"Zərif imzalar" bir kitabda

 

Bu günlərdə yeni bir kitab işıq üzü görüb. Amma ənənəvi kitablardan fərqli olaraq o, hansısa şairin, yazarın əsəri olaraq ortaya qoyulmayıb. "Zərif imzalar" adlanan bu kitabda adından da göründüyü kimi imzası ilə tanınan xanımlarımızla bağlı qısa məlumatlar yer alıb. Azərbaycan İngilis dilində nəşr olunan "Zərif xanımlar" Azərbaycan Jurnalist Qadınlar Assossiasiyası "Azercell Telekom" MMS-nin birgə layihəsi əsasında nəşr olunub. Müəlliflərdən biri kimi Azərbaycan Jurnalist Qadınlar Assossiasiyasının rəhbəri Sevil Yusifova ilk nəşrdən razı qalmasa da ideyanın davamı olacaq gələcək nəşrlərin qüsurlardan uzaq olacağını düşünür.

- Belə bir ideya hardan ağlınıza gəldi?

- Jurnalist Qadınlar Assossiasiyasının birinci ümumrespublika forumunda Azərbaycanda qədər qadın jurnalistin fəaliyyət göstərməsi məsələsini qaldırdıq. Belə bir statistikanın aparılmasını zəruri saydıq. Biz bu məlumatları toplayan zaman belə bir maraqlı fikir ağlıma gəldi. Çünki zərif jurnalist xanımlar arasında elə imzalar var ki, onların hər biri haqqında həqiqətən kitablar yazıla bilər. Fikirləşdim ki, heç olmasa onların həyatlarından kiçik məlumatlar toplayıb gələcək nəslə ötürək. İstər-istəməz o da ağlıma gəldi ki, gələcək nəsillərimiz Xalidə Hasilovanı, Telli Pənahqızını tanıyacaq. Bəs biz necə edək ki, bu zərif xanımlarımızı xaricdə lazımınca tanıda bilək? Belə olan halda kitabda əksini tapan məlumatların həm ingilis variantının hazırlanması düşünüldü. İdeyamız da bu prosesinin gedişində yarandı həmin gündən fəaliyyətə başladıq.

- İmzası ilə tanınan xanımlarla bağlı məlumatları necə əldə edirsiniz?

- Hər şeydən əvvəl bununla bağlı ölkə televiziyalarında, həmçinin İnternet vasitəsilə elanlar verdik. Bunun üçün şəxsi qrup da çalışdı. Həmin qrup Azərbaycan Nəşriyyatı da daxil olmaqla bir çox qapıları ən azı 4-5 dəfə döyməli oldular. Çox təəssüflər olsun ki, artıq nəşr olunmuş kitabda görmək istədiklərimiz bir çox adamların adı yer almadı. Amma eyni zamanda sevinirəm ki, görmək istədiyimiz bir çox adamlar kitabda yer alıb. Bəzən deyirlər ki, orada təsadüfi adamlar var. Bir-iki illik fəaliyyəti olan gənclər necə olub ki, kitaba düşüb? Bunun yalnız bir cavabı var. Biz böyük şirkətlərə, media holdinqlərə rəsmi məktubla müraciət etdik ki, onlar məsləhət gördükləri peşəkar insanlarla bağlı bizə məlumatlar göndərsinlər.

- Sizcə, müraciətiniz əsasında göndərilən məlumatlarda ədalət prinsipi qorunubmu?

- Bununla bağlı konkret nəsə deyə bilmərəm. Amma həqiqət odur ki, Azərbaycan Dövlət Televiziyası daha çox yaşlı nəslə üstünlük verdi. Onlar bizə dedilər ki, 10-15 nəfər göndərsək bəs edər? Biz isə onlara dedik ki, hətta 50 nəfər varsa, onların hamısı barəsində məlumatlar göndərə bilərsiniz. Çünki bizdə belə bir məhdudiyyət yoxdur. Bundan əlavə İTV, "Lider", "Space", "ANS" özlərinə məxsus siyahıları tərtib edərək bizə təqdim etdilər. Biz həmin siyahıdan kənara çıxa bilmədik. Eyni zamanda da biz "Azər-TAc"a rəsmi məktubla müraciət etdik. Orda da yenə yaşlı nəslə üstünlük verdilər. Həmçinin xaricdəki əməkdaşları barədə məlumatların verilməsini münasib bildilər. Biz daxil olan məlumatları olduğu kimi yerləşdirməyi məqbul saydıq.

- Bu siyahıda həm qəzetlərdə çalışanlarla bağlı məlumatlar da var...

- Əlbəttə ki, bu gün ölkə mətbuatında kifayət qədər imzası ilə tanınan xanımlarımız var. Onların arasında ən yüksək mükafatlara layiq olanlar da çoxluq təşkil edir. Şəxsən mən harada işləməsindən asılı olmayaraq tanıdığım, hörmət etdiyim imzaların sahiblərinə bir neçə dəfə müraciət etmişəm, onları tələsdirmişəm ki, özləri barəsində məlumatları göndərsinlər.

- İdeyanın uğurlu alınması üçün çətinliklərin yaşanması qaçılmazdır. Belə bir promlem varmı bu prosesində?

- Əlbəttə ki, bizim bu iş prosesində bir çox çətinliklərimiz də oldu. Çox qəribə hadisələrlə rastlaşırdıq. Elə bil bu işin əleyhinə, alınmaması üçün hansısa bir qüvvə vardı, kimsə bunu istəmirdi. Gah kompüter xarab olurdu, gah disklər itirdi. Amma mən düşündüm ki, əlimizdə ziyan dəyməmiş qalan nə material varsa, onunla işimizi yekunlaşdırmalıyıq. Çünki bu iş prosesi ləngidikcə çox uzanırdı, kitab da işıq üzü görmürdü. Ona görə də biz əlimizdə olan məlumatlarla kitabı çapa verdik.

- Birinci olduğu kimi, yəqin ki, sonuncu da deyil...

- Şübhəsiz, bunun davamı olacaq. Artıq ikinci nəşrin materialları demək olar hazırdır. Buna baxmayaraq, düşünürəm ki, həmin məlumatlar arasında görmək istədiyimiz bir çox xanımlar da yer almalıdır. Çətinliklərə baxmayaraq biz çalışacağıq ki, imzası ilə tanınmış bir çox xanımlarımız bu nəşrdə yer alsın. "8 Mart" Beynəlxalq Qadınlar günü üçün ikinci nəşr təqdim olunmalıdır bu bir hədiyyə olmalıdır. Birinci nəşrdən fərqli olaraq biz artıq tələsmirik.

- Birinci nəşrin kimi əhəmiyyəti oldu?

- Bu kitabın işıq üzü görməsi bizim üçün o mənada müsbət oldu ki, özü haqqında məlumatları vermək istəməyənlər vardı və artıq onlar da belə bir nəşrdə yer almaq arzusunda olduqlarını dilə gətirirlər.

- Artıq neçə illərdir ki, jurnalistikanın içərisindəsiniz və imza sözünün nə qədər ağır olduğunun da fərqindəsiniz. Çünki jurnalistikada imzadan artıq nəsə yoxdur. Hansısa qəzeti açanda da hörmət etdiyin imzanı axtarırsan. Azərbaycanda "imzası var" deyə biləcək nə qədər qadın jurnalist var? Bir də ki, bəzi məsələlərdə etirazlar olacaq. Bunun qarşısında dura biləcəksinizmi?

- Müəllif kimi bizim öz hüququmuz var və biz necə istəyiriksə, elə də görürük. Kim daha necə görürsə, o formanı da ortaya qoysun. İkinci kitabda da biz öz baxışımızı ortaya qoyacağıq. Kimlərsə onunla razılaşmaya bilər, kimlərsə razılaşar. Axı bu bir bədii əsər deyil ki, onu tənqid hədəfinə çevirsinlər. Yaxud da biz camaatdan pul yığmaq üçün nəşr olunan bəzi kitablardan deyilik ki. Belə məsələlər bizim işimizdə yoxdur. Burada sırf Jurnalist Qadınlar Təşkilatında təmsil olunan heyətin baxışları əksini tapıb. Sözsüz ki, bu dəfə professionallardan məsləhət alacağıq və məsləhətçilər qrupunu da dəyişəcəyik. Birinci nəşr zamanı bir az şəxsi problemlərim oldu və ona görə onun üzərində çox ciddi dayana bilmirdim. Amma indi vaxtım var və məsləhətçilərimiz içərisində kifayət qədər peşəkarlar da var. Onların məsləhətlərini yəqin ki, nəzərə alacağıq.

- Yəqin ki, intriqalardan uzaq, obyektiv yanaşmağı bacaran adamların məsləhəti yararlı sayılacaq?

- Əlbəttə. Bu dəfəki məsləhətlər heyətində bir çox tanınmış adlar var. Güman ki, onlar razılaşsalar, biz onların qarşısına hazırladığımız materialı qoyacağıq. Biz Türkiyədə olarkən və bu kitabı kimlərəsə təqdim edərkən çox böyük maraqla qarşılandığını və nəşrinin çoxaldılıb yayılmasını arzu etdiklərini gördük. Bu yanaşma bizə yeni bir ideya da verdi. Biz düşünürük ki, bu imzaların xaricdə təbliği çox vacibdir. Çünki mən Türkiyənin dövlət bakanının kitabı necə maraqla vərəqləməsini gördüm.

- Bir müəllif olaraq ilk nəşrdən razı qaldınızmı?

- Əlbəttə ki, biz də ilk nəşrdə imzasına hörmət etdiyimiz insanların yer almasına çalışdıq. Bunun üçün bir ildən artıq müddətdə iş də apardıq. Bəzən bizdən nəsə istəyəndə biz çox düşünüb-daşınırıq. Bu həm fiziki, həm texniki, həm də maddi imkan tələb edən bir prosesdir və biz də bu imkanlar daxilində hərəkət edə bilərdik. Bundan artıq biz heç nə edə bilməzdik. Konkret olaraq mən hansısa sevdiyim bir imza sahibinə yüz dəfə də zəng edə bilərəm. Məsələn İradə xanımdan konfransda xahiş etdim ki, özü barəsində məlumatı tez bir zamanda göndərsin. Amma hər kəs üçün bunu etmək mümkün deyil. Çünki kimisi bağda, kimisi istirahətdə, kimisi mənzilini dəyişibsə, bir çoxları da dünyasını dəyişib və bu üzdən onları tapmaq çətindir. Ancaq bütün hallarda biz cəhdlər etdik və onları axtardıq, tanışları vasitəsilə xəbər göndərdik. Xəbərlərin necə çatdığını, reaksiyaların necə olduğunu bilmirik. İlk iş olduğuna görə biz bunu belə də qəbul etdik. "İlk xəmir istədiyin formada gəlmir". Bir də ki, bu birincidir, axırıncı deyil. Daha mükəmməl formada olan nəşrimiz də olacaq və biz rəngli formanın nəşri üzərində düşünürük. Şübhəsiz ki, biz bu dəfə bəzi məsələlərin üzərində işləyəcəyik. Əsas odur ki, biz özümüzdə o gücü tapa bilək və onun üzərinə gedə bilək.

- Kimlərə tanıtmaq istəyirsiniz bu imzaları?

- Azərbaycandan kənarda bir çox ölkələrdə bunun yayımlanmasını istəyirik. Hindistana kimi məktublar yazmışıq. Hətta Ərəb ölkələrinə, Amerikaya müraciətimizi etmişik. Daha çox isə Türkiyədə yayımlanmaq istəyirik. İmzalar var ki, illər keçsə də onların həyatı, yazdıqları həmişə müraciət edəcəyimiz mənbə olacaq. Onların həyatı, yaradıcılığı bizim tədqiqat əsərimiz olacaq.

- Kitabda yer alan və alacaq imza sahiblərinin yazılarından bir nümunənin də verilməsi yaxşı olmazdımı?

- Hələlik, bu bir məlumat xarakterli kitab kimi nəşr olunur. Yəqin ki, gələcəkdə imkanlar artdıqca imkanı olmayan xanımların kitablarının işıq üzü görməsinə çalışacağıq. Hazırda bir neçə yaşlı xanımın yubileyini keçirmək fikrimiz var. İmkanımız da var. Onlardan birini də danışıb inandırmışıq ki, bu olduqca lazımlıdır. Restoranda yer də verirlər, süfrələr də açılacaq. Biz istəyirik ki, xanımlarımızın yubileyini keçirək, amma biz o insanları tapa bilmirik, qaçırlar. Kimsə yubiley yaşının nə vaxt olacağını demir. İdeyalar çoxdur, biz onları həyata keçirmək istəyirik və bunda da heç bir təmənnamız yoxdur. Bu kitabı çıxaranda da adamlar vardı ki, onlar kitabın nəşr olunub-olunmadığını bilmədilər. Əgər hər bir işin yaxşı alınmasını istəyiriksə, hər bir kəs də ona öz töhfəsini verməlidir.

  

  

Gültəkin

 

Ədalət.- 2011.- 25 fevral.- S. 4.