ERMƏNİLƏRİN SUMQAYITDA TÖRƏTDİKLƏRİ ERMƏNİ SOYQIRIMI

 

(əvvəli ötən sayımızda)

 

Gizli şəkildə aparılan çəkilişlərin xarici ölkələrdə nümayiş etdirilib dünya ictimaiyyətinə çatdırılmasına qədər hər şey dönə-dönə ölçülüb-biçilmişdi.

Məşqlər keçən, hazırlıq səviyyələri yoxlanılan terroristlərə teraktı törətdikdən sonra ələ keçmədən aradan çıxmaq tapşırıqları verilmişdi.

 

HADİSƏLƏRİN BAŞLANMASI

 

Hadisələrin hazırlıq işlərinə 1988- ilin fevral ayının ortalarından start verilmişdi. Kənardan gələn terroristləri Sumqayıtlı terroristlərin mənzillərində yerləşdirmişdilər. Prosesə cəlb edə bildikləri kriminogen durumlu, yüngül təbiətli gənclərə narkotik maddələr və spirtli içkilər paylamışdılar. Terroristlərə birinci növbədə yaratdıqları təşkilatlara üzv olmaq istəməyən və üzvülük haqları verməyən ermənilərin öldürülməsini, mənzillərinin taladılmasını tapşırılmışdı. Onların sıyahısı və ünvanları dəstə rəhbərlərinə paylanılmışdı.

Azərbaycanlılaşdırılmış terroristlər prosesə şayiələr yaymaqla başlamişdılar. Onlar Ermənistanın Gorus rayonunda ermənilərin neçə-neçə hamilə qadınların qarınlarını yardıqlarından, neçə-neçə adamları sağ-sağ od vurub yandırdıqlarından, bir qız uşağının başını kəsdiklərindən, anasının bu başı sumkasında gətirib Sumqayıtda adamlara göstərməsindən, qiz və qadınların namusuna toxunub döşlərini, başlarını kəsib, çoxsaylı işgəncələrlə öldürmələrindən, hətta öldürülənlərin meyidlərinin yük maşını ilə Sumqayıta gətirmələrindən... yanıqlı-yanıqlı danışıb hamını qisas almağa çağırırdılar. Hadisələrin törədiciləri "şayiələr nə qədər çox olarsa, qırğınlar da bir o qədər çox olar" prinsipini işə salmışdılar.

Uydurulan şayiələr həddən artıq çox idi.

Mən bir dəfə adamların arasında deyilənlərin şayiə olduğunu bildirdikdə qara plaşlı, təxminən 25-26 yaşlı bir "azərbaycanlı" Ermənistandan gəldiyini, ermənilərin ayaqlarını kəsdikləri bacısını evlərinə gətirdiyini bildirdi. Bu hadisə ilə dərindən maraqlandığımı, bacısını görmək istədiyimi başa düşən bu "azərbaycanlı" tələsdiyini bəhanə gətirib aradan çıxdı.

Azərbaycanlıların psixologiyasına, təbiətinə yaxşı bələd olan erməni terroristlər uydurduqları şayiələrin ağızdan-ağıza keçib əhali arasında daha geniş yayılacağına, artacağına, rezonans verəcəyinə, son məqamda camaatın idarəolunmaz hala düşəcəyinə əmin idilər.

 

26 FEVRAL

 

26 fevralda təxminən günün ikinci yarısında şəxsi maşınımla bağımdan qayıdıb Lenin meydanının yaxınlığında yerləşən evimə qayıdırdım. Meydana toplaşan adamlarla maraqlanıb yanlarına getdim. Dedilər ki, Ermənistanın Gorus və başqa rayonlarında azərbaycanlılara qarşı ermənilərin törətdikləri qətliamlara cavab vermək üçün adamlar buraya toplaşmışdır. Qəribəsi o idi ki, bu dəstənin içərisindəkilərin çoxunun əynində qara plaş, qara paltar var idi. Sonradan aydın oldu ki, onlar hadisələr ərəfəsində biri-birini tanımaq üçün qara rəngli paltarlar geyinmiş erməni terroristləri olmuşdur.

Meydana toplananlar, birinci növbədə qarapaltarlılar Ermənistanın Gorus rayonunda azərbaycanlıların başlarına gətirilən dəhşətli işgəncələrə cavab tədbirləri görülməsi tələbilə çağırışlar səsləndirməyə başladılar. Xeyli vaxtdan sonra aralarında "ermənilərə ölüm" səsləndirən təxminən 200-300-ə qədər adam Lenin küçəsi ilə irəliləyib mağazaların vitrinlərini sındıra-sındıra şəhərə dağılışdılar. Əvvəlcə çaş-baş qalmışdım. Sonradan həmişə daxilimdə yaşayan bir duyğu məni ayiltdı, narahatçılığım artdı.

 

NARAHATÇILIĞIMIN SƏBƏBLƏRİ

 

Əslən Ermənistanın Kirovakan rayonunun Gözəldədərə kəndindənəm. İlk adı Xancığaz olan kəndimiz heç bir etnik qarışığı olmayan qədim oğuz yurdlarından biridir. Əhalisi həmişə ermənilərlə ədavətdə olmuşdur. Çoxları kimi ermənilər bizim nəslə də bədbəxtlik gətirmişdilər. Araba ilə həkimə aparılan xəstə ana babamı Qışlaq kəndi yaxınlığında amansızlıqla öldürmüşdülər. Mən atasını ağlayan anamın döşlərindən axan göz yaşları ilə yanaşı ermənilərə qarşı nifrət hissi əmmişəm. Minlərlə soydaşlarımla yanaşı, gənc yaşlarımdan Ermənistandan qovulmuşam... 1956, 1965, 1969 (sonradan 1988-cu ildə) ermənilərin bizə qarşı törətdikləri təxribatlara qarşı apardığım mübarizəyə, etdiyim çıxışlara, yazdığım məktublara görə məsuliyyətə cəlb edilib ittiham olunmuşam.

Bütün Ermənistanlı azərbaycanlılar kimi, mən də, ermənilərin azərbaycanlıları təxribatlara çəkib qovmaq üçün bəhanələr yaratmaq istəklərinin olduğunu bilirdim. Azərbaycanda bütün səviyyələrdə vəzifə tutan ermənilərdən fərqli olaraq, Ermənistanda vəzifə tutan bir nəfər də azərbaycanlı yox idi. Ermənistanda azərbaycanlılara qarşı işgəncələr verilirdi. Bütün bunlar haqqında 1984 və 1987- ci illərdə Sov.İKP MK-ya məktub göndərmişdim. (Bax: X. Alovlu "Həqiqətin tarixi, tarixin həqiqəti" kitabı, səh. 192, 194. "Nurlan" nəşriyyatı, 2004 il). Həmin məktublar laqeydlik inersiyasi ilə Azərbacan MK-ya, oradan Sumqayıt şəhər PK-nə göndərilmişdi. Məktublar o vaxtlar Sumqayıtda 2-ci katib, hazırda Baş Nazirin müavini, Qaçqınkomun sədri işləyən Əli Həsənov tərəfindən baxılıb arxivə gondərilmişdi.

Erməni məkrlərinə çoxdan bələd olan adamlardan biri kimi "Ermənilərə ölüm" aksiyasının ermənilər tərəfindən xüsusi məqsədlər üçün təşkil edildiyini daxilən hiss etmişdim. Bu məqsədlərin içərisində Ermənistandaki azərbaycanlıların, o cümlədən, qohum və kəndlilərimin də işgəncələrə, ölümə düçar olunacaqlarını, doğma yurdlarından qovulacaqlarını bilirdim. Odur ki, başlanan aksiyanın pis nəticələr verəcəyi haqda yaxından tanış olduğum DTK-da işləyən polkovnik Aydın Abdullayevə 26 fevralda zəng edib məlumat verdim və tədbir görmələrini xahiş etdim. (Bu haqda SSRİ Prokurorluğunun Az. Respublikasının CM-nin 67 maddəsi ilə haqqımda qaldırdığı cinayət işində rəhmətliyin izahatı var).

 

SUMQAYIT FƏALLARININ YIĞINCAĞI

 

Aradan 20 ildən çox vaxt keçdikdən sonra indi fikirləşirəm ki, erməni terroristləri hadisələri bilərəkdən müəssisələrin çoxunun işləmədiyi şənbə və bazar günlərində törətməyi planlaşdırıblarmış.

26 fevralda baş verən hadisəylə bağlı MK katibi Həsən Həsənov Sumqayıt PK-nin 2-ci mərtəbəsindəki kiçik zalda idarə və müəssisə rəhbərlərinin yığıncağını keçirdi. 25 saylı məktəbin direktoru kimi mən də orada iştirak edirdim. Həsən Həsənov idarə və müəssisə rəhbərlərinə sabah işçilərinin Lenin meydanına çıxmağının qarşısını almağı tapşırdı. Mən söz alıb "sabah bazar günüdür. Bir gecənin icərisində bunu etmək mümkün olmayacaq" dedim. Əlavə etdim ki, "bunu polisin gücü ilə etmək lazımdır". Həsən Həsənov partiya amiranəliyi ilə "görün biz nə deyirik, o nə deyir" cavabını verib, xahişimi MK katibinə xas olan ironiya ilə qarşıladı.

 

QƏZAVÜ-QƏDƏR

 

Dediyim kimi də oldu. Terroristlər ermənilərə nifrət aşıladıqları insanları fevral ayının 27-də Sumqayıt şəhər PK- nin qarşısına- Lenin meydanına yığa bildilər.

Meydana qara plaşlı, qara paltarlı terroristlər, onların hazırlayıb qızışdirdıqları narkoman, nəşəxor, tüfeyli olanlarla yanaşı, sağlam düşüncəli, Gorus azərbaycanlılarının taleyinə biganə qalmayan yüzlərlə insanlar, idarə və müəssisə rəhbərləri və əməkdaşları da yığışmışdı.

Nümayişçilər respublika rəhbərlərini tənqid atəşinə tutur, haqlarında alçaldıcı ifadələr işlədir, təcili tədbirlər görmələrini tələb edirdilər. Meydanın ayrı-ayrı yerlərində tək-tək adamların səsləndirdiyi "ermənilərə ölüm" sözləri kütləvi hal alır, hamı tərəfindən xorla səsləndirilirdi. Tribunaya çıxıb nümayişçiləri sakitləşdirməyə çalışan şəhər və respublika rəhbərlərinə danışmağa imkan vermir, fitə basıb tribunadan endirirdilər. Mitinq idarə olunmur, təhlükə yaradacaq hala düşürdü. Bir azdan o 26 fevralda olduğu kimi, bu dəfə yüzlərlə deyil, minlərlə adamın iştiraki ilə şəhərə dağılışıb qırğınlar törətmək halına gətirilirdi.

Belə bir vaxtda qəzavü qədərlə rastlaşdım. Şəhər Şovetinin sədri Təvəkkül Məmmədov məni tribunaya çağırıb nümayişi idarə etməyi xahiş etdi. Və bu çağırış ömrümün ən ağır günlərinə yol açdı. İmtina etməyimə baxmayaraq həm aşağıdakılarin, həm də yuxarıdakıların tələbilə tribunaya qalxdım və 4-5 saat ərzində nümayişi idarə edib xoşagəlməz hadisələrin törədilməsinin qarşısını almağa çalışdım və çətin də olsa buna nail oldum. Məqsədim ayaq üstə dayanıb yorulan adamların hadisə törətmədən evlərinə dağılmalarına nail olmaq idi.

 

AŞAĞIDAKILARLA YUXARIDAKILARIN ÇARPIŞMASI

 

Aşağıda - meydanda, mitinqi təşkil edənlər və onların ətrafındakılar, yuxarıda - tribunada bu hadisələrin qarşısını almağa çalışan partiya və dövlət işçiləri qarşı-qarşıya dayanmışdılar. Mən ortada nə edəcəyini bilməyib vurnuxan arbitrə bənzəyirdim. Bildiyim tək bir şey vardı ki, o da "ermənilərə ölüm" çağırışları edənlərin qarşısını almağa nail olmaq idi.

Aşağıdakılarla yuxarıdakılar arasında gərginlik getdikcə artırdı. Aşağıdakılar "ermənilərə ölüm" çağırışları edir, yuxarıdakılar bu çağırışların qarşısını almağa çalışırdı.

Mitinqçilərin arasında sifətləri nə mənə, nə də tribunada olan sumqayıtlıların heç birinə tanış olmayan çoxlu qara plaşlılar, qara paltarlılar var idi. Hiss edirdim ki, onlar nümayişçiləri qızışdırır, kəskin ifadələr işlədir, erməniləri öldürmək, şəhərdən çıxartmaq kimi tələblər irəli sürürlər. Çox qəribədir ki, ittihamnamə zamanı maqnitofonda dinlədiyim çıxışımda bu aksiyanı Böyük Ermənistan iddiasına düşən erməni daşnaqlarının qəsdən uydurub ortaya atdıqlarını desəm də, onların burada, adamların arasında olduqlarını dərk edib deyə bilməmişdim. Nə mən, nə də oradakı ayıq adamlar, ümimiyyətlə hamı, "ermənilərə ölüm" qışqıranların Gorusdan qaçıb qisas almağa gələn azərbaycanlılar deyil, erməni terroristləri olduqlarını ağlımıza gətirə bilmirdik. Düşünmək olmurdu ki, niyə onlar şikayət etmək, dərdlərini demək üçün Azərbaycan MK-nə deyil, Sumqayıta sıravi adamların, əhalinin arasına gəliblər. Görünür ki, professional erməni terroristləri bunu hesablayıblarmış. Hesablayıblarmış ki, nəinki o vaxtlar, hətta ondan sonrakı dövrlərdə də şoka, ovsuna saldıqları azərbaycanlılar nə baş verdiyini, kimlərin tərəfindən baş verdiyini və necə baş verdiyini tam şəkildə uzun müddət anlaya bilməyəcəklər.

Meydanda kütlənin arasına doluşan xeyli hissəsi qara paltarlı olan erməni terroristləri "ermənilərə ölüm" tələbləri ilə hadisələri təhlükəli axara yönəltməyə calışırdılar. Çətin də olsa bu axarı dəyişdirməyə nail olurdum. Yeri gəlmişkən, onu da qeyd edim ki, nümayişçilərin arasına doluşan terroristlər obyektivlərə düşüb tanınmamaları üçün S.Vurğun adına MS-n üstünə çıxıb şəkil çəkən fotoqrafı "ermənidir" deyə-deyə tribunanın yanına qədər gətirib, fotoaparatını sındırıb özünü qanına qaltan edərək öldürməyə cəhd göstərdilər. Mən tribunadan enib onu çətinliklə xilas etdim. Tribunaya qayıdıb onun azərbaycanlı müəllım, həvəskar fotoqraf olduğunu bildirdim. Aydını tanıyırdım. Ermənistanın Kirovakan r-nun Arçut kəndindən idi. Əgər yaşayırsa, Aydının söylədiyim bu hadisəyə münasibət bildirməyi maraqlı olardı.

 

TERRORİSTLƏR NƏ ÜÇÜN ÇƏKİLİŞ APARILMASINA İCAZƏ VERMİRDİLƏR?

 

Kimsə mitinqin çəkilib televizorda göstərilməsini tələb etdi. Lakin, qaraplaşlılar və ətraflarında olanlar bu tələbin əleyhinə ehtiraz dalğası yaratdılar. Terroristlər obyektivə düşüb sonradan axtarılıb tapılacaqlarının qarşısını almaq üçün bu qadağanı planlaşdırmışdılar. Beləliklə, özləri gizli şəkildə çəkilişlər aparan terroristlər özgələrin çəkiliş aparmasına qadağa qoya bildilər.

 

 

(Ardı var)

 

Xıdır ALOVLU

 

Ədalət.- 2011.- 25 fevral.- S. 7.