"DİFAİ" PARTİYASININ YARANMASI

 

(Əvvəli ötən saylarımızdı)

  

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Bakıda və Azərbaycanın bir sıra qəzalarında geniş fəaliyyətə başlamış, əhali arasında kifayət qədər güclü dəstək qazanmış Azərbaycanın milli partiyası "Difai"nin (Müdafiə) yaradılması 1906-cı ilin payızına təsadüf edir. Partiyanın yaradılması haqqında qərarı Ə.Ağayev qəbul etmişdir. Onun özünün başçılıq etdiyi mərkəzi komitə Bakıda yerləşirdi. Ümumiyyətlə, "Difai" partiyasının kim tərəfindən, nə vaxt və harada yaradılması məsələsi tarixşünaslıqda birmənalı şəkildə işıqlandırılmamışdır. Bu məsələnin hərtərəfli tədqiqi sovet tarixşünaslığında mövcud olmuş belə bir tezisi tamamilə inkar etməyə əsas verir ki, guya bu partiya 1905-ci ildə, yəni qanlı erməni-azərbaycanlı qarşıdurmasının ən şiddətli dövründə yaradılmış və "erməni-tatar qırğınının" fəal təşkilatçısı kimi çıxış etmişdir. O dövrdə bu tezis çox münasib idi, çünki həmin münaqişədə azərbaycanlıların və ermənilərin təqsirinin dərəcəsi məsələsində necə deyərlər, özünəməxsus bir paritet yaradır və tərəflərə onların "Difai" və "Daşnaksutyun" burjua partiyaları başçılıq edirdi.

Məsələn, Mirzəbala Məmmədzadə öz xatirələrində məşhur türk maarifçisi Yusif Akçuraya istinad edir. Akçura Əhməd bəy Ağayevə həsr edilmiş əsərində yazır: "1905-ci ildə Əhməd bəy Ağaoğlu Bakıda "Fədai" cəmiyyətini yaratmışdır". Akçura "Fədai" dedikdə "Difai"ni nəzərdə tuturdu. Çünki o, öz işində bu partiyanın çağırışının mətnini vermişdir. Həmin mətnlə aşağıda tanış olacağıq. Partiyanın həmin tarixdə yaradılmasına X.Məmmədov da istinad edir.

Partiyanın harada və kim tərəfindən yaradılması məsələsində də mövqelər müxtəlifdir. Məsələn, Sventoxovski yazır: "Müdafiə" adı ilə məşhur olan bu təşkilat 1905-ci ilin yazında Gəncədə burada tanınmış və öz siyasi karyerasını müəyyən etmiş insanların - Şəfi Rüstəmbəyov, Ələkbər və Xəlil Xasməmmədov qardaşları, İsmayıl Ziyadxanov, Nəsib Usubbəyov (Yusifbəyli) və Doktor Həsən Ağazadənin təşəbbüsü ilə yaradılmışdır. Bakıdan Əhməd Ağayev də onlara qoşulmuşdur. Bu təşkilatın yaranması Gəncənin Azərbaycanda milli hərəkat mərkəzinə çevrilməsi demək idi. Şəhər bu vəziyyəti gələcəkdə də qoruyub saxlayacaqdır". "Difai"nin üzvlərindən biri olmuş N.Şeyxzamanlı yazır: "Əhməd bəy Ağayev Gəncəyə gəldi və Cümə məscədində camaatla görüşdü. Ə.Ağayev çıxış edəndən sonra Ələkbər bəy Rəfibəyovla, Ələkbər və Ələsgər Xasməmmədovlarla, Nəsib bəy Yusifbəyovla görüşmüş, onlarla söhbət zamanı çar hökumətinə müqavimət göstərə biləcək bir təşkilat yaradılması qərara alınmışdır. Həmin təşkilatı "Difai" adlandırmaq qərara alındı. Sonradan "Difai"nin möhürü hazırlandı". Partiyanın kim tərəfindən, harada və nə vaxt yaradılması barədə ən dəqiq məlumatlar Ə.Əhmədov, İ.Bağırova və S.Süleymanovanın işlərində verilmişdir. Onlar arxiv mənbələrinə əsaslanaraq göstərirlər ki, partiya 1906-cı ilin payızında Bakıda Ə.Ağayev tərəfindən yaradılmışdır.

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə Qarabağda, Şuşa şəhərində anadan olmuşdur. 1887-ci ildə Ağayev Şuşa realnı məktəbini müvəffəqiyyətlə bitirərək Peterburqa gedir və Texnologiya İnstitutuna imtahan verir. 1888-ci ildə Əhməd bəy Peterburqda təhsilini başa vurmadan Parisdə məşhur Sorbonna universitetinin nəzdindəki hüquq məktəbinin tələbəsi olur. 1890-cı ildən başlayaraq Fransanın bir sıra nüfuzlu nəşrlərində Ağayevin silsilə məqalələri dərc edilir. Elə həmin dövrdə - 90-cı illərin əvvəlində o, Tiflisdə Qafqaz canişinliyi mərkəzində çıxan "Qafqaz" və Bakıda çıxan "Kaspi" qəzetləri ilə sıx əməkdaşlıq edir. Təqribən 6 il davam etmiş Paris həyatından sonra 1894-cü ilin əvvəlində Əhməd bəy Ağayev atasının ölüm xəbərini alır və vətənə qayıdır. 1897-ci ildə Ə.Ağayev Bakıya gəlib Ə.Topçubaşovla birlikdə "Kaspi" qəzetinin faktiki redaktorlarından və aparıcı müəlliflərindən biri kimi işləyir, eyni zamanda Bakı Ali Ticarət məktəbində fransız dilindən dərs deyir. 1905-ci ilin iyun ayından Ağayev "Həyat" qəzetini nəşr edir. O, "Həyat"ın birinci nömrəsində dərc edilmiş proqram xarakterli məqalədə yazırdı: "Əgər biz irəli getmək istəyiriksə və həyat qüvvəsinə malik olan millət olmaq istəyiriksə, ilk növbədə müsəlman olaraq qalmalıyıq. Bizim irəliyə doğru hərəkətimiz, həyat şəraitimizi yaxşılatmaq səylərimiz islam qanunları ilə birləşdikdə uğurlu ola bilər". Təsadüfi deyil ki, senzur komitəsinin yüksək vəzifəli məmurları qəzeti və onun redaktorunu "panislamist ideyalarının qızğın tərəfdarı", "bütün müsəlmanların xəlifəsi kimi ad çıxarmış Türkiyə Sultanının nüfuzunu və qüdrətini artırmaq tərəfdarı" kimi qələmə vermişdilər. Digər tərəfdən "Həyat" qatı panislamizmdə təqsirləndirilir, bildirilirdi ki, bu mətbu orqanda ermənilər əleyhinə aparılan təbliğat nəticəsində Qafqazda müsəlman fanatizmi şiddətlənəcək, erməni fobiyası güclənəcəkdir. Xüsusi vurğulanırdı ki, "İslamın saflığı və toxunulmazlığı" ideyalarını təbliğ edən Ağayev çarizmə və ruslara qarşı barışmaz mövqe tutur.

"Difai" partiyası Ə.Ağayev tərəfindən 1906-cı ilin payızında yaradılmasına baxmayaraq, hökumətin bu partiya haqqında ilk məlumatları yalnız 1907-ci ildən başlayaraq, yəni qanlı erməni-azərbaycanlı qarşıdurmasının aktiv fazası başa çatdıqdan sonraya aiddir. 1907-ci il mayın 30-da Yelizavetpol qubernatoru Q.Kovalyov ona çatmış məlumatlar əsasında polis rəislərinə tapşırıq verir ki, tamamilə məxfi yollarla bu partiyanın şəxsi heyətini, onun məqsədlərini və nəhayət onun hansı vəsaitlər hesabına mövcud olmasını aydınlaşdırsınlar.

"Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi - Difai" təşkilatının yaradılması haqqında rus və Azərbaycan dillərində ilk çağırışlar 1906-cı il oktyabrın ortalarında Tiflisdə, Bakı və Yelizavetpol quberniyalarında ortaya çıxmışdır. Həmin çağırışlarda "Difai" partiyasının yaranması səbəbləri belə şərh edilirdi: "Qafqaz müsəlmanları ermənilərlə özlərinin qanlı münaqişələrində inqilabi əhval-ruhiyyəli erməni kütlələri ilə müqayisədə guya loyal elementlər olması barədə aldadıcı fikirlərlə sərməst olduqca, bu fikirlər Qafqaz adminstrasiyası tərəfindən dəstəkləndikcə, müsəlmanlar mahiyyət etibarilə həqiqətən loyal idi. Lakin hərəkatın rəhbərləri yəqin edəndə ki, istər mərkəzi hökumət, istərsə də onun Qafqazdakı nümayəndələri artıq bu cür yanılmaları dəstəkləmək niyyətində deyil, hər hansı zorakılığı diyarın ictimai təhlükəsizliyinin və asayişinin qorunması baxımından eyni dərəcədə cinayət hesab edəndə onlar dərhal cəbhəni dəyişdilər və yerli hökuməti ermənipərəstlikdə təqsirləndirməyə başladılar. Onlar öz loyallıqlarını unutdular və müsəlman əhalini hökumətə qarşı hətta terror yolu ilə fəaliyyətə dəvət etdilər".

Bundan əlavə, 1905-1906-cı illərin erməni-azərbaycanlı münaqişələrinin nəticələri "Difai"ni yaradanlara göstərdi ki, mütəşəkkil düşmənlə mübarizə həmişə sonuncunun xeyrinə başa çatır. "Difai"nin müraciətində deyilirdi: "Düşmənin gücü onda ifadə olunmuşdur ki, ermənilər yaşından və ictimai mövqeyindən asılı olmayaraq "Daşnaksutyun" partiyasının ətrafında birləşmişlər, onların külli məbləğdə maddi vəsaiti, silahları, yaxşı təlim keçmiş və silahlı "zinvorları" vardı. Yüksək cəmiyyətdən və hökumətdən olan üzvləri vasitəsilə azərbaycanlılarla ermənilər arasında münaqişələrin yatırılmasında hökumət orqanlarının sərəncamlarına təzyiq göstərir, bu yolla həmin sərəncamları öz mənafelərinin müdafiəsinə yönəltməyə nail olurdular". "Difai"nin müraciətlərində bu komitə tərəfindən müsəlman əhali üçün zəruri hesab ediləcək və ermənipərəstlikdə şübhə doğuracaq vəzifəli şəxslər terrorla hədələnirdi. Partiyanın bölmələri və ya "komissiyaları" Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın bölmələri və ya "komissiyaları" Azərbaycanın və cənubi Qafqazın demək olar ki, bütün şəhərlərində və qəzalarında, hətta Vladiqafqazda da yaradılmışdı. Partiyanın qəza bölmələrinin yaradılmasında Ə.Ağayev bilavasitə iştirak edirdi. Bu məqsədlə o, bütün Qarabağı gəzmiş və "bütün müsəlmanları partiyanın ətrafında sıx birləşməyə" təşviq etmişdir. Partiyanın təşkilatçıları Dağıstandakı azərbaycanlı əhali arasında da təşviqat aparırdı.

"Difai" yaxşı təşkilatlanmış və silahlanmış "Daşnaksutyun"un müqabilində müdafiə təşkilatı kimi yaradılmışdı. Əslində bu təşkilatın yaradılmasına sövq edən amil bundan ibarət idi. Lakin partiya təkcə hərbi məqsədlər güdmürdü. Bu, partiyanın proqramından da görünürdü. Həmin proqramın layihəsi 1906-cı ildə Ə.Ağayev tərəfindən dərc edilən "İrşad" qəzetinin ("İrşad" sözünün mənası "Haqq yoluna çağırış" deməkdir - Müəllif) 213-cü nömrəsində dərc edilmiş, həmçinin jandarm məlumatlarında qalmışdır. Bu layihəni bəndlər üzrə dəqiq ifadə edilmiş proqram adlandırmaq çətin olsa da, partiyanın əsas məqsəd və vəzifələri, eləcə də onlara çatmaq yolları burada kifayət qədər aydın şərh edilmişdir. Partiya öz xalqını erməni-müsəlman münaqişələrindən xilas etməyi və onu maarifləndirməyi özünün başlıca və əsas məqsədləri elan edir. Bu məqsədə çatmaq üçün partiyanın iki vasitəsi vardı: təhsil və güc, yəni partiya öz xalqına təhsil verməyə, nadan kütlələri maarifləndirməyə, digər tərəfdən güc vasitəsilə onu xarici düşmənlərdən və hökumətdəki satqınlardan xilas etməyə şərait yaratmalıdır. Proqramın mübariz tonu partiyanın özünün yaranmasını şərtləndirmiş və kütlələrin əhval-ruhiyyəsinə cavab verən səbəblərlə bağlı idi. Proqramda deyilirdi: "Hökumət dairələri, xüsusən cənab Vorontsov-Daşkovun canişin olduğu kədərli günlərdə erməni "Daşnaksutyun" təşkilatının bombaları və güllələri qarşısında qorxaqcasına baş əydilər, bu təşkilatın Qafqazda itaətkar alətlərinə çevrildilər. Yerli hakimiyyət orqanları "Daşnaksutyun"un əlində miskin bir vasitə oldular, o da mütəşəkkil qoşunlara malik olduğundan və hökumət öz alətinə çevrildiyindən, müsəlmanları Qafqaz diyarından sıxışdırıb çıxarmağı, onları məhv etməyi, onların torpaqlarına yiyələnməyi, sonra isə öz Milli İdarəsini yaratmağı əsas məqsəd kimi qarşıya qoymuşdu". Partiyanın proqramında daha sonra deyilirdi: "Vorontsov-Daşkovun, "Daşnaksutyun" başçılarının bu qorxaq dostunun və onun əlaltısı, elə onun kimi qorxaq quldur Qoloşşapovun səhlənkarlığı sayəsində "Daşnaksutyun" öz planını həyata keçirmək üzrədir. Zəngəzur qəzası, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının Qoloşşapov, Kleşşinski, Mitskeviç, Smorodski kimilərin rəhbərliyi altında "Daşnaksutyun" tərəfindən talan edilmiş hissləri əslində ermənilərin əlinə keçmişdir. Minlərlə müsəlman kəndlilərinin evlərinə od vurulmuş, bu ailələr oradan qovulmuş, müflis vəziyyətdə Yelizavetpol quberniyasında sərgərdan gəzib dolaşır, heç yerdə nə sığınacaq tapır, nə müdafiə, nə qida, nə də yaşamağa bir yer tapırdı". Digər tərəfdən izah edilirdi ki, öz millətimizin "qabaqcıl adamları" öz xalqı üçün heç nə etməmiş, yalnız onu bir-biri ilə düşmənçilik aparan müxtəlif qruplara bölmüşlər. Onlar xalqı nə nadanlıqdan, nə də onun inkişafını ləngidən və bütün hüquqlarını əlindən almış hökumətin təzyiqindən xilas etmişlər. Bu əməllərin nəticəsi göz qabağındadır. İndi bizim xalqımız məhv olur. Bir tərəfdən xarici düşmən bizi sıxışdırır, digər tərəfdən özümüz-özümüzü talanlar və qətllər yolu ilə məhv edirik. Proqramda daha sonra deyilir: "Buna görə də Şimali Qafqazdan, Dağıstandan və Zaqafqaziyadan olan minlərlə igid və öz xalqını sevən gənc bir yerə toplaşaraq müqəddəs Qurana and içərək "Difai" partiyasını yaratmışlar".

 

(Ardı var)

 

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 19 fevral.- S. 16.