Canlı əfsanə "Ədalət"in
qonağı oldu
Adətən
hansısa titulu idmançı haqda danışanda belə bir
ifadə işlədirlər ki, titullarını saymaqla bitməz.
Sözsüz ki, mübaliğəli fikirdir. Amma
"Mübarizədən kənar"ın 8-ci
qonağının titulları haqda nəsə demək
üçün gərək yazının tən
yarısını ona həsr edəsən... Belə demək
mümkünsə, bu insan qazandığı uğurlarla
sağ ikən əfsanə sayıla bilər.
Süleyman Məmmədli
1948-ci ildə Tovuz rayonunda anadan olub. Orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycanda İdman Akademiyasını
bitirib. 1969-cu ildə ilk dəfə karate idman
növüylə
"70-dən artıq döyüş sənətini
bilirəm"
- 1983-cü ildə bu
ölkəyə növbəti səfər zamanı bura məşq
keçməyə gəlmiş kyokşinkayın
yaradıcısı məşhur Ayamayla tanış oldum. 90-cı
illərdən başlayaraq taekvandoyla da məşğul
olmağa başladım. Müxtəlif beynəlxalq seminarlarda
iştirak eləmişəm, 47 dövlətdə olmuşam və
70-dən artıq döyüş sənətini bilirəm.
Mənimçün
xüsusi əlamətdarlıq 2004-cü ildə Amerikada
baş verib. Orda taekvandonun yaradıcılarından olan Bok Mann
Kimlə tanış oldum. Bundan sonra Çun Kuhn Do ilə məşğul
oldum. İlk dəfə dünyada ən yüksək dərəcə
olan Qrand master dərəcəsini Amerikada almışam. Bundan
əvvəl və sonralar bir neçə seminarlarda
olmuşam. Hazırda 4 növ üzrə 10-cu dan qara kəmər,
10 növdən isə Qrand masterəm. Dünyada ikinci belə
bir adam yoxdur.
- Həm də hakimliklə məşğulsunuz...
- Beynəlxalq dərəcəli
hakiməm və eyni zamanda gənclərlə birgə
yarışlarda çıxış edirəm.
"31 ildir ət yemirəm"
- Burda yaş məhdudiyyəti yoxdur?
- Bəzi növlərdə
var. Bir şeyi də deyim. 2004-cü ildə Amerikada məni
yoxlayanda inanmadılar ki, 56 yaşım var. Kompüter mənim
orqanizmimə 18-22 yaş "vermişdi". Bunun da səbəbi
odur ki, 31 ildir ət yemirəm. Ancaq vegeterian deyiləm.
"Sağlamlığa çağırış"
kitabımda da göstərmişəm ki, xəstəliklərin,
fiziki problemlərini 70 faizi düzgün qidalanmamaqdan irəli
gəlir.
- Ət yemirsiniz. Amma idmançıların dediyinə
görə, ət kalori kimi əvəzolunmazdır...
- Ət
ziyanlı şeylərdən biridir. Spirtli içkilər,
siqaret də zərərlidir.
- Ümumiyyətlə, heç vaxt belə şeylərdən
istifadə etməmisiniz?
- Heç vaxt. Amma spirtdən müəyyən dərmanlar
hazırlayıram.
- Deyəsən, son yarışda qəzaya
uğramısınız...
- Bəli. Sonuncu
dəfə Baham adalarında oldum və bir qızıl, bir
gümüş medal qazandım. Əslində
5 növdə çıxış etməliydim. Məni maşın vurduğuna görə
alınmadı. Orda yolun hərəkəti
tərsinə olduğundan çaşdım.
- Yarışlarda tay-tuşlarınız olurmu?
- Son dəfə finaldakı
rəqibimin 18 yaşı var idi. Almanlarda kompleks
hərəkətlər edən 50 yaşlı idmançı
görmüşəm və mən çempion olanda o ikinci
yerə çıxdı.
"Azərbaycana bütün döyüş növlərini
mən gətirmişəm"
- Bir çox hallarda sizin kimi idmançıları
filmlərə dəvət edirlər. Həm də ki,
fakturanız buna imkan verir...
- 1981-ci ildə çəkilmiş
"Qorxma, mən səninləyəm" filminin bütün
döyüş ssenarilərini mən qurmuşam və
iştirak edənlər tələbələrimdir. 32 seriyalı
"Koroğlu" filminin də döyüş səhnələrinin
müəllifi mənəm. Xaricdən də belə film dəvətləri
olub. Amma işlə əlaqədar gedə bilmirəm.
Çünki İdman Akademiyasında da dərs deyirəm.
- Həm də bir neçə federasiyanın
yaradıcısısınız...
- Azərbaycana
bütün döyüş növlərini mən gətirmişəm.
Sonra
Su Bak Do federasiyasını yaratdım və sonradan bu
federasiyanı dəyişib Turan Do federasiyası elədik.
- Söhbətimizin bu yerində istərdim ki, banisi
olduğunuz Turando döyüş sənəti haqda ətraflı
danışasınız.
- Bu fikir çoxandır
beynimdə var idi. 2004-cü ildə Amerikada bu döyüş
növünü nümayiş etdirdim və böyük
marağa səbəb oldu. 3 böyük təşkilatdan
qeydiyyatdan keçdik.
"Bunun geniş yayılması üçün
dövlətin dəstəyi lazımdır"
- Turando hansı ölkələrdə qəbul olunub?
- Suala cavab verməzdən
əvvəl deyim ki, döyüş növləri
dövrün tələbinə uyğun yaranır. Amma indiki
növlərin 80 faizi müasir dövrün tələbinə
uyğun deyil. Turando isə ən müasir, real, universal
döyüş növüdür. Bunun da iki - idman növü
və kombat turando növü var. Amerikada seminarda sübut elədim
ki, bu dünyada ən böyük idman növüdür. Ən əsası
təbiiliyidir. Bir çox ölkələrdə
turandodan seminarlar keçmişəm. Bu
ayın 12-də Almaniyadan qayıtmışam. Orda da böyük maraqla qarşılandı. Bunun geniş yayılması üçün
dövlətin dəstəyi lazımdır.
- Hazırda turando federasiyası yoxdur?
- Var. Amma rəhbəri
başqa adamdır.
- Deyəsən, bir müddət əvvəl problem
yaranmışdı...
- Bəli. İndi
oranın rəhbəri başqa adamdır.
- Amma bu federasiyanı siz yaratmısınız..
- Mən ümumdünya
Turando Assosiasiyasının prezidentiyəm. Ötən il isə
Yaşlıların Dünya Döyüş Sənətləri
Assosiasiyasını yaratdım. Burda yaşı 50-dən
yuxarı idmançıların idmana cəlb olunması əsas
məqsədimizdir.
- 47 ölkədə olmusunuz və seminarlar
keçmisiniz. Xarici dilləri bilirsiniz?
- Koreya, ingilis, alman dillərində
döyüş təlimlərini başa sala bilirəm.
- Tələbələriniz var?
- Bəli. Ötən il 3 tələbəm - Eldəniz Xəlilov,
Orxan Məmmədli və Arif Mustafayev müxtəif növlərdə
dünya çempionu oldular.
"Çəkim 40 kiloqram olanda 57 kiloqramlıq
çəkini tək əllə qaldırmışam"
- İdmana 21 yaşınızda
başlamısınız. Gec deyil?
- 6-cı sinifdə
oxuyanda ağırlıqqaldırma ilə məşğul
idim. Çəkim 40 kiloqram olanda 57 kiloqramlıq çəkini
tək əllə qaldırmışam. Mənim babam da
çox güclü olub. Leninqradda oxuyanda ağır atletika
üzrə idman utası dərəcəsi almışam. Qardaşım
Zöhrab isə Turando və kombat döyüş sənətdən
8-ci dan qara kəmər sahibidir.
- Övladlarınızdan yolunuzu davam etdirən
varmı?
- Qızım taekvando üzrə
qara kəmər ustasıdır. Amma indi ailəlidir.
Oğlum isə hapkido üzrə birinci dan qara kəmər
sahibidir. Üçüncü kursdadır
və hələlik dərslərinə üstünlük
verir.
- İdmana hansı yaşda
başlamağın fərqi var?
- Məsələn,
gimnastikaya aşağı yaşda, ağır atletikaya isə
daha böyük yaşlarda gəlmək lazımdır. Kiçik yaşlarda uşaqların döyüş
növlərinə verilməsinin əleyhinəyəm. Çünki elə zədələr alınır
ki, heç vaxt sağalmır. Açığı
idman sağlamlıq deyil. Sağlamlıq bədən
tərbiyəsidir.
- Amma siz idmanla məşğulsunuz və həm də
sağlamsınız. Bu necə olur?
- Mənim də zədələrim
var. Barmaqlarım, qabırğalarım sınıqdır.
- Gücünüzdən döyüş
meydanından kənarda istifadə etmisiniz?
- İlk ali təhsilimi
Rusiyada almışam. O zaman "qara millət" anlayışı var idi. Həmin illərdə davalar olurdu. Baxmayaraq ki, davadan qaçmışam. Bir dəfə də qızıma sataşıblar və
10 dəqiqə başa salmağa
çalışmışam ki, olmaz. Sonra
vurmuşam və burnunun sümükləri çıxıb.
Bir hadisə də Yunanıstanda olub. Finalda idmançımız yunanı uddu. Əl-üzümü yumağa gedəndə
üstümə bıçaq çəkdilər. Üçünü də yerə sərdim
(gülür).
"Demişdilər ki, 500 dollar gətirin, 5 dəqiqə
efir vaxtı ayıraq"
- Nə zamansa polisə düşmüsünüz?
- Rusiyada-Apatit şəhərində
aspiranturada oxuyurdum. Oranı məhbuslar tikib. Məni polisə
köməkçi kimi götürdülər. Çox
davalara düşürdüm. Amma işim nə zamansa polisə
düşməyib.
- Əvvəl tez-tez efirlərdə olurdunuz. Son illər
heç görünmürsünüz. Səbəb nədir?
- (əliylə pul
göstərir) Tələbələrim Almaniyadan 4-5
qızıl medal gətirmişdilər. Demişdilər ki,
500 dollar gətirin, 5 dəqiqə efir vaxtı ayıraq. Amma
telekanalın adını demək istəmirəm.
- Adətən idmançıların hansısa talismanları olur. Talismanınız
olan əşya varmı?
- İlk ali
təhsilimi alarkən bir semestr kristal haqqında dərs
keçiblər. Bu elmdən də, türkəçarədən
də məlumdur ki, doğulandan insan hansısa planetlə əlaqələnir.
Mollalar nə desələr də bu faktdır.
Hər kəsin öz ağacı, öz
paltarı, öz rəngi var.
- Dinə münasibətiniz necədir?
- Mənim hər iki babam
seyid olub.
- İbadət edirsiniz?
- Xeyr, namaz qılmıram. Çünki tez-tez yarışlarda oluram. İkincisi, namazın dinlə heç bir əlaqəsi
yoxdur. Bunu elm də sübut edir. Amma namaz vasitəsilə insan Tanrıya
yaxınlaşır. Mollaya sual verdim ki, dəstəmazın
mənası nədir. Deyir ki, təmizlik.
Açığı mollalardan xoşum gəlmir.
Necə ola bilər ki, əlini,
ayağını, başını yuyursan, bədəninsə
çirklidir. Dəstəmazın da dinlə əlaqəsi
yoxdur. Dəstəmaz insanın bioenergetik
sahəsini fəallaşdırır, daxili elektropotensial sahəni
tarazlaşdırır.
"Dünyanın heç bir yerində
idmançı üçün bu qədər vəsait
ayrılmır"
- Kifayət qədər titullu tələbələriniz
olsa da, o qədər də tanınmırlar. Bildirdiniz ki,
Turandoyla məşğul olan idmançı digər növlərdə
də uğur qazana bilər. Niyə yönləndirmirsiniz
ki, olimpiya növlərində də uğur qazansınlar?
- Dedikləriniz
Azərbaycana aiddir. Dünyanın heç bir yerində
idmançı üçün bu qədər vəsait
ayrılmır. Ölkəmizə gələn
medalların 90 faizini qeyri-olimpiya növləri gətirir.
- Amma meydanda olan futbolçunun fikri başqa yerdə
olarsa, uğur qazana bilməz...
- Burda idmançı məcburdur.
Xaricdə idmançı belə şeyləri
düşünmür. Çünki dövlətin verəcəyi
maşın, ev idmaçının özündə var. Bir
şeyi də qeyd edim ki, son illər diqqət kompleks hərəkətlərə
yönəlib. Artıq camaat döyüşdən qaçır, iyrənir,
hamı sağlamlığı düşünür.
- Bildirdiniz ki, məsələnin maddi tərəfi
idmançını maraqlandırmamalıdır. Bəs siz necə dolanırsınız?
- Çempion olanda ilin
axırı 4-5 yüz manat pul verirlər. Sadəcə
idmana böyük həvəsim var. İdman məni həyata
bağlayan vasitədir, sağlamlıqdır.
- Axı sizin maddi təminat məsələniz də
var...
- Müəllim işləyirəm,
dolanıram. Seminarlara gedirəm, xərclərimi
ödəyirəm. Mən döyüş
sənətləri üzrə doktoram. Azərbaycanda
isə sadəcə dosentəm.
- Dünya təşkilatları sizə bu qədər ad
verib. Bəs ölkəmizdə hansı fəxri
adlar almısınız?
- Yalnız əməkdar məşqçi
adına layiq görülmüşəm.
- Hiss olunur ki, nədənsə inciksiniz...
- Bir neçə növ
üzrə beynəlxalq dərəcəli hakim, ali imtahan götürən adamam. 3 nəfərə 10-cu dan qara kəmər vermişəm.
İkinci belə adam yoxdur.
- Adətən ölkəmizə usta bir idmançı
gələndə bir neçə ay öncə efirlərdə,
mətbuatda elanlar gedir. Sizin xarici səfərləriniz
zamanı belə şeylər olurmu?
- 2008-ci ildə Koreyada
qeyri-olimpiya növlərinin olimpiadası keçirildi. Ora mən, bir də tələbəm və dostum
olan Vidadi Hacıyev getmişdik. Yarışdan
mən qızıl, o isə gümüş medal aldı.
Azərbaycandan başqa bir qrup idmançı da
ayrı təyyarəylə getmişdi. Təyyarədən
düşəndə məni necə qarşıladılar... Qayıdandan sonra Vidadi Hacıyev burda demişdi ki, təyyarədən
düşəndə elə bildim ki, hansısa ölkənin
prezidentini qarşıladılar. Xaricdə
mənə elə qiymət verirlər.
- Burdasa istədiklərinizi almırsınız.
- Heç nə də
istəmirəm.
- Xeyr. İstəyirsiniz və ala bilmirsiniz. Məhz bu
amil sizi incik salır...
- Hər ilin
axırı çağırırlar və sonra da heç nə
vermirlər. Daha kütləvi məşq aparmıram. Xarici
ölkələrdə dərs keçirəm.
"Avtomobilim yoxdur"
- Mənzil və avtomobil təminatınız necədir?
- İkiotaqlı bir evim
var. Avtomobilim yoxdur və ictimai nəqliyyatdan istifadə edirəm.
"Gecə 2-də çıxıb parkda məşq
edirəm"
- Özünüzü gümrah hiss edirsiniz?
- Əlbəttə. Tərifləmək
olmasın, bircə odlu silah olmasın və istənilən
sayda adama cavab verməyə hazıram. Amma əmim oğlu və
onun oğlunun faciəli şəkildə dünyasını
dəyişməsi mənə çox pis təsir elədi. Bir
günün içində saçım ağardı. Həyatda
müəyyən səbəblər və səbəbi yaradan
səbəblər olmasa, insan 500 ilə qədər yaşaya
bilər. Elm də sübut edir ki, insan doğulan kimi həyatı
proqramlaşır.
- İstirahət edirsiniz?
- Gündə 2-3 saat
yatıram. Günün istənilən vaxtı məşq
edirəm. Mənə siqnal gəlir ki, məşq eləməliyəm.
Bir də görürsən ki, gecə 2-də
çıxıb parkda məşq edirəm. Bir də əvvəldə
dediyim kimi qidalanmama fikir verirəm. İldə 70-80 kiloqram bal
yeyirəm. Yeganə qidadır ki, 100 faiz həzm olunur. Söhbət
Almaniya və Amerika balından gedir. İstiot yeməyi də
sevirəm. Qırmızı acı istiot da dərmandır.
Baxın meksikalılar, ispanlar, koreyalılar necə sağlamdır.
Bir şərtlə ki, mədədə yara və babasil
olmasın. Amma xırda yaranı müalicə edir. Sarımsaq
və soğan da dərmandır. Koreyada küçədə
insanlardan sarımsaq iyi gəlir. Bizdə isə bir cür
baxırlar.
- Hansı idmançılarımız sizi qane edir?
- Bizim kanallara baxmıram.
Bisiniz, bəzən 3-4 dövlətlə dünya
çempionatı keçirirlər. Sonra da gəlib deyirlər
ki, mən dünya çempionuyam.
- Novruz bayramı olmasa da, söhbətimiz bu ərəfəyə
təsadüf edir. Son olaraq xalqımıza arzunuz.
- Novruz ən qədim
bayramlardan biridir. Arzulayardım ki, həmişə bayram olsun.
Bütün şeirlərimdə Qarabağ haqda yazıram.
İstərdim ki, bu məsələ də tez həll olunsun.
İNTİQAM VALEHOĞLU
Ədalət.- 2011.- 26 fevral.- S. 12.