"DİFAİ" PARTİYASININ YARANMASI

 

(Əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Partiyanın proqramından göründüyü kimi, "Difai" partiyası öz fəaliyyətinin xarakterinə və taktikasına görə çar Rusiyası ərazisində fəaliyyətə başlamış o biri siyasi partiyalardan bir qədər fərqlənirdi. Digər siyasi partiyalar milli məsələdə, milli dövlət quruculuğu məsələlərində konkret siyasi tələblər irəli sürür, seçkilərdə iştirak yolu ilə fəal siyasi mübarizə aparırdı. "Difai" isə ciddi konspirasiya şəraitində fəaliyyət göstərir, mədəni tərbiyə işinə, xalq qüvvələrinin konkret şəxslərlə, yerli çar adminstrasiyasının ali vəzifəli nümayəndələri və ya təşkilatlar ilə ("Daşnaksutyun" kimi) mübarizədə sıx birləşməsi və təşkilatlanması məsələsinə daha çox diqqət yetirirdi. Yelizavetpol qubernatorunun 19 avqust 1907-ci il tarixli raportu buna sübutdur. Qubernator həmin raportda qeyd edirdi ki, "Difai" partiyası cəmiyyətin geniş təbəqələri arasında hələlik heç bir siyasi tələb irəli sürmür. Lakin sonradan aydın oldu ki, bu, partiya rəhbərlərinin düşünülmüş taktikası idi. Onlar mərkəzi hökuməti qorxutmaq üçün prespektiv planlarını bəyan etmirdilər. Partiya əsasən formalaşdıqdan sonra isə siyasi ideyalar: ilk müstəqil türk dövlətinin yaradılması ideyası ön plana keçdi. Bu, "Difai"ni Azərbaycanda ilk milli siyasi partiya hesab etməyə əsas verir. Qubernator eyni zamanda hökuməti ehtiyatlı olmağa çağırırdı: "Güman edirəm ki, yaxın gələcəkdə bu partiya geniş inzibati, mənəvi və məhkəmə özünüidarəsi məsələləri ilə məşğul olacaq və çox güman ki, gələcəkdə Qafqazın və Zaqafqaziyanın müsəlman vilayətlərinin muxtariyyətini təbliğ etməyə başlayacaqdır".

Rəsmi sənədlərdən göründüyü kimi, əksər hallarda partiya üzvlüyünə əhalinin orta və aşağı siniflərinin mənsub olan şəxslər: tacirlər, kəndlilər, tələbələr və sərbəst peşə sahibləri - həkimlər, öz liberal baxışları ilə tanınmış vəkillər qəbul edilirdi. Şəriət ideyalarının təbliğ edilməsi onu göstərirdi ki, ruhanilər arasında da bu partiyanın tərəfdarları vardı. Bəylərin və xanımların, yəni müsəlman zadəganlarının nümayəndələrinin partiyaya daxil olması isə çətin idi, çünki "Difai" partiyası onları xalqın zülmkarları, rus hökumətinin tərəfdarları hesab edirdi. Bu fikirlər "Difai" partiyası rəhbərlərinin, bəzi tarixçilərin təsvir etməyə çalışdıqları kimi panislamizm və pantürkizim ideyalarına deyil, o dövrdə populyar olan sosial-demokratiya ideyalarına sadiq olmasını təsdiq edir. Nəzərə almaq lazımdır ki, partiya öz son məqsədlərinə nail olmaq üçün cəmiyyətin bütün sosial təbəqələrinin əhvalını və istəyini nəzərə almalı və bunu öz rəsmi proqramlarında əks etdirməli idi. Partiya diyarda zemstvo özünüidarəsi təsis etmək, həmçinin 1870-ci ilin məhkəmə islahatından sonra mərkəzi Rusiyada olduğu kimi məhkəmə müəssisələrini yenidən təşkil etməyi nəzərdə tutulurdu. Görünür, həmin proqramın tam variantı partiyanın ən iri bölməsi olan "Qarabağ Birlik Məclisi"nin 1907-ci il oktyabr ayında dərc etdiyi və partiya üzvləri üçün rəhbər sənəd olan proqram idi. Bundan əlavə, proqramın əsas müddəaları "Difai"nin proklamasiyalarında öz əksini tapmışdır.

Səciyyəvi haldır ki, bolşeviklər dərhal "Difai"nin yaradılmasını öz mətbuat səhifələrində pisləməyə başladılar. Hümmətçi bolşeviklərin "Təkamül" qəzeti yazırdı ki, millətlərarası münaqişələrdə həm müsəlman, həm də erməni millətçiləri guya bərabər dərəcədə təqsirkar olduğuna görə bizim "bir "Daşnaksutyun"la birləşərək o birisinə qarşı çıxış etməyimiz yaraşmaz. Biz onlara ciddi müqavimət göstərməliyik". Qəzetin başqa bir nömrəsində deyilir: "Biz təkcə "Daşnaksutyun"a qarşı deyil, həm də "Daşnaksutyun"a oxşayan müsəlman burjua qruplaşmalarına qarşı çıxış edirik. "Difai" partiyası Qafqaz xalqlarının azadlığının və müstəqilliyinin müdafiəsi işində erməni daşnaksakanları və gürcü federalistləri ilə həmrəydir və onların yolu ilə gedir". Burada biz yenə təcavüzkara və onun qurbanına eyni münasibətin, qondarma bərabər təqsir prinsipinin şahidiyik. Bolşeviklər münaqişənin mahiyyətindən qəsdən yan keçərək həm "Daşnaksutyun"a, həm də "Difai" partiyasına qarşı mübarizə aparmağa çağırırdılar.

Qeyd etdiyimiz kimi, partiyanın mərkəzi komitəsi Bakıda yerləşirdi. Polis məruzələrində MK üzvləri arasında aşağıdakıların adları çəkilir - 1) Əhməd bəy Ağayev - "İrşad" qəzetinin redaktoru; 2) Qarabəy Qarabəyov - həkim, "Hümmət" təşkilatına mənsub idi və eyni zamanda "Difai"nin üzvü idi; 3) Məmmədhəsən Hacınski; 4) İsa bəy Aşurbəyov - Ağayevin ən yaxın məsləkdaşı, onun sağ əli: agentura məlumatlarına görə "İrşad" qəzeti əsasən Aşurbəyovun vəsaiti hesabına saxlanırdı; 5) Behbud Cavanşirski; 6) Niftalı bəy Behbudov.

Gördüyümüz kimi, "Difai"nin Mərkəzi Komitəsinə başqa partiyaların üzvləri də daxil idi. O dövrdə bu hal çox səciyyəvi idi. Bir sıra partiya xadimləri bir təşkilatdan digərinə keçir, ya da eyni vaxtda bir neçə partiyanın üzvü olurdular. Sonradan eyni mənzərəni "Müdafiə" partiyasında da müşahidə etmək olardı. Gəncə, Zəyəm, Qazax, Borçalı və başqa mahallarda "Difai"nin keçmiş üzvlərinin bəziləri "Müdafiə partiyasının üzvləri olmuşlar. X.Məmmədov arxiv məlumatlarına istinadla göstərir ki, M.Ə.Rəsulzadə də "Difai" partiyasının üzvləri sırasında olmuşdur. "Difai" partiyası daim təqiblərə məruz qalır, hakimiyyət orqanları onu müşahidə altında saxlayırdı. Buna görə o, leqal xeyriyyə cəmiyyətlərinin himayəsi altında Mərkəzi Müsəlman Xeyriyyə Cəmiyyəti adı ilə fəaliyyət göstərməyə məcbur idi.

Ə.Ağayev müstəsna olmaqla Bakıdakı MK üzvlərinin "Difai"də iştirakı kifayət qədər formal xarakter daşıyırdı, çünki partiyanın əsas fəaliyyəti Bakının hüdudlarından kənarda cərəyan edirdi. Qısa müddətdə o, Azərbaycanın qərb qəzalarını - Şüşa, Zəngəzur, Qaryagin, Cavanşir qəzalarını və Gəncə şəhərini əhatə etmişdi. İ.Bağırova öz təqdimatında arxiv məlumatları əsasında müəyyən etmişdir ki, partiya üzvlərinin ümumi sayı 1000 nəfərdən çox olmuşdur. Bu nəticələr ona əsaslanırdı ki, əvvələn, partiyanın yerli (qəza) komitələrinə 7-15 nəfər daxil idi. Təxminən eyni sayda (6 nəfərdən 17 nəfərə qədər) təbliğatçı olurdu. İkincisi, partiya komitələrinin 7 şəhərdə - Şuşa, Gəncə, Ağdam, Bərdə, Yevlax, Qaryagin və Cəbrayılda fəaliyyət göstərdiyini nəzərə alsaq, Bakı da daxil olmaqla, partiya fəallarının ümumi sayı 160 nəfər idi. Bundan əlavə hər bir komitənin döyüş drujinası vardı. Belə drujinalardan ən böyüyünün say tərkibi məlumdur - Şuşa döyüş drujinası 400 nəfərdən ibarət idi. O biri komitələrdə döyüşçülərin sayının bir neçə dəfə az (50 nəfərdən 100 nəfərə qədər) olduğunu fərz etsək, həmin komitələrdə 1907-ci ildə cəmi 900-ə yaxın üzv olmalı idi. Beləliklə, "1917-ci ilə qədər "Difai" istər say tərkibinə görə, istərsə də kütlələrə təsir qüvvəsinə görə, Azərbaycanın ən iri partiyası idi".

 

 

(ardı var)

  

Eldar Əzizov

 

Ədalət.- 2011.- 22 fevral.- S. 6.