"DİFAİ" PARTİYASININ YARANMASI

 

(Əvvəli ötən saylarımızda)

  

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

1905-1906-cı illərdə silahlı dəstələrinin zərbələri Cənubi Qafqazın müsəlman icmasının sıx birləşməsinə inqilabi dövrün hər hansı başqa hadisələrindən daha çox təkan vermişdi. Erməni-azərbaycanlı münaqişələri müsəlmanların birləşməsinə stimul yaratmış, bu birləşmə həmin dövrdə siyasi fəaliyyət üçün artıq əsas maneə olmayan yerlibazlıq və "sektant" loyallıqlarını üstələmişdi. O vaxta qədər pərakəndə şəkildə vuruşan müxtəlif müsəlman qrupları öz fəaliyyətini əlaqələndirməyə başlamışdı. 17 oktyabr 1905-ci il tarixli manifest dərc ediləndən sonra bu proses xüsusilə güclənmişdi. Siyasi partiyaların yaranması prosesi elə bir vaxtda gedirdi ki, Azərbaycan hətta (sovet dövründə olduğu kimi) formal müstəqilliyə də malik deyildi və ayrı-ayrı quberniyalar şəklində Rusiya İmperiyasının tərkibinə daxil idi. Buna görə də sırf millətçi partiyalar müstəsna olmaqla qalan partiyaların çoxu ümumrusiya partiyalarının filialları və ya bölmələri idi. Bu partiyaların proqram məqsədləri arasında kifayət qədər ciddi fərq vardı. Bu da onların tarixi taleyini müəyyən edirdi. XIX əsrin ikinci yarısından başlayaraq Şimali Azərbaycanda yaranmaqda olan milli ziyalılar milli partiyaların yaranmasında həlledici rol oynamışdı. Milli ziyalıların məqsədi Azərbaycan cəmiyyətinin əsas sosial qruplarının intellektual və ideoloji tələbatını təmin etməkdən ibarət idi. Sayca az olmasına baxmayaraq milli ziyalılar Azərbaycan xalqının öz sosial, siyasi və milli hüquqlarını dərk etməsində həlledici rol oynamışdır. Ziyalılar öz xalqının vəziyyətini daha çox inkişaf etmiş millətlərin vəziyyəti ilə müqayisə edir, milli azadlıq və demokratiya ideyalarını təbliğ edir, bu da cəmiyyətin ideya-siyasi tərəqqisini sürətləndirir və Azərbaycan millətinin formalaşması prosesinə stimul yaradırdı. Buna görə də tamamilə qanunauyğun haldır ki, məhz Azərbaycan ziyalıları milli hərəkatın rəhbər və əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Bu ziyalılar sırasından siyasi rəhbərlər və Azərbaycan milli hərəkatının ideoloqları çıxmışdı.

1906-cı ildə "Difai" partiyasının yaradılması milli mənlik şüurunun artmasının və siyasi qüvvələrinin sıx birləşməsinin parlaq ifadəsi oldu. Erməni terrorçularının qarşısında davam gətirə biləcək döyüş qabiliyyəti müsəlman təşkilatının yaradılması haqqında qərar 1906-cı il fevralın 20-dən martın 6-na qədər canişin qraf İ.İ.Vorontsov-Daşkovun sədrliyi ilə Tiflisdə keçirilmiş erməni-azərbaycanlı sülh danışıqlarından sonra qəbul edilmişdi. Ordubadi yazırdı ki, məclisin məramı azərbaycanlıları qan dəryasından çıxarıb münaqişələrin baş verməsi səbəblərini təftiş edib, sonra hər iki millətin dərd və vəziyyətinə baxıb çarə axtarmağa və bir daha belə hadisələrə yol verməmək üçün hökumətə müraciət edərək bir sıra lazımi tədbirlər görməyi tələb etmək idi. Ordubadi danışıqların iştirakçılarının tərkibi barədə yazır: "Hökumət tərəfindən bir məclisə tam nəzarət yetirən şəxslər: Qafqaz canişini cənab Vorontsov-Daşkov, Tiflis, İrəvan, Gəncə qubernatorları, canişin həzrətlərinin müavinləri, cənab Gəray, general Malama, general Şirnikin, kargüzar Peterson cənabları. Azərbaycan tərəfinin nümayəndələri: Bakıdan cənab Əhməd bəy Ağayev, Kərbəlayı İsrafil Hacıyev, Əlimərdan bəy Topçubaşov, Tiflisdən Məhəmməd ağa Vəkilov, Doktor Qarabəyov, Gəncədən Ələkbər bəy Xasməmmədov, Ədil xan Ziyadxanov və başqaları. Erməni vəkilləri: "Mşak" qəzetəsinin müdiri Kalantar, Tiflisdən: Xatisov, Samson Arutyunov, Bakıdan: Xatisov, Muşeksyan, doktor Stepanov, Arakelyan, Taqiyanusov, Ter-Avanesov, arximandrit Muradyan və başqaları".

Azərbaycanlı nümayəndələr qurultaydakı çıxışlarında qırğının qızışdırılmasında və iğtişaşlarda ilk növbədə "Daşnaksutyun" başda olmaqla erməni təşkilatlarını günahlandıraraq qeyd etdilər ki, çar hökuməti bu təşkilatların silahlanmasına barmaqarası baxmışdır. Ə.Ağayev öz çıxışında demişdi: "Qafqazda məsul şəxslərin və rəhbərlərin çoxu erməni terrorçularının qorxusundan işləri vicdansızcasına, ədalətsizcəsinə həll edirlər. Biz azərbaycanlılar daha bu vəziyyətə dözmək niyyətində deyilik və açıq bəyan edirik ki, işlər bu yolla davam etsə, Qafqazda terrorçu qruplaşmalar ağalıq etdikcə burada nə sülh bərpa olunacaq, nə də rahatlıq. Biz deyirik, əgər siz həqiqətən sülh istəyirsinizsə, onda başqa tədbirlərlə yanaşı terrora son qoymaq lazımdır. Bizə cavab verirlər ki, biz "Daşnaksutyun"dan danışmırıq. Biz terrora son qoyulmasını tələb edirik. Ermənilər isə nədənsə yalnız "Daşnaksutyun" haqqında düşünürlər. Aşkardır ki, "Daşnaksutyun" terrorla hansı şəkildəsə əlaqəlidir. İndi biz öz qeydimizə qalmalıyıq. Biz də möhkəm, silahlanmış partiya yaratmalıyıq. Bizim də öz "Daşnaksutyun"umuz olmalıdır. Əgər hökumət bir tərəfin bu cür aksiyalarına imkan verirsə, ikinci tərəf üçün də buna imkan verməlidir. Əks halda bu, aşkar riyakarlıqdır".

Kərbəlayı İsrafil Hacıyevin çıxışı daha konkret oldu: "Biz də terrorçu ola bilərik. Biz də mauzer tüfəngləri saxlayıb, bomba ata bilərik, biz də ermənilərin ən yaxşılarını, qubernatoru da öldürə bilərik. Lakin biz bunların heç birisini etmirik, çünki bu bir alçaqlıq və hökumətə xəyanət siyasətidir. Bu məsələni müzakirə etməkdən qəsbimiz ancaq hökuməti vadar etməkdir ki, öz vəzifəsini, öz işini, öz ədalətini qorxusuz, vahiməsiz, layiqincə yerinə yetirsin. Əgər elə etməsə, biz də terrora keçməyə məcbur olarıq".

Yuxarıda deyilənlərdən göründüyü kimi, "Daşnaksutyun"un yaradılmasına, fəaliyyətinə və öz təcavüzünü aşkar nümayiş etdirməsinə baxmayaraq, Azərbaycan tərəfi öz ziyalılarının şəxsində ağıla və zəkaya əsaslanan çağırışlar ilə ("Daşankasutyun"u - Müəllif) ona qarşı yönəlmiş terrordan çəkindirməyə çalışır, çox vaxt müdafiə, özünümüdafiə mövqeyi tuturdu. Bu da, "Difai"ni (Müdafiə) adından da göründüyü kimi antiterror və ya müdafiə təşkilatı kimi səciyyələndirir.

Əhməd bəy Ağayevin və Kərbəlayı İsrafil Hacıyevin "Daşnaksutyun" tərəfindən terror haqqında, dövlət qulluqçularının, məmurların onlara ünvanlanmış ölüm hədəli məktublardan vahiməyə düşməsi haqqında çıxışları qurultay iştirakçıları arasında böyük həyəcana səbəb oldu. Məşhur Xatisov qardaşları başda olmaqla erməni nümayəndələri qəzəblənməyə başladılar, lakin müsəlmanlara qarşı ittihamlar irəli sürməyib maddi ziyanın ödənilməsini tələb etdilər. Onlar bu hadisələrin əsas təqsirkarı kimi çar hakimiyyətini göstərdilər. A.Xatisov demişdi: "Bunları demək lazım deyil, bəziləri "Daşnaksutyun" haqqında, digərləri panislamizm haqqında danışacaqdır. Bunun nəticəsi nə olacaq?! Təqsir hər bir firavan dövlətin əsas qanunlarının pozulmasına imkan verənlərdir! Bir nəfəri qətlə yetirən cinayətkar cəzalandırılır, amma bizdə kütləvi qırğın və talanlar cəzasız qalmışdır! Mən Hökmdarın nümayəndəsinin qarşısında açıq bildirirəm ki, hökumət cinayətkar fəaliyyətsizlik göstərmiş və cinayətə şərait yaratmışdır".

Beləliklə, erməni nümayəndələr çar hökumətinin Qafqazdakı nümayəndələrinə sərt və açıq meydan oxuyaraq azərbaycanlıları günahlandırmaqdan imtina etdilər, bildirdilər ki, bütün təqsirlər rus hökumətindədir. Lakin şübhə yoxdur ki, debatların məhz bu cür xarakteri onların xeyrinə idi, çünki bu halda "Daşnaksutyun" və digər gizli erməni təşkilatı tamamilə kənarda qalar və məclis bütünlüklə Qafqaz hökumətinin ifşa olunmasına həsr edilə bilərdi. Təsadüfi deyil ki, azərbaycanlı nümayəndələrin "Daşnaksutyun"un buraxılması haqqında tələbinə ermənilər özünəməxsus bir tərzdə cavab vermişdilər: ""Daşnaksutyun"u biz yaratmamışıq və bu təşkilatı biz məhv edə bilmərik; o və ona oxşar təşkilatlar ətraf həyatın şəraiti nəticəsində yaranır və bu şərait olmadıqda "Daşnaksutyun" təşkilatı öz-özünə məhv olacaqdır". Başqa sözlə desək, erməni nümayəndələr hamını "Daşnaksutyun"un mövcud olması ilə barışmağa çağırırdılar, çünki bu cəmiyyət onlar üçün çox zəruri idi. Digər tərəfdən, Xatisovun nitqində panislamizm təhlükəsinin mövcud olması haqqında fikirlər səslənmişdi. Beləliklə, o ermənilərin hökumətə düşmən olmasını ustalıqla maskalamağa və canişinin şəxsində hökumət nümayəndələrini inandırmağa çalışırdı ki, "Daşnaksutyun"un fəaliyyəti bu diyara qonşu müsəlman dövlətlərdən nüfuz etmiş panislamizm təzahürlərinin nəticəsidir. Ermənilərin bu ənənəvi hücumlarına ən dəqiq cavab o vaxt Rusiya İmperiyasının Osmanlı Türkiyəsindəki rus konsulu olmuş V.Mayevski vermişdir: "Doğrudan da, fərz edək ki, Qafqazda panislamizm ideyaları güclü inkişaf etmişdi. Lakin onda heç cür başa düşmək olmur ki, nə üçün tatarların bu ideyaları yalnız və yalnız ermənilərə qarşı savaş və qarətlərlə təzahür edir, Qafqazın digər xalqlarını isə kənarda qoyur? Belə olan təqdirdə ən çox əziyyət çəkən rus elementi olmalı idi, panislamizm ideyaları ilk növbədə bu elementə qarşı mübarizə aparmalıdır. Lakin həqiqətdə buna oxşar heç bir şey aşkar etmək olmamışdı. Nə üçün tatarlar gürcülərə toxunmamışlar?.. və nə üçün panislamizmin qurbanları yalnız və yalnız ermənilər olmuşlar?..". Mayevski daha sonra yazır: "Ermənilər "Qafqaz hökumətinin cinayətkar hərəkətsizliyini və cinayətkarlara şərait yaratmasını ifşa etmək üçün tatarların da onlara qoşulması barədə dəvəti uğursuz oldu. Tezliklə məlum oldu ki, azərbaycanlı nümayəndələr bu məsələdə əsla iştirak etmirlər. Onların tərəfindən Qafqaz hakimiyyətinin ünvanına heç bir ittiham eşidilmir. Onlar anarxiya yaranmasının təqsirini yalnız "Daşanaksutyun"da görürlər. Üstəlik, onlardan bəziləri ehtiyatsızlıq edərək hətta rus hökumətini müdafiə etmək üçün fikir söyləməyə cəhd göstərmişdir". Qurultay Qafqaz Canişinin yanında hər iki millətin hörmətli və etibarlı vətəndaşlarından ibarət barışıq komissiyaları yaradılması haqqında qərar qəbul etdi, lakin oraya öz nümayəndələrini göndərməkdən imtina etmiş Bakı və Yelizavetpol erməni icmalarının təqsiri üzündən həmin komissiyalar yaradılmadı. Bununla əlaqədar müvafiq milli strukturlar yaradılması yolu ilə milli mənafelərin müdafiəsi məsələsi gündəmə gəldi.

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 18 fevral.- S. 6.