"Özümü
nə musiqisiz, nə də ki ailəsiz təsəvvür edə bilərəm"
Milli.Az xəbər
portalı "Xoş gəlmişik" adlı
rubrikasının növbəti qonağını təqdim
edir. Bu, şou-biznesdə yüksək intelektual səviyyəsi,
musiqi savadı və məlahətli səsi ilə fərqlənən,
Bakı Musiqi Akademiyasında baş müəllim vəzifəsində
çalışan Lalə Məmmədovadır. Evində
qonaq olduğumuz zaman qonaqpərvərlik və səmimilik
nümayiş etdirən müğənninin əhval-ruhiyyəsi
yüksək idi. İllər öncə İlham Qafarovun evinə
gəlin köçən müğənni özü ilə
cehiz gətirməyib: "İki çamadan
paltarlarımı götürüb, gəlin
köçdüm. İlham o zaman deyirdi ki, evimdə hər
şey var, heç nə gətirmə. Valideynlərim isə
mənə ayırdıqları cehizi, indi qızıma
saxladıqlarını deyirlər". Müğənninin evə
qarşı kompleksi olduğu nəzərimdən
qaçmadı: "Yataq otağını çəkməyin.
Ayıbdır, mən camaata yatağımı və ya
dolabımı nümayiş etdirmək istəmirəm". Mətbəxə
keçsək də, müğənni heç nə
hazırlamadı. Onun sözlərinə görə, gərgin
iş prosesi üzündən evdarlıqla məşğul
olmur, evində işçiləri də kifayət qədərdir.
Lalə xanım yuxudan oyanan zaman səhər yeməyi
artıq hazır olur. Yeri gəlmişkən, müğənninin
evdə 3 nəfər köməkçisi gözümüzə
dəydi - ev işləri ilə məşğul olan
xanım, balaca Nərgizin dayəsi və müğənninin
prodüseri Leyla.
Divar boyu
düzülmüş şəkillər ailənin xüsusi hobbisidir.
Hər səfər etdikləri ölkədən portretlər
gətirən cütlük onları bütün otaqlarda divar
boyu düzüblər. Marağımızı xüsusi ilə
cəlb edən Lalə xanımın Nyu-Yorkda çəkilmiş
karikatura şəkli oldu: "Bunu Nyu-Yorkda 5 dollara çəkiblər,
5 dollar isə üstünün kağızına vermişik.
Cəmi 10 dollar ödəməklə bu cür əsəri ərsəyə
gətirmək mümkündür. Biz də isə buna görə
küllü miqdarda pul istəyərlər" - Lalə
xanım məlumat verdi.
Diqqətimi çəkən
digər bir məqam "akvarium" oldu. Balıqlara xüsusi
məhəbbət bəsləyən müğənninin ən
zərif qızıl balıqdan tutmuş, vəhşi
balıq növlərinədək varıdır:
"Özüm də balıq bürcündənəm. Bəlkə
də balıqları bu üzdən sevirəm. Ümumiyyətlə,
heyvanlardan qorxmuram, amma onlara qarşı allergiyam var". Evdə
maraqlı məkanlardan biri də balaca Nərgizin otağıdır.
Oyuncaqlara həddindən artıq aludə olan
qızcığazın otağında nə istəsən
tapmaq olardı. Oyuncaq musiqi alətləri əlinə
alıb, ifa edən Nərgiz anasına bənzəmək istədi.
O, musiqi alətində ifa edir, Lalə xanım isə oxuyurdu.
- Lalə xanım, bu mehriban və gözəl ailənin
sirri nədir?
- İlham (həyat
yoldaşı-red.) hər zaman deyir ki, ailənin sirri olmur. Burada
bir-birinə səmimiyyət, inam və hörmət
olmalıdır. Bütün bunların hamısını bir
yerə cəm etsək, olur gözəl ailə. Başqa
cür ola da bilməz. Əgər ailədə səmimiyyət
və hörmət qarşılıqlı deyilsə,
heç bir gözəl ailədən söhbət gedə
bilməz. Hər hansı bir cəmiyyət üçün
yalandan xoş münasibət qurursansa o zaman bu ailə
saxtadır. Kiminsə, nəyinsə xətrinə ailə həyatı
quran, cəmiyyət içərisində özünə yer
tutmaq üçün bu addımı atan kəslər səhv
edirlər. Götürək bir binanın inşasında
lazım olan sütunları. Əgər hər 2 sütunlar
möhkəm, qaydasında olarsa, tikilən evdə sağlam və
uzun ömürlü olur. Hesab edirəm ki, ev bir qaladır. Ailədə
gərək hər kəs özü öz üzərində
məsuliyyət daşısın. Bu zaman ailədəki
uşaq da yaxşı tərbiyə götürəcək.
- Bu qala ilə sənəti bir zirvədə saxlamaq
çətin deyil?
- Əgər hər
ikisi sənə yaşamağa stimul verirsə, yox. Ailə və
sənət məni həyata bağlayan amillərdir. Özümü
nə musiqisiz, nə də ki ailəsiz təsəvvür edə
bilmərəm. Yadıma salanda əvvəllər ailəsiz
necə yaşamışam, ağlıma
sığışdıra bilmirəm. Qadın çiynini
söykəməyə möhkəm bir dayaq hiss edirsə, nəinki
sənət və ailə, bütün işləri də
öz üzərinə götürə bilər. Düzdür,
hər şeyin öz çətinlikləri var, lakin ailə
qurandan sonra sənətimdə mənə böyük bir təkan
oldu. Buna görə də hər ikisi mənim
üçün əvəzolunmazdır.
- Ev işlərinizi xadimə edir. Bəs evdar xanım
olmaq keçmir ürəyinizdən?
- Mən istəsəm
bütün ev işlərini öz üzərimə
götürərəm. Amma mənim iş qrafikim çox ağırdır,
çatdıra bilmirəm. Tək yoldaşıma bir nəfər
lazımdır ki, ona qulluq eləsin.
- Axı danmaq olmaz, o, sizi çox gözəl başa
düşür.
- Bəli, Allah onu mənə
çox görməsin. İstəmirəm kimsə elə
fikirləşsin ki, mən yoldaşımı tərifləyirəm.
Amma həqiqətən İlham mənə ikinci həyat verən
insan oldu. Yadıma salıram ki, ondan əvvəl həyatım
çox darıxdırıcı idi. Bir insan kimi
özümü hələ tapmamışdım. Evdəkilər
məni bir az kompleksli böyütmüşdülər. Atam hər
zaman yanımda olub. Əvvəlcə oxumağa qoymurdular.
Deyirdilər qonşular nə deyər. Yadımdadır, mən
ilk dəfə proqrama çıxanda, anam mənə elə dəhşətli
sözlər demişdi ki, özümü dünyanın əxlaqsızı
kimi hesab etmişdim. Məni o qədər
acılamışdı ki, elə bilirdim çox böyük
bir qəbahət işləmişəm. Atam professordur, deyirdi
mən iş yoldaşlarımın üzünə necə
baxacağam, qızım restoranda oxuyub. Yadımdadır ki, niyə
mən restoranda oxudum. Çünki maqistraturanın ödənişli
fakültəsinə düşmüşdüm və bunu evdəkilərdən
gizlədirdim. Çünki o zaman hər bir ailədə ola
biləcək hadisə bizdə də yaşanırdı. Vəziyyət
o qədər də yaxşı deyildi. Ona görə,
özüm oxuyurdum və təhsil haqqımı verirdim. Çalışırdım
ki, "Təhsil haqqını ödəyə bilmədiyi
üçün universitetdən xaric edilir" sözü mənim
ünvanıma səslənməsin. Ona görə işləyirdim.
- Söhbət neçənci illərdən gedir?
- 2000-ci ildən. Onda
İlqar Xəyal ilk dəfə mənə zəng vurmuşdu
və məni şou-proqramda oxumağa dəvət edirdi. Yadımdadır,
onda ayda 300 dollar verirdilər. İndi fikirləşirəm ki,
valideynlərim məni o zamandan belə böyütməsəydilər,
mən indi bu Lalə olmazdım.
Ədalət.- 2011.- 17 fevral.- S. 8.