"MÜBARİZ DASTANI"

 

Ölkə mətbuatından imzası oxuculara tanış olan Mübariz Əliyev Ağcabədi rayonunun Qaradolaq kəndində doğulub. Bakı Dövlət Universitetini bitirir bu gün doğulduğu rayonda yaşayıb-yaradıb. Mübarizin bu günlərdə işıq üzü görən kitabının adı "Mübariz dastanı" adlanır.

Təbii ki, bu adın özü artıq oxucuya hər şeyi deyir. Çünki bu dastanda söhbət Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovdan gedir. İşğalçı düşmənə qarşı böyük rəşadət göstərmiş Mübariz İbrahimov öz qəhrəmanlığı ilə hər gün yeni-yeni kitabların, şeir və povestlərin yaranmasına bir növü geniş bir üfiq açır. Söz adamları onun qəhrəmanlığından ilhamlanaraq Mübarizi tərənnüm edir, xalqımıza, xüsusilə gənc nəsilə bir az da yaxından, bir az da artıq sevgi ilə tanıdırlar.

Elə "Mübariz dastanı" da həmin böyük sevgidən yaranan bir əsərdir. Kitab "Sarvan" çap evində çap olunub. Onun ilk səhifələrində Mübarizin həyat yolu, həmçinin şair İldırım Ərtəpənin ön sözü yer alıbdı. "Mübariz dastanı" poeması müqəddəs kitabımızdan olan epiqrafla başlayıb. Həmin epiqrafda deyilir: "Allahı və Vətəni yolunda ölənə ölü demirlər". Bəli, doğrudan da Mübariz öz qəhrəmanlığı ilə bir ölümsüzlük qazandı. Onun adaşı olan şair Mübariz də məhz bu ölümsüzlüyü tərənnüm edir və yazır:

 

Bir ömür danından

günəş parladı,

Doğulan o günün

Mübariz adı.

Əridi, zülmətdən

əsər qalmadı,

Sığmadı cəsarət

bəşər ağlına,

Heyranam yurdumun

igid oğluna.

Və yaxud:

 

Bir nağıl danışım sizə

bir nağıl,

Zülmətə qoy desin

parçalan, dağıl.

Söyləyin beləcə

duyğular doğul,

Alım mən necə var

onu qələmə,

Nur kimi yayılsın

küllü aləmə.

 

Bəli, bu kitab Mübariz haqqında olan kitabların sırasında yəqin ki, öz yerini tutmaqla öz oxucularını da tapacaqdı. Çünki müəllif bu dastana həyat gerçəkliyi ilə yanaşı, öz səmimi və isti duyğularını da köçürübdü.

 

 

Ədalət.- 2011.- 12 fevral.- S. 17.