AYRILIĞIN AD GÜNÜ

 

Xocavəndlilər də dərdlərinin yubileyini keçirtdi

 

Yəqin ki, dünən ki, yəni fevralın 17-də olan hava şəraiti gözümüzün önündədi, yadımızdadı. Əməlli-başlı qar yağırdı. Hava elə donmuşdu ki, elə bil ki, bu dəqiqə göy üzü qopub düşəcəydi yerə. Həyat bir anda dayanacaqdı. Amma göy üzü qopmadı, sadəcə buludlar öz bildikləri kimi için-için, həzin-həzin ağladılar. Onların göz yaşı bizim üstümüzə ələndi. Bizim göz yaşımız isə Şəhidlər Xiyabanına...

Dünən artıq əbədi ziyarətgahımıza çevrilmiş Şəhidlər Xiyabanının yuxusunu sübh tezdən xocavəndli insanların, xüsusi ilə övlad itirmiş anaların, qardaş itirmiş bacıların, nişanlı itirmiş qızların, ata itirmiş övladların niskilli fəryadları, çağırdıqları bayatılar, pıçıltı ilə oxuduqları dualar qaçırtdı. Əslində bu xiyaban heç yuxuya getmir. Çünki ruhlar həmişə oyaqdı. Amma mən bir anlıq elə düşündüm ki, fevralın 17-i səhərini burda açan xocavəndlilər respublikanın müxtəlif ünvanlarından məhz o yuxunu qaçırmağa, o dərdlərin yuxusunu sığallamağa gəliblər. Gəliblər ki, öz dərdlərini də şəhidlərimizin dərdlərinə, ağrılarına, acılarına qatıb 20 il bundan arxada qalan Qaradağlı faciəsini ağlasınlar, anısınlar, düşünsünlər, xatırlasınlar, bilsinlər ki...

Mən Şəhidlər Xiyabanını ziyarət edən insanlara baxıram. Onların arasında dərddən beli bükülmüşlər, saçlarına vaxtsız dən düşmüşlər, sifətləri gənclik təravətini erkən itirmişlər çoxluq təşkil etsə də, amma onlarla yanaşı addımlayan, onların ardınca gələn cavanların da, uşaqların da yerişi heç də şux deyildi. Sanki onlar da öz yaşlarından əvvəl baş vermiş bu faciəni Şəhidlər Xiyabanında yenidən yaşayırdılar sanki Qaradağlı faciəsi onların gözlərinin qarşısında bir kino lenti kimi yenidən fırlanırdı. Və onlar da törədilən cinayətlərə yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxa-sıxa, gözlərindən nifrət yağdıra-yağdıra görkəmlərindən qisas nidasını oxuda-oxuda bütün bu uzaq olmayan keçmişin faciəsini ruhlarına hopdururdular.

Qəribədir, insan dərddən uzaqlaşdıqca, faciənin yaşı artdıqca, nədənsə ona yanaşma da, ona baxış da bir az sadələşib, adiləşib bir həyat gerçəkliyinə çevrilsə də, amma onun böyüklüyünü, unudulmazlığını sanki yenidən kəşf edir, yenidən anlayır. Şəxsən mən Şəhidlər Xiyabanında qar üzərinə düzdüyüm qərənfillərin anlamını başqa cür gördüm. Mənə elə gəldi ki, bu qırmızı qərənfillər ağ qarın üzərində çiçək açmış qandır. Və o qan intiqama çağırır adamı. Özünə doğru haraylayır adamı. Silaha sarılmağa, döyüşə ruhlandırır adamı. Bəlkə də bu mənim qənaətimdi, amma doğrudan da belədi!..

Dünən Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Qarabağ İcmasının rəhbəri Bayram Səfərov, millət vəkilləri Elman Məmmədov, Tahir Rzayev, Respublikanın müxtəlif bölgələrindən gəlmiş insanlar, o insanlar ki, Qaradağlıda, Xocavənddə yaşayıblar, döyüşüblər, şəhid veriblər, həmçinin Şuşanın, Ağdamın, Xocalının, Füzulinin, Laçının və digər rayonların məcburi köçkünlərinin nümayəndələri səhərin o qarlı havasında Şəhidlər Xiyabanına gəlmişdilər. Gələnlərin arasında Xocavəndin və bütövlükdə Qarabağın, eləcə də Azərbaycanın fəxri olan Azərbaycan Bayraqlı Ordenli kəşfiyyatçı İbad Hüseynov da var idi. Tədbirə qatılanların hamısı 20 yaşı tamam olan faciənin qarşısında indi yalnız susmaqla, baxışlarını bir-birindən gizlətməklə, şəhid məzarları önündən keçdilər. Və mən əminəm ki, onlar həmin anda yalnız Qisası və Qələbəni düşünürdülər.

Dünən Xocavəndin, bütövlükdə Xocalı faciəsinə gedən yolun önündəki ilk maniyənin, ilk qalanın düşmən tərəfindən yerlə-yeksan edilməsinin, Qaradağlının odlara qalanmasının 20 ili tamam oldu. Dünən biz o tarixin dəhşətlərini yenidən içimizdə təkrarladıq, amma o təkrarlanma ağlamaq, sızlamaq üçün deyildi. Bu inamı artırmaq, döyüş əzmini cilalamaq üçün edilən ziyarət idi. Bu həm də şəhidlərin unudulmazlığını uşaqlara, gənc nəslə xatırlatmaq üçün idi. Ruhları şad olsun bütün şəhidlərin.

Şəhidlər Xiyabanını ziyarətindən sonra Qarabağ İcmasına aid olan ünvanda anım mərasimi keçirildi. Bu tədbirə də qatılanlar məhz qələbədən, qisasdan danışdılar. Bütün bunlar mən də və bütün iştirakçılarda qələbəyə inamı bir az da artırdı. Onu bizə bir az da yaxınlaşdırdı. Deməli, biz artıq addım-addım qələbəmizə doğru gedirik!..

  

  

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2011.- 18 fevral.- S. 3.