SÖZÜN İŞIĞI
Bu xəlvət pərdəsini açan zaman əlbəəl
Söz oldu bu cahanda cilvələnən ilk gözəl.
NİZAMİ GƏNCƏVİ
Uzaq dağlıq rayonun
buz nəfəsli ucqar kəndindən paytaxtın qaynarına
düşən ucaboy, şüvərək, gur
saçlı, xoş sifətli bu oğlan heç cür
ağlına sığışdıra bilmirdi ki, elə bir
gün gələcək, ustad Rəsul Rza ona deyəcək:
"Nahid, sənin o yazıların lirik miniatür deyil, bəyaz
şeirlərdir. İstəyirsən gətir onları
misralara düzüm. Yaxşı olar ki, belə
yazıların olanda "Mənsur şeirlər"
başlığı altında verəsən"
...Yarım əsri arxada
qoyan o çağlar sanki dünən olub. Biz - universitetin
"təzə" tələbələri "köhnələrə"
- yuxarı kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq. Yaşar
Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni, Famil
Mehdini, Şamil Qurbanovu... tez-tez görürdük,
yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik
hekayələri universitet qəzetində çap olunurdu. Onun
yaxın dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan
radiosunun efirindən!
İllər
ötdükcə bu səs gurlaşdı, Nahid qələm və
söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra
televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik
etdi...
Tale elə gətirdi ki,
onunla çiyin-çiyinə işləmək mənə nəsib
oldu: altmışıncı illərin axırlarında Azərbaycan
Televiziyasının Gənclik Baş Redaksiyasında. O,
baş redaktor idi, mən şöbə müdiri. Mərhum
şair Tofiq Mütəllibov məktəblilər,
yazıçı Fuad Tarıverdiyev kiçikyaşlı
uşaqlar redaksiyalarına rəhbərlik edirdilər.
Məni
üçüncü mərtəbəyə (o vaxt radio
ikinci, televiziya üçüncü mərtəbədə
yerləşirdi) baş redaktor qaldırmışdı. O,
özünəməxsus operativlik və istiqanlılıqla az
vaxt içərisində Komitə sədri İmran Mirzəyev,
müavin Nəbi Xəzri, radionun Xəbərlər və Təbliğat
Baş redaksiyasının baş redaktoru Hacı Hacıyevlə
danışıb (o vaxt həmin redaksiyada redaktor idim)
onların razılığını almış, məni
özünün dediyi kimi "aləmin bir-birinə
qarışdığı" "Gənclər"
redaksiyasına gətirmişdi.
Nahidin sonralar xatirələrində
yazdığı kimi: "Yaşımızın,
ömrümüzün gözəl çağları idi. Ürək-ürəyə
verib işləyirdik. "Gənclər" redaksiyası az
vaxtda önə çıxdı, şöhrətləndi,
tamaşaçıların rəğbətini
qazandı..."
Baş redaktorun təşəbbüsü
ilə "Gənclər" redaksiyası həftəlik
"Səhər" verilişi hazırladı. Moskvada nəşr
olunan "Radio i televideniye" jurnalı bu proqram haqqında
qoşa səhifəlik reportaj dərc etdi. Respublika qəzetləri,
jurnalları, xüsusilə də gənclər mətbuatı
baş redaksiyanın ayrı-ayrı verilişləri
haqqında vaxtaşırı olaraq materiallar verməyə
başladı.
Hələ qələmi
bərkiməmiş, təcrübəsiz cavanların
çalışdığı "Gənclər"
redaksiyası üçün baş redaktorumuz əsil
nümunə, örnək idi: təvazökarlığı,
redaktəsi, yazıları - əlindən düşməyən
qələminin "məhsulu" ilə!
Bizə elə gəlirdi
ki, onun qələmində qeyri-adi bir sehr var. Sanki
nağıllardakı "sehirli çubuq" kimi qələmini
hazırladığımız materialların, süjetlərin,
müsahibələrin, kompozisiyaların, müxtəlif
verilişlərin üstündə gəzdirərək
yazıların elə bil "rəngini" dəyişdirirdi:
dili rəvan, səlis, tamaşaçıları özünə
cəlb edən baxımlı, maraqlı verilişlər
yayınlanırdı.
Baş redaktor televiziya
tamaşaçılarının ürəyinə yol
tapmağı bilirdi və bunu gənc jurnalistlərə
öyrədirdi: özünəməxsus qayğı ilə,
səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin
fəhləsi, əsil zəhmətkeş idi. Və bu zəhmətin,
gərgin işə dözümün kökü onun
uşaqlığına kölgə salan müharibə illərinə
gedib çıxırdı.
Nahid anasını bir
yaşında itirmişdi, sonra atası vəfat etmişdi. O,
arxa cəbhə deyilən zillətdə boy
atmışdı: sal daşlar arasından sivişib boylanan
şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba
dözmüş, bir əlində kitab, o birində çubuq,
qabağında quzular, üfüqdə başı buludlu
dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında
gördüyü dağlar...
Yarıac-yarıtox
dolanıb çörəyə həsrət qalsa da, dərsdən
qalmadı, analığının "Bəs quzuları kim
otaracaq?" sualına sinif müəlliminin "dərsini də
oxuyar, quzulara da baxar" cavabını qulağında
sırğa elədi. Zəhmətinə güvəndi, məğrur
böyüdü, aclığın əzrayıl üzü
onu özgə qapısı döyməyə məcbur edə
bilmədi. Ancaq tələbə vaxtı qapı döyməli
oldu: üçüncü kursda oxuyanda ştatdankənar
müxbir kimi, baş redaktorun tapşırığı ilə,
əsərlərini oxuyub özlərini görmədiyi məşhur
sənətkarların qapılarını açdı, Rəsul
Rza, Mir Cəlal, Süleyman Rəhimov kimi görkəmli qələm
sahiblərindən müsahibələr aldı. 1957-ci ilin
yazında ilk oçerki efirdə səsləndi və az sonra
verilişlərinə görə aldığı qonorar əlaçı
tələbə təqaüdünü üstələdi.
Beləcə, taleyini
efirlə, ekranla bağladı. Yaddaşına silinməz izlər
həkk edən uşaqlıq çağları arxada qalsa da,
unuda bilmədi o illəri, cəbhəyə yola salınan
oğulları, ataları, bir də... atları: lap axırda kəndin
atlarını yığıb müharibəyə göndərəndə
atlar kəndə, örüşə, dağlara sarı
boylanıb elə kişnəmişdi ki, arvad-uşağı
qəhər boğmuşdu...
Zaman keçdi, o
çağlar, o mənzərələr necə varsa, eləcə
Nahidin mənsur şeirlərinə, hekayələrinə,
povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin,
televiziya tamaşaçılarının deyil,
çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin
müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi.
Bakıda və həmçinin sovet dönəmində
dünyaca məşhur olan "Sovetski pisatel" (Moskva) nəşriyyatında
kitabları çapdan çıxdı.
Öz zəhmətinə
güvənən, yaradıcı işindən zövq alan, vəzifə
borcuna məsuliyyətlə yanaşan Nahid Hacızadə səlahiyyət
pillələrində də yüksəldi. Vaxtilə Azərbaycanda
yeganə efir-ekran məkanı olan Dövlət Televiziya və
Radio Verilişləri Komitəsində rəhbər vəzifələr
daşıdı: 30 il gənclər və ədəbi dram
verilişləri baş redaksiyalarının baş redaktoru,
Komitə sədrinin birinci müavini.
Yaxınları, həmkarları
həmişə Nahidə qibtə ediblər və əslində
elə indi də həsəd aparırlar. Əlbəttə,
ona görə yox ki, o, istedadı, qələmi,
bacarığı, təşkilatçılığı
sayəsində zaman-zaman inkişaf edib, püxtələşib,
yüksəlib. Həm də ona görə ki, vəzifə, səlahiyyət
heç vaxt onu bir insan kimi dəyişə bilməyib, səmimiyyətini,
sadəliyini, düzgünlüyünü, bir sözlə,
şəxsiyyət bütövlüyünü!
İngilis
yazıçısı Tekkerey mütəfəkkircəsinə
obrazlı şəkildə deyib: "Rəftar əkərsən
- adət biçərsən, adət əkərsən -
xasiyyət biçərsən, xasiyyət əkərsən -
tale biçərsən". Tələbəlik
çağlarından tanıdığım,
çiyin-çiyinə çalışdığım, rəftarına,
adətinə, xasiyyətinə vaqif olduğum Nahid
ömrü boyu öz taleyinin əkinçisi olub. İndi
müdrik yaşında zəhmətinin bəhrəsindən
qürur duyub deyir: "Tanrıma, taleyimə minnətdaram ki,
ömrün bu çağına yetirdi məni".
Taleyinə
şükür edən bəndəsinə Tanrısı nə
verməyib? İnsan, Ziyalı, Yazıçı olmaq
istedadı, Ər, Ata, Baba olmaq səadəti!
Sənət aləminə
öz dəst-xətti ilə qədəm qoyan istedadlı
nasirin şeir kimi axıcı dili müqtədir sənətkarların,
çoxsaylı oxucuların diqqətini cəlb etdi. Söz sənətinin
silahı olan Dilin Nahid Hacızadə qələmində sanki
muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə
öz yerində işləndiyi xüsusi vurğulandı.
Real həyat
materialı, poetik duyum, hisslərin zənginliyi - bütün
bunlar yazıçının qələmindən
çıxan hekayələrin, povestlərin, pyeslərin,
romanların cövhəri, əsas məziyyətləridir. Onun
əsərlərini oxuyanda elə bil adamın ürəyinə
bir işıq seli axır. Bu əsərlərdə insana, təbiətə,
gözəlliyə məftunluqdan doğan poetik təsvir
gözümüzü, könlümüzü oxşayır,
məhəbbətin yaşarılığı, qüdrəti
("Məhəbbət ölüncə var",
"Payız leysanları"), torpağa, doğma yurda
bağlılıq ("Dağlar, sizdə gözüm
qaldı"), müharibəyə, haqsızlığa, qəddarlığa
nifrət ("Bir ana tanıyırdım",
"Köçündən ayrılan durna"), mənəvi-əxlaqi
keyfiyyətlər təbii, həyati, bədii boyalarla qələmə
alınıb.
Nahid Hacızadə
yarım əsrdir ki, yazıb yaradır. Radio, televiziya, qəzet
və nəşriyyatlarda işlədiyi uzun illər ərzində
söz-sənət adamları ilə sıx ünsiyyətdə
olan yazıçı-jurnalist deyir: "Könül
dünyamda lay-lay, bəlkə də qalın cildlərə
sığmayan xatirələr uyuyur".
O, görkəmli
yazıçılar, şairlər, bəstəkarlar, rəssamlar,
səhnə ustaları haqqında xatirələrini qələmə
alır, mətbuatda dərc etdirir. Bu xatirələr oxucular tərəfindən
rəğbətlə qarşılanır, maraq doğurur.
Onlar çoxdan tanıdıqları, əsərlərini
dönə-dönə oxuduqları məşhur sənət
adamlarını Nahid Hacızadənin "təqdimatında"
elə bil təzədən tanıyır, özləri
üçün "kəşf" edirlər.
Adətim üzrə qələm
dostumun hər bir xatirəsini oxuyan kimi zəng edib təəssüratımı
"isti-isti" onunla bölüşür, "gün o
gün olsun ki, sənin xatirələrini kitab şəklində
görək" deyirdim, hər dəfə yeri düşəndə
söhbəti təzələyirdim.
Və nəhayət,
"Yada düşdü" oxuculara üz tutdu. "Bu, mənim
üçün bir borc idi - mənəvi borc", - deyə
yazıçı vurğuladı. O, həyatı boyu
ünsiyyətdə olduğu insanlara - Azərbaycan ədəbiyyatı,
incəsənəti və mədəniyyətində
böyük xidmətlər göstərən söz və sənət
adamlarına, el sənətkarlarına, görkəmli şəxsiyyətlərə
öz mənəvi borcunu verdi.
Kitabın redaktoru, təcrübəli
jurnalist Dilarə xanım Vəkilova "Yada
düşdü"nün son səhifəsində müəllifə
müraciətlə yazdı: "Siz müasir oxucuya, xüsusən
də gənclərə çox gərək olacaq bu
kitabın nəşrini gerçəkləşdirməklə
yaddaşlarda yaşayan insanlara, həmçinin
özünüzə sözdən bir abidə qoydunuz, təməlində
nəciblik, sədaqət, etibar duran bir abidə -
İnsanlıq abidəsi!"
"Yada
düşdü" cəmiyyətimizdə artıq unudulmaqda
olan çox məsələləri yada saldı. Oxucu
qıtlığından şitkayətləndiyimiz bir zamanda
problemlərimizi ürək ağrı-acısı ilə qələmə
alan, maraqla oxunub əks-səda doğuran publisistik yazılar
müəllifi İradə xanım Tuncay "Yada
düşdü"nü özünün dediyi kimi birnəfəsə
oxuyanda "artıq unutmağa başladığımız
olub-keçənlər" yadına düşdü. Və
keçib gəldiyimiz "həqiqətən mədəniyyətimizin
intibah dövrü"nü "maddiyyata başı
qarışmış millətimiz"in yadına saldı.
İradə xanım
Tuncayın böyük həcmli, dolğun məzmunlu, oxucunun
ağlına, ürəyinə işləyən məqaləsi
Yazıçılar Birliyinin Natəvan klubunda "Yada
düşdü" kitabının təqdimatı mərasimində
birmənalı olaraq təqdir edildi.
Xalq şairi Fikrət
Qoca, filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev, "Azərbaycan" jurnalının baş
redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli,
yazıçı Elçin Hüseynbəyli, şair Oqtay Rza
"Yada düşdü"nü Nahid Hacızadənin
yaradıcılığında və ümumən ədəbiyyatımızda
təqdirəlayiq hadisə kimi dəyərləndirdilər.
Son illərdə
dünyada ən çox memuar ədəbiyyatının
oxunduğunu diqqətə çatdıran şair Fikrət
Sadıq Nahid Hacızadənin "Yada düşdü"
kitabı ilə bu janrın Azərbaycan ədəbiyyatında
"yüksək mərtəbəyə
qalxdığını" diqqətə
çatdırdı.
Yetmiş beşi haqlayan
qələm dostumuzun həyatı xatirələr xəzinəsidir.
O, "Yada düşdü"nün ikinci kitabını
yazıb tamamlayıb. Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaşımda
yaşayanlar" kitabı çapa hazırlanır. Nahid
Hacızadənin baş redaktoru olduğu "Azərbaycan
Respublikasının Xatirə Kitabı" redaksiyası
İkinci Dünya müharibəsində, Əfqanıstanda, 20
Yanvar faciəsində və Qarabağ uğrunda
döyüşlərdə həlak olmuş
soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya üzərində
işləyir.
***
Nahid Hacızadənin
yetmiş beşi haqladığını eşidəndə
yola saldığımız əsrin 60-cı illərində
birlikdə işlədiyimiz unudulmaz çağları
xatırladım. O zaman hələ qırışlarla
naxışlanmamış alnında qıvrılan gur
saçları, qayğılı, fikirli, narahat anlarında
belə təbəssümlə işıqlanan çöhrəsi,
Gədəbəy bulaqlarının suyu kimi dumduru gözləri
xəyalımda canlandı.
Həmin vaxtdan keçən
yarım əsrlik yaradıcılıq yolunu qət etmək nə
gur qara saçlara, nə qıvrılıb
töküldükləri o geniş, açıq alına, nə
də dumduru gözlərə nəsib oldu: dağlara qar
yağdı, zamanın qasırğaları yamacın
köksünə şırımlar açdı, şəffaf
bulaqların gözü bulandı. Qəddini əyməyən,
incisə də küsməyən, 75-in zirvəsinə sahibi
ilə pillə-pillə qalxan bircə şey oldu:
İşıq, ürəyin işığı!
Nahid Hacızadənin nə
özünü, nə sözünü bunsuz təsəvvür
etmək mümkün deyil. Onun hər sözünün öz
işığı, öz rəngi, öz çaları var. Mən
Nahidi oxuyanda bu rəngləri görürəm. Sözün rənglərindən
yaranan təbiət mənzərələri, müxtəlif
insan xarakterlərini əks etdirən obrazlar gözlərim
önündə canlanır.
Onun sözünün
işığı oxucuda xoş ovqat, nikbinlik, inam, qətiyyət
yaradır. Nə qədər ki ürək döyünür,
bu işıq da yanacaq, ömrün pillələrini nuruna
boyayacaq!
Əlövsət Bəşirli
Ədalət.- 2011.- 26 fevral.- S. 9.