Azərbaycan səfirliyi mətbuat konfransı keçirdi

 

İordaniyada Xocalı faciəsinin 19-cu ildönümü yad edildi

 

Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib. Səfirlikdən APA-ya verilən xəbərə görə, İordaniyanın 20-yə yaxın kütləvi informasiya vasitələrinin, o cümlədən televiziya nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq Xocalı faciəsinə gətirib çıxarmış səbəblər və qətliamın təfsilatları barədə iştirakçıları məlumatlandırıb.

Faciə nəticəsində 613 dinc Azərbaycan vətəndaşının qətlə yetirildiyini və yüzlərlə şəxsin itkin və didərgin düşdüyünü söyləyən səfir Elman Araslı, sözü tədbirdə iştirak edən Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılova verib. Ş.Sayılov Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiş cinayət faktları, o cümlədən ölkəyə dəymiş maddi-mənəvi zərər, əsir-girov və itkinlər problemindən ətraflı bəhs edib.

Sonra səfir və dövlət komissiyasının katibi jurnalistləri və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar. İştirakçılara bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, foto və video materiallar, filmlər, səfirliyin bəyanatı paylanıb.

E.Araslı İordaniya Radio və Televiziya Korporasiyasının baş direktoru ilə görüş keçirərək mərkəzi televiziya ilə yayımlanması məqsədilə müvafiq diskləri və materialları ona təqdim edib. Bundan əlavə, səfir İordaniya Senatının sədri, bir sıra nüfuzlu senatorlar və deputatlar, İordaniyanın baş müftisi ilə görüşlər keçirib və bu mövzuda onlarla söhbətlər aparıb. Senatın sədri T.Masrinin himayəsi altında İordaniyanın nüfuzlu və elitar Kral Hüseyn Klubunda əsasən Xocalı hadisələrinə həsr olunmuş geniş formatlı tədbirin keçirilməsinə dair razılıq əldə edilib. Bundan əlavə, səfirlik bu günlərdə İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin ildönümü çərçivəsində daha bir tədbir keçirəcək.

İordaniyanın baş müftisi ilə söhbət zamanı E.Araslı fevralın 25-də səsləndiriləcək Cümə xütbələri zamanı Xocalı qurbanlarının anılmasını təklif edib. Təklif anlayışla qarşılanıb.

 

 

Ədalət.- 2011.- 22 fevral.- S. 3.