75 BAHAR

 

Nahid Hacızadənin 75 illiyi münasibətilə

 

75 bahardır sən yol gəlirsən,

Yollar yol yorğunu etməyib səni.

Dağlardan süzülən bulaq kimisən

Tikanlar yolunda bitməyib sənin.

 

Yoluna qəlbinin işığı düşüb,

Enişdə, yoxuşda büdrəməmisən.

Zamanın amansız gərdişlərində

Sən heç vaxt simanı dəyişməmisən.

 

Sonu gözəl bitən nağıllar kimi

Qələmin heç pisə köklənməyibdir.

Peşənə - bu bitməz söz sənətinə

Sevgin, məhəbbətin tükənməyibdir.

 

"Qalx, qalx ulu torpaq" - söylədin bir kəz

Yaralı Vətənə "oğlunam" – dedin

Heç kəsin qəlbindən itməsin bu səs,

"Qisas qiyamətə qalmasın" - dedin.

 

Canlı şahidisən "Qanlı yanvar"ın

Haqsızlıq içini yandırıb-yaxdı.

Bədxahlar efiri susdursalar da,

Həqiqət qəlbindən süzüldü axdı.

 

Ölümlü-itimli dünya dediyin,

Alıb dostlarını bir-bir əlindən.

Dönüb xatirəyə, dönüb yaddaşa,

Ərməğan etmisən "Yada düşdü"dən.

 

Baharda dünyaya göz açmısan sən,

Həlimlik, kövrəklik xislətindədir.

Hələ çox arzudan söz açmısan sən,

Zəkanın qüdrəti qələmindədir.

 

Sən əsl ziyalı, sən əsl insan,

Yaşadın əqidən, amalın üçün.

Yaşa dağlaroğlu, yaşa hələ sən,

75 dediyin nədir səninçün?

 

 

NƏZAKƏT

 

Ədalət.- 2011.- 18 fevral.- S. 6.