Baş katibə məktub ünvanlandı
Azərbaycanın BMT-də
daimi nümayəndəsi Aqşin Mehdiyev Ermənistan prezidenti
Serj Sərkisyanın açıqlamaları və atəşkəs
rejiminin Ermənistan Silahlı Qüvvələri tərəfindən
davamlı pozulması ilə bağlı qurumun Baş Katibi və
Təhlükəsizlik Şurasına məktub
ünvanlayıb. Bu barədə APA-nın Vaşinqton
müxbirinə BMT informasiya xidmətinin nümayəndəsi
bildirib. "2010-cu ilin dekabr və 2011-ci ilin yanvar aylarında
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin iki əsgəri
öldürülüb, iki əsgər və bir mülki
şəxs ağır yaralanıb. Bu hadisələrin fonunda
Ermənistanın rəsmiləri aqressiv bəyanatlar verməyə
davam edərək açıq şəkildə
münaqişənin sülh yolu ilə həlli perspektivlərinə
qarşı çıxaraq vəziyyəti gərginləşdirməyə
cəhd ediblər," deyə Aqşin Mehdiyev prezident Serj
Sarkisyanın yanvarın 17-də verdiyi bəyanata münasibət
bildirərkən qeyd edib.
"Həmişəki
kimi tarixi saxtakarlıqlar və təhrif olunmuş faktlarla dolu
olan bəyanatında prezident Serj Sarkisyan aydın şəkildə
bildirib ki, İrəvanın münaqişənin həlli
prosesi ilə bağlı rəsmi mövqeyi ümumi şəkildə
qəbul olunmuş azadlıq, ədalət və sülh
prinsiplərinin davamlı inkarına əsaslanır". Səfir
Aqşin Mehdiyev prezident Sarkisyanın yanvarın 27-də verdiyi
müsahibəni xatırladaraq qeyd edib ki, Ermənistan prezidenti
bir daha təsdiq edib ki, erməni tərəfi münaqişənin
həlli prosesini işğal etdiyi və etnik təmizləmə
apardığı Azərbaycan ərazilərinin ilhaqına
nail olmaq üçün vasitə kimi görür.
"Başqa sözlə,
qeyri-real iddialarda israr edən Ermənistan sülh prosesini pozmaq
niyyətini gizlətmək üçün o qədər də
böyük səy göstərmir. Bu sülh prosesinin əsas
formulu Ermənistanın qanunsuz işğalına son qoymaq, Azərbaycanın
suverenliyi və ərazi bütövlüyünü bərpa
etmək və Dağlıq Qarabağın erməni və Azərbaycanlı
icmalarının Azərbaycan Respublikası tərkibində
dinc yanaşı yaşamasını təmin etməkdir.
Həmin gün "Ordu
Günü" münasibətilə verdiyi başqa bir bəyanatda
Ermənistan prezidenti Azərbaycana qarşı təcavüzkar
siyasəti həyata keçirərkən törətdiyi iyrənc
cinayətlərlə rüsvayçı və utanmaz şöhrət
qazanan erməni silahlı qüvvələri vasitəsilə
açıq təhdidlərə əl atır", deyə
Mehdiyev bildirir və əlavə edir ki, dünya Ermənistan
Silahlı Qüvvələrinin işğalçı hərəkətlərini
"hərbi cinayətə və bəşəriyyət əleyhinə
cinayətlərə bərabər olan xüsusi təhlükəli
aktlar" kimi qiymətləndirdiyi halda, Ermənistan dövlət
başçısı bu aktları onun millətinə və
ölkəsinə müasir tarixdə yol açan
"şanlı qələbə" adlandırır".
Səfir Mehdiyev məktubunda
həmçinin qeyd edir ki, Ermənistan Respublikası təkcə
təcavüzkar roluna görə deyil, həm də
Dağlıq Qarabağ və Azərbaycanın digər
işğal olunmuş ərazilərində qanunsuz nəzarətinə
görə beynəlxalq hüquq qarşısında dövlət
məsuliyyəti daşıyır. "Ermənistanın
başlıca vəzifəsi ilhaq və etnik təmizləməyə
əsaslanan destruktiv siyasətə son qoymaq, sülh prosesinə
mane olan cəhdlərdən əl çəkmək, Azərbaycan
ərazilərinin işğalına son qoymaq və azərbaycanlı
məcburi köçkünlərin öz yurdlarına
qayıtmaq hüququnu tanımaq və təmin etməkdən
ibarət olmalıdır".
Ədalət.- 2011.- 18 fevral.- S. 4.