmiş hüquq bərabərliyi həll edə bilər". Deputat Çxeidze öz çıxışında demişdi: "Qafqaz xalqlarının separatizmdə ittiham edilməsi məkrli uydurmadır. XIX əsrin ortalarından Şərqi Zaqafqaziyanın müsəlman əyalətlərində torpaqların çox geniş miqyasda qəsb edilməsi baş vermişdir. Müvəqqəti məcburi münasibətlər şəklində təhkimçilik hüququ hələ də davam edir. Almanların, ermənilərin, yunanların, Orenburq quberniyasından olan molokanların, rus sektant kəndlilərinin köçürülməsi regionda həm aqrar vəziyyəti, həm də millətlərarası gərginliyi artırmışdır. Məhz buna görə hakimiyyəti təmsil edən, eyni zamanda torpaq sahibkarları olan kazaklarla Qafqaz xalqları arasında daim münaqişələr baş verirdi. Hökumətin bu diyarda torpaq siyasəti kəndlilərin vəziyyətini pisləşdirir, məktəblər maarif ocağı deyil, inkvizisiya yerinə, məhkəmələr qaragüruhçu siyasət orqanına çevrilmişdir. Adminstrasiya rüşvətxorlar və provokatorlarla doludur. Çxeidze daha sonra vurğulamışdır: bu şəraitdə milli kütlələrin inqilabiliyi, onların hakimiyyətə qarşı çıxışları və millətlərarası münaqişələr yalnız dövlətin xalqa zidd siyasətinin nəticəsidir: sizin izahınızdan belə çıxır ki, yağış ona görə yağmışdır ki, adamlar çətirləri açmışdır. Qeqeçkori də onu dəstəkləmişdir: "Millətlərarası, ilk növbədə erməni-azərbaycanlı münaqişələr hökumət tərəfindən inspirasiya edilmişdir. Üstəlik, hakimiyyət orqanları cəza dəstələrinin zorakılıq hərəkətlərini təşviq edir, mədəni-maarifçilik və iqtisadi yönümlü milli təşkilatları təqib edirlər. Çxeidze bu təklif barədə çıxışında qeyd etmişdir ki, mərkəz "yerli əhaliyə sizin aranızda fərq var, sizin aranızda ruslar, gürcülər, ermənilər və başqaları var" kimi göstərişlər verməməlidir. Qafqazda çoxdan yeridilən bu siyasət - tayfalararası ehtirasların qızışdırılması siyasəti heç bir xeyir verməmişdir".

1905-1906-cı illərdə erməni-azərbaycanlı qarşıdurmasının səbəblərinin öyrənilməsi məsələsində sovet tarixşünaslığında həmişə belə bir tezis əsas götürülmüşdür ki, çar hökuməti millətlərarası ayrı-seçkiliyi qızışdırır, ermənilərlə müsəlmanlar arasında qırğına təhrik edirdi. Bu, birinci rus inqilabı dövründə bütün kəskinliyi ilə Cənubi Qafqazda təzahür etmiş bütün münaqişələrin yeganə səbəbi olmuşdur. Burada artıq 100 ildən çox keçmiş hadisələri XX əsrin 80-ci illərinin axırlarında, ermənilər və azərbaycanlılar hələ sovet imperiyasının tərkibində yaşadığı vaxtda Dağlıq Qarabağa ətrafında münaqişəni başlanması ilə müqayisə etmək yerinə düşər. O vaxt olduğu kimi, bu münaqişənin başlanğıc mərhələsində də azərbaycanlılar mərkəzi hökumətə çox böyük ümid bəsləyirdilər. Bir sıra müəlliflər hələ də qəti əmindilər ki, Dağlıq Qarabağ ətrafında erməni-azərbaycanlı münaqişəsi "mərkəz" tərəfindən, yəni M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi tərəfindən təhrik edilmişdir və əgər bu "mərkəz" olmasaydı, xalqlar dinc yaşayar və bir-birinə qarşılıqlı ittihamlar təqdim etməzdi. Əlbəttə, millətlərarası münasibətlər məsələsində M.Qorbaçovun qeyri-ardıcıl, uzaqgörən və zərərli siyasəti DQMV-nın erməni əhalisinin öz müqəddəratını təyin etmək hüququ ilə maskalanan təcavüzkar planlarının həyata keçirilməsi üçün əlverişli şərait yatarmışdır. Lakin bütün erməni-azərbaycanlı münaqişələrin əsas səbəbi ermənilərin dərin köklərə malik olan ərazi iddialarından ibarətdir.

Biz çarizmin mənfur siyasətinə bəraət qazandırmaq fikrində deyilik. Həmin illərdə hakimiyyət orqanları erməni və azərbaycanlı əhali arasında düşmənçilikdən həqiqətən öz imperiya məqsədləri üçün istifadə etmiş və arxiv sənədlərindən göründüyü kimi ermənilərlə azərbaycanlılar arasında münaqişələrin qarşısını almaq üçün təsirli tədbirlər görməmişdir, hərçənd, qırğınlara hazırlıq və ermənilərin bununla əlaqədar silahlanması barədə siqnallar kifayət qədər idi. Problem imperiya hökumətinin çoxillik fəaliyyətində idi. Bu müddət ərzində hələ Pyotr dövründən Türkiyə, İran və Rusiya arasında xristian buferi yaratmaq məqsədi ilə ermənilərin mütəmadi olaraq Azərbaycana köçürülməsi başlanmışdı. Yerli və gəlmə etnos arasında kəmiyyət nisbəti pozulmaqla qarşıdurma üçün şərait yaradılmışdı. XIX əsrin axırları-XX əsrin əvvəllərində milli burjuaziyanın formalaşması, milli mənafelərin uğrunda mübarizə başlanmışdır. Mərkəz zəifləyir və münaqişə məsələsində zahirən mərkəzçi mövqe tuturdu. Qanlı erməni-azərbaycanlı münaqişələri davam etdiyi müddətdə çar hakimiyyətinin arbitr rolunda çıxış etməsi onun üçün sərfəli idi. Bu, yerli əhalinin nəzərində mütləqiyyət hakimiyyətinin əhəmiyyətini və nüfuzunu artırır, həm də onların Rusiyanın imperiya siyasətinə qarşı birgə çıxışlarına mane olurdu. Cənubi Qafqazda millətlərarası münasibətlərin hədsiz kəskinləşməsi çar hakimiyyətinin mənafelərinə uyğun deyildi. Talanlar, qəsdən təşkil edilmiş yanğınlar, kütləvi ixtişaşlar, xaos və anarxiya - bütün bunlar dövlətin əsaslarını laxladır, əhalidə istər-istəməz hakimiyyətin zəifliyi, köməksizliyi barədə fikirlər oyadırdı. Bu da mütləqiyyət üçün arzu edilən hal deyildi. Ümumiyyətlə, həmin illərdə çar hökumətinin yeritdiyi siyasəti şəraitə uyğun fəaliyyət kimi səciyyələndirilə bilər. Zamanın tələblərindən asılı olaraq, mümkün qədər ehtiyatlı tərpənir, gözləmə siyasəti yeridirdilər.

Buna görə də həmin illərdə Cənubi Qafqazda baş vermiş faciəli hadisələrin əsas səbəbini yalnız çarizmin məkri ilə izah etmək sadəlöhvlük olardı. Tarixi faktların və çoxsaylı mənbələrin hərtərəfli təhlili tam qətiyyətlə bu nəticəyə gəlməyə əsas verir ki, erməni və azərbaycanlı əhali arasında kütləvi toqquşmalar (həmin illərin sənədlərində bu hadisələr çox vaxt "erməni-tatar qırğını" adlanır) "Daşnaksutyun" tərəfindən soyuqqanlılıqla və ölçülüb-biçilmiş şəkildə həyata keçirilən planın ayrılmaz tərkib hissəsi idi. Burada ikili oyun gedirdi: "Əvvələn, müsəlmanlara qarşı nifərtin bir hissəsinin də olsa qisası alınmışdı, digər tərəfdən mətbuatın və təbliğatın köməyi ilə baş verən bütün hadisələrin təqsirkarının rus hökuməti olması təsəvvürü yaradılmış və beləliklə, təkcə ermənilərin deyil, Qafqazın başqa sakinlərinin də inqilabiləşdirilməsi üçün çox güclü və yeni təşviqat materialı yaranmışdır. Bu halda güdülən ikinci məqsədə də qismən nail olunmuşdur - Zaqafqaziya ərazisində erməniləri müsəlmanlardan ayırmış və Türkiyədən, qismən də İrandan köçürülmüş ermənilər tərəfindən tutulmaq üçün torpaqlar boşaldılmışdı. "Daşnaksutyun" təşkilatı tərəfindən oradan çağırılmış ermənilərin sayı isə cəmi 5-6 il ərzində yarım milyona çatmışdı, onlardan 200 mindən çoxu rus hökumətinin vəsaiti sayəsində artıq Rusiya təbəəliyini qəbul etmişdi".

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 17 fevral.- S. 6.