"Qarabağ
Birlik Məclisi": təşkilati strukturu və proqramı
(Əvvəli ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
Bəzi məlumatlara
görə (rotmistr Kornilovun raportu), partiyanın Ağdam komitəsinə
Vladiqafqazda yaşayan və Ağdama gəlmiş Xasay xan
Usmiyev başçılıq edirdi. Elə həmin sənəddə
qeyd edilir ki, buraya Səlim bəy Rüstəmbəyov, Cəfər
bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman
ağa Cavanşirov daxil olmuşdur. Başqa məlumatlara
görə, Ağdam komitəsinə Zülfüqar bəy
Haqverdiyev başçılıq etmişdir. Baxış bəy
(meşşan) və Şükür bəy Kazımbəyov
qardaşları, Mirzə Davud Ağamirzəyev (Əfəndi
- Ağdam şəhərindən olan kəndli), Hacı Seyid
Mirşi Seyid Bağır oğlu (Şuşa şəhərindən
olan meşşan) komitənin üzvləri idi. Bu
yardımçı komitədə Şükür bəy
Kazımbəyov həm də icra hakimiyyətinin təşkilatçısı
və rəhbəri rolunu yerinə yetirir, kəndbəkənd
gəzərək partiyanın şöbələrini
yaradır, əhalini "Difai"yə tabe olmağa and
içdirirdi. Mirzə Davud Ağamirzəyev (Əfəndi) təşkilatın
katibi idi. Partiyanın Ağdam yardımçı komitəsində
Mirzəməmməd İbrahimov başda olmaqla 6 nəfər
təbliğatçı vardı. Gizli agent S.Səfərəlibəyovun
7 mart 1908-ci il tarixli məruzəsindən məlum olur ki,
Ağdam komitəsi "qondarma" və "quru bəylərdən"
təşkil olunmuşdur. Onların "əsl bəylərə"
barışmaz nifrət hissi vardı". Bu, bütün məsələlərdə
həqiqi bəylərə bərabər olmaq arzusu və
paxıllıq hissi ilə izah edilirdi. Bu "quru bəylərin"
öz malikanələri və torpaqları yox idi, lakin onlar
Ağdam bazarına nəzarət edirdi və buna görə də
xalq arasında müəyyən nüfuza malik idi.
"Difai" partiyasının Cavanşir qəzasında Bərdə,
Tərtər, Qaryagin, Cəbrayıl komitələri fəaliyyət
göstərirdi. Bərdə komitəsinin Yevlaxda və Tərtərdə
bölmələri vardı. Bərdə komitəsinin sədri
Məşədi Mehdiqulu Hacı Şərif eyni zamanda
döyüş drujinasına başçılıq edirdi.
Komitənin üzvləri və təbliğatçıları
Musa Quliyev, Hüseynəli Kərbəlayı oğlu, Molla Həbib
Kərbəlayı Mehdi oğlu, Məşədi Zeynalabdin
ağa Əhməd oğlu və Allahverdi Hacı Pənah
oğlu idi. Tərtərdə partiya şöbəsinə Məşədi
Alim İsmayılov, Məşədi Dadaş Muradxanov, Məşədi
Fərhad Vəlibəyov, Məşədi Muxtar Kərbəlayı
İbad oğlu başçılıq edirdi. Şöbənin
təbliğatçıları Məşədi Muxtar
Zeynalov, Hacı İbrahim İsmayılov, Kərbəlayı
Mahmud İsmayılov, Məşədi Rüstəm Muradxanov,
Məşədi Əli Dadaşov idi. Yevlax şöbəsinə
Aslan Qaraca oğlu, Əşrəf Tağıyev, Salah
Hüseynov rəhbərlik edirdi. Qaryagin komitəsinə tələbələr
A.Vəzirov və M.Axundov başçılıq edirdi. Komitənin
üzvləri Axund Mirzə Əli Axundzadə, Hacı Muxtar
Sadıqov, Məşədi Camal bəy Vəzirov, Mirzə
Camal Yusifzadə, Məşədi Qulu Əhmədov, Bəşir
Əliyev, Səlim Şamxalov və Əli bəy Vəzirov
idi.
Cəbrayıl komitəsi
sayca iri komitə idi. Onun Cəbrayılda, habelə Xocaqan və
Kenlik kəndlərində şöbələri vardı. Cəbrayıl
şöbəsinin üzvləri Cəfər Əmirastan
oğlu, Mahmud Qarayağdıyev, Adışirin Əliyev, Məşədi
İbiş İsmayılov, Məşədi Məmməd Həsənov,
Məşədi Dadaş Səfərov, Süleyman
İmamverdiyev və Təhməz Nəcəfquliyev, Xocaqanda
Hacı Cəfər bəy Xocaqanski, Nəriman Yüzbaşov,
Məşədi Aslan bəy Əlibəyov, Əbdürrəhman
Səfərov, Kərbəlayı Bəşir Məmmədov,
Məşədi Zülfüqar Əsədov, Kanvay Əliyev,
Dadaş Hacıyev, Məşədi Ələkbər
Hüseynov, Kenlikdə Hacı Seyid Məmmədağa Hacı
Mircəfər oğlu, Seyidhüseyn Riza oğlu, Firidun bəy
Sultanov, Zülfüqar Məşədi Şərif oğlu, Məmməd
Kərbəlayı Məmmədyar oğlu, Əhməd
Hacı Məmmədbağır oğlu, Məmmədəli Kərbəlayı
Ələsgər oğlu, Məşədi Yusif Quliyev, Əmrah
Kərbəlayı Rüstəm oğlu, Kərbəlayı Məmməd
Kərbəlayı Rəşid oğlu, Bəşir Həmid
oğlu, Mehdi Məşədi Mahmud oğlu idi. Qəzanın
bütün kənd komitələri mərkəzi (Ağdam, Bərdə,
Cəbrayıl və s.) komitələrə, onlar isə
öz növbəsində Şuşa komitəsinə tabe idi.
1906-cı ildə
Malıbəyli kəndində tatar "Komissiyası"
yaradılmışdı. Sonralar o, "Difai"
partiyasının özəklərindən birinə
çevrilmişdi. Komissiyaya Əşrəf Məşədi
Molla İmran oğlu başçılıq edirdi.
Komissiyanın əsas üzvləri Hacı Kərbəlayı
Qənbər oğlu, Rza Məşədi Molla İmran
oğlu və Məşədi Abbas Qulu oğlu idi. 1906-1910-cu
illərdə bu komitə əhalidən vergilər və cərimələr
şəklində yığılan vəsaitlər
hesabına mövcud olmuşdu. O, "Difai"
partiyasının Şuşa komitəsinin sərəncamlarını
yerinə yetirirdi. Komitənin öz silah anbarı vardı. Bu
silahların bir qismi "Əncümən" partiyası
üçün İrana göndərilirdi".
Partiyanın nüfuzlu və
fəal komitələrindən biri də Yelizavetpol komitəsi
idi. Bu barədə Tiflis Quberniya Jandarm İdarəsinin rəisi
podpolkovnik Başinskinin partiyanın üzvləri haqqında
31 oktyarb 1909-cu il tarixli məruzəsində ətraflı məlumat
var. Məruzədən aydın olur ki, "Difai"
partiyasının Yelizavetpol komitəsinin sədri Axund Molla Məhəmməd
Pişnamazzadə (1853-1937) olmuşdu. O, ruhani rütbəsini
1883-cü ildə Tiflisdə almışdı. 1892-ci ildə
Gəncə Cümə Məscidinin baş mollası təyin
edilmişdi. 1900-cü ildə Pişnamazzadə İranın
və Türkiyənin xeyrinə təbliğatda ittiham edilərək
Türküstana sürgün olunmuşdu. 1906-cı ildə Gəncənin
baş qazısı seçilmişdi. Polis məlumatlarında
Pişnamazzadəni bir şəxsiyyət kimi səciyyələndirən
maraqlı məlumatlar qalmışdı. Məsələn,
1912-ci ilin fevral ayında tərtib edilmiş belə məlumatların
birində yazılmışdır: "Müsəlman aləmində
o, əsas və görkəmli ictimai xadimlərdən biri
hesab edilir. O, Qafqaz diyarı hüdudlarında müsəlman
üsuli-cədid məktəblərinin, kitabxana-qiraətxanaların
və müxtəlif xeyriyyə cəmiyyətlərinin
yaradılmasının təşəbbüsçüsüdür.
Öz əsərlərində, məqalələrində və
ictimai yerlərdə söylədiyi nitqlərində o,
müsəlmanları birləşməyə və milli tayfa
davalarına son qoymağa çağırırdı.
Pişnamazzadə öz baxışlarına görə
mütərəqqi müsəlman və eyni zamanda yüksək
dərəcədə dindar, ciddi adamdır, müsəlman
ruhaniləri arasında və cəmiyyətdə görkəmli
mövqeyinə müvafiq olaraq qapalı, sadə və
ayıq-sayıq həyat tərzi keçirir. Heç bir əyləncə
yerinə getmir, kübar dairələrdə dolaşmır.
Bac-xərac və rüşvət almaqla məşğul
olmur, çünki bunlar onun xalq xadimi və idealist əqidələrinə
ziddir və ümumiyyətlə onun xarakterinə
yabançıdır". Daxili işlər nazirinin 14 yanvar
1915-ci il tarixli təqdimatı əsasında Pişnamazzadə
imperator tərəfindən rəsmən Qafqaz müsəlmanları
şiə ruhani idarəsinin şeyxülislamı vəzifəsinə
təyin edilmişdir.
"Difai"nin
Yelizavetpol komitəsinin liderlərindən biri də Ələkbər
bəy Kərbəlayı Həsən oğlu Rəfibəyov
olmuşdur (1839-1919). Şəhər əhalisi arasında
böyük nüfuz sahibi olan Rəfibəyov çox vaxt
komitəyə rəhbərliyi öz üzərinə
götürürdü. Rəfibəyov Peterburqda kənd təsərrüfatı
sahəsində təhsil aldıqdan sonra Gəncəyə
qayıtmışdır. 1870-1896-cı illərdə polis
sistemində işləmişdi. Nuxada və Yelizavetpolda qəza
pristavı olmuşdu. 1891-ci ildə Müqəddəs Vladimr
Ordeni ilə təltif edilmişdi. İstefaya çıxandan
sonra özünü ictimai fəaliyyətə həsr
etmişdir. O, 22 il müddətində Yelizavetpol şəhər
Dumasının üzvü olmuşdu. Yelizavetpol Qubernatorunun 30
iyun 1906-cı il tarixli fərmanı ilə Rəfibyov
Yelizavetpol Müsəlman xeyriyyə cəmiyyətinin
ömürlük fəxri üzvü seçilmişdi.
"Difai"nin
Yelizavetpol komitəsinin partiyanın dəftərxana müdiri
və şəhər upravasının çertyojçusu Həmid
bəy Usubbəyov (Nəsib bəyin qardaşı); Ələkbər
bəy Xasməmmədov (Xəlil bəy Xasməmmədovun
qardaşı) - andlı vəkil, Yelizavetpol şəhərində
ev sahibi, Məşədi Əli Rəfiyev - komitənin
kassiri, Yelizavetpol qarşılıqlı kredit cəmiyyətinin
idarə heyətinin sədri; Muxtar bəy və Cavid bəy
Qazıyevlər - hər ikisi zadəgan, Muxtar bəy
Yelizavetpol şəhərindəki "Peterburq"
mehmanxanasının sahibi Molla İsmayılzadə; Hacı
Mirqasım Həmzəyev, ticarətçi, döyüş
drujinasının başçısı; Hacı Məmmədhüseyn
Əli oğlu (Əliyev) daxil idi.
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 24 fevral.- S. 6.