ŞƏKİ: KARVANSARAYLAR ŞƏHƏRİ
... "Qədim Şəki" ifadəsi sözgəlişi
işlənmir. Təkcə bir
fakta görə ki, Şəkinin yaşı da çox böyük rəqəmlə ifadə
olunur. 2500 ilə yaxın yaşı olan Şəkinin Azərbaycanda ən qədim yaşayış
mərkəzlərindən biri olmasının və şəhər kimi formalaşmasının
səbəbləri də
məlumdur. Artıq
neçə illərdir
ki, yenidən diqqətə gətirilən
və ilkin dəyərlərinə ekzotik
baxışlardan çevrilib
də yeni ampluası görünən
məşhur İpək
yolunun üstündə
olması daha vacib sayılmalıdır.
Tacirlərin, səyyahların
gəlib-keçdiyi qonaq-qaralı qədim şəhər əsrlərlə
vacib bir missiyanı yaşamış, özünəməxsusluğu,
ənənələrini qoruyub saxlamışdır. Bu mənada
ən ciddi məsələ Şəkinin qədimliyinin
heç bir urbanik təsirdən pozulmaması, müasirləşmənin
içində itib-batmamasıdır. Yəni buradakı qədim
tikililərin, tarixi və memarlıq abidələrinin
lazımınca qorunması, nəsildən-nəsilə
ötürülməsi gerçəkdən əsl vətənpərvərlik
nümunəsidir. Şəkidə qeydə alınmış
yüzdən çox tarixi abidə qorunur. Bütün bunlar
haqqında, şübhəsiz, çox
danışılıb və yazılıb. Xüsusilə məşhur
Xan sarayı haqqında. Ancaq Şəki karvansarayları da hələ
qədim dövrlərdən xeyli məşhur olub. Məlumatlara
görə, bir vaxtlar Şəkidə 6 karvansaray fəaliyyət
göstərib. Ümumilikdə 5000 nəfər qonağı
qəbul edib yüksək səviyyədə xidmət göstərən
bu karvansaraylar illər, əsrlər ötdükcə ya
öz fəaliyyətini dayandırmalı olub, ya da iş
funksiyasını dəyişdirərək başqa məqsədlər
üçün istifadə olunub. Yaxşı haldır ki, həmin
karvansaraylardan ən gec inşa edilənlərdən biri hələ
də fəaliyyət göstərir və getdikcə daha
geniş perspektivə istiqamətlənir.
İlk vaxtlar
"Yuxarı karvansaray" adlanan dərin zirzəmili ikimərtəbəli
bina XVIII əsrin sonlarında inşa edilib. Şərq
memarlıq üslubunun orijinal çalarları onu həm
gözəllik, həm də məqsədə münasiblik
baxımından tarixi abidəyə çevirmişdir. Karvansarayın
çarhovuzlu geniş həyətindən ikinci mərtəbəyə
müxtəlif səmtlərdən aparan daş pilləkənlər
ilk olaraq bir labirint təsiri bağışlasa da bu yolları
məhəccərli dəhlizlərə qovuşduraraq sonda
bütün giriş-çıxışları
asanlaşdırır. Bunlar zahiri effektin bir qədər də
harmonik görüntüsü üçündür. Birinci mərtəbədəki
otaqların alt qatı kəsmə zirzəmilərdən ibarətdir.
Qonaqlar (xüsusilə tacirlər) bu zirzəmilərdə
aldıqları və ya satacaqları mallarını
saxlayıblar. İndi karvansaray-mehmanxana kompleksi adlanan bu bina
Şəkiyə gələnlərin ən çox maraq
göstərdikləri yerlərdən biridir. Yuxarıda qeyd
etdiyim kimi ikimərtəbəli karvansaray binasının bərpası
zamanı onun memarlıq üslubunun ilkin komponentləri
bütünlüklə qorunmuşdur. 38 nömrəlik karvansarayın
12 nömrəsi lüks, qalanları isə yarımlüks
otaqlardır. Hər bir nömrə holl, yataq otaqları və
vanna otaqlarından ibarətdir. Burada ən isti yay günlərində
də kondisionerə ehtiyac olmur. Təmiz və sərin
dağ-çay havası, eyni zamanda tağvari otaqların
münasib quruluşu təbii sərinliyi təmin edir. Müasir
servis elementləri nəzərə alınmazsa, divarların
quruluşu da ilkin görüntüsünü saxlayır və
insana zövq verir.
... Kompleksin direktoru
Hacı Şahin Hüseynov tarixi abidələr və turizm sahəsində
geniş biliyə malik olan ziyalı bir insandır. O, bir
çox Avropa ölkələrində və ABŞ-da
keçirilən beynəlxalq turizm tədbirlərinin
iştirakçısıdır. H.Ş.Hüseynov direktor kimi
fəaliyyət göstərdiyi 15 il ərzində Şəki
karvansarayı xeyli məşhurlaşıb. Şəraitin,
xidmət mədəniyyətinin yüksəldilməsi, eyni
zamanda ilkin ənənələrin qorunub-saxlanılması nəticəsində
karvansaray istər respublika daxilindən, istərsə xarici
ölkələrdən gələn qonaqların ən
yaxşı istirahət yerinə çevrilib. Yaponiya,
Çin, Tayvan kimi uzaq ölkələrdən, Avropa və Ərəb
ölkələrindən, hətta Amerikadan da turistlər qəbul
edən karvansaray işçiləri
çalışırlar ki, bütün qonaqlar buradan öz vətənlərinə
xoş təəssüratlarla qayıtsınlar. Kompleksdə
ingilis, alman və ərəb dillərini bilən mütəxəssislər
də çalışır.
Direktor H.Ş.Hüseynov
Şəkidə bir ağsaqqal səviyyəli nüfuza malik
şəxsdir. Təkcə ona görə yox ki, vəzifəsini
əla icra edir. Həm də bu səbəbdən ki, Hacı
Şahinin vətənsevərliyi, doğma elinə
vurğunluğu çoxlarına örnəkdir. O, Şəkini
böyük turizm mərkəzi kimi görmək arzusuyla yaşayır.
Bu məqsədlə çox işlər görür, təkliflər
verir. Onun Şəki şəhərində turizmin
inkişafına dair maraqlı konsepsiyası da var. Hacı
Şahinlə söhbətimiz zamanı o, müəyyən qədər
həmin məsələlərə də toxundu.
***
H.Ş.Hüseynov konkret
olaraq Şəki rayonunda turizm sisteminin maddi-texniki
bazasının inkişafı ilə bağlı konseptual
fikirlərini bu cür təsnifləşdirdi:
1. Şəkidə
Aşağı karvansarayı da əsaslı təmir etdirməklə
işlək vəziyyətə gətirmək. Bu karvansarayda
"Zorxana" rəqsi və digər folklor nümunələri
əsasında turistlərə konsert proqramları göstərməklə
bu tarixi abidələrin imkanlarından istifadə etmək. Bölgənin
bütün tarix və memarlıq abidələrində
restavrasiya işləri aparmaq.
2. Atla gəzinti
üçün Böyük Qafqaz dağlarının cənub
ətəklərindəki keçidləri və
cığırları səliqəyə salmaq, təhlükəli
keçid yelrərində kiçik taxta körpülər
düzəltdirmək. Dağ keçisi ovu zonalarını
müəyyənləşdirmək.
3. Ekoturizm
marşrutlarını müəyyən etməklə
yanaşı, təbiətin dilbər guşələrində
turistlərin qısamüddətli dayanması, əylənməsi
və iaşə xidmətindən istifadəsi
üçün dəyələrdən, alaçıqlardan,
çadırlardan istifadə etmək. Piknik keçirmək
üçün şəlalələrin ətrafında,
bulaqların başında, mənzərəli yamaclarda və
s. məxsusi yerlərin dəqiqləşdirilməsi.
4. Arxeoloji
qazıntılardan əldə edilmiş maddi-mədəniyyət
qalıqlarının ayrıca muzeyini yaratmaq.
5. Yerli sənətkarların
əl işlərinin satılmasını müntəzəmliklə
təşkil etmək. Keçmiş sənət növlərinin
turistlərə göstərilməsi üçün kompleks
iş yerləri, sexlər və dükanların bir cərgədə
olmasını təmin etmək.
6. Turist
marşrutlarından keçən şosse yollarının hər
50 kilometrliyində dincəlmə yerləri, nümunəvi
tualetlər, yuyunma yerləri, benzindoldurma məntəqələri
və s. kiçik xidmət vasitələri yaratmaq.
7. Turizmlə əlaqədar
olaraq elektrik enerjisinin fasiləsiz verilməsi, təbii qazdan
istifadə və s. zəruri məsələlərin dövlət
səviyyəsində qaydaya salınması.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 10 mart.- S. 7.