LAÇIN, AY LAÇIN
Amma nə gözəl, amma nə doğma
Gələcəyə nə
qədər ümidli olsaq da, nikbinliyimizi necə təmkinlə
qoruya bilsək də, söhbət növbəsi düşmənlərimizin
işğal etdiyi rayonlardan düşərkən xəyal bizi
haralara aparmır... Onda qala bu söhbət hələ bir o
gözəl, ürəyimizin bir parçası doğma
Laçından düşə. Laçın
yasaqlığı, Qarabağ yaylası, Qızılboğaz
zirvəsi, iti axarlı dağ çayları, axına
qarşı üzən forellər, buz bulaqlar, meşələr,
yaylaqlar... Kiçik, amma nə gözəl, amma nə
doğma Laçın şəhəri. Sanki əl-ələ
verərək dağlardan-düzlərə, düzlərdən-dağlara
yallı gedirmiş kimi 120 kənd-oba, böyük bir yurd
üzü, yurd ocağı...
Laçın, ay
Laçın...
Bəsdir daha! Xiffət
kövrəldib, kövrəldib uzaqlıq gətirər həmişə.
Bunları özümə deyirəm, özümə irad
tuturam. Axı doğma Laçınımızı, doğma
Qarabağımızı nə vaxtsa düşməndən
azad edəcəyimizə, özü də yaxın vaxtlarda
azad edəcəyimizə daha çox inananlardan biri elə
özüməm.
Hər sabahın
xeyir olsun, Taxtakörpü!
Laçınlılar
Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində
daha sıx məskunlaşıblar. Rayonun mərkəzi idarəetmə
qurumları da burada yerləşir. Elə 70,5 min nəfər əhalinin
13 min nəfəri də Taxtakörpüdə yaşayır. Qalan
laçınlılar isə respublikanın 58 şəhər
və rayonlarında məskunlaşaraq yaşayıb
çalışır, qələbə sevinci ilə yurda
qayıdış günlərini gözləyirlər.
Ancaq indi hər bir
köçkün ailənin, eləcə laçınlı
məcburi köçkünlərin məskunlaşdıqları
yerlərdə həyat şəraitinin
yaxşılaşdırılması, təhsil, səhiyyə
və digər sosial tələbatlarının yüksəldilməsi
olduqca vacib məsələdir və dövlətimiz bu istiqamətdə
mühüm tədbirlər həyata keçirir. Laçın
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov
və onun formalaşdırdığı icra komandası gecəli-gündüzlü
çalışıb gələcəyə nikbinliklə
baxır. 2010-cu ildə laçınlı məcburi
köçkünlərin məskunlaşdığı ərazilərdə
abadlıq-tikinti, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində xeyli
iş görülmüş, sosial-iqtisadi və mədəni
sahələrdə bir çox tədbirlər həyata
keçirilmişdir.
2010-cu ildə
Taxtakörpü qəsəbəsində Dövlət Sosial
Müdafiə Fondunun rayon şöbəsi üçün
yeni inzibati bina tikilib istifadəyə verilmiş, qəsəbədə
və respublikanın digər rayonlarında fəaliyyət
göstərən 20 ümumtəhsil məktəbində, 3 səhiyyə
və 6 mədəniyyət müəssisəsində cari və
əsaslı təmir işləri həyata
keçirilmişdir. Dünyaya Baxış Beynəlxalq
Humanitar Təşkilatının maliyyə dəstəyi ilə
Taxtakörpüdə hər biri 100 yerlik iki uşaq
bağçası tikilmişdir. Həmin təşkilat tərəfindən
müxtəlif məsələlərlə bağlı əlavə
olaraq 26 mikrolayihə həyata keçirilmişdir.
Taxtakörpü qəsəbəsində
laçınlı şəhidlərin adlarının əbədiləşdirilməsi
üçün Xatirə Kompleksi ucaldılmışdır.
Burada Gənclər parkı yaradılmış və həmin
parkda 600-dək müxtəlif ağac və gül kolları əkilmişdir.
Ərazidə məskunlaşmış
məcburi köçkünlərin elektrik enerjisi ilə
bağlı problemlərinin həll olunması məqsədilə
Dövlət Proqramına əlavələrə müvafiq
olaraq rayonun müstəqil elektrik şəbəkəsi müəssisəsi
yaradılmışdır.
2010-cu ilin aprel ayında
Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin
çəkilməsinə köməklik göstərilməsi
ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə
və Dövlət Neft Şirkətinə müraciət
edilmiş, məsələnin müsbət həllinə nail
olunmuşdur. Artıq Taxtakörpü qəsəbəsinə
təbii qaz çəkilməsində son tamamlama işləri
aparılır
Burada bir şəhər qurulur
Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələrin icrası olaraq
Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin
müvəqqəti məskunlaşdığı
Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı
Ağcabədi rayonu ərazisindəki "Alman" və
"Yasıyol" fin tipli qəsəbələrindəki
sakinlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə 552
ailə üçün yeni qəsəbənin tikintisinə
başlanılmışdır. Rayon icra hakimiyyəti
başçısının birinci müavini İlham Quliyev
bizimlə söhbəti zamanı məlumat verərək
bildirdi ki, yeni qəsəbənin salınması
üçün 627 hektar torpaq sahəsi ayrılıb. Hazırda
qəsəbənin tikintisi başlanılmaqla davam etdirilir.
Burada mənzillərlə yanaşı 15 sinif otaqlı yeni məktəb
binası, 70 yerlik uşaq bağçası, ambulatoriya, iki su
deposu da tikilir.
Əvvəllər
inşa olunan köçkün qəsəbələrindən
fərqli olaraq, bu yaşayış massivində bütün
daxili yollar asfalt olacaq və hər bir ev
qazlaşdırılacaq. Qəsəbənin içməli su
ilə təchizatı üçün 2 sutəmizləyici
qurğu quraşdırılacaq. Bu həm də ətrafda
yaşayan məcburi köçkünlərin də içməli
su təminatını yaxşılaşdıracaq.
Məcburi
köçkünlərin Sosial İnkişafı Fondu ilə
aparılmış məqsədyönlü tədbirlər nəticəsində
2010-cu ildə Bakı şəhərində yerləşən
7 saylı, Sumqayıtdakı 10 saylı yataqxana binaları təmir
edilmiş, Taxtakörpü ərazisindəki Ərdəşəvi,
Qarakeçidi obalarında, Beyləqan rayonunun Binnətli kəndində,
Oğuz rayonunun Kərimli kəndində avtomobil yolu
çınqıl örtüklə bərpa olunmuş, Şəki
rayonunun Bolludərə kəndində, Ağsu rayonunun Xanbulaq
kəndində içməli su xətləri yeniləri ilə
əvəzlənmişdir.
120 yaşlı Minkənd məktəbi
Rayonun tarixində əlamətdar
hadisələrdən biri 2010-cu ilin fevral ayında Prezident
İlham Əliyev cənablarının xeyir-duası ilə
rayonun qocaman təhsil ocaqlarından biri - Minkənd orta məktəbinin
120 illik yübileyi yüksək səviyyədə qeyd
edilmişdir. Yubiley münasibətilə ölkə
başçısının müvafiq sərəncamları
ilə 2 nəfər müəllim "Tərəqqi"
medalı almış, 1 nəfər müəllim isə
"Əməkdar müəllim" fəxri adına layiq
görülmüşdür. Minkənd kənd orta məktəbinin
120 illik yubileyi ilə bağlı sənədli film çəkilmiş,
məktəbin tarixi və fəaliyyəti ilə əlaqədar
məlumat kitabçası hazırlanmışdır. 2010-cu
ildə respublikanın müxtəlif elm, təhsil və digər
sahələrində çalışan laçınlı
ziyalıların rayon icra hakimiyyətində
görüşü, eləcə də Ombudsman Elmira
Süleymanovanın, Azərbaycan Yazıçılar Birliyinin
sədri Anarın görüşləri keçirilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi Taxtakörpü qəsəbəsində məskunlaşan
məcburi köçkünlər üçün
respublikanın tanınmış sənət
adamlarının iştirakı ilə "Qış
nağılı" adlı bayram tədbiri təşkil
etmişdir. Ötən ilin dekabr ayının 26-da qəsəbənin
mədəniyyət evində "Ulu sazın sehri"
adlı tədbirin keçirilməsi və Azərbaycan
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun tədbirdə
iştirakı yaddaqalan mədəni-kütləvi tədbirlərdəndir.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 18 fevral.- S. 7.