İNSAN KİMİ
Hekayə
Unudulmaz müəllimlərimiz, Qabaqcıl maarif xadimləri
Şamil Vəkilov və Fatma xanım Aslanovanın
işıqlı xatirəsinə
Dünya düşünən insanların dayaq
nöqtəsi kimi bir şeydir... İnsan imkanları ilə
arzularının sərhədində yaşayır.
Andre Morua
Adəti üzrə səhər
erkən evdən çıxıb asta addımlarla qəsəbənin
hələ hay-küy düşməmiş sakit küçəsində,
təmiz havada xeyli gəzişdi. Sonra
parkın girəcəyində
ayaq saxlayıb nəfəsini dərdi.
Cavan söyüd ağacının
salxım budaqlarının çətirlənib kölgə
saldığı taxta skamyada ehmalca oturdu. Başını
qaldırıb kiçik qəsəbə parkını
dövrələyən ağaclara nəzər saldı.
Hamısı bahar libası geymişdi, tərtəzə
yaşıllıq göz oxşayırdı. Al-əlvan
çiçək açan yasəmənin ətri ətrafa
yayılırdı.
O, sinə dolusu nəfəs
alıb, gözlərini qıydı. İrili-xırdalı
qırışlara bürünən açıq sifətinə
xoş təbəssüm qondu. Yaxınlıqdakı uşaq
bağçasından gələn səslər, dərsə
tələsən məktəblilərin hay-küyü
ovqatını açdı. Neçə vaxt həsrətində
olduğu musiqi təranələrini dinləyirdi elə bil. O,
buna alışmışdı. Səksən yaşının
yarıdan çoxunu öz doğma övladlarından
ayırmadığı uşaqlar, məktəblilər
arasında keçirmişdi. Ömür-gün
yoldaşı ilə birlikdə. Onlar məktəbdə ülfət
bağlamışdılar. Hər ikisi tanınmış ailənin
övladı olsa da, ağır illərin sınağından
çıxmış, çətinlik,
ehtiyac görmüşdü.
Aza qane olmağı uşaq çağlarından öyrənmişdilər.
Heç evləri də yox idi.
Həyət evinin küncündə balaca bir otaq kirayələmişdilər.
Yayın qızmar çağında da kiçik pəncərəsinə
gün işığı
düşmür, alaqaranlıq,
həm də nəm olurdu. Ancaq çox xoşbəxt idilər, gözlərində
hər yan nura boyanmışdı elə bil. İlk
körpələrinin qığıltısı
onları elə "sehrlədi" ki, sanki günəşin zərrin şəfəqlərini
gördülər ciyərparələrinin
toppuş yanaqlarında.
İkinci uşaqları
dünyaya göz açanda qəsəbə parkının həndəvərində
təzəcə tikilən beşmərtəbədə onlara
üçotaqlı mənzil verildi. Evin eyvanından ətraf əl
içi kimi görünürdü: park, qəsəbənin
yaşıllığa bürünən küçələri,
"beş addımlıqda" təzə körpələr
evi-uşaq bağçası, bir az aralı yeni dərs ilində
istifadəyə verilmiş dördmərtəbəli orta məktəb,
üfüqdə - Xəzərin sahilində
işıqları sayrışan paytaxt şəhəri... Gənc
ər-arvad bir-birinə sığınıb bu mənzərəni
dönə-dönə seyr etdikcə, özlərini
nağıllar aləminə düşmüş kimi hiss
edirdilər. Necə də bəxtəvər idilər. Hələ
bu harasıdır? Tanrı səxavət boxçasını
açmışdı: uşaqlığı üstündən
qara yellər əsən, yeniyetmə çağlarında hər
cür əziyyətə qatlaşan, ümidlə
yaşayıb haqqa tapınan bəndələrindən indi
heç bir nemətini əsirgəmirdi: sağlam, qaynar,
sevib-sevilən ürək, könül meyvələri -
gözəl övladlar, həyat yollarının sönməz
ziyası - Bəxt!
Allah bəndəsinin zəhmətini
itirmir. "Səndən hərəkət, məndən bərəkət",
- Tanrı buyruğuna əməl edən cavan müəllimlər
də "yoruldum" demədən
çalışırdılar. Hər səhər evdən
işə, axşam işdən evə tələsirdilər.
İki uşaq anası
Fərəh müəllim səhər erkən durub ev işlərini
görür, ərinin çay-çörəyini
hazırlayıb süfrə salır, körpələrini
geyindirib uşaq bağçasına aparır, oradan da
özünü məktəbə çatdırırdı.
Analar məəttəl
qalırdılar. Gənc müəllim bu qədər fidan
balaların öhdəsindən necə gəlir? Hələ də
düz-əməlli danışa bilməyən, analarından
ayrılmaq istəməyən uşaqlarla necə dil tapır,
yazmağı-oxumağı necə öyrədir, necə tərbiyələndirir.
Bir təhər ovundurub göz yaşını silə-silə
övladını məktəbə gətirən ana
balasının sıraya düzülərək parta
yoldaşı ilə əl-ələ verib dərsdən
gülə-gülə çıxdığını
görəndə müəllimə təşəkkür etməyə
söz tapa bilmirdi...
Valideynlər
çalışırdılar ki, uşaqları Fərəh
müəllimin sinfində oxusunlar, sonra isə yuxarı siniflərdə
onlara riyaziyyatdan Şahin müəllim dərs desin. Onlar bilirdilər
ki, bu müəllimlər şagirdlərinə öz
övladları kimi baxırlar, həm qayğıkeşdilər,
həm də tələbkar.
Fərəh xanımla
Şahin müəllimdən dərs alanlar ali məktəblərə
qəbul imtahanlarından uğurla keçir, öz bilikləri,
çalışqanlıqları ilə fərqlənirdilər.
İllər bir-birini əvəz edir, zaman dəyişir,
saç ağarır, ancaq əvəzolunmaz insanlar kimi
onları qəlblərində yaşadırdılar. Bu da
getdikcə yaşa dolan, baba-nənə olan Fərəh
xanım və Şahin müəllim üçün ən
böyük mükafat idi...
...Məktəbdən ətrafa
yayılan zəng səsi onu xatirələrindən
ayırdı. Dərindən köksünü
ötürdü. Fikirləşdi ki, ömrünün
yarım əsrdən çoxunu bu zənglərlə tənzimləyib.
Və nəhayət, son zəng, onun üçün son məktəb
zəngi çalınıb. Səksənin tamamında
çox böyük hörmətlə, ehtiramla, təntənə
ilə yola salıblar onu.
Həyat yoldaşı Fərəh
müəllim çoxuşaqlı ana kimi təqaüdə
tez çıxmışdı. "Gəncliyimi,
ömrümün kamil çağlarını şagirdlərimə
həsr elədim. Bundan sonrakı həyatım da
balalarımındır", -deyə
düşünmüşdü. Balaları başını
möhkəm qatmışdı ananın. Maşallah olsun,
boya-başa çatdılar, ali təhsil aldılar. İndi də
hərəsinin öz evi, ailəsi, uşaqları...
Böyük oğul
atasına çəkmişdi. Riyaziyyatçı idi, ali məktəbdə
dərs deyirdi. Tanınmış alim kimi hər il xarici
ölkələrə dəvət edilir, beynəlxalq
simpoziumlarda elmi məruzələri, məşhur universitetlərdə
mühazirələri maraqla qarşılanırdı. Özü
də atası kimi ailəcanlı idi. Erkən evlənmişdi,
ilkinin adını atasının şərəfinə
Şahin qoymuşdu...
Dedikcə
uşaqcanlı olan Şahin baba nəvələrinin əhatəsində
özünü quş kimi yüngül, qıvraq hiss edir,
onlarla oynayıb şaqqanaq çəkib uğunanda Fərəh
nənə ərkyana onu qınayırdı:
- A kişi, nə olub sənə,
bunlarla oynayanda lap uşaqlaşırsan elə bil.
- Nənəsi,
üstünü vurma, Allahsaxlamışlarla məzələnəndə
ağrı-acılarım canımdan çıxır.
Nəvələr evi
alt-üst eləyib gedəndən sonra Fərəh nənə
otaqları səliqəyə salır, Şahin baba
yanpörtü ona baxa-baxa əllərini yuxarı
qaldırıb şükür edirdi:
- İlahi,
şükür kəramətinə, nəvə nə
şirin olurmuş, özün bəd nəzərdən saxla,
qoru balalarımızı.
Nənə onun
sözünə qüvvət verirdi:
- Allah nəzərini
üstlərindən əskik eləməsin. Amma bu Gülarənin
uşaqları eşmədikləri yer qoymurlar. Buraya gələndə
elə bil Qobustan qoruğuna gəlirlər. Hər yeri ələk-vələk
eləyirlər.
...Qocaların duası
müstəcəb olurdu. Nəvələr böyüyüb
boya-başa çatır, yaxşı da oxuyurdular. Böyük
nəvəsə babanın özünə çəkmişdi:
boylu-buxunlu, zirək, fərasətli, yaşıdları
arasında sayılıb-seçilən riyaziyyatçı. Baba
adaşını görəndə ürəyi köksünə
sığmır, onunla ünsiyyətdən ləzzət
alır, ağlına-biliyinə heyran qalırdı...
- Sabahın xeyir, Şahin
müəllim.
Qəfil, gur səsdən
səksənən kimi oldu. Başını qaldıranda Osman
kişini qarşısında gördü. Neçə ilin
qonşusu idilər. Ömrünün çoxunu neft mədənlərində
keçirmişdi Osman kişi. Vaxtında öz peşəsinin
ustası, bacarıqlı mühəndis kimi ad-san
qazanmışdı.
Onlar həmyaşıd,
bir az da həmxasiyyət idilər. Osman kişi ünsiyyətcil,
nikbin, sözünü yerində şax deyən, mütaliəsi,
məlumatı olan, ətrafına ayıq gözlə baxan,
xeyir-şərdə imkanını əsirgəməyən,
yetim-yesirə əl tutan köhnə kişilərdəndi.
Xətir-hörmətini
saxladığı qonşusunu görcək Şahin müəllimin
eyni açıldı. Ehmalca ayağa durub salamını
aldı, əl tutdu.
- Aqibətin xeyir olsun, nə
var, nə yox?
Osman kişi
qonşusunun ona hörmət əlaməti olaraq ayağa
durmasından narahat oldu:
- Nə zəhmət
çəkirsən, canım, əyləş görüm.
- Xeyli vaxtdı
oturmuşam burda, xatirələrlə, olub-keçənlərlə
əlbəyaxadayam.
Sözünə ara
verib Osman kişiyə zənnlə baxdı, ərklə onun
qolundan tutdu, sirr deyirmiş kimi pıçıldadı:
- İndi bizim xatirələrlə
yaşayan vaxtımızdır. Nə yaxşı gəldin.
Deyirəm, bir az gəzişək, qazaxlılar demişkən
gap eləyək olub-keçənlərdən.
Parkın yaşıl
xiyabanında kövrək, asta addımlarla gəzməyə
başladılar.
- Keçən həftə
harasa getmişdin deyəsən, görmürdüm səni, -
Osman kişi soruşdu.
- Hə, baba-nənə
getmişdik nəvələrimizə dəyməyə. Allah səninkiləri
də saxlasın. Böyük nəvəmgildə idik. Maşallah
yaxşı ev-eşiyi var. Ürəyim açıldı.
Haçandı şəhərə çıxmırdıq,
gəzdirdilər bizi...
Dərindən
köksünü ötürüb qaşlarını
çatdı, səsinin ahəngi dəyişdi:
- Amma şəhərdə
Hüseyn kişiyə rast gəldim. Sən demə elə mən
gedən günü burada əməlli-başlı
dava-dalaş olub.
O, ayaq saxlayıb
qonşusunun gözlərinə zənnlə baxdı.
Osman kişi suçlu
kimi başını aşağı saldı:
- Hə, mən də
bir az gec xəbər tutdum. Allah ölənlərini rəhmət
eləsin. Balaxanıya, köhnə neftçi dostumun yasına
getmişdim. Sonra qohum-əqrəbaya baş çəkdim.
Axşamüstü evə qayıdanda hava
qaralmışdı. Uşaq bağçası tərəfdən
səs-küy eşitdim. Gedib gördüm ki, qonum-qonşular
bağçanın həyət qapısı ağzında
maşınların, kranın qabağını kəsiblər.
Səs-küydən ağız deyəni qulaq eşitmir.
Fatı arvadı tanımamış olmazsan, oğlu da
Qarabağ müharibəsində şəhid olub.
Şahin müəllim
onun sözünü ağzında qoydu:
- Lap yaxşı
tanıyıram, oğlu rəhmətlik Ramiz şagirdim idi. Yaxşı
oxuyurdu, zirək oğuldu... Allah düşmənin cəzasını
versin.
- Amin, - dedi Osman
kişi, dərindən ah çəkib sözünə davam
etdi, - Hə, gördüm ki, Fatı arvad "Mersedes"in
böyründə durub siqaretini sümürən dazbaş,
tosqun bir kişiylə dilləşir. Yaxınlaşıb
soruşdum ki, nə məsələdir. Arvad kükrədi:
- Nə olacaq, elə bu
qalmışdı? Sən gəl məktəbin beş
addımlığında uşaq bağçasını
sök, yerində şadlıq sarayı, restoran, nə bilim
keyfxana tik?!.
- Axı, kim deyir bunu?
- Kim deyəcək, bax,
elə bu, - deyə papirosunu acgözlüklə sümürə-sümürə
tərs-tərs bizə baxan dazbaşı göstərdi, -
özü də fors eləyir ki, pulumu verib özəlləşdirmişəm,
neylərəm, özüm bilərəm. Hələ evlərimizdən
də bizi didərgin salmaq istəyir, yerində çoxmərtəbələr
tikdirəcəyəm, deyir. Yanına da salıb
qoçularını, guya bunun lillənmiş canını
güdürlər ki, xətər-zad toxunmasın.
Sonra Fatı arvad
dazbaşın yan-yörəsində hərlənən yekəpər,
cantaraq cavan oğlanlara sarı getdi:
- Əgər belə
güclüsüz, burada nə avaralanırsız, ə? Gedin
Qarabağa torpağımızı, əsir-yesir qız-gəlinlərimizi
qurtarın da, ay biqeyrətlər. Mənim oğlum şəhid
olub ki, yetimlərinin sığınacağını
dağıdasız?!..
(ardı gələn şənbə sayımızda)
Əlövsət Bəşirli
Səs.- 2011.-12 fevral.- S. 9.