55-ə ÇATMADIN
Niyə belə etdin, qardaş?..
İkinci dəfə idi ki, telefonum belə
zəng çalırdı...
İkinci dəfə idi ki, səhərin
gözü açılmamış
səslənən telefonum
məni vahimələndirirdi...
İkinci dəfə idi ki, telefona
belə qorxa-qorxa yaxınlaşırdım, ehtiyatla
əl uzadırdım...
İkinci dəfə idi ki, ürəyimdən
sanki nə isə qırılırdı, nə
isə qopurdu... Onda da belə
olmuşdu. Dostum Vahid Əlifoğlunun ölüm xəbərini
də belə sübh çağı, bu lənət olmuş telefon mənə çatdırmışdı.
İndi də səsindən hiss elədim ki, qara xəbər gətirib mənə. Elə də oldu...
O mənim
üçün təkcə qohum deyildi, təkcə
atamın bacısı oğlu deyildi. O mənim
üçün daha çox qardaş idi, dost idi.
Çünki aramızda yaş fərqi çox az
olduğundan uşaqlığımız bir keçmişdi. Bir
kənddə, az qala bir evdə böyümüşdük. Tələbəliyimiz
də bir keçdi. Bir yerdə kirayənişin
yaşadıq. Bir yerdə yağlı-yavan,
şor-çörək - nə oldusa bölüşüb, təhsil
aldıq və bu bölüşdüklərimizin içərisində
ən çox fikirlərimiz, duyğularımız,
arzularımız bizi doğmalaşdırırdı,
bir-birimizə bağlayırdı... Bu bağlılıq o qədər
möhkəm, o qədər qırılmaz, qorxmaz idi ki, mən
onun nə vaxtsa qırılacağına, nə vaxtsa mən
yarı yolda qoyacağına inanmazdım. Hətta bunu mənə
desələr də, sübut etməyə
çalışsalar da inanmazdım. Çünki mən onda
bütün həyatım boyu ancaq sədaqət, mərdanəlik,
dözüm və bir də diqqət görmüşdüm. Xüsusi
ilə onda olan diqqət, onda olan yanımlılıq hissi məni
öz əsarəti altına almışdı. İstər-istəməz
onun kimi diqqətli, qayğıkeş olmağa
çalışmışdım. İstəmişdim ki, mənim
hərəkətlərim, mənim davranışım onu
sıxmasın, onu incitməsin, əksinə mənimlə
öyünsün, qürur hissi yaşasın...
Uşaqlığı
zülümlə keçdi - əl boyda uşaq idi,
gözümüzün qarşısında yanan təndirə
düşdü. Bir anın içərisində alov
bürüdü onu, güclə xilas etdilər. Eləcə
başladı məşəqqətli həyatı. Orta məktəbdə
oxuduğu illərdə anasını itirdi, sonra
atasını. Gördü dünyanın sərt üzlərini.
Daddı acı sillələrini. İçində nələr
yaşadı, nələr qurdu, deyə bilmərəm.
Çünki dərdini, ağrısını bölməkdən
çox, sevincini bölməyə
çalışırdı. İstəmirdi ki, kimisə dərdləriynən,
qəmləriynən yükləsin. İstəmirdi ki, kimsə
ona acısın, kimsə ona mərhəmət hissi ilə
yanaşsın. Sığışdırmırdı
özünə belə şeyləri. Dişiylə,
dırnağıyla qazanırdı hər şeyi.
Cırmaqlaya-cırmaqlaya qoparırdı dünyadan halal qismətini.
Təsəvvür edin ki, həyatının 7 ilini ali məktəbə
qəbul olmaq üçün israrla sərf etdi. Nəhayət
ki, istəyinə çatdı, arzusuna qovuşdu. 7 ildən
sonra Dövlət Universitetinin hüquq fakültəsinə qəbul
olundu. Bu onun arzularına, istəklərinə gedən yolun
ilk uğuru idi. Buna qədər Bakının çox qədim
nəqliyyat vasitələrindən olan tramvayın
sükanı arxasında əyləşmişdi. Elə o
sükanın arxasında Bakını gəzib
dolaşmış, bu şəhərə
bağlanmışdı. Ona görə də əməyin də,
yuxusuzluğun da nə olduğunu, hər gün mənzil
başına daşıdığı sərnişinlərin
psixologiyasının çalarını da özü
üçün əxz eləmişdi. O, təhsilə həyatın
dibindən gəlirdi. Ona görə də oxumaq onun
üçün çətin deyildi. Özünün dediyi
kimi, dizini yerə atıb qalın-qalın kitabların
içərisində yorulmadan, usanmadan oxuyur, öyrənirdi.
Universiteti bitirdi və əmək
fəaliyyətinə Sabirabad rayon Prokurorluğunda müstəntiq
kimi başladı. Sonra müxtəlif rayonlarda prokuror
müavini, prokuror köməkçisi, prokuror əvəzi
işlədi. Hamı ilə dost oldu, hamıya qayğı
göstərdi və hamıdan da qayğı gördü. Bir
xeyirdən, bir şərdən qalmadı. Yəni
adını bildiyi, üz-üzə gəldiyi hər kəsin
çətin anında yanında olmağa
çalışdı. İstədi ki, haya çatsın,
kömək göstərsin, diqqət ayırsın... Ötən
ilin yayında qonağı oldum. Xeyli söhbət etdik.
İlk dəfə idi ki, ailə-uşaqla paytaxtdan
çıxıb dağlara tərəf üz tuturdum.
Yolüstü dayanmışdım, onun işlədiyi Ucar
rayonunda. Məni bir balaca danladı, uşaqlara diqqət yetirməyi,
qayğı göstərməyimi istədi və sonra da dedi
ki, nə lazımdısa mən də edəcəm. Oğluna
(yanımda olan Babəki göstərdi-Ə.M) oxuması
üçün nə lazımdısa elə. Qoy bu həyatda
hər şeyi elminin gücünə əldə eləsin.
Bax beləcə böyüklük göstərdi. Biz yola
düşəndə oğlumu möhkəm-möhkəm
öpdü. Ondan ayrılanda bildim ki, uşağın cibinə
pul da qoyub və yavaşca qulağına
pıçıldayıb ki, bunu özün üçün
xərcləyərsən, tələbəsən. Mən bilirəm
tələbənin ehtiyaclarını...
Hə, elə bu günlərdə
zəng vurmuşdu. Yenə Babəklə bağlı, onun dərsləri
ilə əlaqədar mənə iradlarını bildirdi.
Uşağın ingilis dili kursuna göndərilməsini
tövsiyə elədi. İmkansızlığı dilə gətirəndə,
xərcini əmisi çəkəcək - dedi. Beləcə
qayğı göstərirdi özümə də, ailəmə
də. Arxada qalan bazar ertəsində görüşməli
idik. Çünki ötən həftənin cümə
günü telefonla danışmışdıq. Demişdi ki,
1-ci gün şəhərdə olacam. Mən də
sözarası xatırlatdım ki, bəs kitabıma sponsorluq
edəcəyini söz vermisən. Gülə-gülə dedi
ki, şair, (o əhvalı yaxşı olanda mənə belə
müraciət edirdi-Ə.M) gələcəm şəhərə
birlikdə hesablayarıq. Görək kitabının xərci
nə qədərdi. Həll eləyərik, fikir eləmə.
Mən də bir az da ərkyanalıq
etdim, bir az da irəli gedib zarafatla dedim ki, elə bir kitabla
qutarırsan söhbəti? Özünəməxsus şəkildə
güldü və gülə-gülə də dedi:
- Şair, ağ eləmə
də. Özün bilirsən ki, qayğılar çoxdu.
İnşallah gələcəkdə də nəsə eləyərik.
Bax beləcə,
danışdıq və gülə-gülə də
ayrıldıq. Ayrıldı ki, 1-ci gün görüşək.
Amma ilk dəfə sözünə düz
çıxmadı, sözünü tutmadı. Mən onu 1-ci
gün gözləyirdim. O, isə şənbə günü
gəldi, daha doğrusu onu şənbə günü gətirdilər...
Şənbə
günü səhər-səhər telefonum zəng
çaldı. Bu acı xəbəri telefon mənə
çatdırdı. Yerimdə donub qaldım. Yer-göy
başıma fırlandı. Hiss etdim ki, ürəyimdən nə
isə qırılıb düşdü. Hiss etdim ki, təkləndim,
tək qaldım bu dünyada. Hiss etdim ki, güvənc yerim,
arxam, dayağım məni tərk etdi. Hiss etdim ki, mən də
kimsəsizləşdim. Və bir də hiss etdim ki, o
özüylə birlikdə mənim ömrümün, həyatımın
böyük bir hissəsini götürüb apardı. Yerində
xatirələri qaldı...
Dünyada ən
qaçılmaz və qorunması mümkün olmayan bir həqiqət
var. O da ölümdü. Ondan heç kim qaçıb,
qurtula bilmir. İstəyir müqəddəs adam ol, istəyir
asi bəndə, fərq etməz. Həyatın son ucu
ölümdü. Hər kəsin qədəri olan
ölüm. Onun nə vaxt gələcəyi, harda yolunu
bağlayıb səni həyat atından düşürəcəyi
sirri - Xudadı. Onu yalnız sirr sahibi bilir. Amma ömür
payını yaşamaq, yaşaya-yaşaya da kimlərisə
maddi və mənəvi cəhətdən yaşatmaq hər kəsin
alnına yazılmır. Çünki insanlar da müxtəlifdilər,
alın yazıları da müxtəlifdi, qismət də, qədər
də müxtəlifdi. Bax bu müxtəlifliyin içərisində
əsl insan olmaq, hər insan kimi diqqət, qayğı
göstərmək onun da payına düşmüşdü.
Allaha, müqəddəslərə o qədər bağlı
idi ki, bir an da olsun onları, eləcə də yaşca
özündən böyük olan insanları,
ağsaqqaları, ağbirçəkləri həmişə
ürəyinin başında gəzdirir, uca tuturdu, ehtiram
göstərirdi. Qəribə xüsusiyyəti var idi. Bir anda
uşaqla uşaq olurdu, yaşlıyla da yaşlı. O qədər
böyük ürəyi var idi, amma orda kiməsə nifrətə
yer saxlamırdı. İmkan vermirdi ki, kiminsə haqqında mənasız,
yersiz söz-söhbət olsun. Və hər kəsə də
məsləhət görürdü ki, Allahı
başınızın üstündə görün,
Allahı unutmayın. Haqqı nahaqqa verməyin...
Həftənin 1-ci
günü onu torpağa tapşırdıq. Ələsgər
Rəşid oğlu Bayramov bizlərdən, doğmalardan,
dostlardan, iş yoldaşlarından ayrılıb haqqa
qovuşmağa, Tanrı dərgahında yer tutmağa yola
salındı, getdi. Bilmirəm, başqaları necə, amma mən
onun dəfninə gələn tələbə
yoldaşlarımızın, dostlarımızın, ümumiyyətlə,
bu mərasimə qatılanları müşahidə edə-edə,
hər kəsin üz-gözündən bir şey oxudum. Sanki
hamının üz-gözünə yazılmışdı:
- Axı, sənin
dünyadan köçən yaşın, vaxtın deyildi.
Axı sən bu vaxtsız ölümə layiq deyildin. Axı
sən belə gedəsi oğul deyildin...
Yayda iyul ayında
yığışıb 55 yaşını keçirəcəydik.
Birtəhər boynuna qoymuşdum ki, balaca bir məclis
qursun. Güclə saqqızını oğurlamışdım. Razılıq vermişdi. Bu
arzumuz da ürəyimizdə qaldı.
Bu arzuya da
qovuşa bilmədik.
Heyif...
Bilmirəm heç nə yazıram, nəyə təəssüflənirəm, amma həqiqətən də bu son bir neçə gündə içimdə
çox şeylər
alt-üst oldu. Təkcə bir
təsəlli qazandım.
O da dostların, doğmaların sırası
idi. Tələbə yoldaşlarımızı boy-boya
görəndə bir az dözüm
tapdım, bir az dayaq yerimizin
hələ qaldığına
inandım və hamının da Ələsgərin ölümü
üçün göynəməsi,
yaşlarının bu
çağında bu
tələbə dostların
necə için-için
ağlaması məni
bir az sakitləşdirdi.
Deməli, sən hamımızdan
getdin. Deməli, sən hamımızın
itkisisən. Heyf. Görünür
"Allah sevdiklərini daha
tez aparır" - kəlamı həqiqət
imiş... Sən bu dünyada yaşadığın illər
ərzində hamımız
üçün bir şam oldun, bir işıq oldun və şam
kimi də yandın, hər kəsə işıq saldın və şam kimi də
söndün...
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 23 fevral.- S. 4.