HƏYATIN DİBİNDƏN
ÇIXAN MİLYONÇU
Bəşəriyyət yaradıldığı
gündən mübarizədədir.
Öncə həyatda
mövcud olmaq üçün təbiətlə
mübarizəyə başlayan
insanlar bunun yolunu tədricən öyrəndilər. Bundan
sonra anladılar ki, yaşamaq üçün lazım olan vasitələr, imkanlar çox olduqca, onlar daha yaxşı, daha rahat, daha
fərqli ömür sürə bilirlər. Yaşam prinsiplərinin, yaşam fəlsəfəsinin
bu mərhələsindən
sonra xüsusi mülkiyyət meydana gəlməyə başladı.
Ardınca da cəmiyyətin təbəqələşməsi
baş verdi.
Yeni cəmiyyətin təşəkkül
tapmasında, yeni düşüncə tərzinin meydana gəlməsində,
yeni maraq dairələrinin yaranmasında insanlıq
yüzilliklər boyu saysız-hesabsız dəyişikliyə
uğrasa da bəzi qaydalar heç dəyişmədi.
Onların forması inkişaf etdi, mahiyyəti isə
olduğu kimi qaldı. Yəni, İnsanların sərvət,
var-dövlət, pul... sahibi olmaq istəkləri, varlanmaq
arzuları min illər boyu elə olduğu kimi də qaldı.
Adamlar bunun üçün fürsət yaxalamaqdan, daha
çox çalışmaqdan, hətta bundan ötrü cinayətə,
yalana, fırıldağa, oğurluğa... əl atmaqdan belə
çəkinmədi. Elə bu gün də bunlardan çəkinmir.
Əslində təhlillər göstərir ki, insanlar
ağıllarını daha çox əldə etmək,
qazanmaq, sahib olmaq üçün işlədirlər. Bu yolda
lap çox çalışanlar isə adlarını tarixə
də yaza bildilər. Belə olmasaydı, çox yoxsul bir ailədə
dünyaya göz açan Vanderbilti tanıyardılarmı?..
KORNELİUS
Kornelius Amerikanın
Nyu-York ştatında
Staten-Aylenddə anadan
olanda 1794-cü ilin
may ayının 27-i idi.
O, ata-ananın dördüncü
övladı olsa da sonuncu deyildi.
Korneliusdan sonra ailədə
daha dörd uşaq da dünyaya
gəldi. Son dərəcə ehtiyac içərisində yaşayan
ailə övladların
doğuşuna heç
yaxşı-yaxşı sevinə
də bilmədi.
Özü də bu həmin dövrlər idi ki, amerikalılar
o illəri ölkənin
çətin zamanları
adlandırırdılar. İşsizlik, səfalət, kriminal
ünsürlərin tüğyan
etməsi... adi hala çevirilmişdi.
Başlı-başını saxlasın prinsipi
hökm sürürdü.
Amma bütün bunlara baxmayaraq Vanderbiltlər uşaqlarının təhsil
almasını istəyirdilər.
Bunun üçün də hər birini məktəbə qoydular.
Amma maddi cəhətdən bunun öhdəsindən gəlmək elə də asan məsələ
deyildi.
Kornelius məktəbi
atıb atasına yardım etməyə başlayanda onun 11
yaşı var idi. Pul qazanmaq üçün fərq qoymadan,
yorulmadan gücü çatan bütün işləri
görən bu yeniyetmə evə maddi yardım göstərirdi.
Nyu-Yorkda dənizin qabarma və çəkilməsi ilə
maraqlanan Kornelius öz marağı ucbatından bunun sirlərini
öyrəndi. Bir qədər keçdikdən sonra dənizə
olan həvəsi onu çəkməyə başladı. Elə
atasının da işi dənizlə bağlı idi. Günlərin
birində Kornelius anasına bildirir ki, evi tərk edəcək,
çünki dənizçi olmaq qərarına gəlib. Hələ
həddi-büluğa çatmayan övladından bu
iddianı eşidəndə anası əvvəlcə təəccüblənmiş,
amma onun fərasətinə bələd olduğu
üçün oğluna iş təklifində bulunmuşdu.
Kornelius fermalarındakı daşlı-qayalı 8 akr torpaq sahəsini
təmizləməli, şumlamalı, bunun əvəzində
anasından 100 dollar almalıydı. Kornelius bu təklifi tərəddüd
etmədən qəbul etdi, vaxt itirmədən bu ağır
işə girişdi. Və çox keçmədi o üzərinə
düşən bütün işlərin öhdəsindən
artıqlaması ilə gəldi. Lakin onun məqsədi
heç də o deyildi ki, qazandığı pulu digər həmyaşıdları
kimi hara gəldi xərcləsin.
BAŞLANĞIC
Kornelius illərlə
dolaşdığı Nyu-York sahillərində tanış
olduğu tanışları ilə əlaqə saxladı.
Axtardı, öyrəndi. Nəhayət köhnə bir barja
(çox kiçik, sadə qurluşlu gəmi) aldı, gecə-gündüz
çalışıb onu qaydasına saldı. İndi
qalırdı, pul verdiyi bu barja ilə qazanc əldə etməsi.
Əslində Korneliusa çox düşünmək lazım
gəlmədi də. Çünki o, gəmini
almamışdan bildirdi ki, nə edəcək. Odur ki, gəmini
körfəzə gətirərək hər adamdan 18 sent almaqla
sərnişinləri Manhettendən Staten-Aylend arasında
daşımağa girişdi. Və şansı da
yaxşı gətirdi. Kornelius bir ildən sonra anasından
aldığı borc pulu qaytardı, hətta min dollar ailəsinə
maddi yardım da göstərdi. Onda 1811-ci il idi. İşləri
yaxşı gedirdi. Bir neçə ildən sonra kiçik də
olsa onun öz büdcəsi yaranmışdı. Və evlənmək
qərarına gəldi. Xeyli vaxt idi qonşuluqda yaşayan
qohumlarının qızı Sofi Consonu gözaltı eləmişdi.
Əslində Korneliusu cəlb edən qızın iradəli,
məqsədyönlü xarakterli olmasıydı. Odur ki,
uzun-uzadı təhlillər aparmadan evləndi. Həqiqətən
də Kornelius yanılmamışdı. Sofi də ona
qoşularaq Korneliusun başlatdığı kiçik
işin böyüməsi üçün əlindən gələni
əsirgəmədi.
Bu kiçik Vanderbiltlər
ailəsi rəqiblərindən fərqlənmək, gələn
gəliri artırmaq üçün yeni yolla aramağa
başladılar. Bundan ötrü sərnişinlərin
daşındığı məntəqələrin birində
kiçik bir mehmanxana satın aldılar. İndi onların sərnişinləri
gecələmək istərkən əlavə vaxt itirmədən,
axtarmadan yerlə də təmin olurdular. 1812-ci ildə
ABŞ-la Böyük Britaniya arasında iki il sürəcək
müharibə başladı. Bu yeni situasiya bir çox biznes
adamını yerindən oynatsa da Kornelius özünü itirmədi.
Vəziyyətdən istifadə edərək federal hökumətdən
Nyu-York ətrafında yaradılmış müdafiə
istehkamlarına dəniz daşınmalarını həyata
keçirmək hüququnu aldı. Bu iş ona gəlir əldə
etməklə yanaşı hökumətdə etibar da
qazandırdı. Müharibədən sonra o, Qudzon
çayı ilə daşınmaları həyata keçirməyə
girişdi. 1817-ci ildə artıq həyatın dibindən gəlmiş
bu gəncin 9 min dollar pulu var idi. Digərləri sərnişin
daşımada artıq onu ciddi rəqib hesab edirdilər. Onu
üstələməyə çalışırdılar. Bu
üzdən də Korneliys Vanderbiltin gəliri ciddi şəkildə
azalmağa başladı. Yeni texniki tərəqqinin köməyi
ilə işində dönüş yarada biləcəyinə
inanan Vanderbilt əlində olan yelkənli gəmiləri
satmaqdan çəkinmədi. Sonra həmin pullara yeni bir gəmi
alıb o dövrün tanınmış gəmi
kompaniyalarının birinin sahibi Tomas Qibbonsla
razılığa gələrək ayda 60 dollar əmək
haqqına gəmi kapitanı kimi işlədi. Amma
situasiyanı dəqiq dəyərləndirən Vanderbilt
çox keçmədi ki, Qibbonsla bərabərhüquqlu
ortaq ola bildi.
RƏQABƏTDƏN GƏLƏN PUL
Biznesində rəqiblərini
aradan çıxarmaq üçün Kornelius Vanderbilt gəmisini
Qudzona lisenziyasız qovmağa başladı. Bilet qiymətlərini
başqalarınınkından ucuza endirərək müştəriləri
özünə cəlb etdi. Amma o, biletdə itirdiklərini
geri qaytarmağın yollarını da o
düşünmüşdü. Belə ki, hər biletdə
bir dollar itirən Vanderbilt gəmidəki barında içkilərin,
qəlyanaltıların satışı hesabına itkilərinin
yerini doldurmağa çalışdı. Amma bununla belə
Kornelius ziyanı lazımınca qarşılaya bilmədi.
Amma o anlayırdı ki, onun rəqibləri də bu rəqabətdə
az pul itirmirlər. Ona görə dözməliydi. Və sonda
onun hesablamaları bu dəfə də özünü
doğrultdu. Belə ki, digərləri onunla razılıq əldə
etməyə girişdilər. Digər gəmilər ona
çayda işləməməsi üçün 100 min
dollar verdilər. Bundan başqa, Qudzonda ən azı 10 il
görünməməkdən ötrü 5 min dollar da əlavə
pul ödədilər. Bununla da Kornelius Vanderbilt böyük
biznesə girmək üçün imkanlar əldə
etmiş oldu.
O, gəmilərini
şimal istiqamətinə gətirdi.
Doğma Steyten-Aylenddə
tikdirdiyi təmtəraqlı, amma çox zövqsüz
üçmərtəbəli saray onun kim olduğunun göstəricisi
idi. Amerikadakı elita bütün bunlara gülüşlə
yanaşsa da Vanderbiltin bacarığını qəbul etmək
məcburiyyətində idi. Kartof çipsini kəşf edilməsi
və vaxtında onun istehsalı Korneliusa milyonlarla dollar gəlir
gətirdi. Hətta bununla bağlı qəribə bir əhvalat
da danışırlar. 1853-cü ildə Kornelius otellərin
birində nahar etmək üçün restorana
düşür. Ondan ötrü hazırlanmış kartofun
qalınlığından razı qalmayan Vanderbilt yeməyi
geri qaytarır və tapşırır ki, kartof dilimlərini
yaxşıca qızartsınlar. Varlı müştərini,
artıq Amerikada tanınmaqda olan maqnatı razı salmaq
üçün aşpaz Kram kartof dilimlərini bacardıqca
nazik doğrayıb daha çox yağ əlavə etməklə
yaxşıca qızartmış və üstünə də
duz səpmişdi. Korneliusun bu çox xoşuna gəlmişdi.
Bu təamın üzərində işləyib ondan
yaxşı pul qazana biləcəyinə inanmışdı.
Və belə də olmuşdu. Düzdü, kartoflu
çipsinin patentləşdirilməsindən və gələn
puldan həmmüəllif hesab olunan Corc Krama da kifayət qədər
böyük məbləğ pul ödəmişdi.
MAQNATA ÇEVRİLƏN ADİ ADAM
İllər
ötdü, Kornelius Vanderbilt Amerikanın ən varlı, ən
mötəbər milyonçularından birinə
çevrildi. 1850-ci illərdə artıq onun varidatının
11 milyon dolları ötdüyü bildirilirdi. Hər bir gəlir
gətirə biləcək şeydən bacarıqla istifadə
etmək, lazım gələndə müəyyən yerlərə
sərmayə yatırmaq, puldan pul düzəltmək
Vanderbiltin qeyri-adi biznesmen fərasəti idi. Lakin o, 60
yaşına çatanda daha işləmək, milyonların üstünə milyonlar gətirmək üçün qaç-qova
davam etmək istəmədi. Kornelius nəhayət dincəlmək,
sakit həyat tərzi keçirmək qərarına gəldi.
Özünə o dövr üçün ən nəhəng
və ən konfortlu bir okean yaxtası - "Şimal
ulduzu"nu düzəltdirdi. Bu gəminin dəyəri
yarım milyon dollar məbləğində dəyərləndirilirdi
ki, bu da həmin dövr üçün inanılmaz bir xərc
idi. O bütün ailə üzvləri və dostları ilə
birlikdə Avropa sahillərinə səyahətə
çıxdı. Amma vətənə qayıtdıqdan sonra
özünü biznesdən tam ayıra bilmədi. Nəhayət
Kornelius Vanderbilt Amerikanın dəmiryollarını, gəmiçilik
imperiyasını genişləndirərək yeni-yeni
aksiyalara, istehsal sahələrinə, nəqliyyat vasitələrinə
yiyələndi.
BU DA SON...
Biznesə küçələrdən
başlamış, kasıb, çoxuşaqlı bir ailənin
övladı Kornelius Vanderbilt həyatının sonunda
artıq Amerikanın ən varlı adamı hesab edilirdi. Onun sərvəti
140 milyon dolları haqlamışdı. Onu Amerika kimi bir
ölkənin "Dəmiryollar kralı"
adlandırırdılar. "Yeni dünyan"nın
iki-üç ən varlı bosslarından biri idi. Amma
övladlarından heç birinin biznes işinə maraq
göstərməməsi bu böyük maqnatı həmişə
narahat edirdi. Təkcə böyük oğlu Uilyam Henri
Vanderbilt nisbətən bu işə meyilli
görünürdü. Bu üzdən də o sərvətinin
əsas hissəsini Uilyama qoymağa qərar verdi. Bir də
xeyriyyə işlərinə pullar ayırdı. 1873-cü ildə
Naşvilldə Mərkəzi Universitetin yaradılması
üçün (sonradan Vanderbild Universiteti adlandı) bir
milyon dollar verdi.
Kornelius 1877-ci ildə
yanvar ayının 4-də gecə-gündüz
çalışıb sərvət yığdığı
dünyaya Nyu-Yorkda əlvida dedi. Oğlu Uilyam Henri
atasının biznesini davam etdirdi, hətta müəyyən
dövrlərdə həmin varidatı iki qat artıra da bildi.
Amma dünyanın əzəli və əbədi
qanunlarından biri - həyatda heç nə əbədi deyil
- burada da özünü bir daha təsdiqlədi. Kornelius Vanderbiltin
oğlu toplanmış puldan şöhrətdən istifadə
edə bilsə də nəvələri bunu bacarmadılar.
İndi o nəhəg biznes imperiyasından yalnız bir muzey,
bir də vaxtıyla yaxtalarda düzənlənən qəbullardan,
təmtəraqlı gecələrdən bəhs edən xatirələr
qalıb. Hazırda milyonçuların sırasında
Vanderbiltlərdən bir şəxs belə yoxdur.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 22 fevral.- S. 5.