GƏNCLİYƏ MƏHƏBBƏTLƏ
Ömrü çiçək qədər oldu, ah!
Kimdən küsdü cavanlığım?
C.Novruz
Şərəfli həyatının
bahar təravətli gənclik illərini, ən gözəl
zamanlarını Azərbaycanın milli mədəniyyətinin,
maarifçiliyinin tərəqqisinə, inkişafına həsr
etmiş professor Əkrəm Cəfər 20-30-cu illərin sənət
aləminə lirik, romantik ovqatlı şeirlər müəllifi
kimi qədəm qoymuş, dövrün ədəbi-bədii
mühitində Məhəmməd Əkrəm, Əkrəm Cəfərzadə
imzaları ilə tanınmışdır.
Turançılıq ənənələrinə sadiq Cavid ədəbi
məktəbinin yetirməsi olan Əkrəm Cəfər
"Maarif və mədəniyyət", "Şərq
qadını" kimi nüfuzlu dərgilərdə
sayılıb-seçilən istedadlı şair-publisist məramı
ilə fəaliyyət göstərmişdir. Məhəbbət
nəğməkarı Mikayıl Müşfiqin, habelə, Səməd
Vurğunun əziz dostu, qardaşı, sirdaşı olmuş
gənc Əkrəm bədii söz sənətinin alovlu tərcümanı
olaraq "Rəsmin", "Zövq içində təhəssür",
"Həyat səsləri", "Hüseyn Cavidə
açıq məktub", "Bir xəyal", "Sevgimin
nəğməsi" kimi ədəbi dairələrin diqqətini
cəlb etmiş onlarla bir-birindən dəyərli poeziya
nümunələri qələmə almışdır.
"Kardeş
edebiyyatın hocalarından biri" (N.Hikmət) olan Əkrəm
Cəfər XX yüzilin filologiya aləmində əsasən
böyük şərqşünas alim kimi tanınsa da,
ömrünün son illərinə qədər bədii
yaradıcılığını davam etdirmiş, heca, sərbəst,
əruz vəznli poetik janrlarda hətta, irihəcmli ədəbi-bədii
əsərlər yaratmışdır.
Biz yaxın vaxtlarda,
ustadın poeziya qovluqlarını araşdırarkən, onun gəncliyə,
bahara, məhəbbətə, hicran-vüsal fəlsəfəsinə
həsr edilmiş lirik-romantik şeirlərinə rast gəldik.
Respublikamızda hər il olduğu kimi, bu il də qeyd olunan Gənclər
günü münasibətilə Əkrəm Cəfərin
poeziya çələngindən bəzi nümunələri
istəkli oxucuların nəzər-diqqətinə təqdim
edirik.
SOKRAT CƏFƏR
Ədalət.- 2011.- 22 fevral.- S. 7.