Qüdrət Həsənquliyev: "İranda rejimin devrilməsi böyük aşınmalarla müşayiət olunacaq"

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

 

- Azərbaycanda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" üzrə Milli Strategiyanın (2007-2011-ci illər) həyata keçirilməsi çərçivəsində işlər aparılır. Bu proses çərçivəsində bir sıra qurumlarda nöqsanlara yol verən şəxslərin işdən azad olunması, hüquq-mühafizə orqanlarına müraciətlər edilməsi kimi məlumatlar yayılmaqdadır. Sizin bu prosesə münasibətiniz necədir?

- Korrupsiya ölkənin ciddi problemlərindən biri idi və ciddi problem olaraq qarşıda dayanırdı. Ona görə də bu istiqamətdə atılan addımları təqdir edirik. Əlbəttə, hər şeyin bir ayın içərisində düzələcəyini, bu kampaniyanın da bütün istiqamətlərdə keçəcəyini düşünmürük. Təbii ki, bu prosesdə müəyyən nöqsanlar, sui-istifadə halları da olacaq. Bütövlükdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin keçirilməsini alqışlayırıq dəstəkləyirik. Partiya olaraq bu sahədə öz köməyimizi əsirgəməyəcəyik. Onu da deyim ki, bu problemlərin üzərinə getməyin zamanı çatdığını da kampaniya başlamamışdan əvvəl dəfələrlə qaldırmışıq. Hesab edirəm ki, hakimiyyətin hansı motivlərlə bu addımı atmasından asılı olmayaraq, bu addım təqdir olunmalıdır. Bir qrup qüvvələr bu addımlara başqa siyasi rənglər verməklə, sanki dolayısı ilə hökuməti islahatlardan çəkindirməyə çalışırlar. Fikrimcə, hakimiyyət hansı siyasi qüvvənin bunu cür adlandırmasından asılı olmayaraq ardıcıl fəaliyyətini davam etdirməlidir, bu birmənalıdır ki, belə addımların atılması xalq arasında hökumətin nüfuzunu artırır. Ən əsası isə bu addımlar xalqın maraqlarına uyğundur.

- Son günlər İranda baş verən aksiyalarla bağlı fikirləriniz nədən ibarətdir? Bunu ərəb dünyasında baş verənlərin davamı saymaq olarmı?

- Əslində, ərəb dünyasında baş verənlər İranda olanların davamıdır. Çünki bir il əvvəl İranda keçirilən prezident seçkilərindən sonra seçki saxtakarlığına etiraz olaraq islahatçılar küçələrə axışmışdılar. Onlar indiki fars-molla rejimini nisbətən yumşaltmağa çalışırdılar. O zaman molla rejimi bu prosesi zor gücünə dağıtdı. Qadınları, kişiləri qətlə yetirdilər, həbsxanalara atdılar və aksiyaları zor gücünə yatırdılar. Amma xalqın narazılığı qalır. Misirdəki proseslərdən sonra insanlar ikinci dəfə küçələrə çıxdılar. Bu onu göstərir ki müsəlman dünyasında oyanış baş verir. Xalqlar oyandıqca daha çox azadlıqlar və hüquqlar istəyirlər. Yeri gəlmişkən deyim ki, dünyadakı proseslər bütün ölkələrə, o cümlədən Azərbaycana da təsir göstərir. Azərbaycan müasir dünyanın bir hissəsidir və dünyada baş verənlər yaxından izlənilir.

- Sizə elə gəlmirmi ki, ərəb dünyasında baş verən proseslər son nəticə olaraq İrandakı rejimin dəyişdirilməsinə hesablanıb?

- Mən bu fikirdən uzağam ki, ərəb dünyasında baş verənlər qərb ölkələri və ya ABŞ tərəfindən təşkil olunub. Məsələn, Misirdə Mübarəkin hakimiyyətdə qalmasını ABŞ çox istəyərdi. Bunu Amerika rəsmilərinin yumşaq bəyanatları da göstərirdi, sadəcə olaraq xalqın böyük iradəsini ortalıqda görəndən sonra ikibaşlı bəyanatlar verməyə başladılar.

- Azərbaycanda partlayışlar törətmək, terror aksiyaları hazırlamaq istəyən bir neçə islamçının həbsinə İran sərt reaksiya verdi. Lakin bu gün aksiyalarda onlarla dinc insana divan tutulur, təzyiqlərə məruz qalır və öldürülür. Bunu necə qiymətləndirmək olar?

- İranda hakimiyyətdə olan fars-molla rejimi dünyanın ən qəddar rejimidir və həmin rejimin zülmündən 35 milyon soydaşımız da əziyyət çəkir. Bu rejim qədər ikiüzlü, qəddar rejimi dünyada tanımıram. Nə Misirdəki, nə Liviyadakı, nə Yəməndəki rejimləri bununla müqayisə etmək olar. Molla rejimi qəddar və amansızdır ona görə ki, din pərdəsi ilə silahlanıb. Təhlükəliliyi də məhz bundadır. Bütün əməllərini də məhz bu din pərdəsi altında edir. Bu rejimin törətdiyi cinayətləri artıq İranın nüfuzlu ayətullahları da sadalayırlar. Bir sıra ayətullahlar siyasi məhbusların ailələri ilə görüşlərdə belə fikirlər səsləndiriblər ki, mövcud rejimdə islam adına heç nə qalmayıb. Bu rejimin başında duranların əlləri çox qanlara, cinayətlərə batıb. Ona görə də öz hakimiyyətlərini qorumaq üçün hər şeyə getməyə hazırdılar. Deyə bilərəm ki, artıq xalq içində nüfuzunu itirmiş belə bir rejimin hakimiyyətdən devrilməsinə də az vaxt qalıb. Bu rejimin devrilməsi böyük aşınmalarla müşayiət olunacaq. Buna uzun zaman qalmayıb.

- Son illər siyasi proseslərdən kənarda qalmış, vaxtilə xalq hərəkatının sıralarında təmsil olunmuş şəxslərin yenidən fəallaşması hiss olunur. Sizcə, bunun səbəbi nədir?

- Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra baş verənləri təhlil edib, cəbhə hakimiyyətində təmsil olunan şəxsləri üç kateqoriyaya ayırmışdım: vətənpərvərlər, vəzifə və pul haqqında düşünən "yırtıcılar" və xüsusi xidmət orqanları tərəfindən göndərilənlər. Bölgədə bir canlanma olanda çox müxtəlif qüvvələr bu proseslərdən öz maraqları naminə faydalanmaq eşqinə düşürlər. O vaxt "yırtıcılar" adlandırdığım insanlar pul qazanmaq naminə xalq hərəkatına soxulmuşdular. AXCP- Müsavat birliyinin hakimiyyəti iflasa uğrayandan sonra bu "yırtıcılar" və xüsusi xidmət orqanlarının adamları dağılışıb getdilər. İndi dünyada baş verən proseslərin fonunda onlar ümidləniblər. "Yırtıcılar" bu ümidlə yuvalarından çıxıb yavaş-yavaş irəliləyir, ictimai-siyasi həyata qatılmaq fikrinə düşüblər. Azərbaycanda bu proseslər artıq keçib, insanlar hər şeyin fərqindədirlər. Yeni siyasətçilər formalaşıb, peşəkar siyasətçilər Azərbaycanın yaxın keçmişinə soyuq məntiqlə nəzər sala bilirlər. Azərbaycan xalqı artıq "xişnik"lərin siyasi aktivliyini, özlərindən qəhrəman düzəltmələrini qəbul etmir. Bu baxımdan da onların aktivlik arzularının reallaşacağını düşünmürəm. Həyata keçirilən islahatlar daha geniş xarakter almalı və bütün sferaları əhatə etməli, kompleks şəklində olmalıdır. Paralel olaraq biz siyasi islahatlar da gözləyirik.

 

 

Ədalət.- 2011.- 18 fevral.- S. 6.