RÜBAİLƏR

 

Dünən meyxanədə mən bir qoacadan,

Soruşdum ki, gedib bu qədər insan,

Onlardan xəbər ver. Dedi: - Şərab !

Gedənlər qayıtmaz bir də heç zaman.

 

***

 

Əfsus gəncliyimin dövranı getdi,

Ömrümün son bahar zamanı getdi,

Gənclik dedikləri o quş bilmirəm,

zaman tərk edib bu canı getdi.

 

***

 

Əkmə qəm ağacı qəlbində bir an,

Şadlıq kitabını oxu hər zaman.

Şərab iç, xoş keçin, bəlli bir şeydir

Dünyada nə qədər yaşayır insan.

 

 

***

 

Mey içsən ağıllı bir insanla iç,

Ya incə gülüşlü bir cananla .

Çox içmə, gizlin iç, meyə alışma,

İçsən xumar gözlü bir ceyranla iç.

 

 

***

 

Çətin sövdalara düşmə heç zaman,

Doldur piyaləni, nuş et durmadan.

Üzümün qızıyla oturub kef çək,

Haram qız yaxşıdır, halal anadan.

 

 

***

 

Biz getsək yenə də duracaq cahan,

Bizdən qalmayacaq bir iz. Bir nişan.

Biz yoxkən çəkmirdi o heç bir zərər,

Getsək də görünməz onda bir nöqsan.

 

 

*** 

 

Ey dost tamah üçün gəzib dörd yanı,

Nə qədər ölçəsən bütün dünyanı.

Gediblər, gedərik, gəlib-gedərlər,

Bir an suradınca yaşayan hanı?

 

 

***

 

Madam çox yaşamır dünyada insan,

Meysiz, sevgilisiz yaşama bir an,

Axtarma qədimdir, təzədir aləm,

Biz getdik, nə olur qoy olsun cahan.

 

***

 

Dərd çəkib dünyadan fəryad eyləmə,

Keçmiş kədərləri, gəl, yad eyləmə.

Könül ver nazənin bir pərizada,

Badə iç, ömrünü bəröad eyləmə.

 

***

 

Bu gündən sabaha yetişərmi əd?

Xəyaldır sabahçün bəslənən əməl.

Könlün oyaq ikən vaxtı itirmə,

Daim yaşamağa vaxt verməz əcəl.

 

***

 

Gəlişimdən fayda görmədi həyat,

Getsəm də dəyişməz qoca kainat.

Böu gəlş-gedişin səbəbi nədir?

Eşidə bilmədim kimsədən, heyhat.

 

 

***

 

Cənnət, cəhənəmə girən yox, könül,

Gedib o dünyanı görən yox, könül,

Ümid və qorxumuz o şeydəndir ki,

Onlardan heç nişan verən yox, könül.

 

***

 

 

Bu fələk çox insan əkib biçmişdir,

Dərd çəkmək, qəm yemək faydasız işdir,

Ey saqi, durma, tez mənə badə ver!

Mey içim, olanlar olub keçmişdir.

 

***

 

Yaşasan üç yüz il, beş yüz il, min il,

Bu köhnə dünyadan gedəcəksən, bil.

İstər dilənçi ol, istərsə şah ol,

Məzarda qiymət bir, iki cür deyil.

 

***

 

Sən könül qırmağı eyləsən adət,

İnsan incitməyi bilsən səadət,

Ağlın matəmində otur, ey nadan.

Bil ki, əskik deyil səndən rəzalət.

 

***

 

Dünya - ömrümüzdən keçən bir andır,

Ceyhun - gözümüzdən axan neysandır.

Cəhənnəm - çəkdiyin bihudə dərddir,

Cənnətsə xoş keçən rahat zamandır.

 

***

 

Kimin bir çörəklik buğdası vardır,

Başını çəkməyə yuvası vardır,

Nə ağadır, nə də kimsəyə nökər,

Şad olsun, zənn etsin dünyası vardır.

 

***

 

Ömrümdə heç ayıq olmamışam mən,

Qədir gecəsi də sərxoşam meydən.

Dodağımda qədəh, küplə döş-döşə,

Yatıb qalacağam yerdə sübhətək.

 

 

***

Mənə həyat verən sənsən, neyləyim,

İpimi əyirən sənsən, neyləyim!

Yaxşılıq, yamanlıq nə gəlsə məndən,

Yazıb rəva görən sənsən, neyləyim!

 

 

***

 

Bilmirəm yaradan verib mənə,

Cənnətə gedərəm, ya cəhənnəmə.

Burda saz, mey, gözəl çəmən olsa nəqd.

O nisyə cənnəti verərəm sənə.

 

***

 

Bir şüşə mey olsa, bir divan olsa,

Bir az çörək olsa, xoş zaman olsa,

Mənə xarabalıq xoşdur saraydan

Yanımda mehriban bir canan olsa.

 

 

***

 

Gəl keçən günləri yadına salma,

Sabahın hayına indidən qalma.

Burax keçmişləri, gələcəkeləri,

Xoş keçir halını, qüssəyə dalma.

 

 

***

 

Biz qəflət toruna düşmüş bir quşuq.

Dünyanın dərdindən cana doymuşuq.

Nə gəlmək arzumuz olub, nə getmək,

Bu damsız, qapısız yerə uymuşuq.

 

 

***

 

Çox gəzdik çölləri, çəmənlikləri,

Gəzdik bu dünyada bütün hər yeri.

Ələ eşitmədik bir nəfər insan

Bu heçlik yolundan qayıtsın geri.

 

***

 

Qızıla, gümüşə uyma dünyada,

Vermə pul yığmaqla ömrünü bada.

Nəfəsin sönməmiş dostlarınla ye.

Öldün düşmən yeyər, bunu sal yada.

 

***

 

Bu ucsuz-bucaqsız göyün altında

Şən keçin, dövranda az deyil cəfa.

Sənə növbət çatdı heç ah eyləmə,

Hamı gedəcəkdir, çünki torpağa.

 

 

***

 

Mey qəmi dağıdır, kefi edir saz,

Meydə olan ətir çiçəkdə olmaz.

Dünyada kədəri dağıdacaq şey

Yaqut rəngli meydir, ipək telli saz.

 

 

***

 

Yazıq o qəlbə ki, odu yox əsla,

Bir gözəl eşqinə deyil mübtəla.

Sevgisiz, sevdasız keçirdiyin gün.

İnan ki, ən yaman gündür dünyada.

 

 

***

 

Nəşəli qəlbini kədərlə üzmə,

Xoş günü möhnətin daşıyla əzmə.

Dünyada qeybdən xəbər verən yox,

Mey iç, sevgilisiz dolanıb gəzmə.

 

 

***

 

Ey dördlə yeddinin məhsulu insan,

Bu dördlə yeddidə nə qovrulursan!

Mey iç ki, min dəfə demişəm sənə,

Bir kərə getdinmi, dönməzsən, inan.

 

 

***

 

Gül rəngli badə iç gül mövsümündə,

Neyin naləsində, sazın səsində.

Mey içib qəlbimi şad edirəm mən,

İçmirsən, özün bil, get daş ye sən .

 

***

 

Vurub piyaləmi devirdin, allah,

Eyşimi matəmə çevirdin, allah!

Bu al şərabımı tökdün torpağa,

Yoxsa sərxoşluqmu sevirdin, allah!

 

***

 

O gün ki, fələkçün at yəhərləndi,

İşıqlı ulduzlar göydə hərləndi.

Günahımız nədir bilmirəm, o gün

Qəzadan bizimçün bu qismət endi.

 

 

Ömər XƏYYAM

 

Ədalət.- 2011.- 19 fevral.- S. 20.