ŞANTAJ
İndi Qarabağ problemi ilə bağlı müzakirələrdə
daha çox müharibə variantı haqqında danışılır.
Astana Sammitinin nəticəsiz başa çatması həqiqətən
də Minsk qrupunun himayəsi altında aparılan sülh danışıqlarının
mənasızlığını bir daha təsdiqlədi.
Status-kvonu saxlamaqda maraqlı olan Yerevan həmin sammitdən razı qalsa da Bakı
özünün obyektiv
və sərt etirazını bildirdi. Çünki heç bir təminat yoxdur ki, yalançı
sülh prosesləri daha 20 il davam
etməyəcək.
Bu sonsuzluğa ümid
bağlayan ermənilərə və bu işdə maraqlı
olan qüvvələrə xəbərdarlıq olsun deyə
Azərbaycanın dövlət başçısı öz sərt
mövqeyini açıq şəkildə bəyan edib.
Ölkə rəhbəri bildirib ki, Azərbaycanın səbri
hüdudsuz deyil. Və dövlətimiz öz ərazi
bütövlüyünü bərpa etmək gücündədir.
Məhz prezidentin bu bəyanatının və Azərbaycanın
həqiqətən də işğal altında qalan
torpaqları hərbi yolla azad edə biləcək güc əldə
etməsinin nəticəsidir ki, maraqlı tərəflər
narahatlıq keçirməyə başlayıblar.
Ermənilərin güvəndiyi
"MDB ordusu" - Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının (KTMT) müharibə variantı
işə düşəcəyi təqdirdə ermənilərə
yardım göstərə biləcəyi ideyası da iflasa
uğradı. Çünki Rusiya ekspertləri də bildirirlər
ki, Dağlıq Qarabağ MDB subyekti olmadığı
üçün KTMT-nin hərbi əməliyyatlara müdaxiləsi
real deyil. Hətta hərbi Təşkilatın baş katibi
Nikolay Borduiya bir müddət bundan əvvəl verdiyi
açıqlamalarda KTMT-nin bu cür hərbi əməliyyatlara
müdaxilə edəcəyinin real olmadığını
bildirdi. Və bu həqiqətləri anlayan ermənilər
indi yeni variantlar üzərində baş sındırmağa
başlayıblar. Onların yeganə məqsədi
Rusiyanın artıq Türkiyə və Azərbaycanla
inkişafda olan əməkdaşlığını pozmaq, əvəzində
Moskvanı hər iki dövlətə qarşı
düşmənçilik həddinə gətirməkdir. Belə
olan təqdirdə Ermənistan rahat yaşaya biləcəyinə
əminlik əldə edəcək.
İndi Rusiyaya yönəlik
bütün erməni təbliğatı bu yöndə fəaliyyətini
qurub. Ağılasığmaz ideyalar ortaya atmaqla, Rusiyanı əndişələndirmək
üçün yalanlar uydurur, qərəzli rəy
yaratmağa cəhd edirlər. Bu işdə Rusiyada adları
tanınan erməni elm adamları da fəallıq göstərirlər.
Rusiya geosiyasi problemlər akademiyasının vitse-prezidenti,
akademik Araik Sərkisyan bir müddət öncə mətbuata
verdiyi açıqlamalarda çox böyük iddialardan bəhs
edib. Ermənistanın Rusiya üçün çox
böyük dəyərini, vacibliyini, dünya siyasəti
baxımından Ermənistanın Rusiya üçün vaz
keçilməzliyini "təhlil edib". HATO-nun da Azərbaycanın
ərazi bütövlüyünü tanıdığı
üçün Şimali Atlantika Blokunu da
"vurmağı" unutmayıb. Ardınca da Qərbi
açıqca hədələyib ki, Ermənistanın təhlükəsizliyi
onların da enerji təhlükəsizliyi deməkdir.
"Mən
düşünürəm ki, Qarabağ müharibəsində
və ondan sonra NATO ölkələri geosiyasi, iqtisadi, hərbi
sahədə nə Ermənistana, nə də "Qarabağ
xalqına" kömək göstərmədiyi
üçün indi ermənilər bu təşkilatdan
yaxşı heç nə gözləmirlər. Hətta NATO
bu 20 il ərzində özünün üzvü olan
Türkiyəni məcbur edə bilmir ki, Ermənistanla sərhədlərini
açsın. Faktiki olaraq NATO Ermənistanın
"blokadasını" dəstəkləyir. ...Onları
maraqlandıran yalnız Qərbi Avropaya nəql olunan neft və
qaz kəmərlərinin təhlükəsizliyinin təmin
edilməsidir. Qərbə görə neft və qaz kəmərlərində
sabitlikdirsə, Ermənistan üçün heç bir
problem olmayacaq. Amma onlar həm də ondan ehtiyat edirlər ki,
Azərbaycan birdən müharibəyə başlayarsa Ermənistan
hansı addımları atacaq. Mən birmənalı təminat
verirəm ki, müharibə variantında Ermənistanın istənilən
ali baş komandanı ilk növbədə Azərbaycanı
Avropa ilə bağlayan neft-qaz kəmərlərinə zərbələr
endirəcək".
Qərbə yönəlik
şantaj dolu açıqlamalarının fonunda Qərbi
düşünməyə dəvət edən şovnist erməni
elm adamı sonra hədə-qorxularını Rusiyaya sarı
çevirib. Belə görünür ki, Moskvanın onları
qurban verə biləcəyi qorxusu gerçəkdən
akademiki də narahat edib. "Əgər müharibə
başlasa, heç bir ölkə Ermənistana kömək
etməyəcək. Rusiya yalnız müharibənin pik həddində
yardım göstərə bilər. Əslində Kremldə
bunu yaxşı dərk etməlidirlər, əgər Rusiya
Ermənistanı itirərəsə, bu o deməkdir ki, Moskva həm
də Cənubi Qafqazı, Şimali Qafqazı, Tatarıstanadək,
Başqırdıstanadək olan əraziləri itirəcək.
Qarabağın "itirilməsi" pantükist və
panislamist qrupların birləşməsi demək olacaq.
Türkiyə Avropa İttifaqına üzv ola bilmədiyi
üçün özünü Şərqə tərəf
böyütmək istəyir. İndi deyirlər ki,
Qarabağın "itirilməsi" Rusiyanın xeyirinədir.
Bu absurd fikirdir. Belə olan təqdirdə onun sərhədlərində
radikal islam çiçəklənməyə
başlayacaq".
Qəribədir, bu
üzdəniraq akademikin sözlərindən belə
çıxır ki, Rusiyanın bir dövlət kimi
ölüm-dirim məsələsi birbaşa cındır Ermənistandan
asılıdır. Deyəsən bu üzdəniraq akademik
yaddan çıxarıb ki, Rusiyanın bir neçə
böyük müsəlman dövləti ilə sərhədi
var, həm də Rusiya əhalisinin az qala yarısı müsəlmanlardır.
Ona və onun kimilərə elə gəlir ki, neft-qaz kəmərlərini
zərbələrə məruz qoymaq Ermənistan
üçün güclü baş ağrılarına səbəb
olmayacaq. Müharibənin belə öz qanunları, öhdəliklər,
öz prinsipləri var. Bundan başqa, Qərbə neft və
qaz ötürülən borular Ermənistan tərəfindən
zərbəyə məruz qalacaq deyə, Azərbaycan xalqı
torpaqlarının 20 faizindən imtina etməlidirmi? Öz
torpaqlarında yenidən, özü də ikinci bir erməni
dövlətinin yaranmasına sakitliklə yanaşacaqmı? Bu
cür düşünmək erməni neofaşizminin xəstəliyi
nəticəsində əmələ gələn əlamətlərdir.
Bu ağılsız iddiadır. Rəsmi Bakı dəfələrlə
bəyan edib: NƏYİN BAHASINA OLURSA-OLSUN. Yəni bu prinsipin
izaha ehtiyacı varmı?!.
Qərbin enerji təhlükəsizliyi
məsələsinə gəlincə, ermənilər əmin
olsunlar ki, müharibə variantı reallaşacağı zaman
şantaj eləməyə çalışdıqları həmin
Qərb erməniləri güzəştə getməyə
özləri məcbur edəcəklər. Ermənilər niyə
onu düşünmürlər ki, Qərb onların
ağılsız iddialarına, erməni separatizminə
görə milyardlarla dollar itirməyə, Bakıdan
aldıqları qazdan və neftdən məhrum olmağa
heç bir halda razı olmazlar. Onlar üçün bunun əvəzində
acından köpük qusan Ermənistanı ədalətə,
beynəlxalq qanunlara tabe etdirmək daha əlverişlidir.
Yaxşı olar ki, ermənilər birdəfəlik
anlamalıdırlar ki, Sərkisyanlar kimi düşünüb
özlərini aldatmasınlar. Nəhayət görsünlər
ki, özləri ac-yalavac, yaman gündə
yaşadıqları halda bu siyasəti yürüdənlərin
hamısı firəvanlıq, yağın-balın içərisində
ömür sürürlər. O cür yalanlar isə bitmək-tükənmək
bilmir.
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 23 fevral.- S. 5.