"Qarabağ Birlik Məclisi": təşkilati strukturu proqramı

 

(Əvvəli ötən saylarımızda)

 

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

"Difai" partiyasının ən çoxsaylı, nüfuzlu və fəal bölməsi mərkəzi Şuşada olan Qarabağ bölməsi idi. Bu bölmədə 400-ə yaxın üzv vardı. 1907-ci ilin ortalarından həmin bölmə "Qarabağ Birlik Məclisi" adlanırdı. Cavanşir qəzasının rəisi 1907-ci il dekabrın 7-də Yelizavetpol qubernatoruna məktub yazırdı ki, "Qarabağ Birlik Məclisi" müsəlmanların "Hidayət" xeyriyyə cəmiyyətinin himayəsi altında yaradılmışdır. Məclisin yaradılmasından əvvəl Cənubi Qafqaz, Şimali Qafqaz və Krım müsəlmanlarının qurultayı keçirilmişdir. 1907-ci ilin mart aynda Yelizavetpol şəhər qlavası Əsgərağa Adıgözəlovun evində keçirilmiş bu qurultayda Bakı xanları da iştirak edirdi. Qurultayın işində İsmayıl bəy Qaspinski də iştirak etmişdir. Qurultay qərara almışdır: "1) "Daşnaksutyun"a bənzər olan Zaqafqaziya Müsəlman İttifaqı (Krım nümayəndələrinin iştirakı ilə) təşkil edilsin və sonuncu kimi terror yolu ilə hökumətdən güzəştlərə nail olunsun; 2) cari ilin baharında Qarabağda erməni "xumbaları" müqabilində Cəfər bəy Vəzirov başda olmaqla "Difai" dəstələri yerləşdirilsin". Zaqafqaziya Müsəlman İttifaqının başçısı vəzifəsinə əvvəlcə Ələkbər bəy Rəfibəyovun namizədliyi təklif edilmişdir, lakin səsvermədən sonra bu vəzifəyə Dövlət Dumasının sabiq üzvü İsmayıl bəy Ziyadxanov seçildi. İlk növbədə adminstrasiya və məhkəmə nümayəndələrini terrora məruz qoymaq nəzərdə tutulurdu. Daha bir maraqlı qərar qəbul edilmişdir. Əgər həmin qərar praktiki olaraq həyata keçirilsəydi, regiondakı tarixi hadisələrin bütün gedişini dəyişə bilərdi. Bakı kapitalistləri Tağıyevlərin və Əsədullayevlərin köməyi ilə Ağdam yaxınlığında knyaz Usmiyevlərin malikanələrini ermənilərdən almaq, eləcə də "yalnız müsəlmanların məskunlaşdırılması, şuşalıların hökmən Şuşada yaşamağa məcbur edilməsi və ümumiyyətlə, Qarabağın müsəlman əyalətinə çevrilməsi üçün" Ağdamdan başlamış Xocalı stansiyasına qədər bütün torpaqları ermənilərdən almaq qərara alınmışdır".

Yelizavetpol qurultayının demək olar ki, bütün qərargahları kağız üzərində qaldı. Zaqafqaziya Müsəlman İttifaqı yaradılmadı, torpaqlar ermənilərdən alınmadı. Erməni tarixçisi Q.Qaloyanın fikrincə, "Difai"nin planının puç olmasının iki səbəbi vardı: "Əvvələn ona görə ki, heç bir erməni öz evini müsəlmanlara qoyub getməyə razılaşmadı. İkincisi, Birinci Rus İnqilabı məğlub olandan sonra Rusiyanın Zaqafqaziyada mövqeləri yenidən möhkəmlənmişdi və o, yol vermədi ki, hər hansı millətçi inqilabi təşkilat orada öz separatist siyasətini yeritməyə cəhd göstərsin". Qurultayın qərarlarından yalnız biri - "Difai"nin Qarabağ bölməsinin yaradılması planı praktikada həyata keçirildi. Şuşa komitəsi başda olmaqla "Qarabağ Birlik Məclisi" yaradıldı. Bu təşkilat 1907-ci il avqustun əvvəlində Əhməd bəy Ağayev Şuşaya gələndən sonra yaradıldı. O, Şuşada nüfuzlu və hörmətli tatarların məclisini təşkil etdi. "Qarabağ Birlik Məclisi"nin fəaliyyət sahəsi Şuşa, Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur qəzalarını əhatə edirdi.

Qarabağ məclisinin sosial tərkibinin müxtəlifliyi onun səciyyəvi cəhəti idi. Burada ziyalılar, tacirlər və ruhanilərlə yanaşı kəndlilər, o cümlədən varlı kəndlilərin də xeyli hissəsi təmsil olunmuşdu. İrəlidə görəcəyimiz kimi onları buraya cəlb edən partiyanın proqramının aqrar və sosial bölmələri idi. Bundan əlavə, Cavanşir qəza rəisinin işlər müdiri knyaz Candiyerinin Yelizavetpol qubernatoruna raportundan bəlli olur ki, Qarabağ xanlarının xeyli hissəsi (təxminən 100 nəfər) Qarabağ komissiyasının xalqa çox güclü təsirindən narahat olaraq, "proqramın hökumət nümayəndələrinə və müəssisələrinə zidd olan bəzi bəndlərini rədd edərək xalqla və bu cəmiyyətlə əlbir olacaqlarına sədaqət andı içmişlər". Düzdür, onların çoxu müvəqqəti cığırdaşlar, bəziləri isə hətta provokator və xəbərçi oldu, lakin onların partiyaya daxil olması faktının özü "Məclis"in Qarabağda çox populyar olmasına sübut idi. Yelizavetpol qubernatoru dəftərxanasının və Qafqaz rayon mühafizə bölməsinin işlərində həmin mülkədarların məlumatlarından bir neçəsi saxlanmışdır (aşağıda onlardan misal gətirəcəyik - Müəllif). Bu sənədlər bəylərin "Difai" partiyasına düşmən münasibət bəsləməsinin əyani sübutdur.

"Qarabağ Birlik Məclisi"nin və onun bölmələrinin tərkibini nəzərdən keçirərkən ilk növbədə qeyd etməliyik ki, arxiv sənədləri arasında və həmin Məclisin üzvləri arasında yazışmalar, nə partiya iclaslarının keçirilməsi barədə məlumat vardır. Buna görə də aşağıda verilən siyahı yalnız hüquq mühafizə orqanlarının nümayəndələrinin raportlarındakı məlumatlara əsaslanır. Görünür, həmin nümayəndələr "Difai" partiyasının fəaliyyət miqyasını bir qədər şişirtmək üçün təşkilatın həqiqi üzvləri ilə yanaşı özlərinin siyasi cəhətdən etibarsız hesab etdiyi şəxslərin adlarını da bu raportlara daxil etmişlər. Digər tərəfdən, həmin siyahılara daxil olan bəzi şəxslərin, məsələn, partiyanın Yelizavetpol bölməsi üzvlərinin istintaqı barədə əldə olan materiallar göstərir ki, onlar özlərinin "Difai" partiyasına mənsub olmasını tamamilə inkar edirdilər. Müqayisə üçün qeyd edək ki, erməni inqilabi partiyaları öz üzvləri haqqında kimin olması, eləcə də partiya üzvlərinin ailə vəziyyəti və məşğuliyyəti barədə çox ətraflı məlumatlar toplayırdı. Ümumiyyətlə, "Difai"nin hər bir bölməsinin seçki yolu ilə təyin edilən sədri, onun müavini, katibi, xəzinədarı, pul yığmaqla məşğul olan nümayəndəsi və partiyanın bu və ya digər tapşırıqlarını yerinə yetirən bir sıra üzvləri vardı.

Bütövlükdə "Qarabağ" Birlik Məclisinə və Şuşa komitəsinə doktor Əbdülkərim bəy Mehmandarov (1854-1929) başçılıq edirdi. Mehmandarov 1872-1877-ci illərdə Peterburq Tibbi-Cərrahiyyə akademiyasında oxumuş, akademiyanı bitirərək həkim ixtisası almışdır. 1877-1878-ci illərin Rus-Türk müharibəsində orduda sanitar dəstənin heyətində xidmət etmişdir. Əla xidmətinə görə 1878-ci ildə üçüncü dərəcəli Müqəddəs Anna Ordeni almış, bir qədər sonra isə III Aleksandr adına gümüş xatirə medalı ilə təltif edilmişdi. 1881-ci ildə Mehmandarov tibb doktoru dərəcəsi almaq üçün şifahi və praktiki imtahanı uğurla vermiş, Tibb Cərrahiyyə Akademiyasının konfransı ona bu barədə şəhadətnamə vermişdir. Demək olar ki, K.Mehmandarov ali tibb təhsil və doktorluq alimlik dərəcəsi almış ilk azərbaycanlı olmuşdur. 1883-cü ildə hərbi xidməti başa vurandan sonra Mehmandarovun həkimlik fəaliyyəti bütünlüklə Qarabağda səhiyyə işinə həsr edilmişdir. XIX əsrin 90-cı illərində Şuşa qəzasında kənd və qəza həkimi vəzifələrində işləmişdir. 1897-ci ildə həkimlik fəaliyyətinin iyirmi illiyi münasibətilə Mehmandarov ikinci dərəcəli Müqəddəs Anna ordeninə layiq görülmüşdür. O, XX əsrin əvvəlində Qarabağı bürümüş vəba xəstəliyinin yayılmasına qarşı mübarizədə fəal iştirak etmişdir. Mehmandarov bir həkim kimi özünün birbaşa vəzifələri ilə yanaşı, Qarabağda həyata keçirilən müxtəlif mədəni-maarifçilik tədbirlərində də fəal iştirak edirdi. O, Şuşa Xeyriyyə Cəmiyyətinə başçılıq edirdi, sonralar isə Şuşadakı "Nəşri-maarif" maarifçilik cəmiyyətinin rəhbərlərindən biri olmuşdur. 1912-ci ildə onun səyləri nəticəsində Şuşada ilk rus-azərbaycanlı qadın məktəbi açılmışdır. Mehmandarov dördüncü dərəcəli Müqəddəs Vladimr ordeni ilə təltif edilmişdir. Birinci Dünya müharibəsi illərində sanitar kadrlar hazırlanması ilə məşğul olmuşdur.

Şuşa komitəsinin üzvləri arasında Cahangir xan Nurubəyov (sədrin köməkçisi), Xuduş Quliyev (komitənin katibi), Məşədi Şamil Hacıyev (bəy nəslindən olan Ağdam şəhər sakini), Məşədi Məmmədcəfər Cəfər oğlu (İran təbəəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzəhüseyn Kərim oğlu, Şükür bəy Məşədi Ağalar oğlu, Bahadur Sarı Kərim oğlu, Əfrasiyab Hacı Əzim oğlu (Əfrasiyab Əzimov - Şuşa şəhərindən olan meşşan), Məşədi Məmmədcəfər Muxtarov, Hacı Hüseyn Münşiyev, Kərbəlayı Usub Mirsiyabov, Müseyib Sarı Kərim oğlu, Məşədi Yusif Qəhrəman oğlu, Seyidhüseyn Seyidrza oğlu, Məşədi Məhəmməd Əzim oğlu da vardı. Komitənin bütün üzvləri məşvərətçi səsə malik idi. Onlardan bəzilərinin müxtəlif vəzifələri vardı. Məsələn, Məşədi Şamil Hacıyev icra hakimiyyətinin rəisi və təşkilatçısı idi. O, Şuşa və Cavanşir qəzalarını gəzərək bu qəzaların müxtəlif iri mərkəzlərində: Bərdədə, Tərtərdə, Yevlaxda partiyanın yardımçı komitələrini təsis edir, işlərin təşkilinə və aparılmasına dair, eləcə də əhalidən vergi yığılması və başqa tədbirlər barədə lazımi təlimatlar və göstərişlər verirdi. Məşədi Məmmədcəfər eyni işi Zəngəzur və Cəbrayıl qəzalarında yerinə yetirirdi. Bahadır Sarı Kərim oğlu və Əfrasiyab Əzimov Muxtarovun və Hacıyevin əsas köməkçiləri, Münşiyev isə katibi idi.

 

(ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 23 fevral.- S. 6.