İNSAN KİMİ
Hekayə
(əvvəli ötən şənbə
sayımızda)
Osman kişinin əsəbdən
səsi titrədi:
- Cangüdənlər
Fatı arvada tərəf cumanda camaat onların
qabağını kəsdi. Dazbaş tez maşına minib
aradan çıxdı. Ertəsi gün
yığışıb icra hakimiyyətinə getdik.
Şikayətimizə məhəl qoymadılar. Hava qaralanda
dazbaşın adamları yenə gəlib, yük
maşınlarını, buldozeri, kranı
bağçanın həndəvərində saxladılar.
Dazbaşın özü yox idi, köməkçisi əlində
tutduğu qovluğu buraya yığışan camaata göstərib
guya qanuni sənədləri olduğunu izah etməyə
başladı. Onu fitə basdılar. Yenə qarşıdurma
yarandı. Mən qəsəbənin ağsaqqallarıynan
çalışırdım ki, cavanların əlindən
xata çıxmasın. Axırı polis
çağırdılar, camaat geri çəkilmədi.
Bağçanın həndəvərində canlı hasar
yaratdılar. Gecə də evlərinə getmədilər.
Böyüklü-kiçikli, kişili-qadınlı növbəynən
bir-birini əvəz edirdilər.
Şahin müəllim
baş verənləri yerli-yerində danışan Osman
kişiyə sarı qanrılıb dedi:
- Daha deyinən uşaq
bağçasına haqsız hücumları dəf eləmisiz
də.
- Hələ deyirlər
ki, parkdakı ağacları qırıb yerində
Şadlıq sarayına gələnlərin
maşınlarına dayanacaq düzəldəcəklər.
İştah diş altındadır, yalan-doğru deyirlər
ki, sonra da bu beşmərtəbəli daş evləri
söküb yerində göydələnlər tikəcəklər.
- Vallah, heç inana bilmirəm.
Gül kimi evlərdir. Yəni deyirsən bunları sökəcəklər?
Nə haqla, nə ağılla?
- Bunlar gələcəyin
işidir. Necə deyərlər, indi qara buludlar uşaq
bağçasının üstündədir. Allaha
şükür hələ sakitlikdir. Maşınları,
texnikanı sürüb aparıblar. Deyilənə görə
yuxarıdan göstəriş olub ki, söküntü işlərinə
yol verilməsin. Heç inanmaq olmur. Amma camaat arasnıda
söz gəzir ki, kimsə bu işi yuxarılarda həll eləyib.
Düz də deyirlər, yoxsa elə belə, camaatın
hay-küyüynən kimdi əl saxlayan. Biz nə birinciyik, nə
də axırıncı.
Şahin müəllim
asta addımlarına ara verib çoxdan görməyibmiş
kimi ağsaqqal yaşıdına diqqətlə nəzər
saldı:
- Yox, bəzən əksinə
də olur. Belə şeylərə yol vermirlər,
qabağını alırlar. Puluna, varına güvənənin,
harınlaşanın cəzasını verirlər.
- Camaat da belə deyir də,
- Osman kişi sözünə ara verib xüsusi
vurğuladı, - deyirlər bəxtimiz onda gətirdi ki,
Şahin müəllim ağsaqqal kimi sözümüzü
vaxtında yuxarıya çatdıra bildi.
Osman kişi arif adam idi. O,
bilirdi ki, neçə ilin üzbəüz qonşusu elədiklərini
dilinə gətirən, danışan deyil. Mayası
düzlüklə, doğruluqla yoğrulan bu sadə, təvazökar
insanın güvənc yeri doğma övladlarından
ayırmadığı, vaxtilə bilik, təlim-tərbiyə
verdiyi şagirdləri - yetirmələrəi idi. Aradan uzun illər
keçsə də, bir çox mənəvi dəyərlər,
adamlar, nəhayət, dövran büsbütün dəyişsə
də, onun yetirmələrinin bir qismi etibarını itirməmiş,
qədirbilən müəllimlərini unutmamışdı.
İl təzələnəndə, bayram olanda, xüsusən
ad günündə onu yada salır, təbrik edirdilər.
Telefon zəngləri, teleqramlar, mesajlar az qala ərzin o
başından gəlirdi. Belə xoşhal anlarında söz
tapa bilmirdi, yaman kövrəlirdi. Onun üçün ən
böyük mükafat, əvəzsiz töhfə yetirmələrinin
diqqəti, xoş sözü idi. Heç kimdən, heç
vaxt başqa umacağı, təmənnası
olmamışdı. Bunu onun keçmiş şagirdləri -
indi yaşa dolub, sayılıb seçilən sənət,
elm, səlahiyyət sahibləri yaxşı bilirdilər.
Onlara gün kimi aydın idi ki, Şahin müəllim öz
şəxsi işi üçün heç kimə söz
deyən, ağız açan, xahiş-minnət eləyən
deyil.
Ancaq indi, ömründə
ilk dəfə naçar qalmışdı. Özü də
şəxsi işinə, ailəsinə, övladlarına
görə yox! O, şəhərə - uşaqlarına
baş çəkməyə gələndən az sonra
eşitdiyi xəbərdən çaş-baş
qalmışdı. Heç inana bilmirdi ki, uşaq
bağçasını söksünlər, parkda
ağacları baltalayıb mişarlasınlar, sonra da səliqə-sahmanla
sıralanan daş evləri... Yox, belə özbaşınalıq,
qanunsuzluq, harınlıq ola bilməz!
Qəfil eşitdiyi bu xəbər
onu həyəcanlandırmış, narahat fikirlər beynini elə
yormuşdu ki, səkidən maşınların
şütüdüyü asfalt yola necə
düşdüyünü özü də hiss etmədi. Təkərin
tükürpədən, qulaqbatıran
xırçıltılı səsindən səksənib
küt-küt arxaya baxanda az qala bir
qarışlığında dayanan zil qara limuzini
gördü. Sükandan möhkəm yapışıb var
gücüylə əyləci sıxan
sürücünün gözləri hədəqəsindən
çıxmışdı.
Elə bu zaman
maşının şığımla açılan
qapısından hövlnak çıxan şık geyimli,
boy-buxunlu, yaraşıqlı orta yaşlı kişi
çaş-baş qalıb ayaq üstə güclə duran
Şahin müəllimə özünü yetirdi. Ani olaraq ona
diqqətlə baxıb qucaqladı. Sonra ehmalca qolundan tutub
maşına mindirdi. Arxa oturacaqda yanaşı əyləşib
mülayim səslə:
- Yaman qorxutduz məni,
Şahin müəllim, - dedi, - yaxşı qurtardıq.
O, yaşa dolan
keçmiş şagirdini tanıdı. Kövrəlib
doluxsundu:
- Sən bir işə
bax. Heç nədən xataya salacaqdım
sürücünü.
- Bu nə sözdü,
Şahin müəllim, Allaha şükür Sizə bir
şey olmadı, - köksünü ötürüb əlavə
etdi, - əməlisaleh insansınız axı.
O, saçlarına dən
düşən yetirməsinə diqqətlə baxdı.
Böyük oğlunun yaşıdı idi. Uşaq
bağçasına bir getmişdilər, məktəbdə əvvəl
Fərəh müəllimin, sonra onun sinfində oxumuşdular.
Doğma oğlundan ayırmırdı onu. Atasını
vaxtsız itirən, tək ana ümidinə qalan uşağa əlindən
gələn köməyi edir, qayğı göstərirdi. O
da səylə oxuyurdu. Sonra da ali məktəb, aspirantura.
Doktorluğunu xaricdə müdafiə etdi, bir müddət
orada qalıb işlədi. Adlı-sanlı alim kimi Vətənə
döndü, böyük elmi müəssisəyə rəhbərlik
elədi. İndi də məsul vəzifədə səlahiyyət
sahibidir. Köməkçiləri maşından bir qədər
aralı dayanıb gözaltı pəncərədən
içəriyə baxırdılar. O isə heç vaxt
unutmadığı, özünü borclu saydığı
müəllimilə bu təsadüfi, qeyri-adi
görüşündən istifadə edib hal-əhval tutur,
niyə belə bikef göründüyünü, çox
fikirli, qanıqara olmağının səbəbini öyrənmək
istəyirdi. Nəhayət, öyrəndi və çox təəccübləndi.
Eşitdikləri ona qəribə, inanılmaz gəldi. Birdən
özündən asılı olmayaraq qeyri-ixtiyari:
- Belə də şey olar? -
deyə səsləndi.
Həyatın hər
üzünü görmüş, səksənin kürəyini
yerə vurmuş Şahin müəllim onu qınayıcı
nəzərlərlə süzdü. "Deyirsən, belə ola bilməz,
oğul. Hə, səni başa düşürəm.
Çoxdandır ayaqların doğma yerlərə dəymir,
yuxarıdasan. Oradan hər şey bəyaz görünür. Əgər
zəhmət çəkib yerlərə çıxsan, dediklərimi
öz gözlərinlə görərsən. Elə belə gəl,
xəbərsiz. Əgər qabaqcadan bilsələr, xüsusi
hazırlıq görəcək, şeirlə, mahnı ilə
qarşılayacaqlar. "Şübhəli",
sözünü deyə bilən adamların da
yaxınlaşmasına polis imkan verməyəcək ki, ay aman
birdən artıq-əskik söz danışarlar. Sovetin
zamanında da belə idi, indi də belədir".Müəlliminin
ürəyindən keçənləri gözlərindən
oxuya bilərdi. Ancaq baxmırdı, düz baxa bilmirdi onun
gözlərinə. Məktəbli vaxtlarında təsadüfən
dərsə hazır gəlməyəndə beləcə
gözlərini qaçırardı müəllimindən.
Şahin müəllim
bunu hiss edib ürəyindən keçənləri üzə
vurmadı, qıymadı ona. Ancaq bir qədər mülayim, nəsihətamiz
tərzdə sözünü deməkdən özünü
saxlaya bilmədi:
- Üzdən iraq, it
quduzlaşanda öz sahibini qapar. Adam harınlaşanda ondan betər
olur. Xüsusən görməmişin əlinə haram pul
keçəndə həddini aşır. Vəzifəli məmura
görüm-baxım eləyəndən sonra başlayır
özbaşınalığa, camaatı zinhara gətirir.
Narazılıq eləyənlərə də acıq verir:
"Əcəb eləyirəm, gedin, kimə deyirsiz deyin".
Söküb dağıdırlar, uşaq bağcasının,
kitabxananın yerində restoran, ticarət mərkəzi tikir,
bazar açırlar.
Şahin müəllim
bir anlığa susub köksünü ötürdü:
- Haqq söz ürəyi
deşir elə bil, - dedi, - yaxşı ki, rastıma sən
çıxdın. Öz
yetirməm, övladım kimi ürəyimi açdım sənə.
Bir az acı olsa da, dedim, incimə.
O, pərt halda günahkar
kimi:
- Açığı
belə bilmirdim. İndi çox şey aydın oldu mənə,
- deyə etiraf etdi. - Tezliklə nəticəsini görərsiniz.
Bu gözlənilməz
görüşdən bir həftə sonra qəsəbədə
adamları narahat edən söz-söhbətə son qoyuldu,
abadlıq işləri görüldü. Bütün bunlardan
məmnun qalan Şahin müəllim qonşusu Osman kişinin
sözünə qüvvət verdi:
- Camaat olanı
danışır, ancaq bəzən xəbərin yalanı
yox, yanlışı olur. Təsadüf elə gətirdi ki,
sözümü deyə bildim, nəticəsi də göz
qabağında.
- Bu təsadüfün
özü də Allahdandır. Çox sağ ol.
Osman kişi bunu deyib zəif
zəng səsi gələn cibindən mobil telefonunu
çıxartdı:
- Hə, anam, narahat olma,
yaxındayam - parkda, Şahin müəllimlə söhbət
eləyirəm. Hə, hə, bir azdan gələcəyəm.
Telefonu cibinə qoyub
köksünü ötürdü:
- Doğru deyiblər,
oğul düşmən çəpəridi, Allah qorusun
onları, qız başqa şeydir, canı ata-anadadır. Böyük
qızımdı, anamın adını qoymuşam. Ahıl
yaşımda mənə analıq eləyir, uşaq kimi
gözdən qoymur. Yaxşı da həkimdi, dava-dərmanımı
vaxtında verir, müalicə eləyir.
Şahin müəllim təəccübləndi:
- Xəstəsən məgər?
Maşallah gümrah görünürsən.
- Ürəyim... - dərindən
ah çəkdi. - Arvad rəhmətə gedəndən
dözümsüz olmuşam, düşmüşəm yaman,
bir tərəfim yoxdu elə bil.
O, sirr deyirmiş kimi
ağzını qonşusunun qulağına
yaxınlaşdırdı:
-
Naşükürlük eləmirəm. Allah saxlasın,
balalarım yaxşı
baxırlar mənə. Ancaq..., - susub fikirli-fikirli
başını buladı, - ömür-gün
sirdaşının əvəzi yoxdur, ola da bilməz, kim nə
deyir, desin.
Şahin müəllim
gözünün qabağında məzlum görkəm
alıb sanki yetim uşağa dönən dostunun qolundan tutub
yüngülcə sıxdı:
- Bilirsən yadıma nə
saldın? Qazi Bürhanəddinin sözlərini:
Gələn birdir, gedən
birdir, qalan bir.
Gələn qalmaz, gedən
gəlməz, əcəb sirr...
Osman kişi bir qədər
əvvəl bükülmüş belini düzəldib
ardını dedi:
Deyirlər ki, bir əvvəl
var, bir axır.
Yalan sözdür, nə
əvvəl var, nə axır.
- Ustadlar deyiblər, əvvəli,
axırı olmayan dünya əbədidir, sirrini sirdaşa
vermir, hərə öz tərəfinə çəkmək
istəsə də, heç kimin deyil, nə onu
qınayanların, nə də alqışlayanların fərqindədir.
Əzəldən necə varsa, elə o cürdür, öz
işindədir.
- Dəyişən
bizik, gəldi-gedər insanlar. Qəribədir, elə adam
tanıyıram ki, başqalarına əzab verməkdən,
ara vurmaqdan həzz alır.
- Beləsinə insan demək
olmaz. Adam gərək insan kimi yaşaya, ömrü sona
çatanda yeri görünə, rəhmət oxutduralar ona
övladları, nəvələri, nəticələri.
- Mən də belə
düşünürəm, - deyə Osman kişi ahıl
yaşıdına məmnun nəzərlərlə baxdı,
- Allah köməyin olsun. Səninlə danışıb-dərdləşəndə
rahatlanıram, ağrı-acılarımı unuduram, dünya
mənə başqa cür görünür.
Osman kişi
sağollaşıb evinə sarı yol aldı. Şahin
müəllim ardınca baxırdı onun. Dostluq etdikləri
uzun illər ərzində onu bu qədər köməksiz,
fağır görməmişdi. Acıdı halına. Birdən
nəsə yadına düşdü, Diksinən kimi oldu.
Axşam xanımı ürəyindən şikayət edirdi.
Ona dərman verdi. Adəti üzrə səhər erkən
duranda ehmalca evdən çıxdı ki, onu oyatmasın...
İndi günəş bir boy qalxıb, nə əcəb zəng
eləmir. Cibinə əl atıb balaca telefonunu
çıxartdı. "Bəlkə hələ yatır, zəng
eləsəm oyanar, narahat olar. Bəlkə ... birdən..."
Ürəyinə qara fikirlər gəldi.
... Tələm-tələsik
ikinci mərtəbəyə qalxıb hövlnak qapını
açanda telefonla danışan arvadının səsini
eşitdi:
- Gözümüz
aydın, ay bala, şükürlər olsun. Budur ey, babası da gəldi.
Yaxşı, sağlıqla qal, mən də atanı
muştuluqlayım.
Dəstəyi yerinə qoyub
tələsik, yaşına uyğun olmayan qıvraq
addımlarla astanada intizar dolu nəzərlərlə ona baxan ərinə
yanaşdı. Qollarını boynuna dolayıb, üzündən
öpdü:
- Gözün aydın,
böyük baba olmusan, mən də böyük nənə...
Şahin balamızın oğlu olub, bu da sənə nəticə!
Şadlığından
evə sığmayan Fərəh xanım ömür-gün
sirdaşına məhrəm nəzərlərlə baxdı.
Bu xəbərdən baba büsbütün dəyişmişdi.
Solğun gözlərində elə bil dan ulduzu parlayırdı,
hələ də əvvəlki yaraşığını
itirməyən üzü işıq içindəydi...
Neçə illər qabaq cavanca müəllim kimi ilk dəfə
məktəbə qədəm qoyanda Fərəh onu belə
görmüş və könül vermişdi ona. Sonra da
bütün həyatı, ömrü boyu ürəkdən
bağlanmışdı. Özünə ər,
uşaqlarına ata, nəvələrinə baba olmuşdu. Sədaqət,
etibar, məhəbbət görmüşdü. Bu məhəbbət
idi onları yaşadan, gümrah, şux saxlayan!
Nəticənin
dünyaya gəlişi isə onları elə
duyğulandırmışdı ki, sanki yaşları
üstündən illərin dumanı çəkilmiş, gənclik
çağlarına qayıtmışdılar. Elə
bil dünən olmuşdu: vurğun gözlü, xoş təbəssümlü
cavan riyaziyyat müəllimi sevgilisinə deməyə söz
tapa bilmir, dünyanın ən bəxtəvər insanı
kimi ona hədsiz məhəbbətlə baxırdı.
Əlövsət Bəşirli
Ədalət.- 2011.- 19 fevral.- S. 9.