Mətbuat Şurasında görüş keçirildi

 

Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milzlə görüş keçirilib. MŞ-dən APA-ya verilən məlumata görə, tədbirdəİdarə Heyətinin üzvləri ilə yanaşı, ölkə nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Qeyd edək ki, BMİ dünyanın nüfuzlu media birliklərindən olmaqla BMT-nin UNESCO-nun toplantılarında məşvərətçi səs hüququna malikdir.

Toplantını açan Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə Şuranın fəaliyyət istiqamətləri barədə məlumat verib. Ə.Amaşov bildirib ki, Şura hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyət həyata keçirməkdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yüksəldilməsinə, reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin tətbiqinə, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır: "İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq".

Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var. Milli Komitələrinin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: "Səfərimizdə məqsəd Milli Komitənin fəaliyyəti ilə daha yaxından tanış olmaqla yanaşı, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir. Düşünürəm ki, sizlərlə diskussiyalarımız əsasən mövcud istiqamətdə gedəcək".

BMİ-nin mətbuat, kommunikasiya məsələləri üzrə meneceri A.Milz çıxışında diqqəti qurumun konfliktli bölgələrin jurnalistləri arasında dialoq yaratmaq təcrübəsinə yönəldib. O bildirib ki, təşkilatın tarixində İkinci Dünya Müharibəsindən sonra Fransa və Almaniya jurnalistlərini bir araya gətirmək kimi praktika mövcuddur: "İsrail və Fələstin jurnalistləri arasında da görüş keçirmişik. İlk növbədə çalışırıq ki, media təmsilçiləri özlərinin daşıdıqları missiyanı unutmasınlar. Onları hadisə və proseslərə münasibətdə peşəkar olmağa çağırırıq".

Azəri Press Agentliyinin (APA) baş direktoru Vüsalə Mahirqızı diqqəti Azərbaycan və Ermənistan jurnalistlərini bir araya gətirən görüşlərin zaman-zaman baş tutduğuna çəkib. Hər iki ölkənin media təmsilçilərinin müxtəlif tədbirlərdə də görüşdüyünü deyən baş direktor bildirib ki, əsas məsələ Azərbaycan və Ermənistan rəsmilərinin ortaq mövqeyə gəlməsində, yaranmış konflikti həll etməsindədir. "Diffamasiyaya gəldikdə, Azərbaycan prezidenti elə bu salonda Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə məsələnin vacibliyini vurğuladı. Amma başqa problemlərimiz də var. Ölkədə ilk mənbədən informasiya alınması sahəsində çətinliklər mövcuddur. Bir sıra mətbuat xidmətlərində çalışanlar öz missiyalarının nədən ibarət olduğunu yetərincə dərk etmirlər. Məncə, bu məsələdə təhsil də önəmli faktordur. Ali məktəblərdə ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssislərin yetişdirilməsinə ehtiyac duyulur. Eyni zamanda media-menecment əlaqələri də önəmlidir. İstərdik ki, Beynəlxalq Mətbuat İnstitutu mövcud istiqamətlərdə Azərbaycan jurnalistikasına yardımçı olsun, seminarlar, treninq-məşğələlər və sair bu kimi maarifləndirici tədbirlər keçirsin".

Tədbirdə digər kütləvi informasiya vasitələrinin rəhbərləri də çıxış edərək fikirlərini söyləyiblər.

 

 

Ədalət.- 2011.- 23 fevral.- S. 2.