"Şuşanı görmədim gözümdolusu..."

 

Mən, Əli Nəcəfxanlı ilə ilk dəfə "Müşfiq ocağı"nda tanış olmuşam. Onda o, Azərbaycan Televiziyasının müxbiri kimi nakam şairimiz Mikayıl Müşfiqi anmaq, "Xəbərlər" proqramına süjet hazırlamaq üçün Xızıya gəlmişdi. Söhbətimiz əsnasında məlum oldu ki, oğluna Müşfiq adı verib.

Məhz buna görə mən ona hörmət bəsləməyə başladım. Hər dəfə onunla təmasda olanda, mütləq adaşımı xəbər alıram. Açığını deyim ki, Əli Nəcəfxanlını bir jurnalist kimi imzasını yaxşı tanıyıram. Amma bir şair kimi şeirlərini oxumamışdım. Keçən ilin sonları idi. İş yoldaşım, dəyərli jurnalist Çingiz Sadıqov uzun illər tanıdığı Əli Nəcəfxanlının "Payız prospekti" adlı kitabının təqdimetmə mərasimindən gəldiyini bildirdi. Kitabı vərəqləməyə başladım. Təsadüfən kitabın 16-cı səhifəsi açıldı. "Şuşanı görmədim gözümdolusu" adlı şeiri məni özünə cəlb etdi. Bir nəfəsə oxudum. Şuşada olduğum günlər yadıma düşdü. Yadlar əlində qalan Şuşa niskili ürəyimdən keçdi:

 

"Şuşanı görmədim

gözümdolusu,

Vaxtında getməyə

vaxtım olmadı.

Vaqifin məzarı

qənimim olsun,

Şuşanın dağları

taxtım olmadı".

 

Misralarını oxuduqca həyəcanlanırdım. Qəlbimdən ağrılar, acılar keçdi. Mənə elə gəlir ki, bu şeir Əli Nəcəfxanlını bir şair, elə-obaya bağlı vətəndaş kimi yüksəldir.

Bütövlükdə kitaba Əli Nəcəfxanlının xeyli şeiri toplanıb. Hər şeirin öz məna yükü, müxtəlif çalarları var. Bu mənada "Qızım" şeiri yuxarıda dediklərimizi təsdiq edir. Şeir Əli Nəcəfxanlını bir ata kimi xarakterini açır:

 

"Aynana bəzəkli

pərdələr çəkib,

Aradan pərdəni

götürmə təki.

Ana öyüdünə əməl elə ki,

Adamlar atanı

söyməsin qızım".

 

"Papiros" adlanan şeir isə həm şairin özünə, həm də bu zərərli vərdişə aludə olan papiros çəkənlərə bir mesajdır:

 

"O qədər zəhər var

damarda, qanda,

Yaxın düşə bilməz

mənə ilanda,

Cövhərə çevrilib

bədəndə, qanda,

Mən bu zəhrimarı

ata bilmirəm".

 

Kitabda şairin uşaqlara müraciətlə yazdığı şeirləri də yer alıb. "Gül balam, bül-bül balam" bölməsində toplanan poeziya nümunələri arasında "Şəkil" şeiri daha oxunaqlıdır, yaddaqalandır:

 

"Müşfiqgili gəzməyə

Aparırdı anası.

Bilmirdi necə etsin

Ev yiyəsiz qalmasın.

Yaxın gələrək ona,

Müşfiq dilləndi birdən:

- Narahat olma ana

Şəkilimiz evdədir də."

 

Bir sözlə haqqında söhbət açdığımız "Payız prospekti" kitabı Əli Nəcəfxanlının oxucularla növbəti görüşüdür. Hər dəfə isə oxucularla təmasda olmaq hansı şair olursa - olsun yaxşı mənada imtahandır. Keçmişə, bu günə, sabaha yeni bir baxışdır. Sabaha inamla addımlayan şair Əli Nəcəfxanlıya poeziya aləmində təzə şeirlər yazmaq arzulayırıq.

 

 

Müşfiq Cabiroğlu

 

Ədalət.- 2011.- 12 fevral.- S .17.