Xalqa həsr olunan ömür

 

Nəriman Həsənzadə-80

 

Həyatda öz izi, öz yolu olan, heç kimə bənzəməyən insanlar çoxdur. Ədəbiyyatda da belədir. Bayağılıqdan uzaq, heç kəsi təkrar etməyən, özündən sonra ya bir məktəb, yada bir iz qoymağa çalışan şairlər, yazıçılar vardır. Nəriman Həsənzadə kimi. Şair, dramaturq, ictimai xadim. Ən əsası isə milyonlarla şeir pərəstişkarlarının sevimlisi olan N.Həsənzadəni bugünki Azərbaycan şeirinin nəhəngi saymaq olar.

Nəriman Həsənzadənin yaradıcılığında ilk diqqətimi çəkən onun tarixi mövzulara daha çox yer verməsidir. Onun tariximizə dair yazdığı əsərlər xronoloji ardıcılıqla tariximizin demək olar ki, bütün əsas dövrlərini əhatə edir. Bu mövzuda şair "Pompeyin Qafqaza yürüşü", "Atabəylər", "Zümrüd quşu", "Nəriman" və sair poemaları qələmə almışdır. Poemalarının mövzu genişliyi şairin tariximizi dərindən bilməsindən xəbər verir. Çünki, O, yazdığı hər bir poemadan qabaq həmin dövrün tarixini öyrənir və bu işə böyük enerji sərf edirdi. Lakin O, təkcə Azərbaycan tarixini bilməklə kifayətlənmir, antik tarixi də dərindən bilirdi. Onun "Rəsul Həmzətova məktub" poemasında Araz çayını nəzərdə tutaraq yazdığı misralar bunu sübut edir:

 

Qoca vergilinin "Eneida"sı, Danışıb bu çaydan eradan əvvəl.

 

N.Həsənzadənin tarixi poemaları içərisində "Atabəylər" xüsusi yer tutur. Əsər Azərbaycan tarixinin çox maraqlı, maraqlı olduğu qədər də keşməkeşli dövrü olan, xalqımızın tarixində silinməz iz buraxan Şəmsəddin Eldənizin böyük zəhmət bahasına yaratdığı Azərbaycan Atabəyləri (Eldənizlər) dövlətindən bəhs edir. Əsərdəki hadisələr konkret olaraq Naxçıvanda cərəyan etsə də burada Dərbənddən Fars körfəzinə qədər uzanan türk elindən, vahid Azərbaycandan gedir.

 

Aran, Azərbaycan bütün məmləkət,

Bir bayraq altında birləşsin fəqət.

 

Əsər türkçülüyü, azərbaycançılığı, dövlətçiliyi təbliğ etmək baxımından olduqca əhəmiyyətlidir. Şairin məhz bu özəlliyini qeyd edən sevimli alimimiz Nizami Cəfərov yazır: "Nəriman Həsənzadə mənsub olduğu millətə, həmin millətin tarixin hər hansı dövründə qurduğu dövlətlə, millətin dövləti ilə fəxr edən vətəndaş şairdir. O xalqın ki, Nəriman Həsənzadə kimi şairi var onun dövləti də olmalıdır. Çünki Nəriman Həsənzadə kimi şairi olan xalqın dövləti olmaya bilməz". Ümumiyyətlə, şairin xalqımızın milli azadlıq mübarizəsindən bəhs edən bütün əsərləri qiymətlidir. Bu tarixi poemaları qələmə almaqla o, öz xalqına bir tarixçidən daha böyük xidmət göstərə bildi.

Əsərlərində daim yenilik yaradan şair həyatımızın elə bir sahəsi yoxdur ki, ondan yazmasın. Bu günümüzdən yazmaqla keçmişimizi də unutmur. Və onun yazdığı hər bir tarixi əsər bu günümüz üçün olduqca aktualdır. AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov yazır: "Nəriman Həsənzadənin tarixə müraciətində böyük bir mütəfəkkir məsuliyyəti var ki, o həmin məsuliyyəti tarixçilərdən də, siyasətçilərdən də tələb etməkdə tamamilə haqlıdır". Ona görə ki, o, tarixi əsərləri qələmə alarkən tarixi təhrif etmir. Tarixi təhrif edib hadisələri öz təxəyyülünə uyğunlaşdıran şair və yazıçıların əksinə olaraq. O, xalqımızın milli azadlıq mübarizəsindən bəhs edən bir neçə poemanın müəllifidir. Bu tarixi poemaları yazmaqla şair öz xalqına həqiqətən də böyük xidmət göstərmiş oldu. Hörmətli alimimiz, türk dünyasının iftixarı olan Nizami Cəfərov qeyd edir ki, "Nəriman Həsənzadə tarixin övladıdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının məhz tarixi hadisəsidir".

N.Həsənzadə lirik şairdir, məhəbbət şairidir. Bunu şairin şeirlərinə yazılmış mahnılar da sübut edir. Bu gün ən çox ifa olunan mahnıların içərisində onun şeirlərinə yazılmış çoxlu mahnıya rast gəlmək olar. Lirik şeirlərində təsvir etdiyi qəhrəman öz sevgisinə ürəkdən bağlıdır. O, sevgilisinin asta pıçıltısını belə eşidir, sevgilisinin səsindən başqa heç bir səsi duymur, sevgilisinin səsini eşitdiyi üçün həyata, dünyaya minnətdarlıq edir.

 

Yenə səsin gəldi qulaqlarıma,

Həyata, dünyaya minnətdaram mən.

Sən asta pıçılda eşidim səni,

Özgəsi çağırsa onda karam mən,

 

Bu təmiz və ülvi məhəbbət N.Həsənzadəyə böyük Füzulidən keçib. Məcnun da özgə qızlara baxandan sonra ağlamışdı. Səbəbini soruşanlara "Ağlayıram ki, gözlərimi yuyum, təmizləyim, özgə qızlara baxdığım gözlərlə Leyliyə baxmayım". İnsan da böyük yaradanla ibadət zamanı razi-niyaz edərkən ətrafında heç kimi duymamalıdır. Necə ki, İnsan sevdiyi ilə bir yerdə olanda heç kimi hiss etməməlidir N.Həsənzadə özü də məhz bu sevgini ürəkdən yaşayır, əks halda belə gözəl sevgi şeirləri yarana bilməzdi. Xalq şairi B.Vahabzadə yazır: "Hissi şair kimi qələmə almamışdan əvvəl onu insan kimi yaşamaq vacibdir. Bax, budur sənətin nüvəsi, cövhəri, canı". Böyük şairimizlə razıyam. Amma, zənnimcə burada bir ziddiyyət vardır. Məsələn: Hafiz Şirazi bütün həyatı boyu məhəbbətdən yazıb, bütün yaradıcılığında gözəlləri vəsf edib. Halbuki bildiyimə görə həyatında heç bir qadınla yaşamamışdır.

90-cı illərin hadisələri baş verərkən Nəriman Həsənzadə ona ziyalılardan ilk etiraz edənlərdən, haray salanlardan oldu.

 

Azərbaycan harayı var, içimdədi,

Nə ağırdır bu torpağın heysiyyəti.

Dərdin alım, dərdlər eyni biçimdədi,

Fərqi varsa ağrısını çəkəndədi.

 

Namərd qonşuların öz məkrli siyasətlərini xalqımız üçün çox ağır bir zamanda həyata keçirmələri şairi sarsıtdı.

 

Bizə düşmən çıxıb dost dediyimiz,

Tarixin gör hansı mərhələsində.

 

Nəriman Həsənzadə vaxtaşırı tənqidlərə də məruz qalıb. Onu ən çox heç nəyi dərinə varmamaqda, hər şeyi üzdən keçməkdə suçlandırırlar. Abbas Hacıyev "Yazıçı şəxsiyyəti və bədii qanunauyğunluq" əsərində yazır: "O, belə ciddi, sosial problemlərin təsvirini geniş epik lövhələrlə vermir. Kiçik detal xarakterik hadisə fonunda oxucunu düşündürmək Nərimanın şeirləri üçün daha səciyyəvidir. Lakin təəssüf ki, o, bəzən "kiçik" hadisələri lüzumsuz yerə daha da xırdalayır, əhvalatlara üzdən yanaşır, təsvirçiliyə varır və özü-özünü təkrar edir".

Amma, zənnimcə Nəriman Həsənzadə bir şair kimi olduqca diqqətlidir. Onda güclü yazıb-yaratmaq fantaziyası var. O, hər hansı bir hadisənin dərininə varır. Mirzə İbrahimov şairin 1987-ci ildə çap olunan seçilmiş əsərlərinə yazdığı ön sözündə onun ən yaxşı xarakteristikasını vermişdir: "Xeyirə, xeyirxahlığa inam onun qanına elə hopmuşdur ki, bir fərd, bir insan olaraq o bəzən həyatın təzadlarını unudur, hamı ilə çox yumşaq, mülayim rəftar edir. Belə hallarda pisi yaxşıdan seçmək çətin olduğu kimi, onu yaxşı tanımayanlara xasiyyət davranışında çox şeylər sirli qalır və anlaşılmaz görünür".

N.Həsənzadənin yaradıcılığında lirik şeirlərlə yanaşı ictimai motivli şeirlər də çoxdur. Bu baxımdan onun gənclər üçün qələmə aldığı "Kimin sualı var?" şeirində:

 

Mənim sualım var cavab ver bu gün,

Mən axı nə qədər lal durmalıyam,

İndi əlimi yox, görünmək üçün,

İndi mən səsimi qaldırmalıyam.-

 

Deyərək cəmiyyətin eybəcərliklərini etiraz edir. Heç də təsadüfi deyildir ki, bu poemanı müasirləri "poetik dəqiqliyi ilə seçilən", "düşündürən poema" adlandırırlar. Bəzən də taleyindən şikayət edir. Lakin onun yazdığı hər hansı bir şeir nikbin sonluqla bitir. O, nədən yazırsa-yazsın əsərlərinin əsas qayəsi xalqına xidmət, millətini xoşbəxt görməkdir. Onun əsərlərinin əsas mövzusu sadə xalq, xalq qəhrəmanları, bir fədakar ana, bənzərsiz Azərbaycan təbiətidir. Onu bugünkü Azərbaycan ədəbiyyatının nəhəngi hesab edənlər tamamilə haqlıdırlar. Əvəzsiz alimimiz olan Nizami Cəfərov yazır: "Əsrimizin ikinci yarısında sosial estetik problemləri yaradıcılığında bütün miqyası ilə əks etdirən Nəriman Həsənzadə böyük S.Vurğundan sonrakı dövrün elə bilirəm ki, ən gözəl şairidir".

 

 

Yeqzar Cəfərli

 

Ədalət.- 2011.- 10 mart.- S. 6.