"Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı

 

(Əvvəli ötən saylarımızda)

  

Müəllif bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat "Difai" (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tətbiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə "Difai"nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə imperiyanın regionda sosial dayağı və müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-azərbaycanlı ziddiyyətləri kuliminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında "Difai" Partiyasının rolunu obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Həmin dövrdə mövcud olmuş partiyaların çoxundan fərqli olaraq, "Difai" partiyası xalq kütlələrinin içərilərinə nüfuz etməyə, xalqın ən fəal elementlərini öz sıralarına cəlb etməyə, öz fəaliyyəti ilə bütün Yelizavetpol quberniyasını, qismən də Bakı və İrəvan quberniyalarını əhatə etməyə məcbur olmuşdu ki, partiya ağıllı, ehtiyatlı, ardıcıl, namuslu və səmimi insanların əlindədir, onun Mərkəzi Komitəsinə Əhməd bəy Ağayev rəhbərlik edir. Yenə də həmin qubernatorun sözlərinə görə, partiya qısa müddətdə böyük nüfuz və şöhrət qazanmışdır, əhali ona etibar edir və onun üzvlərini hökumətdən səylə gizlədir.

"Qarabağ Birlik Məclisi"nin "Şuşa müsəlmanlarının bacarıqlı, çevik, hiyləgər və zehni cəhətdən daha çox inkişaf etmişləri" sırasından seçilmiş təbliğatçıları əhali arasında fəal iş aparırdı. Kəndlərdə iqtisadi ehtiyacları öyrənmək üçün rəy sorğusu keçirmək bəhanəsi ilə xalqı bir yerə toplayır və eyni zamanda ona şəriətin tələbləri izah edilir, heyvan oğurluğuna, qarətlərə son qoymaq tövsiyə edilir, "qüsurlu" insanlar pislənir, ermənilərlə dinc münasibətlər yaratmaq təbliğ edilirdi. Bu tələblərin pozulmasına görə xalq qarşısında məsuliyyət barədə xəbərdarlıq edilirdi. "Difai" agentləri yeri gəldikcə kəndlərin əhalisinə diqqətlə nəzər salır, onların arasında daha çox inkişaf etmiş və həssas, əsasən gənc adamları seçir, sonra bu adamlarla uzun müddət təkbətək söhbət edir və xüsusi and içdirərək patiya üzvlüyünə qəbul edirdilər. Partiyanın yeni üzvlərinə tapşırılırdı ki, yaşadıqları yerlərdə ehtiyatla və ardıcıl təbliğat aparsınlar, kəndlərin əhalisini müşahidə etsinlər. "Qarabağ Birlik Məclisi"nin fəaliyyətinin genişlənməsi nəticəsində hökumət müəssisələri uğurla boykot edilmiş, kəndlərdəki vəzifəli şəxslər (kəndxudalar) partiyanın nüfuzan tabe edilmiş, partiyanın xüsusi döyüş drujinaları yaradılmışdı. İş o həddə çatmışdı ki, əhali müxtəlif şikayətlərlə hökumət müəssisələrinə deyil, Məclisin yerli bölmələrinə müraciət etməyə başlamışdı, həmin bölmələr də müstəqil mühakimə aparırdılar. Komitələr çoxsaylı şikayətlərə, məhkəmə çəkişmələrinə baxırdı, həm də şikayətlərə çox tezliklə cavab alınır, işlər ədalətlə araşdırılır, təqsirkarlar tezliklə və ciddi cəzalandırılır, zərərçəkmişlər cavabdehin hesabına maddi cəhətdən təmin edilirdi. Bunun nətiəcsində 1907-ci ilin axırlarına qədər kənd məhkəmələri, demək olar ki, fəaliyyət göstərmişdi.

Bu, əhalinin partiyaya yüksək etimadını göstərirdi. Kənd məhkəmələrindən fərqli olaraq, partiyanın işlərə obyektiv baxması sayəsində onun nüfuzu daha da artmışdı. Yuxarıda adını çəkdiyimiz Cavanşir qəzasının rəisi yazırdı: "Qəzadakı 38 kənd icmasından yalnız 8-nin rəhbəri hökumət məmurları idi və onların adlarına sadiq olaraq, namusla xidmət edəcəyinə ümid bəsləmək olardı; kənd hakimləri tamamilə kənarlaşdırılmışdı, qulluqçuların bütün başqa ştatları bu partiya və onun üzvləri tərəfindən ələ keçirilmişdi". Beləliklə, çar hakimiyyət orqanları görən gözlərindən, eşidən qulaqlarından məhrum olmuşdu. Qəza rəisinin fikrincə, partiya bu addımları atmaqla xalqı ələ almış, kəndlərdəki vəzifəli şəxsləri öz iradəsinə tabe etmiş, hökumət məmurlarının və hökumət müəssisələrinin fəaliyyətini iflic vəziyyətinə salmışdı.

Dövlət strukturları əvəzinə "Difai"nin müvafiq strukturlarının yaradılması onu göstərirdi ki, bu partiya heç də, bəzilərinin iddia etdikləri kimi, yalnız döyüş təşkilatı deyildi. "Difai"nin üzvləri arasında savadlı və qrammatik insanların olması sayəsində o, dövlət işlərinin aparılması üçün çox böyük daxili potensiala malik idi.

"Difai"nin pul vəsaitlərinin mənbəyi üzvlük haqları, partiya proqramının bu və ya digər maddələrinin pozulmasına görə təqsirkarlardan tutulan cərimələr, məhkəmə qarşısında dayanan cavabdehlərdən və iddiaçılardan alınan rüsumlar və nəhayət, hər bir rayon nümayəndəsi tərəfindən əhalidən tutulan cüzi yığımlar idi. Pul yığmaq üçün partiya üzvlərində çek kitabçaları olurdu. Onlar pul alarkən qəbz verirdilər. Hər hansı anlaşılmazlıqlar yaranmaması üçün pul yığılması xeyriyyə məqsədləri adı ilə həyata keçirilir və aclıq çəkən müsəlmanlar üçün rüsum adlanırdı. Bu vəsaitin əsas hissəsi Müsəlman Mərkəzi Xeyriyyə Cəmiyyətinə göndərilirdi. Patiya xadimləri bu cəmiyyətin nümayəndələri adı ilə 3-4 nəfərlik qruplarla bölünür, qəzaları gəzərək üzvlük haqqı yığırdılar. Cavanşir qəza rəisi yazır: "Məclis pul cərimələri almaq və həbs cəzaları tətbiq etmək yolu ilə əhali arasında mal-qara oğruluğunu yox dərəcəsinə endirmişdi, quldurluq halları azalmışdı". O daha sonra yazır: "Məclisin xidməti ondan ibarət idi ki, o xalqın öz günahlarının ona çox baha başa gəlməsini görərək belə halların qarşısını almağa başlamışdı. Cinayət xarakterli yeni işlərlə yanaşı on ilə qədər əvvəl baş vermiş köhnə işləri də araşdırırdı. Bundan əlavə, cavabdehdən cərimə tutulur, bu məbləğ partiyanın xəzinəsinə daxil olurdu".

Partiya torpaq məsələsində öz taktikası sayəsində kənd əhalisi arasında çox populyar olmuşdu. Bütün millətin mənafelərinin ifadə edilməsi barədə proqram bəyanatlarına baxmayaraq, partiya üzvlərinin silki mənsubluğu onun bəylərə qismən zidd xarakterini şərtləndirmişdi. Bəylərə zidd mövqenin əsas səbəbi heç şübhəsiz, ondan ibarət idi ki, bəylərin çox çar hakimiyyətinə loyal münasibət bəsləyir və milli azadlıq hərəkatını qəbul etmirdi. Bu mövqeyin fəaliyyəti onda ifadə olunurdu ki, "partiya təbliğatçıları bu bəylərin hakimiyyətə can atan müftəxor və qaniçənlər olduğunu, heyvan kimi yalnız sərvət həvəsi ilə yaşadıqlarını" bildirir və kəndlilərin qanını içən bu bəylərə nifrət hissi təlqin edirdilər. Onlar deyirdilər ki, bu sinfin əlində bu qədər torpaq olmamalıdır, bu torpağı onların əlindən almaq lazımdır". Ustav fərmanlarının və başqa köhnə adətlərin mövcud olması üzündən, çox vaxt məhsul yığımı dövründə torpaq sahibləri və kəndlilər arasında anlaşılmazlıqlar yaranırdı. Difaiçilər bundan bacarıqla istifadə edirdilər. "Qarabağ Birlik Məclisi"nin kəndlərdəki fəaliyyəti yerli hakimiyyət orqanlarını o qədər vahiməyə salmışdı ki, onlar aqrar iğtişaşların baş verməməsi üçün məhsul yığımına dair vahid qaydaların təmin edilməsi üzrə xüsusi komissiya yaratmağa məcbur olmuşdular, çunki köhnə adətlərin mövcud olması Qarabağ təşviqatçılarının iğtişaşlar yarada bilməsi üçün yeganə vasitədir". Komissiyanın müzakirə mövzuları aşağıdakılar idi: 1. Darğaların töycü yığdığı bir ümumi ölçü - canaq müəyyən edilməli; özü də çanaqların tutumu eyni olmalıdır; 2. Töycünün məhz hansı şəkildə - dərzlər, yoxsa dən şəklində yığılmalı olması məsələsini həll etməli; 3. Məhsulun əkinçilər tərəfindən torpaq sahibinə çatdırılması üsulları haqqında məsələni müzakirə etməli; 4. Ustav fərmanlarına gətirilmiş və zamanın ruhuna uyğun olmayan bütün keçmiş qalıqlarını ləğv etməli və ya onların şəklini dəyişdirməli; 5. Darğaların tamahkarlığını və onların məhsul yığımı və torpağın paylanması üzrə vasitəçilər kimi kəndlilərə tətbiq etdiyi bütün sıxışdırmaları azaltmalı, çünki tərəflər arasında bütün anlaşılmazlıqları yaradan onlardır, bu isə təşviqatçıların xeyrinədir. Nəticədə hakimiyyət orqanlarının məsələyə müdaxilə etməsi difaiçilər başda olmaqla kəndlilərin açıq çıxışlar etməsinə imkan verməmiş, lakin qəzada iğtişaşlar 1908-ci ilə qədər davam etmişdi. Məşədi Mehdi kimi mübariz təşviqatçılarla qanunun bütün ciddiliyi nəzərə alınmaqla rəftar etmək və onları uzaq yerlərə sürgün edərək ciddi cəzalandırmaq qərara alınmışdı. Komitənin qalan üzvləri də müxtəlif represiyalara məruz qalmışdı.

Difaiçilərin təbliğat fəaliyyəti əhalinin siyasi mədəniyyətinin də artmasına şərait yaradırdı. Məsələn, 7/8 avqust 1908-ci il tarixli raportda deyilir: "İndi hətta ucqar kəndlərdəki müsəlmanlar da nümayəndəli və mütləq monarxiya prinsipləri ilə tanış edilmişlər, onlar İranda vəziyyətlə maraqlanır və inanırlar ki, İran Parlamenti xanlarla mübarizədə qalib gələcəkdir; avam camaat indi artıq sünnilərlə şiələr arasında fərq qoymur, onların arasında əvvəlki ayrı-seçkilik yoxdur; indi sadə camaat məktəbə, onun zəruri olmasına inanmağa başlamışdır, son bir-iki ildə yerli tatarlar, xüsusən Qarabağda ictimai işlərə maraq məsələsində xeyli irəli getmişlər".

Bu yeni vəziyyəti bütünlüklə "Difai"nin fəaliyyətinin mütərəqqi hissəsi ilə, onun xalqı maarifləndirmək sahəsində proqram məqsədlərindən birini həyata keçirməsi ilə izah etmək olar. "Difai" partiyasının iş üslubuna və metodlarına dərindən fikir verdikdə onun intellektual xarakterli, bəzən hətta sosial-demokratiya çalarlarına malik ciddi ictimai-siyasi fəaliyyəti görünür. Partiyanın sırf primitiv terrorçu təşkilat olması haqqında sovet dövründə süni şəkildə yaradılmış təsəvvür dərindən təhlil edildikdə ikinci plana keçir. Digər tərəfdən, partiya öz dövrünün məhsulu idi və məqsədlərinə çatmaq üçün müxtəlif fəaliyyət formalarından istifadə edirdi.

 

(Ardı var)

 

Eldar Əzizov

 

Ədalət.- 2011.- 26 fevral.- S. 16.