QARLI AXŞAMIN İZLƏRİ

 

Vətənin ağır günündə o başqalarından fərqli olaraq içində rahatlıq tapa bilmirdi. Bir onu bilirdi ki, silaha sarılmalıdı dostlarını da Qarabağ torpağı uğrunda mübarizəyə səsləməli idi. Onda heç hər adam müharibənin dəhşətlərindən fəlakətlərindən baş aça bilmirdi. Yəni baş aça bilmirdi ki, bu müharibəni eləyən kimdir onun arxasında hansı qüvvələr dayanır.

Ürəyi vətən eşqi ilə döyünən Oruc Rəhbər oğlu Cabbarov 1988-ci ildən əlinə silah götürərək Qarabağ torpaqları uğrunda mübarizəyə qalxıb. O, Ağdamın Əhmədavar kəndində anadan olub. Elə müharibənin ilk günlərində də kənd könüllülərdən ibarət rotaya komandirlik edib.

Artıq bir-birinin ardınca ağır döyüşlər davam edirdi. Yəni ermənilər rusların havadarlığı ilə Qarabağın, o cümlədən Ağdamın kəndlərini tez-tez atəşə tutur və bəzi yaşayış məntəqələrini ələ keçirmək istəyirdi. Müharibənin şiddətli anlarında Oruc Cabbarov döyüş dostları ilə Qarabağın hər yaşayış məntəqəsi uğrunda mübarizəyə atıldı. Ölüm-dirim mübarizəsində ən çətin anları və ağır məqamları dostları ilə birgə dəf elədi. Ayrı-ayrı yaşayış məntəqələri uğrunda gedən döyüşdə Canpoladla, Xosrovla, Yaşarla, Seyidlə bir vuruşdu. O döyüşlərdə kimin sağ qalıb-qalmayacağını bir Allah bilirdi. Çünki Oruc da evində üç körpə balasını qoyub Vətənin mübarizəsinə getmişdi və o da hər an başqa döyüşçü dostları kimi həlak ola bilərdi. Ancaq Vətən eşqi, yurd sevgisi Orucu döyüşdən-döyüşə aparırdı. O, Ağdamın kəndləri, eləcə də Canyataq, Gülyataq, Naxçıvanik yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə nə ölümdən qorxurdu, nə də düşmənin arxasında duran güclü qüvvədən. Bu döyüşlər zamanı Oruc və onun dostları ermənilərin canlı qüvvələrini məhv etdilər. Güllücə uğrunda gedən döyüşdə erməniləri geri oturdan dostlar onların dörd tankını ələ keçirdi. Üstəlik, 1994-cü ilin mart-aprel aylarında Novruzlu əməliyyatı zamanı ermənilərin xeyli canlı qüvvəsi və iki texnikası bu qoçaq oğlanların igidliyi hesabına məhv edildi.

Qarabağ döyüşlərində Oruc Cabbarov çox ağır anlar yaşayıb. Onun ömrünün ən ağır anları isə Xocalı faciəsi zamanı olub. Bəlkə də çoxları Xocalı faciəsi ilə bağlı çəkilən kadrda və fotolarda onu görüb. Amma oxucular bilmirlər ki, uşağı qucağına alıb döyüş nöqtəsindən çıxaran oğlan Oruc Cabbarovdur. Oruc və onun silahdaşları fevralın 26-sı səhər saatlarında Qaraqaya yüksəkliyini ələ keçirdilər. Bu yüksəklikdən Xocalı istiqamətindən gələn insanlar və eləcə də Əsgərana hərəkət edən adamlar daha aydın görünürdü. Qaraqaya yüksəkliyinin ələ keçirilməsi Oruc Cabbarovun və silahdaşlarının işini bir qədər asanlaşdırmışdı. Çünki onlar ölüm ayağında olan və Ağdama pənah gətirmək istəyən xocalıları bu yüksəklikdən görə bilirdilər. Həmin anları yada salaraq Oruc Cabbarov deyir: "Fevralın 26-sı səhər saatlarında biz Qaraqaya yüksəkliyini ələ keçirdik. Gördük ki, Əsgəran istiqamətindən çoxlu insan biz tərəfə gəlmək istəyir. Ancaq hiss olunurdu ki, onlar ermənilərin pusqusuna düşüb və bizə yaxınlaşmağa qorxurlar. Çünki fevralın 26-da Xocalı işğal olunan günü bu faciədən canını qurtarmaq istəyən qoca, qadın, uşaq və xəstə insanlar hara gəldi qaçırdılar. Onların bir çoxu Əsgəran istiqamətində ermənilərin pusqusuna düşür və əsir götürülürdü. Biz silahdaşlarımızla özümüzü həmin mövqeyə çatdırdıq. Postda olan beş-altı erməninin hamısını öldürdük. Gördük ki, dərənin içərisində yüzə yaxın Xocalı sakini vardı. Onların çoxu ayaqyalın və başı açıq idi. Hətta bəzilərini soyuqdan don vurmuşdu. Çətinliklə də olsa həmin insanları biz döyüş mövqeyindən çıxara bildik. Xəstələri və güllələnən xocalıları isə əlavə qüvvələrimiz gəlib xilas elədilər. Elə bir vəziyyətdə idik ki, bilmirdik xilas etdiyimiz insanlara necə təskinlik verək. Çünki insanlar vahimə, qorxu və həyəcan içində idi. Elə ailə var idi ki, xocalıların dediyinə görə, onların hamısı ermənilər tərəfindən əsir götürülmüşdü. Bəzilərini isə camaatın gözünün qabağında güllələmişdilər. Bu dəhşətli anları görən bizim xilas etdiyimiz xocalılar havalanmış vəziyyətdə idi. Düzdür, biz onlara ürək-dirək, toxtaqlıq verirdik. Amma bütün bunlar da bu insanların ağır dərdini yüngülləşdirmirdi. İş o yerə çatmışdı ki, xilas etdiyimiz adamların çoxu don vurduğuna görə, yeriyə bilmir və yarı yolda qalırdı. Biz onların çoxunu qucağımızda apardıq".

Bu epizodu danışandan sonra Qarabağ müharibəsi iştirakçısı Oruc Cabbarovun gözləri dolur. Deyir ki, bu gün də güllələnmiş uşaqların, qocaların, qadınların meyidləri gözümün qabağındadır. Bu səhnəni görən adam heç vaxt rahat yaşaya bilməz. Elə o vaxtdan əsəblərim pozulub və içimdə bir narahatlıq yaranıb. Qəribədir ki, hər dəfə 26 fevral gələndə elə təsəvvür edirəm ki, yenidən həmin od tutub yanan kəndlərə gedəcək və o kəndlərdə qocanın, qadının və uşaqların fəryadlarını eşidəcəyik. Hər halda, 26 fevral Xocalı soyqırımı erməni vəhşiliyinin ən bariz nümunəsidir. Onlar haqdan, ədalətdən, kişilikdən dəm vururlar. Kişi də heç körpələri, qocaları, hamilə qadınları güllələyərmi? Eləcə də güllələdikləri adamların başının dərisini soyub eybəcər hala salarmı? Qanlı döyüşlərdə mən silahdaşlarım Canpoladı, Xosrovu, Yaşarı itirdim. Mənim üçün ağır olan o idi ki, bu cür döyüşkən və qeyrətli vətən oğulları həlak oldular. O döyüşlərdə təbii ki, mən də ölə bilərdim. Ancaq görünür ki, Allah-Təala alnıma ölüm yazmayıbmış. Mən döyüşdə olan yoldaşlarımın heç birindən artıq deyiləm. Sadəcə olaraq onların ölümü məni çox sarsıdır və yandırır.

Oruc Cabbarov bu gün Ağdam rayonunun yeni salınmış qəsəbəsində yaşayır. O əvvəllər Ağdamın Quzanlı çadır fin qəsəbsində məskunlaşıb. 2010-cu ilin oktyabrında ona yeni salınmış qəsəbədə 4 otaqlı mənzil veriblər. Ölkə prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdamda olarkən yeni qəsəbənin açılışında iştirak edib və Oruc Cabbarovun 4 otaqlı mənzilində olublar. Ölkə prezidenti də Qarabağ müharibəsində iştirak edən Oruc Cabbarova böyük hörmətlə yanaşıb. Səmimi söhbət zamanı bir daha Vətən uğrunda döyüşlərdə iştirak edən və həlak olan insanların xatirəsi yad edilib. Qeyd edilib ki, onların xatirəsi həmişə əziz və uca tutulacaq.

Onu da qeyd edək ki, müxtəlif təşkilatlar və eləcə də Ağdam rayon İcra Hakimiyyəti yuxarı instansiyalara müraciət edərək Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə, Oruc Cabbarova fəxri ad verilməsini xahiş edib. Amma hələ ki, Qarabağ müharibəsi veteranı layiq olduğu o adı ala bilməyib.

Redaksiyadan: Yəqin ki, Müdafiə Nazirliyinin Qarabağ müharibəsi iştirakçısı Oruc Cabbarovun Xocalı faciəsi zamanı göstərdiyi igidlikdən xəbəri var. Çünki həmin döyüşlərdə Oruc Cabbarov silahdaşları ilə bir yerdə onlarla insanın həyatını xilas edib və nə qədər də öldürülmüş Xocalı sakininin meyidlərini Ağdama gətirib. Eyni zamanda, müxtəlif yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə Oruc ermənilərin canlı qüvvəsini və texnikasını məhv edib. İnanmaq istərdik ki, onun göstərdiyi bu şücaət Müdafiə Nazirliyi və eləcə də digər qurumlar tərəfindən nəzərə alınacaq və Oruc Cabbarov layiq olduğu fəxri adı alacaqdır.

 

 

FAİQ QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 26 fevral.- S. 10.