1905-1906-cı illərin
erməni-azərbaycanlı münaqişəsi "Difai"
partiyasının yaranmasının
əsas səbəbi kimi
(Əvvəli ötən saylarımızda)
Müəllif bu
kitabında erməni millətçi təşkilatlarının
terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk
milli təşkilat "Difai" (Müdafiə)
Partiyasının yaradılması və fəaliyyəti
tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən
cəlb edilmiş zəngin faktiki materialın təhlili və
ümumiləşdirilməsi əsasında bu mövzunu
ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan
asılı olmadan işıqlandırmağa cəhd
edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti
erməni-azərbaycanlı ziddiyyətlərinin
yaranmasının ilkin tarixi şərtləri və səbəbləri
fonunda nəzərdən keçirilir. Çar
Rusiyasının XVIII əsrin birinci rübündən
başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu
ziddiyyətlərin əsasını qoymuşdur. Həmin
siyasətin həyata keçməsində erməni amilinə
imperiyanın regionda sosial dayağı və müsəlman
dövlətləri olan Türkiyə və İrana
qarşı mübarizə xristian forpostu rolu
ayrılırdı. Məhz bu siyasət nəticəsində
XX əsrin əvvəlində erməni-azərbaycanlı
ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq,
açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı
əhalinin erməni terrorundan qorunmasında "Difai"
Partiyasının rolunu obyektiv və əsaslandırılmış
şəkildə işıqlandırılması zərurəti
müasir dövrdə bu araşdırmanın əhəmiyyətini
və aktuallığını şərtləndirir.
Məsələn, erməni
kilsəsinin və "Daşnaksutyun"un nəinki erməni
hərəkatında əli olması, hətta onların həmin
hərəkatda əsas rol oynamasını göstərən
çoxsaylı faktlar aşkar edilmişdir. Ermənilərin
siyasi etibarsızlığı haqqında rus
qafqazşünasları da yazmışlar: "Onlar göstərirdilər
ki, rus dövlətinin tərkibinə onun işğal etmədiyi,
özünə zorla tabe etmədiyi, öz himayəsi
altına qəbul etdiyi çoxlu kiçik xalqlar daxildir. Lakin
ayrı-ayrı şəxslər ümumi dövlət həyatının
geniş dairəsinə daxil olduqdan sonra həmişə hakim
xalqı təmsil edən siniflərin həyat şəraitini
qəbul etməyə çalışacaqlar. Onların millətinin
əvvəlki siyasi bənzərsizliyi haqqında təəssüf
hissi məhz bu qabaqcıl şəxsiyyətlərdə
yaranır". Buna görə də belə hesab edirdilər
ki, ermənilərin siyasi etibarına zəmanət yoxdur. Beləliklə,
süni şəkildə yaradılmış erməni məsələsi
başqa etnoslara təsir göstərmək və onları
idarə etmək məqsədilə qanunauyğun tərzdə
genişlənməyə başlamış, qismən onun
üçün ayrılmış çərçivədən
kənara çıxmış, artıq imperiya
standartlarına zidd olmuşdur.
1903-cü il oktyabrın
14-də Tiflisdə Qafqaz mülki hissə rəisi,
general-adyutant knyaz Qolitsan sui-qəsd edilmişdi. Üç
erməni ona xəncərlə ağır yara vurmuş, lakin
knyaz özünü cəmləşdirib jandarm və kazaklar
gələnə qədər davam gətirmiş, onlar isə
terrorçuları zərərsizləşdirmişdilər.
Bir qədər irəli gedərək qeyd edək ki, erməni
millətçilərinin terrorçu hərəkətləri
illərində "Daşnaksutyun"un Zaqafqaziyadakı agentlərinin
əli ilə onlarca hakimiyyət nümayəndəsi, o
cümlədən görkəmli inzibati vəzifələr
tutmuş general Əlixanov, Bakı şəhərinin
qubernatoru knyaz Nakaşidze (1905), Yelizavetpolun vitse-qubernatoru
Andreyev (1904), qəza rəisləri Boquslavski (1904),
Şmerlinq, Neşşanski, Pavlov, polismeyster Saxarov, pristavlar
Cavaxov və Şumakeviç, sərhəd xidməti polkovniki
Bıkov, jandarm rotmistrləri Appel və Burkatski, quberniya həkimi
Urazov və bir sıra başqa məmurlar və polis zabitləri
qətlə yetirilmişdir. Antiazərbaycan əhval-ruhiyyəsi
ilk dəfə 1903-cü ilin mart ayında aşkar təzahür
etmişdir. O dövrə aid sənədlərdə deyilirdi:
"İrəvan quberniyasında, xüsusən Sürməli
qəzasında xalqın əhval-ruhiyyəsi təşviş
doğurur. Son vaxtlar erməni əhalinin müsəlmanlara
qarşı qəzəbi onlara hücumlar edilməsində,
onların qarət olunmasında və döyülməsində
aşkar ifadə edilməyə başlamışdır".
"Daşnaksutyun"un antiazərbaycan taktikasına bu
partiyanın sənədləri də dəlalət edir. Sənədlərin
birində deyilir: "Hökumətlə müharibəni
rahatlıq üçün Tiflisə və ya lap Peterburqa da
köçürə bilərik, tatarlarla müharibəni isə
başqa yerə köçürmək olmaz". İki xalq
arasında gərginliyin artması fonunda Rusiyanın
özündə də vəziyyət kəskinləşmişdi.
Bu, bir tərəfdən ölkə daxilində sosial-siyasi və
iqtisadi ziddiyyətlərdən, digər tərəfdən,
xarici siyasi amillərdən (Rus-Yapon müharibəsində məğlubiyyət,
İngiltərə-Rusiya və Almaniya-Rusiya ziddiyyətlərinin
artması) irəli gəlirdi. Həmin dövrdə Cənubi
Qafqazın iri sənaye mərkəzi olan Bakı müxtəlif
inqilabi ideyaların inkişafının özünəməxsus
episentrinə çevrilmişdi. Neft mədənlərinin fəhlələri
arasında inqilabi əhval-ruhiyyə xüsusilə
güclü idi. Onların arasında ruslar və ermənilər
daha çox idi. 1905-ci il fevralın 6-da Bakının mərkəzində,
erməni kilsəsinin yaxınlığındakı
"Parapet" meydanında Bakı qəzasının
Sabunçu kənd sakini, varlı müsəlman Ağarza
Babayevin ermənilər tərəfindən qətlə
yetirilməsi azərbaycanlılarla ermənilər arasında
qanlı qarşıdurmanın başlanmasına təkan
verdi. Babayevi əvvəlcə başından yaralamış,
sonra soyuq silahla daha iki ölümcül yara vurmuşdular.
Bakı polismeysterinin məlumatına görə 6-9 fevral
qanlı hadisələrinin gedişində Bakıda 232 nəfər
öldürülmüşdü. Şəhərdə
baş verən iğtişaşlar Balaxanı, Ramana və
Sabunçu neft mədənlərinə də
yayılmış, orada 37 nəfər
öldürülmüş, 33 nəfər
yaralanmışdı. Ordubadi yazırdı ki, əgər ermənilər
bu işə daha gizli şəkildə
hazırlaşmış olsaydı, həlak olmuş müsəlmanların
sayı on minlərlə olardı. Lakin onu da qeyd etmək
lazımdır ki, bakılı müsəlmanlar bu
qarşıdurmaya kifayət qədər ciddi yanaşmamış,
hətta ermənilərin müdafiəçiləri rolunda
çıxış etmişlər.
Sual oluna bilər:
çar hökuməti və polis quvvələri bu hadisələrə
hazır idimi? Doğrudanmı heç kəs bu vəziyyəti
qabaqcadan hiss edərək, Bakıdakı bu hadisələrin
qarşısını almaq üçün hökumətin sərəncamında
olan qüvvələrdən ağlabatan tərzdə istifadə
edə bilməzdi? Əlbəttə, vəziyyət
proqnozlaşdırılmış və hətta əbədi
aktual olan "parçala və hökm et" prinsipi əsasında
qismən proqramlaşdırılmışdı. Hökumət
kütlələri özündən təcrid etməyə və
özü arbitr rolunda çıxış etməyə
çalışırdı. Ermənilər isə mərkəzin
zəifləməsini artıq hiss etdiklərindən yeni
Böyük Ermənistan ideyasını müsəlmanların
hesabına həyata keçirmək istəyirdilər.
Dünyanın özü kimi qədim bir həqiqət var - əgər
problem varsa, deməli, o, kiməsə lazımdır. Kimə?
Cavab aydındır.
Polis bu hadisələrin qarşısını almaqda tamam
laqeydlik göstərmişdir. Hələ 1905-ci ilin fevral hadisələrinə
qədər, 1902-ci ildə Bakının keçmiş
qubernatoru D.A.Odintsov Qafqazda mülki hissə üzrə baş
komandan Qolitsına müraciətlə Bakı şəhərinin
və neft mədənləri rayonlarının inzibati idarəçiliyində
dəyişikliklər edilməsini xahiş etmişdir. O, həmin
müraciətdə: şəhər ərazisinin çox
geniş olmasını, mədənlərdə, fabrik və
zavodlarda işləyən əhalinin, xüsusən fəhlələr
arasında sosial-demokratik ideyaları təbliğ etməyə
meyl göstərən "gəlmə kişilərin"
özünəməxsus xarakterini, əhalinin müxtəlifliyini
(40 millət və xalq), onlar arasında qanlı etnik və
dini münaqişələr baş verməsini, dəhşətli
iqlim şəraitini, dar küçələrdəki tikililərin
"Asiya" xarakterini, bu küçələrin cinayətkarlar
üçün pusqu yeri və sığınacaq kimi xidmət
edə bilməsini, əhalinin başdan-başa
silahlanmış olmasını, onların çox
çılğın xarakterini və ən
başlıcası, qan qisasçılığına meylli
olmasını nəzərə alaraq, polis ştatının
artırılmasını xahiş edirdi. Senator Kuzminski öz
hesabatında yazır: "Bakıda ermənilərlə
tatarlar arasında münaqişə gözlənilməsi barədə
şayiyələr fevral hadisələrindən hələ
bir neçə ay əvvəl yerli cəmiyyətdə əylə
yayılırdı. Bu şayiələr Bakı şəhər
polisinin məmurlarına məlum idi və Bakı şəhərinin
5-ci sahəsinin pristavı Prokoviç həmin hadisələr
haqqında Bakı polismeysteri Deminskiyə vaxtında xəbərdarlıq
etmişdi. Heç şübhəsiz, onun vasitəsilə bu
məlumat qubernatora da çatmalı idi. Bununla belə,
gözlənilən münaqişənin
qarşısını almaq üçün onun tərəfindən
heç bir tədbir görülməmişdi. Qubernator polis
qorodovoylarının ən qısa müddətdə silahla təchiz
edilməsinin zəruriliyinə də diqqət yetirməmişdi,
hərçənd ona məlum idi ki, qorodovoyların demək
olar ki, hamısı silahsız idi, revolverlər
alınması üçün vəsait
ayrılmışdır". Lakin Kuzminski belə hesab edirdi
ki, "hakimiyyətin acizliyi, onun özünü itirməsi və
qırğını yaratmağa əsla qabil olmasının
aşkar edilməsi hadisələrin hazırlanmasında
polisin iştirak etməsi barədə deyilənlərin
tamamilə əsassız olmasını göstərir və
bunlar yalnız 6-9 fevral hadisələrinə səbəb
olmuş ən yaxın amillər hesab edilə bilər".
Kuzminski daha sonra yazır: "Əslində fevral hadisələrinin
daha dərin səbəbləri var. Bu hadisələr tədricən
yaranmışdır. Onların müəyyən tarixi var və
heç şübhəsiz, bu səbəblər nəinki
artıq baş vermiş hadisələrlə
hesablaşmağı, həm də onların baş verəcəyini
əvvəlcədən duymağı və əgər bu
hadisələr dövlətdə asayişə hər
hansı mənada təhlükə doğurursa, bu halda
onların qarşısını almaq üçün tədbirlər
görməyi özünün vəzifəsi hesab edən təcrübəli
inzibatçının sayıq diqqətindən yayına bilməzdi
və yayınmamalı idi". Məsələn, Kuzminski
1904-cü ilin sentyabr ayında ermənilərlə müsəlmanlar
arasında baş vermiş bir neçə qətl hadisəsini
göstərir və qeyd edirdi ki, bunlar simptomatik xarakter kəsb
etmişdi və müdriyyət onlara diqqət yetirməyə
borclu idi.
Erməni-azərbaycanlı
qarşıdurmasının dərin səbəblərinə
toxunan Kuzminski müsəlman ziyalılarının nümayəndələrinin
fikirlərini nümunə gətirir. Onlar Kuzminski ilə
görüş zamanı ermənilərə düşmən
münasibətlərini gizlətmir, bunu "onların"
yırtıcı meylləri və satqınlığı ilə
izah edirdilər. Bu xasiyyətlər sayəsində ermənilər
maddi sərvətlərini artırmağa nail olmuş, eyni
zamanda hökumətin müsəlman əhaliyə etimadını
azaltmış, müsəlmanları vəhşi, fanatik,
ümumiyyətlə etibarsız xalq kimi qələmə
vermişdir. Kuzminski daha sonra yazır: "Müsəlmanlar
açıq bəyan edirlər ki, fevral hadisələrinin səbəbləri
onlarla ermənilər arasında yaranmış münasibətlərin
səbəblərində axtarılmalıdır. Onlar deyirlər:
biz ermənilərə paxıllıq etmirik və onların
inkişafına mane olmaq istəmirik, qoy onlar öz qüvvələrini
bütün istiqamətlərdə inkişaf etdirsinlər,
lakin bu məsələdə müsəlmanlara mane
olmasınlar, bu diyarın sərvətlərinə yalnız
özləri malik olmağa çalışmasınlar,
müsəlmanları mənəvi və maddi cəhətdən
kölə vəziyyətinə salmaq fikrinə düşməsinlər.
Ermənilər də öz növbəsində Bakı
qırğınının yaranma səbəblərini izah edərək
bütün ittihamları bu diyarın administrasiyasının
vəzifəli şəxslərinin üzərinə qoyur,
bununla da milli, dini və iqtisadi şəraitin təsiri
altında yaranmış qəbilə düşmənçiliyinin
mövcud olmasını inkar edirlər.
1905-ci ilin fevral
ayında Bakıda qanlı hadisələr başlanandan sonra
Qafqazda canişin təsisatı bərpa edildi. Qafqazda
canişinlik sistemi müəyyən özünəməxsus
cəhətləri ilə fərqlənirdi. Bu təsisata
qayıtmaq zərurəti yüksək dərəcədə
mərkəzin unifikasiya edilmiş inzibati quruluş əsasında
milli regionların səmərəli idarə edilməsinə
qabil olmaması və ucqarlarda yerli hakimiyyət
orqanlarının çox cüzi də olsa müstəqilliyinin
zəruriliyini etiraf etməyə məcbur olması ilə
şərtlənmişdi. İndi əlahəzrət
imperatorun Qafqazdakı canişini yeni qanunlar qəbul
olunmasını tələb etməyən bütün məsələləri
öz hakimiyyəti ilə həll edə bilərdi. O, dövlət
nəzarəti, dövlət bankı və məhkəmə
idarəsi məmurları istisna olmaqla kadr siyasətinin
bütün məsələlərini, o cümlədən
rütbələr verilməsi, təltiflər, pensiyalar təyin
edilməsi və bütün başqa məsələləri
idarə edirdi. Fövqəladə hallarda o, Qafqaz diyarının
quberniya və vilayət adminstratorlarının istənilən
qərarını ləğv etmək hüququna malik idi.
(ardı var)
Eldar Əzizov
Ədalət.- 2011.- 12 fevral.- S. 16.