Cəlilabad - adına layiq rayon

 

Azərbaycanın cənubunda yerləşən və özünə məxsus təbii iqlim şəraiti olan rayonlarımızdan biri də Cəlilabaddır. Ərazisində çoxsaylı tarixi-arxeoloji abidələr-Eneolit və Tunc dövrlərinə məxsus yaşayış məskənləri, çox qədim tarixi olan Muğan və Bəcirəvan şəhərlərinin qalıqları yerləşir. 200 mindən çox əhalisi, 1441,4 kvadrat kilometr ərazisi olan rayonda Cəlilabadla bərabər daha bir şəhər-Göytəpə də son vaxtlar öz görkəmini xeyli dəyişmişdir. 1930-cu ildə təşkil edilən rayon 1967-ci ilə qədər Astarxanbazar adlanmışdır. Cəlilabad rayonunun xeyli ərazisi İran İslam Respublikası ilə həmsərhəddir. Buna görə də sərhəd xidmətinin əməkdaşları iki ölkə arasındakı münasibəti qorumaq üçün daha çox intensiv iş aparırlar. Bir neçə il əvvəlki rəqəmlərin dili ilə danışsaq deməliyik ki, rayonda 129 ümumtəhsil məktəbi, 18 məktəbəqədər uşaq müəssisəsi, musiqi məktəbi, rəsm qalereyası, uşaq incəsənət məktəbi, 102 səhiyyə müəssisəsi var. Yəqin ki, son vaxtlar bunların sayı bir qədər də çoxalmış olar. Çünki "Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu rayonda da kifayət qədər tikinti-abadlıq işləri görülmüşdür. bu doğrudan belədir.

Əsasən əkinçilik və maldarlıqla məşğul olan Cəlilabad xeyli ərazisi dəmyə torpaqlı kənd təsərrüfatı rayonudur. İşgüzar və halal insanları olan rayon sakinlərinin bir qismi də əksəriyyəti Cəlilabad şəhərində yerləşən sənaye müəssisələrində çalışır. Rayonda 96 məscid, 1 xristian və 1 yəhudi icması var. Məscidlərinin yalnız 58-i daimi fəaliyyət göstərir, 40-ı isə dini ayinlərlə bağlı insanlara xidmət edir.

 

Abadlaşan, yeniləşən şəhər

 

2007-ci ildə təmir olunaraq cəlilabadlıların ixtiyarına verilmiş Mədəniyyət evində yerləşən Mədəniyyət və Turizm şöbəsinin müdiri Elşad Əzizovun iş otağı həmişə qonaqlı-qaralıdır. Orta məktəb şagirdlərinin rəsm əsərləri, müxtəlif əl işləri ilə zəngin olan şöbədə bir-birindən maraqlı yaradıcılıq nümunələri kifayət qədərdir. Elşad müəllim Cəlilabadı bir daha gəzib-dolaşmaq fikrimi bəyənib vacib işlərini görmək üçün şöbədəki işçiləri ilə kiçik yığıncaq keçirdi: "Mən hazır, hardan başlayaq? Bəlkə qısaca əvvəlcə öz işlərimdən danışım? Sabah rayonumuz 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirəcək. Elə ötən ilki uğurlarımızdan bəhs etsəm, məncə istədiyimiz mənzərəni aydınlaşdıra bilərik. Ötən il rayon ərazisində və onun hüdudlarından kənarda 60-dan çox mədəni-kütləvi tədbirlər keçirmişik. "Əzizovlar" ailə ansamblı may ayında Qax rayonunda keçirilən baxış-konsertdə mükafata layiq görülmüşdür. 15 rayondan olan həvəskar rəssamların əsərlərindən ibarət sərgidə nümayiş etdirilən 260 əsər içərisində mükafat qazanan 50 işdən 15-i bizim rayona aid edilmişdir. Mədəni-kütləvi tədbirlərimiz çox olur, təkcə ötən yay 40-dan çox konsert və əyləncə proqramı ilə çıxış etmişik. Çox zəngin kitabxana şəbəkəmiz var - 42 min oxucunun olması bunu dolayısı ilə sübut edir. Rayonumuzdakı 8 turizm obyektinin 2-nə lisenziya verilmişdir. Səmimi etiraf etsəm deməliyəm ki, dağ kəndlərimizdəki klub və kitabxanalarımızın işi məni qane etmir. Özümüz haqda qısaca bu qədər...

Elşad müəllimlə müasir görkəmli Mədəniyyət evini tərk edirik. Həyətdəki yaşıllıqlar, ən müxtəlif gül-çiçəklərlə əhatə edilmiş park göz oxşayır. Ulu Öndərin xatirəsinə ucaldılmış heykəl, onun özünə layiq möhtəşəm muzeyi parkı bir az da gözəlləşdirir. 2007-ci ildə istifadəyə verilmiş Heydər Əliyev seyrəngahı indi sakinlərin ən çox ziyarət etdikləri gözəl bir məkandır. Seyrəngahdan bir az aşağıda yerləşən gölün sahilindəki "Göl" oteli hər gün müsafirlərini qarşılamağa hazırdır. son illər təmir edilmiş əzəmətli binası, ətrafdakı digər inzibati binalar da Cəlilabadda aparılan abadlıq-quruculuq işlərinə gözəl nümunədir. "Ruslan", "Kral" istirahət mərkəzləri, gənclər istirahət mərkəzi bir-birindən rahat və səliqəlidir. "Texnika Bank", "Xalq Bank", "Kapital Bank", Maliyyə şöbəsi, DSMF rayon şöbəsi, rayon Rabitə evi indi müasir tələblərə cavab verən ən müasir binalarda yerləşir. Cəlilabad şəhərində Zərifə Əliyevanın adını daşıyan orta məktəb binası son illərin ən gözəl tikililərindəndir. Yenidən qurularaq istifadəyə verilmiş, hər cür şəraiti olan Avtovağzalın binasından isə cənub bölgəsində heç yerdə yoxdur.

- Bilmirəm bütün gördüklərini əhatə edə biləcəksən, ya yox, ancaq Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizovun Cəlilabad üçün gördüyü işlər doğrudan çoxdur. Bu, işin görünən tərəfinin kiçik bir hissəsidir, sabahkı hesabat yığıncağında isə özü 2010-cu ildə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə hesabat verəcək. Yəqin ki, oradan da müəyyən qeydlərin olacaq. Bax onda təəssüratın bir qədər də zənginləşəcək. İndi bir stəkan çay içməyin vaxtıdır, sabah baş qarışıq olacaq.

Elşad müəllimlə bu gün doğrudan abadlaşan, yeniləşən Cəlilabadı gəzib yorulmuşduq. Çox güman ki, yaddan çıxdığı üçün qələmə alınmayan xeyli təəssürat da oldu.

 

Cəlilabad 2010-cu ildə

 

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun çıxışında qeyd edildiyi kimi ötən il Cəlilabadda 10,9 min ton ət, 50,7 min ton süd, 18,5 milyon ədəd yumurta istehsal edilmişdir. "Cəlilabad-broyler" ASC-də 1878 ton quş əti istehsal olunaraq əhalinin istifadəsinə verilmişdir. Rayon üzrə 107,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Bunun 58,7 milyon manatı bitkiçiliyin, 48,8 milyon manatı heyvandarlığın hesabına əldə edilmişdir. Kənd təsərrüfatını daha da inkişaf etdirmək məqsədi ilə Uzuntəpə kəndində müasir tələblərə cavab verən 20 min tonluq regional gübrə bazası tikilib istifadəyə verilmişdir. Hər biri 2 min tonluq 3 soyuducu kameranın, hər biri 10 min tonluq 2 taxıl anbarının tikintisi son mərhələdədir. Rayondakı 9 min hektardan çox suvarılan torpağa daha yaxşı qulluq etmək üçün ərazidəki Əzizbəyov kanalının Cəlilabaddan keçən hissəsi lildən təmizlənmişdir. Açılış mərasimində ölkə Prezidenti İlham Əliyev cənablarının da iştirak etdiyi, ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə su anbarından 681 hektar əkin sahəsinin suvarılması mümkün olacaq. Arxada qalan ildə əsas kapitala yönəldilən investisiyalar 25,7 milyon manat olmuşdur. Tikinti-quraşdırma işlərinin həcmi isə 22 milyon manat təşkil etmişdir. Cəlilabad şəhərindəki Müalicə-Diaqnostika Mərkəzi, şəhid ailələri Qarabağ əlilləri üçün 36 mənzil yaşayış evi, 5 mərtəbəli şahmat evi, Tarix Diyarşünaslıq muzeyi, Uzuntəpə kəndindəki gənclərin istirahət mərkəzi digər sosial tikililər cəlilabadlılara xidmət edəcək. 2010-cu ildə Cəlilabad şəhər küçələrinin, kənd yollarının abadlaşdırılması işi genişləndirilmişdir. Şəhərin 16 küçəsinə 82 min kvadrat metr asfalt döşənmişdir. Cəlilabad şəhər 1 4 saylı, Sabirabad kənd 1 saylı, Ləkin kənd orta, Dələli, Hacılı, Hacıismayıllı kənd əsas, İnili kənd ibtidai məktəbləri əsaslı təmir edilmişdir. Gülməmmədli kəndində 360 şagirdlik orta məktəbin tikintisi davam etdirilir. Rayonun qaz elektrik təsərrüfatı, rabitə xidməti yeni avadanlıqlarla təmin edilmişdir. 2010-cu ildə rayon əhalisinə 8 xəstəxana, 28 kənd həkim ambulatoriyası, 40 kənd tibb məntəqəsi sakinlərə daha yaxşı xidmət göstərmişdir.

Xeyli geniş hesabat məruzəsi ilə çıxış edən Əziz müəllim cəlilabadlıların dövlətə və dövlətçiliyə yüksək xidmətlərindən danışmağı da unutmadı. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının köməkçisi Malik Şərbətovun "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilməsini buna bariz nümunə kimi göstərdi.

 

Deputatlar və qonaqlar nədən danışdı?

 

Heç şübhəsiz ki, yığıncağa dəvət olunan və burada çıxış edən cəlilabadlılarla bərabər qonaqların da Cəlilabad və cəlilabadlılar haqqında öz qənaətləri, təəssüratları var. Əslində qonaq qismində yığıncaqda çıxış edən Prezident Aparatının zona üzrə məsul işçisi Mikayıl Hüseynov da, Cəlilabaddan millət vəkilləri seçilmiş Malik Həsənov da, Fəzail İbrahimli və başqaları da bu rayonda aparılan abadlıq-quruculuq işlərinin, iqtisadi-sosial inkişafın, sabitliyin iştirakçılarıdır. Ancaq onlar hər gün rayonda olmadıqları üçün qonaq adlandırılmaqları qəbulediləndir. Və onların cəlilabadlılarla bölüşdükləri təəssüratlar da rayonun bu günü kimi könülaçandır. Tarixçi-alim Fəzail İbrahimli də günü-gündən inkişaf edən Cəlilabadın timsalında Azərbaycanın çox işıqlı sabahından danışdı.

 

 

Ölkə Prezidenti Cəlilabad haqqında

 

Dəfələrlə Cəlilabadda olan Azərbaycan Prezidenti İlham Əliyev cəlilabadlılara olan sevgisini belə izah etmişdir: "Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımı tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial strukturlar yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir".

Heç şübhəsiz ki, bu etimad cəlilabadlıların üzərinə həm də böyük məsuliyyət qoyur. Ancaq istər rayon rəsmiləri, istər adi vətəndaşlar bundan qətiyyən qorxmurlar. Çünki yaxşı sözlər eşitmək üçün yaxşı da çalışmağı onlar çox gözəl bilir. İqtisadi-sosial inkişaf da əslində elə budur.

  

  

Səxavət Məmmədli

 

Ədalət.- 2011.- 17 fevral.- S. 7.