İŞIQ VƏ GÖZƏLLİK
ŞAİRİ
(Dünən Xalq şairi Nəriman Həsənzadənin
80 yaşı tamam oldu)
Mənim həyatımın nə mənası var,
Sizin üzünüzdə gülüş olmasa.
Babamın yadigar bir misrası var:
Səngər nəyə gərək döyüş
olmasa.
Həyatın əzəli qanunu budur
Bağı dolaşırlar
bağ bağ olanda.
Hər torpaq dünyada məmləkət olmur,
Parça var-yaşayır
bayraq olanda.
Çətindir keçilən ömür yolları,
Yaşamaq özü də istəyir hünər.
Məni bayraq
kimi tutun yuxarı,
Sizə lazım olsamg o parça qədər.
Xalq şairi Nəriman Həsənzadənin
bu şeiri onun şair-ədəbiyyat adamı - azərbaycanlı
ömrünün tədqiqidir. Bir şair kimi o, çoxdan, hələ
60-cı illərdə etiraf olunub, haqqında görkəmli sənətkarlar
söz deyib, yazdığı şeirlərində də bir
kimsəyə yox, ancaq özünə bənzəyir.
Nəriman Həsənzadə
ədəbiyyata əllinci illərdə gəlib və
açığını demək lazımdır ki, o, həmin
illərdə bir çox yaşıdlarından seçilməyə,
fərqlənməyə can atıb və buna müvəffəq
olub. Çünki poeziyada o dövrdə seçilmək,
öz yaşıdları arasından sıyrılıb
çıxmaq çox çətin idi. Bu illər N.Həsənzadə
üçün görüb-götürmək, professional
şair ədasına yiyələnmək, çox
oxumaq-öyrənmək üçün lazım oldu. Və əllinci
illərdə yazdığı bir çox şeirlərinin
içindən hərdən-hərdən gül kimi gözəl
misralar yetirirdi. Bəlkə elə bu gül misraları
oxuyubmuş ki, Mir Cəlal müəllim əllinci illərdə
onu istedadlı şair kimi bəyənmişdi.
Nəriman Həsənzadə
lirikası incə, rübabi, zərif lirikadır və elə
ilk şeirlərindən bu günəcən şair bu poetik təbiətinə
sadiq qalıb. İncəlik, zəriflik şairlik mədəniyyətinin
hər mənada özülüdür, sözlərin,
misraların, bəndlərin poetikliyindən tutmuş
şairin danışıq ədasına qədər hər nəsnəni
əhatə edir. Amma zəriflik, incəlik boyaq,
pudralanmış nəzakət deyil. Poetik zəriflikdə
şair qəlbinin bütün hissləri, həyəcanları
əks olunur.
Araz qırağında küləkli gündə,
Mən bir söyüd gördüm çayın
üstündə,
Dağılmış saçını gah yel yolurdu,
Gah da
ki, tikanlı məftil yolurdu.
Əyilib o tayı öpürdü söyüd,
Əyilib bu tayı öpürdü söyüd,
Saçını o taya səpirdi söyüd,
Saçını bu taya səpirdi söyüd.
1962-ci ildə Culfada,
Araz qırağında yazılmış bu şeirin o illərdə
yazılmış "Araznamə"lərdən fərqi
burasında idi ki, şeirdəki hüzn və elegiya
vay-şivən səviyyəsinə enmir, bir fərdin
yaşantılarından sıyrılıb bir xalqın tarixi
faciəsi məqamına yüksəlirdi. Şeirin sonunda
şair, o taylı-bu taylı Azərbaycanı söyüdlə
birlikdə bağrına basır.
Fikrə qərq olduğum sərhəd boyunda,
Sərhədsiz göründü dünya gözümə.
Əsr yarım keçdi bu bircə anda,
Külək toz-torpağı çırpdı
üzümə.
Sandım ki, yel əsir əsr yarımdı.
Söyüdün saçları öz
saçlarımdı.
Döndü damarımın elə bil qanı,
Sanma qanunlara mən qulaq asdım,
Bölmədim bölünmüş Azərbaycanı,
Söyüdlə birlikdə bağrıma basdım.
Elə bu ilk şeirləriylə
Nəriman Həsənzadə sübut etdi ki, o, hər
hansı bir ənənəvi mövzuda öz orijinal şair
sözünü deyə bilər. İllər keçəcək,
Xalq şairi Bəxtiyar Vahabzadə yazacaq: "Hər
şairin dünyaya gəlişi təzə bir mahnının
yaranmasına bənzəyir. Ona görə ki, hər şair
özü ilə dünyaya təzə mahnılar gətirir. Hər
mahnının öz nəqəratı, bir qəlbdən
sızan mahnıların isə bir leytmotivi olur. Ona görə
ki, hər sənətkar dünyaya öz gözləri ilə
baxır və dünyanı özü kimi görür..
Nəriman Həsənzadə
dünyada gözəllik, nəciblik, zəriflik axtarır və
bunları bəzək olmayan yerdə də görür,
çünki gözəllik və zəriflik bu şairin sənət
idealıdır. O, yalnız bu ideal eşqinə yazıb-yaradır.
Bax, budur onun nəğmələrinin baş motivi".
B.Vahabzadə N.Həsənzadə
poeziyasının şah damarını doğru müəyyənləşdirmişdi.
Doğrudan da, şeirimizdə bir gözəllik, ahəngdarlıq,
ülvilik axtaranda yadımıza düşən şairlərdən
biri Nəriman Həsənzadı olur. Onun üçün
gözəllik bu həyatdadır, bu torpaqdadır, insan
sevgisindədir, xoş bir əməldədir.
N.Həsənzadə
poeziyasında işıqla qaranlıq, yaxşılıqla
yamanlıq həmişə mübarizədədir. Özü
də bu təzadları əks etdirərkən onun nəzərləri
təkcə bu günə, çağımıza deyil, həm
də uzaq-uzaq əsrlərə dikilir. Bir tarixi xətt
keçir bu poeziyadan.
Bu xətt
çağımızın çox mətləblərinin
aydınlaşması, bizi narahat edən ağrılı
sualların cavabı üçün mühüm rol
oynayır. Burada mən N.Həsənzadənin
"Zümrüd quşu" poemasını da
xatırlayıram. Bu əsər 70-ci illər Azərbaycan
poeziyasında uğurlu bir nümunə kimi qeyd olundu. Başlıca
uğuru nədə idi? İlk növbədə, poema yüksək
bədii səviyyədə qələmə
alınmışdı. Poemanın iri həcmli olması, hətta
janrına görə dramatik poema adlandırılması, gərgin
süjet xətti ilə seçilməsi də onun şeiriyyətinə
qətiyyən xələl gətirməmişdi.
Rusiyanın dahi şairi
Puşkinin Qafqaza səfəri poemanın əsas süjet xəttini
təşkil edir. Bu səfəri zamanı Puşkin Qafqaz
haqqında yaranmış və onun da şüuruna az qala
hakim kəsilmiş köhnə təsəvvürlərdən
biryolluq xilas olur.
Ona demişdilər vəhşidi Qafqaz,
Güllədən, xəncərdən gözlə
özünü.
Yox, qəlbə gözəllik bəxş edir Qafqaz,
Sevməmək olarmı
onun hüsnünü?!
Amma Puşkin öz səfəri
zamanı bunun əksini görür. O, İran şairi Fazil
xan Şeyda ilə tanış olur, Azərbaycanın bir
sıra kəndlərini gəzir, böyük mütəfəkkir
A.A.Bakıxanovla görüşür, hədsiz səmimiyyət
və qonaqpərvərliklə qarşılaşır. Puşkin
çarizmin Qafqazda apardığı
işğalçılıq siyasətini də öz gözləriylə
görür. Nəriman Həsənzadənin bir poeması
haqqında bu yazıda söhbət açmamaq
insafsızlıq olardı. Bu da onun 80-ci illərin əvvəllərində
yazdığı, sonralar da üzərində işlədiyi
"Kimin sualı var?" poemasıdır.
Poemada 70-ci illərin hadisələri
əks olunur. O dövrdə
Azərbaycan ədəbiyyatında
mənəvi-əxlaqi problemlərə
daha çox müraciət olunurdu (xüsusilə nəsrdə).
Həyatda, cəmiyyətdə baş verən mənəvi müflislik, əxlaqi tənəzzül
yazıçılarımızın gözündən yayınmırdı.
Ona görə də yazılan əsərlərdə
mənəvi saflıq,
əxlaq meyarı ön plana çəkilirdi.
Bu cəhət N.Həsənzadənin poemasında
da öz əksini tapır.
Nəriman Həsənzadənin
onlarla şeir kitabları nəşr edilib, pyesləri ən
ali, professional teatrımızda tamaşaya qoyulub. Ara-sıra nəsrə
də müraciət eləyib ("Nabat xalanın
çörəyi"), elmi-pedaqoji fəaliyyətlə də
məşğul olub. Bunları söyləməkdə məqsədim
onun çoxcəhətli yaradıcı fəaliyyətini
xüsusi tərzdə nəzərə çarpdırmaq
deyil. Məqsədim odur deyəm ki, Nəriman Həsənzadə
mənim üçün yalnız şairdir - dram əsərləri
yazanda da, elmi-pedaqoji fəaliyyətə üz tutanda da, vəzifədə
olanda da. Ancaq hər bir istedadlı şairin
yaradıcılığına qiymət verəndə onun
poeziyasındakı istinad nöqtələrinə üz
tutursan. Bu mənada mənim üçün həmin poeziyada
ilk istinad nöqtəsi "İşıq"
sözüdür. Nəriman Həsənzadə poeziyası
işıqlı poeziyadır, bu işıqda əzəldən
təmizlik, saflıq, paklıq şüaları axır. İşığın
əks olunduğu hər yerdə qaranlıqlar əriyir,
aydınlıqlar üzə çıxır, gözəlliklər
peyda olur. Sevgidə də belədir, ictimai münasibətlərdə
də, ailə həyatında da. Mənə indi əyan olur
ki, niyə N.Həsənzadənin şeirlərində
sıx-sıx səhər, günəş, gül,
çinar, sevgi, od, sevinc sözləri işlənir. Hətta
bu sözlərin sıralandığı elə şeirlər
də var ki, o şeirlər sənə insan hisslərinin
romantik tamaşasını xatırladır.
Səhər gələcəkdir dünyaya yenə,
Qızıl şölələrlə
öpüşəcəyəm.
Səhərki günəşlə, səhərki sənlə
Səhərki dünyamla görüşəcəyəm.
Bu dünya gözəldi, yaşa dünyada
Sən olan dünyaya qurban olaram.
N.Həsənzadənin
şeirlərindəki ikinci istinad nöqtəsi məncə,
"Gözəllik" sözüdür. Həm şeirinin
gözəlliyi, həm də həyatdakı, gerçəklikdəki
gözəlliklərin poetik əksi, yəni
hamımızı məftun eləyən nəsnələrin
şair fırçasındakı əbədi yaşamı. Bu
məqamda N.Həsənzadənin sevgi şeirlərini
xatırlayıram. Bu sevgi şeirlərinin hər birinin öz
yaşı, öz ömrü var, hətta öz rəngi,
öz səsi var.
Gəl görüm... gəl görüm... gəl
görüm səni,
Necə darıxmışam bir qılıq
üçün.
Sonra evinizə ötürrəm səni,
Səni görməliyəm yaşamaq
üçün.
Nəriman Həsənzadə
XX əsrin şairidir və təbii ki, əsrin bütün
ziddiyyətləri, dramatik və fəci təzadları, insan
aləminin ziddiyyət və burulğanları, dünyada gedən
ictimai-siyasi proseslərin əks-sədası bir şair kimi
onu da düşündürüb, həyəcanlandırıb,
hətta sarsıdıb. Və əksər şeirlərində
də dünya və zaman üçün əbədi
narahatlığını, məsuliyyət duyğusunu da gizlətmir.
Ancaq şair təkcə bu gün və gələcək
üçün yox, həm də keçmiş
üçün də cavabdehdir. Bu mənadə N.Həsənzadənin
poeziyası Azərbaycan tarixinin bir çox səhifələrini
bədii sözün işığında vərəqləməyə
gözəl bir örnəkdir. Məsələn, "Qız
qalası" şeirində mövcud əfsanənin
yalnış olduğu sübuta yetirilir:
Azərbaycan torpağında
ola bilməz dillər
töksün
ya diz çöksün
ata qızı qabağında.
Öz qızına, balasına,
doğma ciyərparasına
"sevgilim ol", "arvadım ol" desin ata.
Bu ləkədir həm ataya, həm övlada.
Bu ləkədir mənim üçün
sənin üçün
onun üçün,-
bəşər üçün.
Nəriman Həsənzadə
yaşının səksənində də gəncliyindəki
poetik şuxluğu və zərifliyi saxlaya bilib. Bu yaşda da
o, gəncliyində olduğu kimi sözlərin xasını,
incəsini, oxucu qəlbinə yol tapanını şeirə gətirir,
həyatda, cəmiyyətdə baş verən ən
mühüm hadisələrə huşyar şair nəzəriylə
boylanır. "Azərbaycan" jurnalının keçən
ilki saylarının birində onun bir silsilə şeirləri
çap olundu. Bu şeirlərin bir çoxu bizim
çağımızın poetik əks-sədası kimi diqqəti
cəlb edir. Bakıda döyülən jurnalistlərin kürəyinə
dəyən qamçılar şair ürəyindən
keçdiyi üçün yazır:
Niyə hücum çəkir gecə gündüzə,
Niyə qənim olur işığa zülmət?
Həqiqət böhtanla gəlir üz-üzə,
Qışqıran böhtandı, susan həqiqət.
Cavidin, Müşfiqin vaxtından bəri,
İçimdə tufan var, gözümdə xiffət.
Döyün, millət deyən jurnalistləri,
Bəlkə yuxusundan oyana millət!
Belə məqamlarda N.Həsənzadə
üzünü yenə keçmişə tutur, Cavidi,
Müşfiqi, Ə.Cavadı, hətta Qaçaq Kərəmi
xatırlayır. Nəyə görə? Neçün?
Şair gizlətmir ki, "tərifə öyrətdi bizi zəmanə",
bizlərə "xalq şairi" fəxri adı verdilər,
Cavid və Cavad isə "xalq düşməni"
adıyla bir vaxtlar yasaq olunmuşdular. Ümumiyyətlə,
N.Həsənzadənin son şeirlərində giley notları
çoxdur, amma hamısında o haqlıdır.
Vaxtilə Xalq
yazıçısı Mirzə İbrahimov
yazmışdı: "sənət əsəri xəstənin
ən zəif damarından tutur", onun ehtiraslarını
soyutmağa, idraka tabe etməyə çalışır.
Bəli, sənətin,
şeirin, bədii sözün belə hikmətləri var və
xoşbəxtdir o şair ki, yazdıqlarının
hamısında olmasa da, əksəriyyətində biz bu hikmətlərin
işığını görək.
Nəriman bu cür
şairlərdəndir. Xeyrə, xeyirxahlığa inam onun
qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o, bəzən
həyatın təzadlarını unudur. Hamı ilə
çox yumşaq və mülayim rəftar edir. Belə
hallarda pisi yaxşıdan seçmək çətin
olduğu kimi, onu yaxşı tanımayanlara xasiyyət və
davranışında çox şeylər sirli və
anlaşılmaz görünür.
Xoşbəxtlikdən
poeziyasında o, axıracan prinsipialdır. Yaxşını
ucaldan, qaranlıq, mənfi içini açıb göstərən
şairdir".
Məncə, daha
geniş izaha ehtiyac yoxdur. Fiziki insan ömrü səksəni
keçən Nəriman Həsənzadəyə
cansağlığı arzulamaqla sözümü bitirirəm...
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 19 fevral.- S. 19.