HAMININ BƏLASI - NARKOMANİYA

 

Bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda hər kəsin diqqətini çəkən problemlərdən biri də "Ağ ölüm" adlandırılan narkomaniyadı. Həmin məsələnin İsmayıllı rayonunda hansı səviyyədə olduğunu öyrənmək üçün RİN başçısının müavini, Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyanın sədri Əzizə Vahabova ilə görüşdük.

- Əzizə xanım, sədri olduğunuz komissiya yəqin ki, öncədən tərtib olunmuş iş planına uyğun fəaliyyət göstərir. Hansı müəssisələr, əhalinin hansı qrupları ilə işləmək bu sahədə məqsədə müvafiqdir?

Müasir dövrün ən qlobal problemi olan Beynəlxalq terrorçuluq, habelə mütəşəkkil cinayətkarlığın digər növlərinin əsas maliyyə mənbələrindən biri sayılan narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsi, insanların həyat və sağlamlığının qorunması, onların sosial təhlükəsizliyinin təmin edilməsi məqsədilə rayon komissiyası RPŞ, TŞ, Gənclər və İdman İdarəsi, Rayon mərkəzi Xəstəxanası, digər əlaqədar idarə və müəssisə rəhbərlərinin iştirakı ilə çoxsaylı tədbirlər həyata keçirmiş, əhali arasında maarifləndirmə tədbirlərinin genişləndirilməsinə diqqət artmışdır. Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısının İƏD-üzrə səlahiyyətli nümayəndələri , bələdiyyə sədrləri və digər aidiyyəti təşkilatların rəhbərləri ilə vaxtaşırı müşavirələr, konfranslar keçirilmiş, mövcud vəziyyət təhlil edilməklə, qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Bu sahədə qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin qüvvəsindən də geniş istifadə olunmuşdur.

Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının fəaliyyət proqramına uyğun olaraq rayonun orta ümumtəhsil məktəblərində narkomanlığın və ağır yolxucu xəstəliklərin qarşısının alınması üçün 2010-cu ildə "Ağ ölüm əsrin bəlasıdır", "Narkomaniyaya yox deyirik", "Sağlamlıq böyük sərvətdir" və digər mövzularda disskusiyalar, rəsm müsabiqələri, viktorinalar təşkil olunmuşdur. 3 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin , Ağsu, Şamaxı və Qobustan rayonlarının nümayəndələrinin iştirakı ilə "XXI əsrdə zorakılıq əleyhinə - əsas amil kimi daxili mədəniyyətin möhkəmləndirilməsi" mövzusunda keçirilən regional görüşdə narkomanlığın insanların, xüsusilə gənc ailələrin sağlam həyat tərzinə vurduğu ziyan, ailələrin sosial problemlərinə göstərdiyi mənfi təsir barədə geniş fikir mübadiləsi aparılmış, bu sahədə əhali arasında izahat işlərinin gücləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.

- Narkomaniya gənclərin normal həyata atılacağı yolda bir uçurumdur...

- Narkomaniya qadın hüquqlarının pozulmasına, insan alverinə və digər cinayət hadisələrinin baş verməsinə geniş şərait yaradır. Yeniyetmə və gənclər arasında bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsi mühüm rol oynayır. Bu məqsədlə 01-12 oktyabr tarixlərində rayonun 45 ümumtəhsil məktəbinə müəllim, şagird və valideynlərin iştirakı ilə insan alverinə qarşı mübarizənin gücləndirilməsi, qadın hüquqlarının qorunması və əhalinin reproduktiv sağlamlığı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş video çarxların nümayiş və müzakirələri təşkil olunmuşdur.

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasından ötrü Rayon Təhsil Şöbəsi, Gənclər və İdman idarəsi, Səhiyyə və Polis şöbələri tərəfindən birgə tədbirlərin keçirilməsinə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən yayındırılması məqsədilə onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət artırılmış, "Cəsurlər" və "Şahin" hərbi idman oyunlarının kütləviliyi, fənn olimpiadalarının məktəb və rayon turlarında yuxarı sinif şagirdlərinin 50 faizinin iştirakı təmin edilmişdir. 2010-cu ilin yay aylarında yeni salınmış istirahət mərkəzlərində gündəlik əyləncəli musiqili proqramlar, diskotekalar, sentyabr ayında ali məktəblərə qəbul olunan məzunlarla görüş, onların şərəfinə konsert, atəşfəşanlıq təşkil olunmuşdur.

Rayon Gənclər və İdman İdarəsi tərəfindən 01 fevral 2010-cu il tarixdə "Müasir gənclik narkotiklərə yox deyir" devizi altında 67 nəfər gəncin iştirakı ilə dəyirmi masa, 02 aprel və 10 iyul 2010-cu il tarixlərində orta məktəblərin yuxarı sinif şagirdlərinin və gənclərin iştirakı ilə "Narkomaniya və cinayətkarlıq", "Narkotiklərə yox deyirik" mövzularında ümumrayon toplantıları keçirilmiş, 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində rayonda müəllim və şagirdlər arasında Uşaq Hüquqları Konvensiyasının tələblərinə uyğun olaraq izahat işləri genişləndirilmiş, Rayon Uşaq İncəsənət məktəbində "Bizim hüquqlarımız" mövzusunda rəsm müsabiqəsi keçirilmiş, müsabiqə qaliblərinin rəsm əsərləri BMT xətti ilə Yaponiyada keçiriləcək "XV Kanaqava Dünya Uşaqlarının bədii Sərgisi"nə göndərilmişdir.

- Narkomaniyaya qarşı mübarizədə əlaqədar təşkilatlarla iş hansı səviyyədə qurulmuşdur?

- Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Rayon Polis Şöbəsi tərəfindən əlaqədar təşkilatların nümayəndələri ilə birlikdə narkomanlıqla bağlı cinayətlərin və narkomaniyanın insanların fiziki və mənəvi sağlamlığına vurduğu ziyanın nə dərəcədə təhlükəli olması barədə əhalinin müxtəlif təbəqələri arasında maarifləndirmə işləri aparılmışdır. 21 iyun 2010-cu il tarixdə hüquq-mühafizə orqanları tərəfindən "Xaş-xaş 2010" şərti adı ilə həyata keçirilən kompleks əməliyyat axtarış tədbirləri nəticəsində 2 ton 950 kiloqram yabanı halda bitmiş kənaf bitkisi aşkar edilərək təlimata uyğun, yaradılma yolu ilə məhv edilmişdir. Ümumiyyətlə, 2010-cu il ərzində RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri zamanı narkomaniya ilə bağlı 5 fakt aşkar edilməklə 108.26 qram qurudulmuş marixuana, həyətyanı sahədə əkilmiş bir ədəd çətənə kolu müsadirə olunmuş, təlimata uyğun tədbirlər görülməklə dövriyyədən çıxarılmışdır.

2010-cu ildə aşkar edilən qurudulmuş marixuana ötən illə müqayisədə 160.58 qram az olmuşdur.

Meşə zolaqlarında yabanı halda bitmiş narkotik xassəli bitkilərin vaxtında aşkarlanıb məhv edilməsi üçün 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi, Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən reydlər təşkil olunmuş, meşə gözətçilərinin bu sahəyə nəzarətinin gücləndirilməsi təmin edilmişdir.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ildə qadınlar, 18 yaşadək yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadə dövriyyəsi, həmçinin QİÇS xəstəliyinə yoluxma ilə bağlı heç bir fakt aşkar edilməmişdir.

- Yeri gəlmişkən, rayonun səhiyyə və digər müəssisələrində fəaliyyətinizlə bağlı görülən işlərin nəticələri barədə nə deyə bilərsiniz?

- Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində narkotik vasitələrdən istifadə edən xəstələrin müalicəsinə, bu sahədə tibbi profilaktika işlərinin genişləndirilməsinə diqqət artırılmış, narkotiklərin və digər məstedici vasitələrin insan orqanizminə mənfi təsiri, zərərli nəticələri barədə istər xəstələr, istərsə də yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

2010-cu ildə narkoloji kabinetdə narkomaniya və taksomaniya xəstəliyi ilə 2 nəfər xəstə qeydiyyata götürülmüş, müalicə olunan xəstələrdən qeydiyyatdan çıxarılan olmamışdır. Hazırda qeydiyyatda olan 63 nəfər xəstənin 40 nəfəri narkoman, 23 nəfəri isə taksomandır.

Rayon Mərkəzi Xəstəxanası və polis şöbəsi tərəfindən qeydiyyatda olan xəstələrin fəaliyyətinə, müalicəsinə, həmçinin psixotrop dərmanların saxlanmasına və istifadəsinə nəzarət gücləndirilmiş, bu məqsədlə vaxtaşırı xəstəxanada, apteklərdə yoxlamalar aparılmış, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə rayonun "İsmayıllı xəbərləri" və "Girdiman" qəzetlərində müntəzəm olaraq yazılar dərc olunmuşdur. Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"dan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələri səfərbərliyə almaqla, bu sahədə vəziyyətin yaxşılaşdırılması məqsədilə lazım olan tədbirləri görəcəkdir.

- Müsahibəyə görə təşəkkür edirəm.

  

 

İslam Niftiyev

 

Ədalət.- 2011.- 25 fevral.- S. 5.