Ankarada Xocalı soyqırımının 19-cu ildönümü
anıldı
Azərbaycan Türkiyədəki
səfirliyi tərəfindən Xocalı
Soyqırımının 19-cu ildönümü münasibətilə
təşkil olunmuş silsilə xatirə tədbirləri
çərçivəsində Ankara Şəhərinin
Etimesgut bələdiyyəsi ilə birlikdə anma gecəsi
keçirilib. Səfirliyin mətbuat xidmətindən APA-ya
verilən məlumata görə, tədbirdə professor Cəmil
Həsənli, Xocalı Soyqırımı ilə əlaqədar
çox saylı tədbirlərdə iştirak etmək məqsədilə
Türkiyədə səfərdə olan DAK nümayəndələri,
Türkiyənin millət vəkilləri, Türkiyənin
müxtəlif fikir quruluşlarının nümayəndələri,
diaspor nümayəndələri, tələbələr,
Ankara şəhərinin ictimaiyyətinin nümayəndələri
və KİV nümayəndələri iştirak ediblər.
Konfransda Etimesgut bələdiyyəsinin
başçısı Ənvər Dəmirəl, səfir
Faiq Bağırov, TRT Radiosunun Azərbaycan redaksiyasının
rəhbəri Seyfəddin Altaylı, "Xocalıya Ədalət"
kampaniyasının Türkiyə koordinatoru xanım Gözde
Kılıç, millət vəkili Sabir Rüstəmxanlı,
professor Cəmil Həsənli və professor Ümid
Özdağ çıxış edərək Xocalı faciəsinin
dəhşətini tədbir iştirakçılarına bir
daha hiss etdiriblər.
Tədbirdə
Dağlıq Qarabağ probleminin tarixindən və Xocalı
faciəsinin dəhşətindən bəhs edən sənədli
film nümayiş etdirilib. Konfrans zamanı "Xocalıya Ədalət"
kampaniyası çərçivəsində tədbir iştirakçılarından
imza toplanıb və Xocalı Soyqırımını anladan
rəsmlərdən ibarət sərgi təşkil olunub. Tədbirdə
Xocalı Soyqırımı ilə bağlı DVD, broşura
və millət vəkili Qənirə Paşayevanın və
Həvva Məmmədovanın müəllifi olduğu
"Xocalı Soyqırımı" adlı kitab tədbir
iştirakçılarına paylanılıb.
Ədalət.- 2011.- 25 fevral.- S. 5.