ƏLAĞA VAHİD 1895-DƏ YOX, 1891-DƏ DOĞULUB

 

Bunu Qorxmaz Əlilicanzadə sənədlərlə sübut edir

 

İş günü yenicə başlamışdı. Qəzetimizin təsisçisi, millət vəkili Aqil Abbasla birlikdə iş otağıma tanınmış bir sənət adamı daxil oldu. Doğrudur, biz onunla əvvəlcə şərtləşmişdik. Mərhum müğənni Rüfət Mehdiyev mənim sözlərimə yazılmış mahnını lentə köçürürdü. Səsyazma studiyasında qarşılaşdıq, xeyli söhbət etdik və mənim üçün də maraqlı olan bir disskusiyaya onun münasibətini öyrənmək üçün redaksiyamıza dəvət etdim. Görünür, məqam məhz bu günə aid imiş və o bu gün bizim qonağımız oldu.

Həmsöhbətim sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış sənət adamı Qorxmaz Əlilicanzadədir. Doğrudu, biz onu daha çox Qoxmaz Əlili kimi tanıyırıq. Elə mən də həmin köhnə tanış kimi onu söhbətə çəkirəm.

- Qorxmaz müəllim, sizi oxucularımıza, "Ədalət"i sevənlərə təqdim etməyə o qədər də ehtiyac yoxdur. Öz sənətinizlə, televiziya ekranlarında təqdim etdiyiniz verilişlərinizlə hər birimizin evinə yol açmısınız, qonağı olmusunuz. Bu gün də "Ədalət"in qonağısınız. Gəlin etiraf edək ki, bu gün həqiqi sənət adamlarından daha çox özlərini "ulduz" adlandırıb sponsorları və eybəcər klipləri ilə, mənasız ifaları ilə, ən vacibi isə qalmaqalları ilə gündəmdə qalanları tanıyırlar. Görünür bu da hələlik keçid dövrünü yaşadığımız zamanın problemidir.

 

- Bəli, bu həqiqətən də belədir. Bu gün sənətdə cəmi bir-iki mahnı ifa etmiş, yaxud hansısa tamaşada heç də diqqəti çəkməyən bir rolu ifa etmiş və televizorda bir-iki dəfə görünmüş insanlar var ki, onlar yaşlı nəsilə, sənətin fədailərinə yuxarıdan aşağı baxırlar. Amma bilmirlər ki, kim olursan ol, sənə qiyməti xalq, tamaşaçı verir. Nəyinsə, kiminsə hesabına efirdən düşməyənlər bəzən elə unudulublar ki, heç sənət adamları da onları xatırlamayıb. Bu həmişə belə olub, indi də belədi, sabah da belə olacaq, xalq sənəti və sənətkarı yaşadır.

- Əgər xatırlayırsınızsa, biz sizinlə əvvəlki görüşümüzdə meyxana və bədihə ilə bağlı bir balaca söhbət etmişdik. Son vaxtlar bu məsələ mətbuatda geniş yer tapıb, hətta sizin də bir neçə açıqlamanıza, yazınıza rast gəlmişəm. Bəs bu gün necə, həmin məsələ yenə müzakirədədi, yoxsa?..

- Bilirsiniz, mən bir sözü axtaranda, bir fikrin ardınca düşəndə onun sonuna qədər getməyə, özü də ağıllı şəkildə, ədəbiyyatlarla, mənbələrlə ortaya qoymağa cəhd etmişəm. Bu gün də həmin yolumla gedirəm. Özü də indi elmlə məşğul olduğumdan dediyim sözlərin kökünə də gedib çıxmağa çalışıram və bunun məsuliyyətini də daşıyıram. Dediyiniz məsələ ilə bağlı mən həm Şərqşünaslıq İnstitutunun, həm BDU-nun şərqşünaslıq fakültəsinin arxivlərində olan mənbələrə üz tutdum. Burada ərəblərin "Mənalı lüğət kitabı" əldə etdim. Həmin kitabda bütün sözlərin, o cümlədən "mey" sözünün mənası var. Düzdür, biz həmişə deyib yazırıq ki, bədihə hazırlaşmadan deyilən şeirdi. Əslində isə belə deyil. Çünki həmin lüğətdə göstərilir ki, "bədihə" fars sözüdü, ərəbcə isə "bədəhə"di. Bu da ağıla gələn ilk fikir deməkdi. İlk fikir isə müxtəlif formalarda ola bilər - şeir, söz, hərəkət s. Belə çıxır ki, bu fantaziya deməkdi. Yəni bədahətən insanın ağlına gələn düz tapıb ifa edilən bir eksprontdu. Əgər bunun üstündən bir məqam keçdisə, artıq bu düşünülmüş fikir olur, onda bədahətlik qalmır. Çünki həmin an ötüb keçib. Ən azı bədahə musiqidə var onda belə çıxır ki, musiqiçilər meyxana deyəndi?

- Məndə olan məlumata görə, bədihəçilər, yəni meyxananı bədihə hesab edənlər xüsusi kitab da çap etdiriblər və orada bir çoxları ilə yanaşı, Əlağa Vahidi də bədihəçi kimi təqdim ediblər.

- Bəli, həqiqətən belə bir kitab çap edilib. Təəssüf ki, Əlağa Vahid kimi böyük bir qəzəlxanı həmin kitabda bədihəçi kimi təqdim ediblər. Biz ona meyxanaçılığı yaraşdırmadığımız halda, bunlar "bir az da qabağa gedib" onu bədihəçi elan ediblər. Məlumdur ki, orta əsrlərdən üzü bu yana bütün şairlər bir-birləri ilə deyişmələr ediblər ki, təblərini həmişə cilalı saxlasınlar. O cümlədən Vahid də bu cür deyişmələrdə, meyxanalarda iştirak edib.

- Bildiyimizə görə, siz Əlağa Vahidlə bağlı müəyyən araşdırmalar da aparmısınız. Ümumiyyətlə, sizin bu böyük qəzəlxana fərqli yanaşmanız var.

- Mən Əlağa Vahidin anası Səkinə xanımın kökünü axtarıb tapmışam. Onun anasının bacısı nəvəsi Azadə xanım bu gün sağdı, 83 yaşı var. O deyir ki, Əlağa Vahidin anası əslən Maştağalıdı. Əlağa Vahidin Masazır qəsəbəsinə heç bir dəxli yoxdur. Mən bu gün arxivdə çalışıram və əldə etdiyim sənədlərin sürətini sizə təqdim edə bilərəm. Həmin sənədlərin birində göstərilir ki, Respublika Dövlət Tarix Arxivində Bakı şəhərinin Hacı Hüseyn Məscidinin sənədləri üzrə aşağıda göstərilən şəxslər haqqında məlumatlar var. Məlumata görə, Əlağa Vahidin atası Kərbəlayi Məhəmməd Qulu Kərbəlayi İsgəndər oğlu 1863-cü ildə, qardaşları Kərbəlayi Abbas Qulu 1873-cü ildə, Məşədi Ağa Bəy 1876-cı ildə, Mehdi Kərbəlayi İsgəndər oğlu 1880-ci ildə anadan olub. Kərbəlayi Məhəmməd Qulunun arvadı Səkinə Məmməd qızı 1868-də, oğlanları Əbdülbaği 1885-ci ildə, Əli Ağa (Əlağa) 1891-ci ildə, (deməli, bu il Əlağa Vahidin 120 illiyidir) Əbdül Salam 1894-cü ildə doğulub.

Bax, bu ardıcıllıqla bütün ailənin üzvləri həmin sənəddə sadalanıb. Təəssüf ki, bu günə qədər bütün məlumatlarda Əlağa Vahidin doğum tarixi 1895-ci il kimi göstərilirdi. Bunun da bir səbəbi Əlağa Vahidin özünün əlyazmasıdı. Mən Masazırla bağlı xeyli araşdırmalar aparmışam. Həmin araşdırmalarda məlum olub ki, Masazırda yalnız bir nəfər Əlağa adlı şəxs olub, onun atası başqa adamdı, soyadı da Şərifovdu. Əlağa Vahidin əsl soyadı Məmmədquluzadədi. 1916-cı ildə onun bir şeiri məhz bu imza ilə çap olunub. Yazılıb ki, Əlağa Məmmədquluzadə mötərizə açılıb onun içərisində Vahid yazılıb. Sonra böyük ədibimiz Cəlil Məmmədquluzadəyə görə, Əlağa öz soyadını dəyişib İsgəndərov edib. Sonra ondan da imtina etdi, Vahid kimi qaldı. Özü 1860-cı ildə Əlağa Vahidin babası Kərbəlayi İsgəndər Bakıya köçüb övladları da burda dünyaya gəlib. Maştağada bir Bığ Qədir var, o deyir ki, Əlağa Vahidin kökü 500 il bundan öncə Qəzvindən Maştağaya gəlib. Təəssüf ki, Əlağa Vahid özü əlyazmasında doğum tarixini 1895-ci il kimi yazıb göstərib ki, Bakıda Şors küçəsində doğulmuşam. Vahidin dayısı da burada yaşayıbdı. Atasından sonra Vahidi o himayə edib ona xarratlıq sənətini öyrədib. Amma bütün bu axtarışlarım davam edir. Təəssüf edirəm ki, bu cür qəzəlxanı bədihəçi kimi təqdim edirlər. Mən dəfələrlə "Space" telekanalına da məktublar göndərmişəm ki, meyxananın adı elə meyxanadı, onu bədihə kimi təqdim etməsinlər. Amma nədənsə onlar elmi əsaslarla sübut olunan həqiqətə etinasız yanaşırlar. Unudurlar ki, ölkədə folklor haqqında qanun var. Həmin qanunun 9-cu bəndində göstərilir ki, hər hansı bir folklor nümunəsinin adını, kökünü, soyadını dəyişmək, ona cəhd etmək, onu başqa kökə bağlamaq artıq məsuliyyət məqamı ortaya qoyur. Yəni qanun konkret cəzalanmanı şərh edir. Lakin telekanal qanuna da sayğısızlıq göstərir. Bir faktı da deyim. Ulu Öndərimiz Əlağa Vahidin 100 illiyində rəhmətlik Ağasəlim Çıldağla xeyli söhbət etdi, meyxana haqqında danışdı, onun tərifini verdi, tarixindən, gözəlliyindən söz açdı. Telekanal bax, bu məqamı da unudur.

- Qorxmaz müəllim, səhv etmirəmsə, respublikamızda meyxana yarışmasını ilk dəfə siz təşkil etmisiniz...

- Bəli, ilk dəfə 1991-ci ildə Bakı sirkində meyxana müsabiqəsini təşkil etdim, 92-ci ildə onun konsertini təşkil etdim və 5 günlük konsert fevral ayında gerçəkləşdi. Həmin çıxışımda mən bircə dəfə bədiə sözünü işlətmişəm. Maştağada söyüşlü meyxanaya belə deyirlər. Bunu da mənə Ağasəlim Çıldağ irad tutdu. O vaxtdan da mən bu məsələni unutdum. İndi həmin o məqamı mənə irad tuturlar. Hamı yaxşı bilir ki, meyxana daha çox Bakı kəndlərinə aiddir. "Deyilən söz yadigardı" kitabında təqdim olunan 100 Abşeronlu şairlərdən 32 nəfəri Maştağalıdı. Deməli, Maştağa şairlər məkanı sayılır. Bu gün də Maştağada kifayət qədər şair, söz adamları var və meyxana yarışmalarına da qatılırlar. Amma təəssüf doğuran odur ki, indi meyxananı oxuya-oxuya deyirlər. Ritm pozulur və dönüb olur heca vəznində, əruz vəzni unudulur, meyxananın ləhcəsi də itir.

- Qorxmaz müəllim, siz öz yazılarınızda "meyxana" sözünün, "mey" sözünün mənalarını kifayət qədər açmısınız. Amma mənim üçün maraqlıdır ki, bu gün sizin sənətinizdə hansı yeniliklər var və nə işlə məşğulsunuz?

- Son vaxtlar üç filmə çəkilmişəm. Deməli, rejissor Fikrət Əliyevə, ssenari müəllifi İlqar Fəhmi olan "Ölüm növbəsi" filmində baş rollardan birini ifa edirəm. Həmçinin Ülviyyə Könülün rejissorluğu ilə çəkilən "Vəkil hanı" filmi Ənvər Əblucun rejissorluğu Çingiz Abdullayevin ssenarisi əsasında "Tərsinə çevrilmiş dünya" filmində çəkilmişəm. Bu il hər üç film ekranlara çıxacaq. Özüm isə Elmlər Akademiyasında çalışıram.

- Bir səmimi cavab verin mənə. İsrarlarınızdan yorulmursunuz ki?

- Bir adam ki, torpağına, xalqına bağlıdırsa, o heç vaxt yorulmaz. Bundan başqa, öz doktorluq işimin üzərində işləyirəm. İnşallah, yaxın vaxtlarda yekunlaşdıracam.

- Qorxmaz müəllim, siz musiqimizi də gözəl bilirsiniz. Bizim yadımızda həm də ifa etdiyiniz "Mələk Fatimə" mahnısı ilə qalmısınız. Bu sahədə işlər necədir?

- Bilirsiniz, bu mahnıdan sonra müxtəlif zənglər oldu, məni sıxışdırdılar. Həmçinin telekanallar efir üçün pul istədilər, mən də bu işi buraxdım. Ancaq özümə lazım olanda, çəkilişlərdə zümzümə edirəm.

- Sizə uğurlar arzu edirik.

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 17 fevral.- S. 6.