"Qarabağ
Birlik Məclisi": təşkilati strukturu və proqramı
(Əvvəli ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
"Qarabağ"
Birlik Məclisi"nin proqramı 1907-ci il oktyabr ayında qəbul
edilmiş və 52 bənddən ibarət idi. Proqramda "Məclis"in
tərkibi göstərilir, onun sədrlərinin, onların
köməkçilərinin və katiblərinin hüquq və
vəzifələri müəyyən edilir, məclisin vəsaitini
təşkil edən gəlirlərin mənbələri
göstərilir, müsəlmanların bir-biri ilə və
başqa millətlərlə münasibətləri müəyyən
edilir, müsəlmanlar arasında dini zəmində (şiə
və sünni məzhəbləri arasında) yaranan
ayrı-seçkilik pislənilir, müsəlmanların
hakimiyyət orqanlarına münasibətləri müəyyən
edilir və ümumiyyətlə, "müsəlmanların
gücünün, maddi firavanlığının, mədəni
inkişafının və başqa millətlərin arzuedilməz
təsirindən təcrid edilməsinin rəhni olan birliyə
can atan müsəlmanların necə yaşamalı
olması" barədə göstərişlər verilirdi.
Proqrama görə, Məclis
sədri, onun köməkçisi və katibləri vəzifələri
seçkili vəzifələr olmalı idi. Məclisin
"iştirakçı" üzvləri öz
aralarından elə şəxslər seçməyi öhdəyə
götürürdülər ki, bu şəxslər hakimiyyət
orqanlarının fəaliyyətini izləsin və zəruri
hallarda ictimai şikayətləri həmin orqanlara təqdim
etsinlər (maddə 11). Bundan əlavə, "Məclis"
öz mövqeyindən sui-istifadə edən üzvlərini
ciddi cəzalandırırdı (maddə 45). Aşağıda
göstərilən cinayətlərə yol vermiş
ayrı-ayrı şəxslər barəsində cərimə
edilmək, boykot olunmaq, cəmiyyətdən, şəhərdən
qovulmaq dərəcəsinə qədər müxtəlif cəza
növləri nəzərdə tutulurdu: müsəlmanlar
arasında parçalanma yarada biləcək şiə-sünni
məsələləri haqqında söhbətlər aparan
şəxslər (maddə 14); əhali arasında müxtəlif
münaqişələr səbəbindən
iğtişaşlara gətirib çıxaran şəxslər
(maddə 14); hökumətə qarşı böhtanla məşğul
olması müəyyən edilmiş şəxslər (maddə
16); oğurluqla və oğurlanmış əşyaların
gizlədilməsi ilə, əyyaşlıqla məşğul
olan şəxslər (maddə 17); qızları
qaçıran, qadınları incidən şəxslər
(maddə 18); erməni-azərbaycanlı münaqişələrinə
səbəb ola biləcək şaiyələr yayan şəxslər
(maddə 19); yazılı və ya şifahi böhtanla məşğul
olan şəxslər (maddə 20); qanunsuz arvad saxlamaqla məşğul
olan şəxslər (maddə 22); qan düşmənçiliyi
yaradan şəxslər (bu düşmənçiliyi bir-biri
ilə qohum olmaq yolu ilə aradan qaldırmaq nəzərdə
tutulurdu. -Müəllif) (maddə 24); qiymətləri qəsdən
hədsiz artıran şəxslər (maddə 27). Proqrama əsasən,
"Qarabağ Birlik Məclisi" böyük səlahiyyətlərə
malik idi. Zəruri hallarda hökumət müəssisələri,
o cümlədən kənd məhkəmələri boykot
edilirdi. Bu halda bütün məhkəmə çəkişmələri
"Məclis"in rayon komitələrinə keçirdi. "Məclis"in
razılığı olmadan hətta Şəhər
Dumasının qlasnıları da seçilə bilməzdi
(maddə 51). Şəhərləri və kəndləri tərk
edib getmiş insanların əmlakı və evləri də
"Məclis"in mülkiyyətinə keçirdi. Onlardan əldə
edilən gəlirlər yoxsullar arasında
bölüşdürülməli idi (maddə 31). Bu, sosial ədalət
probleminin həll metodlarından biri idi. "Difai"
özünü məhz sosial ədalətin müdafiəçisi
elan edirdi.
Proqramda aqrar məsələ
radikal şəkildə həll edilirdi - "torpaq əməkçiləri
sinfinə məxsus olmalıdır". Torpağın kəndlilərə
verilməsinin həyata keçirilməsi mexanizmləri barədə
qeyd-şərt yox idi. Lakin irəlidə görəcəyimiz
kimi, praktikada həm təşviqat sahəsində, həm də
torpaq sahiblərinə təsir etməyin başqa
formalarında müəyyən addımlar
atılmışdı. Proqramın bu bölmələri bəzi
çar məmurlarını hətta bu partiyanın
sosial-demokratik xarakteri barədə düşünməyə
sövq etmişdi. Yelizavetpol qubernatorunun Sankt-Peterburqa
ünvanlanmış raportlarının birində təşvişlə
bildirilir: "Çox güman ki, yaxın gələcəkdə
partiya aqrar məsələnin, yəni mülkədar
torpaqlarının kəndlilərə təmənnasız
verilməsi məsələsinin təbliğ ilə məşğul
olacaqdır".
"Qarabağ Birlik Məclisi"ndə,
eləcə də bütün "Difai" partiyasında
tacirlərdən ibarət böyük bir təbəqənin
mövcud olması proqramda ticarət haqqında ayrıca
bölmələr olmasını şərtləndirmişdi.
Ticarətdə qayda yaratmaq və sui-istifadə hallarına son
qoymaq nəzərdə tutulurdu. Bu halda Azərbaycanda həm sənayeni,
həm də ticarəti sırf milli istiqamətdə
inkişaf etdirmək lazım idi. Əsas tələb ondan ibarətdir
ki, "müsəlmanlar başqa millətlərə deyil,
özümüzə xeyir vermək üçün yalnız
müsəlmanlardan mal alsınlar"(maddə 52). Səhmdar
şirkətləri və imkanlı müsəlmanlar da kənd
təsərrüfatı məhsullarını və sənaye
mallarını yalnız müsləmanlardan almağa borclu
idi. Bu tələbləri yerinə yetirməyənləri millətə
xəyanətə görə cərimə gözləyirdi
(maddə 36). Proqramın bu bəndləri difaiçilərin
təbliğ etdiyi millətin konsolidasiyası nəzəriyyəsini
əyani şəkildə əks etdirirdi. Onlar ticarəti də
bu sahəyə daxil edirdilər.
Maarif sahəsində
proqram "kişi və qadın cinsindən olan uşaqlar
üçün təhsil müəssisələri açmaq
və onların yeni üsulla öyrədilməsi
üçün hər cür səy göstərməyi"
nəzərdə tuturdu (maddə 34). Bütün məsələlər
şəriət qanunları əsasında həll edilməli
olduğuna görə, proqramın ayrı-ayrı bəndləri
məxsusi dindarlar, dini mərasimlərin reqlamentləşdirilməsi
və başqa məsələlər barədə idi. Məsələn,
qeyd edilirdi ki, ruhanilər, yəni baş mollalar,
pişnamazlar, qazılar və məhəllə mollaları,
var-dövlətə şirniklənmədən millətin tərəfini
saxlamalı və öz səlahiyyətlərini şəriət
əsasında yerinə yetirməlidirlər, əks halda onlar
ictimai mövqeyini və ruhani rütbəsini itirə bilərdilər
(maddə 44). Matəm mərasimləri və onlarla
bağlı xərclər yeddi günə qədər
azaldılmalı, lüzumsuz matəm və əyləncə
xərcləri isə hər kəsin vəziyyətindən
asılı olaraq yoxsulların və məktəblərin
xeyrinə müsadirə edilməli idi. Bu tələbləri
pozanları cərimə gözləyirdi (maddə 37-38).
Cavanşir qəza rəisinin raportunda "Məclis"in
proqram tələbləri son dərəcə neqativ səciyyələndirilmişdir:
"gbu proqram bu xalqı siyasi cəhətdən sıx birləşdirməyi,
onu əlaltından hazırlamağı nəzərdə
tutur. O, hökumət müəssisələrinin boykot edilməsi,
mülkədarlar və kəndlilər arasında torpaq
münasibətlərinin yəni, aqrar məsələnin kəskinləşdirilməsi
məqsədi güdürdü. Nəticə etibarilə bu
proqramı pozanlar üçün ayrı-ayrı şəxslərin,
bütün ailələrin boykot edilməsi, partiyanın tələblərinə
israrla tabe olmaq istəməyənləri cərimələr
gözləyirdi".
Beləliklə,
"Qarabağ Birlik Məclisi"nin proqramı
"Difai"nin proqramının ilkin layihəsini bir növ
tamamlayırdı. Hər iki proqramda Azərbaycan cəmiyyətində
qanunvericilik qaydasında islahatlar aparmağa cəhd göstərilirdi.
Yaxşı silahlanmış dəstələr də olsa,
partiya liderlərinin köməyi ilə bu islahatlar millətin
təhlükəsizliyini və tərəqqisini təmin etməli
idi. Proqramın bir sıra bəndlərinin müəyyən
qədər sadəlöhv və bəsit xarakteri,
görünür, tərtibçilərin kəndli kütlələrini
onların təmsilçisi olduğunu iddia edən
partiyanın fəaliyyətinin əsas istiqamətləri ilə
sadə, anlaşıqlı formada tanış etmək arzusu
ilə izah edilməlidir. Eyni zamanda, partiyanın proqramı
"Daşnaksutyun" partiyasının proqram sənədlərindən
və onun strukturundan kəskin fərqlənirdi. "Daşnaksutyun"
öz orqanlarının mürəkkəb, çoxşaxəli
geniş əhatəli sistemi ilə dövlət
strukturlarını xatırladırdı. Burada hər şey
nəzərdə tutulmuşdu: ordu, milis, məhkəmələr,
adminstrasiya, maliyyə, mətbuat, beynəlxalq əlaqələr.
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 25 fevral.- S. 6.