"YENİ ADDIMLAR ŞƏFFAFLIĞIN
TƏMİN EDİLMƏSİNƏ XİDMƏT GÖSTƏRƏCƏK"
Bu fikri bizimlə söhbətində Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polkovnik-leytenant Vaqif Əsədov
xüsusilə vurğuladı
Bu gün Bakı şəhərində milyona yaxın
müxtəlif nəqliyyat vasitəsi var. Təbii ki, nəqliyyat
vasitələri çox olanda hərəkətin təhlükəsizliyinin
təmin edilməsi də böyük əhəmiyyət kəsb
edir. Çünki hərəkət
iştirakçıları, sürücülər və
piyadalar mövcud qaydalara əməl etməyəndə
ağır yol nəqliyyat hadisələrinə və qəzalara
münbit şərait yaranır. Son vaxtlar Bakı şəhər
Dövlət Yol Polisi İdarəsi hərəkətin təhlükəsizliyinin
təmin edilməsi sahəsində böyük tədbirlər
həyata keçirir. Bu və ya digər məsələlərə
aydınlıq gətirmək üçün biz Bakı
Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə
əlaqələr şöbəsinin rəisi,
polkovnik-leytenant Vaqif Əsədovla telefon əlaqəsi
yaratdıq. O dedi:
- Hərəkətin təhlükəsizliyinin
təmin edilməsi üçün xeyli müddətdir ki,
idarə rəhbərliyi tərəfindən yol polisi əməkdaşlarına
ciddi tapşırıqlar verilib. Yəni Bakı şəhərində
baş verə biləcək yol-nəqliyyat hadisələrinin
və qəzaların qarşısının
alınmasında yol patrul xidməti əməkdaşlarının
məsuliyyəti böyükdür. Ona görə də son
vaxtlar şəhərin müxtəlif istiqamətlərində
hərəkətin təhlükəsizliyinin təmin edilməsi
ilə bağlı reydlərin keçirilməsinə start
verilib. Artıq bu məqsədlə çoxlu sayda reydlər
keçirilib və yol hərəkəti qaydasını pozan
piyadalar cərimə edilib. Çox təəssüf ki,
apardığımız təbliğat və maarifləndirmə
işlərinə baxmayaraq, əksər piyadalar yeraltı və
yerüstü keçidlərdən istifadə etmir, nəqliyyat
vasitələrinin sıx hərəkət etdiyi küçə
və prospektlərdən keçməyə can atırlar. Bu
da bir çox halda piyadaların vurulması ilə nəticələnir.
Bir faktı qeyd edim ki,
2011-ci ilin son 40 günündə, yəni yanvarın 1-dən
fevralın 10-a qədər olan müddətdə 8 mindən
artıq yol hərəkəti qaydası pozuntusu aşkar
edilib. Bu zaman 198 piyada cərimə edilib, 432 sərxoş
sürücü haqqında tədbir görülüb, eyni
zamanda yol qəza hadisələrinə səbəb olan və
avtomobilləri yüksək sürətlə idarə edən
301 sürücü saxlanılıb. Bununla yanaşı,
işıqforun qırmızı işığından
keçən 1440, sürücülük vəsiqəsi
olmadan nəqliyyat vasitəsini idarə edən 402
sürücü müəyyən edilib. Bir çox
sürücülər isə kimlərəsə arxayın
olaraq, avtoxuliqanlıq etməkdən belə çəkinməyiblər.
Bu cür avtoxuliqanlardan 9-u yol polisi əməkdaşları tərəfindən
saxlanılıb və onlar barəsində ciddi tədbirlər
görülüb.
Ümumiyyətlə,
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi nəqliyyat
vasitələrini yüksək sürətlə idarə edənlərə,
sərxoş sürücülərə və eləcə də
avtoxuliqanlara qarşı daha sərt mövqey tutub. Ona görə
ki, bu cür kobud qayda pozuntusuna yol verən sürücülər
ağır qəzalara şərait yaradırlar.
Onu da qeyd etmək istəyirəm
ki, bu ilin 40 günü ərzində Bakıda 129 yol qəza
hadisəsi baş verib. Qəzalar zamanı 31 nəfər
ölüb, 129 nəfər isə xəsarət alıb. Bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
7 yol qəza hadisəsinin və 12 xəsarətin
çoxalması deməkdir. Ölüm faktı isə ötən
illə müqayisədə bir fakt aşağı enib. Elə
bu rəqəmlərin özü təhlükəsizliyin təmin
edilməsində müəyyən irəliləyişlərin
olduğunu göstərir. Amma bununla yanaşı, Bakı
Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət
iştirakçılarının təhlükəsizliyinin təmin
edilməsi istiqamətində davamlı olaraq tədbirlər həyata
keçirir. Piyadaların vurulması hallarının əsas
səbəblərindən biri günün qaranlıq
saatında yolların işıqlandırılmaması ilə
bağlıdır. Belə ki, Nobel prospektindən bir neçə
elektrik dirəyinin ayrı-ayrı sürücülər tərəfindən
nəqliyyat vasitəsi ilə vurub aşırması həmin
istiqamətdə günün qaranlıq saatında yolun
işıqlandırılmaması ilə nəticələnib.
Bu da piyadaların bir çox halda təhlükə ilə
üzləşməsinə və avtomobillə vurulmasına
gətirib çıxarır. Elektrik dirəklərinin yenidən
təmir edilib bərpa edilməsi üçün biz əlaqədar
təşkilatlara təqdimat göndərmişik. Onu da qeyd
edim ki, bir çox sürücülər qəza zamanı
aşırdıqları dirəkləri vaxtında düzəltdirmək
istəmir və bu məsuliyyətdən boyun
qaçırırlar. Aydındır ki, bu cür hallar da
işimizə mənfi təsir edir, yolların
işıqlandırılması prosesində problemlər
yaradır.
Əlbəttə, hərəkətin
təhlükəsizliyi tək yol polisindən asılı
deyil. Bu məsələdə sürücü, piyada və hərəkət
iştirakçıları diqqətli olmalıdır. Adi bir
diqqətsizlik ağır qəzanın və faciənin
baş verməsinə səbəb olur.
Ölkə prezidentinin
yol polisi ilə bağlı imzaladığı yeni sərəncam
korrupsiyanın və rüşvətxorluğun
qarşısının alınmasında böyük önəm
kəsb edir. Başqa sözlə demiş olsaq bu sərəncam
yol polisi və sürücülər arasında şəffaflıq
yaradacaq, hər hansı məsələnin və yol hərəkəti
qaydasının pozulması zamanı əlavə mübahisələrə
və münaqişələrə son qoyacaqdır. Ən
azından ona görə ki, yol hərəkəti
qaydasını pozan sürücü cəriməni yol polisinə
deyil, banklara və plastik kartlarla ödəyəcək. Təbii
ki, burda da yol polisi ilə sürücü arasında heç
bir problem və anlaşılmazlıq yaranmayacaq.
Ən nəhayət hər hansı bir yeniliyin tətbiqi
başqa sözlə demiş olsaq işin müsbət
inkişafına təkan verir. Əlbəttə, cərimələrin
dövlət büdcəsinə ödənilməsi
bütün hallarda baş verə biləcək neqativ
halların və çatışmazlıqların aradan
qaldırılmasına səbəb olacaq. Bütün bunlarla
yanaşı, Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin əməkdaşları öz vəzifə
borclarına bundan sonra da məsuliyyətlə yanaşacaq, hərəkət
iştirakçılarının təhlükəsizliyinin təmin
edilməsində daha səmərəli fəaliyyət
göstərəcək. Gərək bu işdə bizə
kütləvi informasiya vasitələri, müxtəlif
televiziya kanalları, o cümlədən ictimaiyyət də
yaxından köməklik göstərsin. Bax, onda birgə fəaliyyət
nəticəsində hərəkətin təhlükəsizliyinin
təmin edilməsi üçün çox şeyə nail
ola bilərik.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 18 fevral.- S. 4.