Milli ruhun yüksəldilməsində teatrların rolu danılmazdır

 

Milli Məclisin dünən keçirilən iclasında çıxış edən millət vəkili, Elmira Axundova isə teatrlardan danışıb. O qeyd edib ki, hər bir xalqın mədəniyyətinin inkişafında və yaşadılmasında teatrların rolu danılmazdır: "Müasir dünyamızda teatrların inkişaf səviyyəsi xalqın mədəniyyətinin inkişafının göstəricisi kimi qəbul olunur. Bu baxımdan ölkəmizdə teatrların maddi texniki bazasının yaxşılaşdırılması, yeni və təmirli binalarla təmin edilməsi, teatrlara dövlət qayğısının artırılması yüksək qiymətləndirilməlidir. Xatırladım ki, bir neçə il bundan əvvəl bəzi teatrlarımızın, məsələn, Bakı Bələdiyyə, Pantomima, Şuşa Teatrlarının öz binaları yox idi. Yeri gəlmişkən onu da qeyd edim ki, Bakı Bələdiyyə Teartı ümummilli lider Heydər Əliyevin tövsiyyəsi ilə Bakı İcra Hakimiyyətinin nəzdində 1990-cı illərin əvvəllərində yaradılmışdır. Sevimli aktrisamız, Respublikanın Xalq artisti Amalya Pənahovanın bədii rəhbərliyi altında 110 nəfərlik işçi heyəti ilə fəaliyyət göstərən bu teatrın müharibə dövründə xüsusilə böyük xidmətləri olmuşdur".

Onun sözlərinə görə məhz bu teatr həmin çətin dövrdə əsgərlərin ruh yüksəkliyinin artırılması məqsədilə ön cəbhədə vətənpərvərlik mövzusunda çoxlu sayda teatr tamaşası nümayiş etdirib.

O cümlədən Pantamimo və Şuşa Teatları da öz binalarından məhrum olsalar da, böyük zəhmət nəticəsində mövcudluğunu və öz tamaşaçılarını saxlaya biliblər: "Teatrların əhəmiyyətini bilən ölkə rəhbəri cənab İlham Əliyev 29 dekabr 2006-cı ildə "Teatr və teatr fəaliyyəti haqqında" Qanunu və 18 may 2009-cu il tarixdə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Cənab Prezident dəfələrlə bildirib ki, Azərbaycanın heç bir teatrı binasız qalmamalıdır. Bütün bunları nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə adları çəkilən teatrlara kinoteatr binalarında yer verilmişdir. Belə ki, Bakı Bələdiyyə Teatrına "Drujba", Pantomima teatrına "Şəfəq", Şuşa teatrına isə "Savalan" kinoteatrlarında yer verildi".

Xanım deputat onu da bildirib ki, adlarını çəkdiyi kinoteatrların fəaliyyətinə nəzər salsaq görərik ki, bunlar uzun illər heç öz təyinatları üzrə fəaliyyət göstərmir: "Bu binalardan mebel salonu, alqı-satqı ofisləri, un məmulatları bişirilən yer - pekarnı kimi iştifadə olunur. Hətta bəzi binalar bomj sığınacaqlarına, narkomanların toplantı yerinə, əxlaqsızlıq yuvasına çevriliblər. Bütün bunlar dözülməz və ürəkağrıdıcı faktlardır.

Vaxtilə bütün ölkə ərazisində, Bakıda və rayonlarımızda mədəniyyət klubları fəaliyyət göstərərdi, bədii özfəaliyyət dərnəkləri yüksək səviyyəli çıxışları ilə qəlbləri oxşayardı. İndi isə bunların heç birindən əsər-əlamət də qalmayıb. Bu mədəniyyət klublarının əksəriyyəti hal-hazırda özəlləşdirilib və kommersiya məqsədi ilə istifadə olunur".

Millət vəkili deyib ki, bu teatrlara kinoteatr binasında yer verilməsi müsbət haldır. Amma bu yer sığınacaq kimi olmamalıdır. Yəni kinoteatrda teatr üçün 2-3 otaq verməklə məsələni həll etmək olmaz: "Çünki teatr kollektivinə bu binalarda fəaliyyət göstərməyə, tamaşaları səhnələşdirməyə, öz tamaşaçı kütləsini bura toplamağa şərait yaradılmalıdır. Artıq həmin kinoteatrlarda öz biznesin qurmuş, buradan öz mülkiyyəti kimi istifadə edən kinoteatr direktorları müxtəlif vasitələrlə teatrların həmin binalarda fəaliyyətinə əngəllər törədirlər. Buna görə də mən müvafiq qurumlardan xahiş edirəm ki, bu mafiyaya son qoyulsun və teatrların həmin binalardakı səmərəli fəaliyyətinə şərait yaradılsın.

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq mən belə bir təşəbbüslə çıxış etmək istəyirəm ki, adları çəkilən "Drujba", "Şəfəq" və "Savalan" kinoteatrları müvafiq teatrların balansına verilsin, onlara digər teatrlarımıza olduğu kimi vəsait ayrılsın və bu binalar əsaslı təmir olunsunlar.

Bununla da teatr sevərlərin zövqünü oxşayan tamaşalarının nümayişini təmin edər və ümumilikdə teatr mədəniyyətimizin inkişafına böyük töhfə vermiş olarıq".

 

 

Gültəkin

 

Ədalət.- 2011.- 23 fevral.- S. 2.