"İndi deyəcəklər
ki, Yunis Hüseynov Kristian Ronaldonu bəyənmədi"
Yəqin ki, Yunis Hüseynov haqqında artıq təqdimat
yazmağa ehtiyac yoxdur. Həyatının 33 ilini
"idmanın şahı"na həsr etmiş
"supersolaxay" hazırda işsizdir. Amma futboldan kənar olsa
da, futbolsuz qalmayıb. Dediyinə görə, tez-tez
"Neftçi"nin köhnə bazasında dostlarla, veteran
həmkarlarıyla görüşür, gənclik illərini
yada salıb "qurdlarını öldürürlər".
Yunis müəllimlə görüşümüz də məhz
bu məkanda baş tutdu. Elə "Karvan"da işlədiyi
dönəmdə onunla birgə çalışmış
veteran qapıçı Nadir Şükürov və məşqçi
Zakir Mahmudov də yanındaydı.
"Mahir Şükürov hazırda yaxşı
futbolçudur"
- Bir ildən artıqdır ki, futbolsuzsunuz. Hazırda
nə işlə məşğulsunuz?
- Çempionatın
oyunlarına baxıram. Konkret heç nə ilə məşğul
deyiləm. Düzdür, Gəncə Texnologiya Universitetini
bitirsəm də, əsas işim futboldu. Hələlik
gözləyirəm.
- Müsahibədən əvvəl bildirdiniz ki, yayda da
təkliflər var idi və indi də var. İndiki halda hara
getmək ehtimalınız daha çoxdur?
- Bilirsiniz ki, indi
futbolçu da, məşqçi də menecerlə iş
görür. Menecerlərim bir sıra ölkələrlə
danışıqlar aparırlar. Yayda ölkəmizdən də
təklif oldu, qəbul etmədim.
- Aşağı liqa təmsilçisi olduğuna
görə?
- Xeyr, premyer-liqa
komandası idi. Ölkə xaricindən olan iki təklifin
birində anlaşılmazlıq oldu, o biri isə məni qane
etmədi.
- Məşqçilərimizə adətən
Qazaxıstan klubları iş təklif edirlər...
- Hə, elə o ölkədə
yaxşı bir klub idi. İrandan da təklif gəldi. Amma yenə
də söhbətlər gedir.
- İndi danışıq apardıqlarınız necə,
yerli komandalardır?
- Xeyr.
- Haradır?
- Onun açıqlamaq
istəmirəm.
- Qazaxıstan, Rusiya...?
- Yox.
- Deməli, işə başlayacağınız halda
əsas köməkçiləriniz Nadir Şükürov və
Zakir müəllim də sizinlə gedəcək.
- Əlbəttə.
- Bu yaxınlarda mütəxəssislər və
jurnalistlər arasında keçirilən sorğuda
"Müstəqillik dövrünün ən yaxşı
futbolçusu" adına layiq görüldünüz. Siz bu
yerdə kimi görürsünüz?
- Bizdə o qədər
güclü futbolçular olub ki...Nazim Süleymanov, Vəli
Qasımov, Vidadi Rzayev... Kiminsə adını çəksəm
o birilər məndən inciyər. Bu haqda azarkeşlər desə
daha yaxşı olar.
- Mütəxəssis fikri də maraqlıdır.
- Dediklərimin üzərində
qalıram.
- Qəribədir ki, dediyiniz futbolçuların əksəriyyəti
Gəncə futbol məktəbinin yetirmələridir...
- Çünki Gəncə
futbolu hər zaman güclü oyunçularla yadda qalıb.
- Bəs indiki futbolçulardan kimləri bəyənirsiniz?
- Mahir Şükürov
hazırda yaxşı futbolçudur.
"Qarabağ"ın hücumçusu Rauf Əliyev,
millinin qapıçısı Kamran Ağayev,
"Qarabağ"ın "6" nömrəsi Rəşad
Sadiqov, onun komanda yoldaşı Əfran İsmayılov, "Gəncə"dən
Ceyhun Sultanov daha çox xoşuma gəlirlər.
"O vaxt formamız az olduğuna görə heç
bir oyunda dəyişmirdik"
-
Öz dövrünüzün ən yaxşı solaxay
futbolçusu olmusunuz. İndi isə hətta sol cinahda oynayan
futbolçular da sağayaqlılardır...
- Solaxay oyunçumuz
var. Amma sırf sol ayaqla yaxşı səviyyədə
oynayanını görmürəm. Araz Abdullayevi deyirlər. Hələ
ki, çempionatda ondan da baxımlı bir oyun görməmişəm.
- Fransaya 10:0 uduzduğumuz qarşılaşmada
iştirak edirdiniz?
- Bəli.
- Bilirsiniz bu sualı niyə verdim? Samir Ələkbərov
həmkarlarımıza müsahibəsində deyib ki, həmin
qarşılaşmadan sonra rəqib oyunçularla
formalarımızı dəyişmək istəyirdik. Məşqçilər
qışqırdı ki, "gələn oyuna formamız
yoxdur..."
- O vaxt formamız az olduğuna görə heç bir oyunda dəyişmirdik.
Ümumiyyətlə, rəqiblə forma dəyişməyim
yadıma gəlmir. Komandanın 30 dəst
forması olsa dəyişmək olardı.
- Adətən veteran futbolçular deyir ki, indiki şərait
o vaxt olsaydı, daha yaxşı nəticə göstərərdik.
Sizcə belədir?
- Bizim dövrün
futbolçularında ustalıq yüksək idi. Nəyə görə? Çünki
SSRİ dağılmışdı və hamısı
yüksək liqadan gələn futbolçular idi. Axı, o zaman digər komandalar da güclüydü.
Məsələn, Rumıniya dünyada
üçüncüydü, Fransa dünya çempionuydu.
Amma deyə bilmərəm ki, bu şərait
olsaydı, dağı dağ üstünə qoyardıq Lakin
daha yaxşı nəticə vermək olardı. Çünki azərbaycanlı futbolçu
seçimi çox idi. Təsəvvür
edin ki, bütün komandalarda yerli oyunçular
çıxış edirdi.
- Yeri gəlmişkən, bu gün yığma komandada
legionerlərin oynamasına ehtiyac varmı?
- Əlbəttə
yox.
- Məsələn, dayaq yarımmüdafiəçisi
olan Aleksandr Çertoqanovun mövqeyində kim
oynaya bilər?
- Rəşad Sadiqov. Hətta deyərdim ki, Rəşad Çertoqanovdan
on qat artıq oyunçudu. Düzdür,
bütün ölkələrin millilərində legioner
futbolçular olur. Məsələn, Türkiyədə
Kolin Kazım, Portuqaliyada braziliyalı Deku var. Amma bunlar elə
səviyyədə olan futbolçulardır ki, yerlilərdən
birbaş üstündür, fayda verir. Onu da
etiraf edək ki, keyfiyyətli yerli oyunçularımız
azdır. Məsələn, Volodimir Levinin yerində
oynaya biləcək o qədər yaxşı müdafiəçilərimiz
var ki... Elə dünən baxdım ki, "Simurq"da 16
yaşlı perspektivli müdafiəçi var. Vurğun
Hüseynov, Tural Nərimanov, Saşa Yunisoğlu kimi
oyunçularımızı oynatmaq olar.
- Sizcə, yığma komandada çatışmayan əsas
cəhət hansıdır?
- Seçim azdır. Amma oyunla bağlı nəsə deyə bilmərəm,
düzgün alınmaz. Çünki
Foqtsun oyun planı, futbola baxışı var.
- Bəs azarkeş, yaxud vətəndaş kimi?
- Azarkeş kimi millimizə hər
zaman azarkeşlik edirəm, vətəndaş kimi də onun
uğurlarını çox istəyirəm.
- Məncə, klublarında ehtiyatda qalan oyunçulara
daha çox güvənilməsi zəif cəhətlərdəndir...
- Bayaq dediyimi təkrarlayıram.
İstərdim ki, millimiz qrup mərhələsinə
düşsün.
- Bir qədər siyasi cavab oldu deyəsən. Siyasətlə aranız necədir?
- Siyasətdən uzaq adamam. Amma vəzifəli dostlarım var.
- Kimlərdir?
- Adını çəkməyək.
Gəl siyasətdən danışmayaq, futboldan
danışaq.
- Onsuz da futbol da bir siyasətdir... Azərbaycan
futboluna hansı istedadlı oyunçuları bəxş eləmisiniz?
- Uşaq məşqçisi
olmamışam ki, kimlərisə yetişdirəm. Amma Cəmşid
Məhərrəmov, Ruslan Əmircanov, Tural Nərimanov, Samir
Abdulov, Cavid İmamverdiyev, Emin Cəfərquliyev, Orxan Həsənov
kimi oyunçular böyük futbolda ilk addımlarını mənim
yanımda atıblar.
- Azarkeşlik elədiyiniz komanda var?
- Barselona.
- Hər zaman azarkeşlik etmisiniz?
- Bəli. "Barselona"nın oyununa baxanda həzz alıram. Onlarda 50-60 metrlik ötürmələr yoxdur. Olsa da, oyun ərzində 3-4 dəfə olur. Ondan güclü futbol yoxdur və olmayıb da.
- Belə çıxır ki, uğur qazanmaq
üçün məşqçinin yaşı önəmli
deyil. Çünki baş məşqçi Qvardiolanın cəmi
39 yaşı var...
- Əlbəttə.
Məşqçi öz taktikasına uyğun futbolçu
seçirsə, deməli istədiyi oyunu göstərə biləcək.
- Fikrinizcə, başqa bir məşqçinin rəhbərliyi
altında "Barselona" eyni oyunu göstərə bilərmi?
- Bilər. Oyunçuların
keyfiyyəti həddən artıq güclüdür. Amma komandaya elə bir məşqçi gətirirlər
ki, onların potensialından düzgün istifadə etməz
və komandaya ziyan verər. Taktika
saxlanılsa, yenə uğur qazanarlar.
- Bəyəndiyiniz oyunçu kimdir?
- Messi, Xavi, İnyesta.
- Bəs Kristian Ronaldo?
- Heç xoşum gəlmir
ondan. Yaxşı futbolçudur e. İndi deyəcəklər
ki, Yunis Ronaldonu bəyənmədi... Hərənin bir fikri ola bilər. Messi oyunu təkbaşına
həll edə bilər. Ronaldonun
oynaması üçün ona meydan verilməlidir. Messi isə balaca bir yerdə çox şey edə
bilən oyunçudur.
- Futboldan başqa hobbiniz varmı?
- Bədii ədəbiyyat
yox, futbolla bağlı olan kitabları hər gün oxuyuram. Evdə 20-30 futbol kitabım var. Həftədə iki
dəfə də futbol oynayıram.
- Adətən idmançılar karyeralarını bitirəndən
sonra siqaret çəkirlər...
- Mən 26 ildir siqaret çəkirəm.
- Problem yaratmırdı?
- O vaxt az
çəkirdim. Düzdür, səhv eləmişəm.
Cavan olanda fikirləşirsən ki,
qaçıram və onun zərəri bədəndən
çıxır.
- Futbolçularınızdan kimisə buna görə cəzalandırmısınızmı?
- Görməmişəm ki,
cəzalandırım. Futbolçunun
meydançada özünü göstərməsi 2-3 siqaretlə
ölçülmür. Söhbət
peşəkardan gedir. Amma bu o demək deyil
ki, siqaret çəkmək yaxşıdır.
- Mən Rauf Mehdiyevlə Aslan Kərimovun çəkdiyini
eşitmişəm...
- İndi
futbolçuların çoxu siqaret çəkir. Amma çəkməyənlər
də var.
- Kimlər çəkmir?
-
İnanıram ki, həm Rəşad Sadıqov, həm də
Rəşad Sadiqov çəkmirlər. Rauf Əliyev,
Əfran İsmayılov, Vüqar Nadirov, Ceyhun Sultanov çəkmir.
Siqaret çəkmək vərdişdir.
- Niyə gənc oyunçularımız 20-22
yaşlarında geriləməyə başlayırlar. Ortada
İlqar Qurbanov, Vaqif Cavadov faktları var. "Ulduzluq xəstəliyi"dir,
yoxsa başqa səbəb var?
- Peşəkar deyillər. Söhbət ulduzluqdan gedə bilməz. Çünki ulduz Messidir, Ronaldodur, Xavidir,
Ronaldinyodur, İnyestadır. Robinyodur ki,
bütün dünya tanıyır. Azərbaycanda
nə ulduz? Yaxşı futbolçu ola
bilər.
- Futbolçu kimi çılğın olmusunuz?
- Bəli. Çünki
uduzmağı sevməmişəm. Amma rəqib
oyunçulara hər zaman hörmətlə
yanaşmışam.
"Mənim yerimə İqor Ponomaryovu apardılar"
- Fikrimcə, uğur qazanmamağımızın bir səbəbi
də budur ki, futbolçularımız tanınmış rəqibləri
"böyüdürlər". Söhbət xarici
komandalarla, yığmalarla oyunlardan gedir.
- Məndə ömrü
boyu elə şey olmayıb. Fikirləşmişəm
ki, o deməlidir ki, Yunis Hüseynova qarşı oynayıram.
Məsələn, sovet dövründə sol
cinahda yarımmüdafiədə oynayanda "Dinamo" Kievdə
Litovçenko çıxış edirdi. SSRİ
yığmasının oyunçusu idi. Əgər
oturub fikirləşsəydim ki, mən bu cür güclü
futbolçuya qarşı nə edəcəyəm, o zaman
oyunumu itirərdim. Düşünmüşəm
ki, hücum etməliyəm və diqtə edən mən
olmalıyam.
- Ötənlərin tanınmış
futbolçularından kimlərə qarşı
oynamısınız?
- Bloxin, Kipiani, Çivadze,
Sulakvilidze, Belanov, Şengeriya, Dasayev kimi əfsanələrə
qarşı oynamışam. 1986-88-ci illərdə
SSR-nin olimpiya yığmasında çıxış
etmişəm.
- Amma 1988-ci ildə olimpiya çempionluğunu qazanan heyətdə
olmamısınız...
- Xeyr. Mənim
yerimə İqor Ponomaryovu apardılar. Avropadan
isə Zinəddin Zidana, Rumıniyanın mundialın
bürünc medalını qazanan heyətinə, Fransanın
dünya çempionu olan heyətinə qarşı
oynamışam.
- Milli karyeranızı nə zaman bitirdiniz?
-
İnanırsınız, yadıma gəlmir. Amma 1999-cu ildə
- 34 yaşımda futbolçu karyeram başa çatdı.
"Gələcəkdə namaz qılmaq istəyirəm"
Bəzən tanınmış futbolçular
açıqlama verirlər ki, filan məbləğ
qarşılığında yenidən futbola qayıda bilərəm.
Sizə belə bir təklif edilsə, yenidən futbol
oynayardınız?
- Mümkün deyil. O
boş-boş şeylərdir. Yaş öz
sözünü deyir.
- Övladlarınızdan idmana həvəsi olan varmı?
- İki
qızım var. Hər ikisi şahmatla məşğuldurlar.
- Dindarsınız?
- Xeyr, namaz qılmıram. Amma gələcəkdə namaz qılmaq istəyirəm.
Bu hər bir müsəlmanın borcudur.
- Nə zamansa sizə hansısa futbolçunu
tapşırıblarmı? Çünki bizdə
belə məsələlər dəbdir.
- Yalan sözlərdir. Mənim rastıma gəlməyib. İnanmıram ki, belə şeylər olsun. Heç bir məşqçi özünə
düşmən deyil. Hər kəs istəyir ki,
yaxşı nəticə versin.
- Məşqçilikdə ən yüksək dərəcə
olan "PRO" kateqoriyasına sahibsiniz. Sizin məşqçiniz
digər mütəxəssislərin məşq prosesiylə
hansı cəhətinə görə fərqlənir?
- Hər kəsin öz məşq
prosesi var. Məsələn, impravizəni, topla
çalışmaları sevirəm. Futbolçu
məşqdə topla daha çox olmalıdır. Təmrinləri tez-tez dəyişirəm. Oyunçu seçimində də topla gözəl
davrananlara üstünlük vermişəm.
- Bəs fiziki hazırlıq?
- Onu oyunçuya məşqçi
verir. Amma topla davranış sırf
texnikadır.
- "Karvan"a gətirdiklərinizdən ən
yaddaqalan oyunçu kim idi?
- Bamba, Bəşir Müqədi,
Muzika var idi. Sonradan ayrı-ayrı yaxşı
klublarda oynadılar. İndi hamısı
gedib.
"Xaricdə işləyəsi olsam 4-5 azərbaycanlı
futbolçu var ki, onları özümlə aparmaq istərdim"
- Çalışdıracağınız komandaya yenidən
həmin oyunçuları aparmaq fikriniz varmı?
- Ola bilər. İşləyəcəyim
kluba formada olan futbolçu apara bilərəm.
- Məsələn?
- Elə bir kluba gedərəm
ki, imkanları mən istədiyim futbolçuya yetməz. Xaricdə işləyəsi olsam, 4-5 azərbaycanlı
futbolçu var ki, onları özümlə aparmaq istərdim.
- Bəlkə 1-2-nin adını
çəkəsiniz?
- Vaxtı gələndə
deyərəm.
- Uşaqlıq illərinizi necə xatırlayırsınız?
- 6-cı sinfə kimi
riyaziyyatdan həmişə "5" almışam. Ondan sonra artıq hər gün küçədə
futbol oynayırdım. Gəncənin
"Qlavnı" adlanan yerində, bazarın yanında
böyümüşəm. Uşaqlığım
o yerlərdə keçib. Sonra iki il
güləşə getmişəm. 1977-78-ci ildə
Gəncədə məşhur futbol məşqçisi
olmuş rəhmətlik Kostyanın yanına getdim.
- Azərbaycan futbolunun 100 illik yubileyi
yaxınlaşır. Sizcə 100 illik tarixi olan
futbolun durumu qaneedicidirmi?
- Onun cəmi 19 ilini müstəqil
oynamışıq. Yəqin ki, inkişaf olacaq.
- Niyə bizim çempionatda oynayan futbolçular millilərindən
kənarda qalırlar?
- …
- İdman adamları adətən
istirahətə vaxt tapmırlar. İstirahətinizi
harada keçirirsiniz?
- Yayda Qaxa
gedirik. Uşaqlar nənəsigildə dincəlirlər, hərdən
də Gəncədə. Mən də azacıq istirahət
edirəm. Amma işlədiyim vaxtlarda
heç o da qismət olmurdu.
- Əməkhaqqınız nə qədər
idi "Karvan"da?
- Normal olub, qane edirdi. Deyə bilərəm ki, orada işlədiyim müddətdə
məvacibim artan xətt üzrə gedib. Allah
bərəkət versin.
- Futbol aləmində olan insanlara arzularınız...
- Hamısına ilk növbədə
cansağlığı arzu edirəm. Qarşıdan
ən gözəl fəsil - yaz gəlir. Ölürəm
yaz fəslindən ötəri. Əsas da
çiçəklər açan vaxtı.
İntiqam VALEHOĞLU
Ədalət.- 2011.- 18 fevral.- S. 5.